Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tayvo Klaar bir gün aralıqla paylaşdığı iki fərqli tvitdə əvvəl “Xankəndi/Stepanakert”, sonra isə “Stepanakert/Xankəndi” ifadələrini işlədib. Klaarın bu qeyri-müəyyənliyi sosial şəbəkələrin, informasiya saytlarının və teleqramın erməni seqmentində müzakirələrə yol açıb.
Məsələn, Sossi Tatikyan adlı şərhçi-bloger yazıb ki, Kosovoda olarkən yer adlarının həm alban, həm serb dillərində yazıldığını görüb. Harada hansı etnik qrup çoxluq təşkil edirsə, onun dilindən də istifadə olunur. Sossi Tatikyan erməni prizmasından ədalətli səslənən belə bir sual da verir ki, niyə bizdə belə olmamalıdır?
Faktyoxla Lab. bu iddiaya aydınlıq gətirib.
Sossi Tatikyan üçün həmvətənlərinin böyük əksəriyyətində olduğu kimi, beynəlxalq hüquq, anayasa deyil, erməni məntiqi əsas və önəmlidir. Ancaq ermənilərin Nuhu erməni hesab etməsi ilə nə Nuh erməni olub, nə də insan övladının tarixi ermənilərdən başlayır.
Əvvəl ona diqqət yetirmək lazımdır ki, Kosovo ilə keçmiş “Dağlıq Qarabağ” arasında illərdir aparılan müqayisə və paralel olduqca uğursuzdur və bunu zaman sübut edib. Necə ki, həmin zaman, ermənilərin “Kosovo variantı”na bəslədikləri ümid və arzuları dəfn edib. Kosovo faktiki olaraq müstəqil dövlətdir. Düzdür, Azərbaycan bu dövləti tanımır və burada bir çox maraqlarımız ərazi bütövlüyü prinsipi və Serbiya ilə dostluq münasibətlərimiz əsas götürülür. Türkiyə Kosovonu tanısa da Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edir. Biz tanımasaq da, tutaq ki, idman yarışlarında kosovolu idmançılarla yarışırıq. Futbol üzrə millimiz hətta Kosovodan olan həmkarlarına uduzmağa macal tapıb da. Bu oyunlarda UEFA-nın prosedurları da öz növbəsində həyata keçib. Başqa sözlə, dünyanın əksər qismi, xüsusən də Qərb Kosovonu dövlət olaraq tanıyır. Təbii ki, bunu müstəqillik haqda xəyallar quran Qarabağdakı terrorçu rejim haqda söyləmək mümkün deyil. Heç Ermənistanın özü belə 30 ilə yaxın bu riskə getməyib. Üstəlik, separatçı qurum beynəlxalq hüquqdan kənar, hüquqi məkanda mövcud olmayan kvaziqurumdur. Terrorçu qurumun və təmsilçilərinin hər hansı beynəlxalq praktikaya istinad etmələri isə gülüncdür.
Kosovo əhalisinin 90%-dən çoxu albandır. Konstitusiyaya görə, iki dövlət dili var: alban və serb. Əksəriyyət təbii ki, albanca danışır. Bəs serbcə? Burada maraqlı bir məqam var. İkinci ən çox istifadə edilən dil boşnak dili, nəhayət üçüncü yerdə serb dilidir. Yeri gəlmişkən, dördüncü yerdə isə türk dilidir.
Əgər alban və serb dilləri konstitusiya ilə dövlət dili olaraq təsbit olunurlarsa, bizim halda erməni dili barədə bunu demək olarmı? Təbii ki, xeyr. Azərbaycan unitar quruluşlu dövlətdir, Konstitusiyada isə dövlət dili olaraq “Azərbaycan dili” qeyd olunur. Bütün dünya, o cümlədən rəsmi İrəvan Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır və qəbul edir. Deməli, bizim Konstitusiya ölkə daxilinə hər yerdə olduğu kimi, Xankəndidə də hakimdir. Belə olduğu halda, nə səbəbdən “Stepanakert” yazılmalı və yaşayış yeri qismində qəbul edilməlidir?
Maraqlıdır ki, ermənilərin və konkret olaraq S.Tatikyanın iddiası tarixi nöqteyi-nəzərdən də əsassızdır. Birincisi, bu yaşayış məntəqəsinin adı tarixən Xankəndi olub. Onu yalnız bolşeviklərin gəlişi ilə erməniləşdiriblər. İkincisi, Azərbaycan müstəqil olandan sonra şəhərə tarixi adı qaytarılıb. Şübhə yoxdur ki, S. Tatikyan bunları bilir. Sadəcə olaraq o, bu yazdıqları ilə bir növ irəvandakıların Qarabağ ermənilərinə “muxtariyyət” kimi son ümid yerinin qaldığını başqa formada dilə gətirir.
Nəticə:
• Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tayvo Klaarın yazdığı tvitdə “Xankəndi/Stepanakert” ifadəsi ümumiyyətlə doğru deyil. Azərbaycanın Qarabağ iqtisadi rayonunun ən böyük şəhərinin adı Xankəndidir.
• Erməni şərhçinin yalnışa yol verən Tayvo Klaara irad tutması və Kosovo ilə müqayisə aparması isə əsassızdır.