Sentyabrın 12-də erməni hərbçilərin Azərbaycan ordusunun mövqelərini minalamağa cəhd edərkən yaxalanması Azərbaycanla Ermənistan arasında yeni silahlı qarşıdurmanın yaranmasına səbəb oldu. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində geniş təxribatlar törətdiyini açıqladı. Hadisələrin gedişatı Azərbaycan oxucusu üçün bəlli olduğundan bu mövzuya geniş yer vermirik.
Bəllidir ki, 10 noyabr Bəyannaməsindən bu günə kimi Ermənistanın Azərbaycana qarşı təxribatları səngimir. Gah mina terroru, gah da sərhədboyu atəşkəsin pozulması və digər təxribatlar buna misaldır. Lakin 12-13 sentyabr hadisələri haqda yazan dünya mətbuatı, erməni lobbisinin, anti-Azərbaycan şəbəkəsinin təsirində olan ayrı-ayrı parlamentarilər, siyasi xadimlər, qurum və təşkilatlar bu hadisəni Azərbaycanın Ermənistana hücumu kimi təqdim etdilər. Hətta Azərbaycanda da bu fikirdə olanlara rast gəlindi. Bu haqda da mediada yetərli məlumatlar verilib. Amma Azərbaycanı işğalçı kimi təqdim edənlər sırasında türk ad və soyadlı şəxslərə, jurnalist və QHT-çilərə də rast gəlindi və belə demək mümkünsə, bu dəfə belələrinin yazdıqları əvvəlkilərə nisbətən çoxluq təşkil etdi. Təbiidir ki, belə yanaşmalar Azərbaycanda sosial mediada və ictimai fikirdə çaşqınlıq və narazılıq yaratdı. Niyə türk qardaşlarımız bu mövqedə olsunlar?
Faktyoxla Lab. həmin hadisələr zamanı və ondan sonra Türkiyədə Azərbaycanın Ermənistana “təcavüzünü” pisləyən, bunu "başqa dövlətin ərazisini işğalı" kimi qələmə verən şəxslərin kimliyini araşdırıb.
Araşdırmalarımız zamanı ilk diqqəti cəlb edən şəxs- politoloq Kərim Has oldu. O, bu mövzuda daha çox fəallıq göstərməsi ilə seçilib. Əslində Kərim Hasın “rusiyalı ekspert” kimi nəinki Azərbaycana, hətta Türkiyəyə qarşı vaxtaşırı “qara PR” kampaniyası apardığı zaman-zaman müşahidə olunub.
Türkiyə mediası onu “FETÖ-nün Rusiyadakı imamı” kimi qələmə verir. Açıq mənbələrdən əldə olunan məlumatlara görə, o, Rusiyada bir müddət yaşadıqdan sonra, Ermənistana köçüb və bu ölkənin vətəndaşlığını qəbul edib. Erməni dilində sərbəst danışır. Kərim Hasın adı Ankara şəhər Prokurorluğunun sözügedən təşkilatın Rusiyadakı bölməsinə qarşı apardığı istintaqda hallanıb. Rusiyanın "FETÖ qoluna" qarşı hazırlanan iddianamədə Moskva Dövlət Universitetində magistr təhsilini bitirdiyi və televiziya verilişlərində ekspert kimi fəal iştirak etdiyi yazılıb.
Bakalavr təhsilini Koç Universitetində, magistratura və doktorantura təhsilini isə Moskva Dövlət Universitetində tamamlayan, 2012-2013-cü illərdə Karnegi İnstitutu (!-red.) Moskva Mərkəzində kurs keçən, 2013-2016-cı illərdə, hal – hazırda dövlət tərəfindən ləğv edilmiş, Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının (USAK) Avrasiya Araşdırmaları Mərkəzində ekspert və Rusiya nümayəndəsi vəzifələrində çalışıb. 2017-18-ci illərdə Moskva Dövlət Universitetində Türkiyə və Rusiya xarici siyasətindən mühazirələr oxuyub. (mənbə)
Dr.Kərim Hasın Azərbaycana qarşı apardığı kampaniyanın detallarına gəlincə, o, 44 günlük müharibə zamanı Türkiyə və Azərbaycanla bağlı dezinformasiyalar paylaşıb və “muzdlular” haqda əsassız tvitləri ilə tez-tez gündəmdə olub. Məsələn, 2020-ci il oktyabrın 3-də yazdığı tvitində Has bildirib ki, “Dağlıq Qarabağ bölgəsinə muzdluların göndərilməsi ilə bağlı iddialar indi beynəlxalq səviyyədə keçirilən rəsmi görüşlərdə müzakirə olunur”.
12-13 sentyabr hadisələri ilə bağlı da yalan məlumat verməkdən çəkinməyən Kərim Has Rusiya mətbuatına verdiyi açıqlamada bildirib ki, Azərbaycanın Ermənistan ərazisinə hücumu ilə bağlı qərar Türkiyə rəhbərliyi ilə birgə qəbul edilib. Bununla da “ekspert” sadəcə yalan məlumat verməklə kifayətlənməyib, eyni zamanda məsələni Türkiyənin üstünə yıxmağa çalışıb.
Bundan başqa, baş ofisi Almaniyada yerləşən, Avropa Demokratiya Fondu (EED) tərəfindən dəstəklənən, HDP və FETÖ -ya yaxın yayım siyasətini qoruyan və hər zaman erməni məsələsində tərəf olan “Artı Gerçek” saytında Alin Özinianla söhbət edən FETÖ-nun hazırkı Ermənistan qolunun rəhbəri Dr.Kərim Has yenə hadisələri təhrif edərək, Azərbaycanın bazar ertəsindən çərşənbə axşamına keçən (12-13 sentyabr) gecə Ermənistan ərazisinə hava hücumu təşkil etdiyini iddia edib. Həmçinin, 2020-ci ildə 44 gün davam edən II Qarabağ müharibəsinin sonunda əldə olunan üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan atəşkəs bəyannaməsində o, “Qarabağda Ermənistan silahlı qüvvələrinin tərksilahı”, “Zəngəzur dəhlizi” adı keçən maddələrin olmadığını qeyd edib.
Halbuki, Kərim Has bəyannaməni oxusa da, nədənsə Bəyanatın 4-cü bəndini görməzdən gəlir. Həmin bənddə isə Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi qeyd olunub. Dünyada gedən siyasi proseslərlə bağlı davamlı açıqlamalar verən bu siyasət doktoru o qədər də cahil deyil ki, bu vəziyyətin Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi anlamına gəldiyini bilməsin. Amma eyni zamanda onun uzun illər Moskvada yaşaması demək həm də onun Rusiyanın bu hadisədə günahını ört-basdır etməsi deməkdir.
Davamlı olaraq erməni KİV–lərinə açıqlamalar verərək Türkiyəni pisləyən, Türkiyə ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışan “türk politoloq”unun nəyə xidmət etdiyi elə yazdıqlarından və dediklərindən görünür.
Azərbaycanın Ermənistana “hücum etdiyini” deyən digər jurnalist “Yeni Özgür Politika” qəzetində və digər marjinal sol nəşrlərdə davamlı olaraq Azərbaycan və Türkiyə əleyhinə yazıları ilə seçilən, PKK terror təşkilatının əsas media təbliğatçısı Aykan Severdir. Həmin şəxslə bağlı araşdırma apararkən müəyyən etdik ki, bir müddət Ermənistanda yaşamış Severin xanımı diplomatdır, Avropa İttifaqının yerli nümayəndəliyində işləyib. Jurnalist özü uzun müddət Belçikada yayımlanan PKK –ya yaxınlığı ilə bilinən kürd teleşirkəti- “Mednuce” üçün proqram hazırlayıb.
O, hal - hazırda Türkiyənin müstəqil “Bianet”, “Sendika” və “Kürdistan24” kimi sol marginal və radikal terroru dəstəkləyən saytlar üçün yazır. Aykan Severi araşdırarkən onu da öyrəndik ki, 2012-ci ildə Macarıstanın paytaxtı Budapeştdə olarkən Ramin Səfərovun Azərbaycana ekstradisiyasından sonra yazdığı yazılarda Türkiyə və Azərbaycana qarşı aqressiyasını daha da artırıb.
Aykan Sever 2016 –cı ilin aprel döyüşlərindən sonra ermənilərin Türkiyədə nəşr olunan “Agos” qəzetinə verdiyi müsahibədə erməni xalqının, hökumətinin və diasporunun həmrəylik nümayiş etdirməsindən dəm vurub və qeyd edib ki, Dağlıq Qarabağa mütləq müstəqillik ya da ən pis halda muxtariyyət verilməlidir. A.Sever bundan başqa, 2017-ci ildə Ermənistanda səfərdə olarkən bu ölkənin parlamentində təmsil olunan yezidi millət vəkili Knyaz Həsənovdan müsahibə götürüb və K.Həsənovun “Kaş dövlətimiz olaydı” sözlərini müqəddəs arzu kimi təqdim edib.
İllərdir Belqradda yaşayan jurnalist və özünü “qardaşlıq carçısı” kimi göstərməyə çalışan PKK yaraqlısı 44 günlük müharibə zamanı tvitlərinin birində yazırdı: "Türkiyə-Azərbaycan banda ittifaqı Dağlıq Qarabağa hücumları gücləndirib. Bu təcavüzkar münasibətə qarşı erməni xalqı ilə həmrəy olmalıyıq..."
A.Sever sentyabrın 14-də atdığı başqa bir tvitində Azərbaycana qarşı başlanan hücumları belə dəyərləndirir: “Soyqırımçı işğalçı rejimin ortağı olan Əliyev administrasiyası erməni xalqına qarşı soyqırımı davam etdirir, dünya isə danışmaqdan başqa bir iş görmür. Təbii ki, Ukraynada hərbi xidmətə getməyə can atan saxta komandadan isə səs yoxdur”.
Üstəlik, “araşdırmaçı” yazar Həmidə Yiğitin erməni snayperi Anuşun Azərbaycan əsgərləri tərəfindən zorlanması və daha sonra öldürülməsi ilə bağlı yalan tvitindən sitat gətirərək, bölgədəki hadisələrdə israrla Türkiyə Cümhuriyyətini günahlandırır. Diqqəti Azərbaycana yönəltməyə çalışan A. Sever son məqaləsində nifrət dalınca getdiyini bir daha sübut edir və bu hadisənin Türkiyə tərəfindən törədildiyini, ermənilərin isə bu hadisədə günahsız olduğunu israrla vurğulayır.
Son hadisələrdə Azərbaycan haqqında nifrət püskürən digər qələm sahibi ABŞ-ın xarici siyasət jurnalı kimi təqdim olunan “providencemag.com” saytında məqalələri yer alan Uzay Bulut da var.
Ankarada anadan olduğu deyilən Uzay Bulut da baş verən hadisələrlə bağlı yazdığı son yazısında Türkiyənin Yunanıstana, Azərbaycanın isə Ermənistana qarşı mobbinqdən istifadə etdiyini deyərək Azərbaycana qarşı kin bəslədiyini bir daha sübut edib.
Bundan başqa, Türkiyənin Afrindəki mübarizəsini hədəfə alan Uzay Bulut terror təşkilatı PYD/PKK-ya qarşı əməliyyatları “Türkiyə kürdlərə qarşı əməliyyat keçirir” nifrət dolu yarlığı ilə oxucularına çatdırırdı. Məhz elə buna görədir ki, Ermənistan İctimai Radiosu Buludun məqalələrindən tez - tez sitat gətirir.
FETÖ-nün uzun müddətdir istifadə etdiyi tezisləri dilə gətirib həbsxanalarda terrorçulara işgəncə verildiyini iddia edən, terror ittihamı ilə həbs olunanları “siyasi məhbus” kimi qələmə verərək terrora haqq qazandırmağa çalışan ermənipərəst “media eksperti” Uzay Bulut illər boyu Türklərə qarşı təbliğat maşınının ustası halına gələn “Forbeswomen” jurnalında bərabər çalışdığı Ceki Abramyanın təsiri altına düşməyə bilməzdi. Uzay Bulutun “Xristian mədəni irsinin dağıdılması” başlıqlı məqaləsi ilə Ceki Abramyanın “Yerli ermənilərə qarşı müharibə cinayətlərinin törədilməsindən bir il sonra Azərbaycan təhdidləri və pozuntuları davam edir” başlıqlı məqaləsində eyni mövzulara toxunulması onu sübut edir ki, Uzay Bulut erməni yalanına həddindən artıq aludə olub. Başqa bir yazısında isə Uzay Bulut Azərbaycanın Qarabağa qarşı başlatdığı “hücumlara” toxunaraq, dünyanın “Artsax Respublikasını” tanımasının vaxtının yetişdiyinə inandığını bildirir.
Beynəlxalq mediada ermənilərin sözçüsünə çevrilən Uzay Bulut qələmə aldığı məqalədə 27 sentyabr 2020 –ci ildə başlayan II Qarabağ savaşında Azərbaycanın “Stepanakertdə” (?!) qondarma “ Artsax Respublikasında yaşayan erməniləri hədəf aldığına diqqət çəkir. “Münaqişə zamanı Azərbaycan təkcə yaşayış məntəqələrini, o cümlədən Stepanakerti (?-red.) deyil, həm də ermənilərin mədəni və dini abidələrini də hədəf alıb”. (mənbə)
Ermənilərin müharibə ilə heç bir əlaqəsi olmayan Gəncə, Tərtər və Bərdə kimi yaşayış məntəqələrini vurmasına əhəmiyyət belə verməyən jurnalist Azərbaycanın Vaşinqtondakı keçmiş səfiri Elin Süleymanovun “Newsweek” jurnalında dərc olunan “Ermənistan və Azərbaycan arasında əbədi sülhün təmin olunması fürsətini əldə etmək” sərlövhəli məqaləsini öz tvitter hesabında paylaşaraq “Azərbaycan dəyərlərə və inanclara hörmət mühitini özünəməxsus şəkildə inkar edərək, ermənilərə qarşı nifrət yaradır və mədəni irsi məhv edir. Bu məqalədə yalandan iddia edilir ki, Azərbaycan “çoxkonfessiyalı irsini qorumaq və gücləndirmək üçün yorulmadan çalışıb”. – şəklində şərh yazır.
Jurnalist Alin Ozinianın tvitini paylaşaraq erməni müəllifin uydurmalarına "muzdlu" yalanını əlavə edən Uzay Bulut tvitterdəki hesabında yazır ki, bu xəbər, BMT-nin son hesabatı, eləcə də bir çox suriyalı muzdluların açıqlamaları və beynəlxalq media orqanlarının xəbərləri ilə təsdiqlənib.
Uzay Bulut son yazısında Türkiyənin soyqırımını inkar etməsinə beynəlxalq ictimaiyyətin reaksiyasının ləng və təsirsiz olduğunu bildirir və nəticədə soyqırımı inkarının soyqırımın davam etməsi anlamına gəldiyinə diqqət çəkir. Lemkin Soyqırımının Qarşısının Alınması İnstitutunun avqustun 17-də erməni əhalisinə qarşı ola biləcək soyqırımla bağlı “Qırmızı Bayraq Xəbərdarlığı” verdiyinə işarə edən Bulut, Türkiyənin bu soyqırımları qürurla inkar etməsinin, İraqda, Suriyada, Yunanıstanda, Ermənistanda və ölkədə süryanilərə qarşı davam edən hücumların bir-biri ilə əlaqəli olduğuna diqqət çəkmək istəyir. Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutunun Qırmızı Bayraq xəbərdarlığı ilə bağlı saytımızda artıq məlumat verdiyimiz üçün bu mövzuya toxunmağı məqsədəuyğun saymırıq, lakin qeyd etmək istəyirik ki, Uzay Bulutun ermənipərəst dairələrin təsiri ilə qondarma soyqırım yalanlarına həddindən artıq diqqət ayırır.
Göründüyü kimi, Türkiyədə yazıçı, tədqiqatçı, ziyalı olduğunu iddia edənlər hadisəni təhrif etmək, məsələni sanki Azərbaycan Ermənistana hücum etmiş kimi göstərmək istəyənlərdir.
Həmin şəxslər
- Erməni əsillilərdilər,
- Ermənipərəst Qərb fondlarından dəstək alanlardır
- Türkiyə və Azərbaycan əleyhinə olan qüvvələrlə birgə fəaliyyət göstərirlər
P.S. Növbəti yazımızda daha üç “türk” jurnalist haqda məlumat verəcəyik.