SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov "Rusiya Qlobal Siyasətdə" jurnalında dərc olunan məqaləsində Qarabağ münaqişəsinin yaranma tarixinə toxunub. Qorbaçov millətlərarası mübahisələrə vahid demokratik yanaşma nümayiş etdirə bildiyini iddia edib və deyib ki, o, milli problemlərin yalnız siyasi və iqtisadi islahatların ümumi kontekstində həll oluna biləcəyinə inanıb.
Azərbaycan tərəfi bəyan edir ki, 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun SSRİ-yə rəhbər seçilməsilə erməni separatçılar yenidən fəallaşaraq Azərbaycana qarşı torpaq iddiası irəli sürüblər.
Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması aydın şəkildə üzə çıxıb. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarının təcavüzkarlığını artırıb.
Hələ münaqişə başlamzadan öndə 1987-ci ilin payızında Qorbaçovun iqtisadi məsələlər üzrə aparıcı müşavirlərindən biri olan Abel Aqanbekyan Fransada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən söz açıb: "Bir iqtisadçı kimi, hesab edirəm ki, onların Ermənistanla daha sıx əlaqələri var, nəinki Azərbaycanla. Mən artıq belə bir təklif irəli sürmüşəm və ümid edirəm ki, bu ideyalar "Yenidənqurma" və demokratiya ruhunda həyata keçiriləcək". Xatırladaq ki, Aqanbekyanın fikri Fransa kommunistlərinin "L'Humanite" qəzetində dərc edilmişdi.
1988-ci ildə Amerikanın nüfuzlu “The New York Times” qəzeti Aqanbekyanın ABŞ-a səfərinə məqalə həsr edərək onu “iqtisadiyyatın dahisi və sovet lideri Mixail Qorbaçovun ilhamçısı” adlandırıb. Bundan başqa onun bəyanatı xaricdə nəşr olunan erməni qəzet və jurnallarının, Parisdəki "Ayb" radiostansiyasının, eləcə də "Azadlıq", "Amerikanın səsi" radiolarının erməni redaksiyalarının əsas mövzusuna çevrilib. Qorbaçov isə öz müşavirinin sözlərini təkzib etmədi. Ona görə də ermənilər düşündülər ki, partiyanın Baş katibinin iqtisadi məsələlər üzrə müşavirinin bu cür cəsarətli bəyanatı təsadüfi xarakter daşımır və çox güman ki, razılaşdırılıb.
Sov.İKP MK və SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 25 iyul 1988-ci ildə qəbul edilmiş "Dağlıq Qarabağ məsələsi üzrə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarının həyata keçirilməsi üzrə praktiki tədbirlər haqqında" qərar, habelə 1989-cu ilin yanvarında Dağlıq Qarabağda Sov.İKP MK-nin və SSRİ Ali Soveti Rəyasət Heyətinin nümayəndəsi A.İ.Volskinin rəhbərliyi altında xüsusi idarənin yaradılması onu göstərdi ki, Moskva faktiki olaraq DQMV-ni Azərbaycan SSR-in tabeliyindən çıxarmağa çalışır. İttifaq mərkəzinin bu cür mövqeyi münaqişəni dərinləşdirərək tədricən onu hərbi münaqişəyə çevirirdi.
Rusiyalı ermənipərəsət teleaparıcı Vladimir Solovyov ötən il oktyabrın 1 -də "Vesti FM" radiosunda Qorbaçov və Yeltsini SSRİ-nin tərkibində olan respublikalarda çoxsaylı münaqişələrin yaranmasında günahlandırıb. "1988-ci ildə Dağlıq Qarabağda hadisələr başlayanda SSRİ -ni kim idarə edirdi, Qorbaçov. Nobel Sülh Mükafatını da alan o idi - Qorbaçov. Və Qorbaçov özü eyni zamanda Sovet İttifaqı ərazisində çox sayda etnik zəmində qarşıdurmaların alovlanmasında şəxsən günahkardır. Demək olar ki, ölkənin bütün kənarlarında hadisələr qızışdı" deyə Solovyov sözlərinə əlavə edib.
Xatırladaq ki, həmin vaxtlar Yerevanda və Qarabağda mitinqlər davam edərkən Qorbaçov Moskvada "Qarabağ" komitəsinin üzvləri, yazıçılar Silva Kaputikyan və Zori Balayanı qəbul edib. Görüşlə bağlı ətraflı məlumat verilməsə də Ermənistana qayıtdıqdan sonra Kaputikyan "ermənilərin qalib gəldiklərini" bildirin (sonradan Kaputikyan mənəvi qələbə demək istədiyini deyib).
Daha sonra Kaputikyanın özü görüşün təfərrüatları haqqında yazıb.
" - Qarabağda vəziyyət belədir - Ermənistandan gələnləri təqib edirlər və ora getmək sadəcə mümkün deyil.
"Ermənistanla Qarabağ arasında münasibətlərə mane olan qadağalar əsl biabırçılıqdır” deyə Qorbaçov bildirib. Ermənistan sakinlərinin Qarabağa maneəsiz girişini təmin etmək lazımdır. Birgə mədəni tədbirlər keçirməliyik. Ermənistanın Qarabağ həyatında iştirak etmək hüququ var və olmalıdır.
- Vilayət yenidən birləşənə qədər demək olar ki, mümkün olmayacaq. Azərbaycan buna imkan verməyəcək.
- Azərbaycan bunu özü anlamalıdır. Vilayətin Ermənistana birləşməsinə gəlincə, bu indi son dərəcə çətindir. Təxminən 19 oxşar sual var və bunların hamısı nəzərə alınmalıdır.
Rusiyalı jurnalist Aleksandr Xinşteyn üç il əvvəl Literaturnaya Gazeta -da yazdığı məqalədə Qorbaçovun 26 Fevral 1988 -ci ildə Kaputikyan və Balayan ilə görüşünü dönüş nöqtəsi, ilk qanın tökülməsinə təhrik kimi qiymətləndirib.
Yazıçı və jurnalist Yuri Pompeyev 1992 -ci ildə nəşr olunan "Qarabağın qanlı burulğanı" kitabında yazırdı: "Bir daha xatırlatmaq istərdim ki, Georgi Şahnazarov - Qorbaçovun şəxsi müşaviri idi və indi də qalır - o Baş katiblə erməni nümayəndə heyəti arasında şəxsi görüş təşkil etdi. Nümayəndə heyəti həmin ərəfədə “türklərə” – azərbaycanlılara nifrət bəsləyən Zori Balayan və Silva Kaputikyandan ibarət idi.
Pompeyev həmçinin SSRİ Xalq Deputatlarının Birinci Qurultayı zamanı Qorbaçovun Azərbaycandan olan millət vəkili, xalq yazıçısı Anarı tribunadan qovduğunu xatırladıb.
2017-ci ildə "Stavropolskaya Pravda" qəzetində general-mayor Georgi Septanın "Kreml Dağlıq Qarabağda nə baş verdiyini bilirdi" adlı məqaləsi çıxıb. O yazır: "Kreml rəhbərliyinin siyasi xəttinin ikiüzlülüyü və ziddiyyətləri kədərli hadisələrdən əvvəlki dövrdə tam şəkildə özünü göstərdi. 1987 -ci il ərzində ərazi məsələsi ilə bağlı Sov. İKP MK-ya və SSRİ Ali Sovetinə çoxsaylı müraciətlər göndərildi. Moskva Azərbaycan rəhbərliyi ilə bu mövzunu müzakirə etmədi və ümumiyyətlə Ermənistan tərəfinin müraciətləri barədə rəsmi məlumat vermədi.
... "Yenidənqurma memarları"nın faktiki olaraq neytral mövqeyi ilə birləşmə hərəkatı dinc əhaliyə qarşı hərbi əməliyyatlarla davam etdi. Zorakılıq cavab zorakılığına səbəb oldu. Və bir müddət sonra münaqişə geri dönməz xarakter almağa başladı".
Sonda Qorbaçovlar ailəsinin erməni diasporası ilə sıx əlaqələrini xatırlayaq. Erməni mediası da münaqişənin aktiv fazası başlamazdan əvvəl Qorbaçov cütlüyünə verilən hədiyyələrdən yazırlar. "Ayvazovskinin tablolarından biri Sov.İKP MK -nın Baş katibi Mixail Qorbaçova hədiyyə edildi. Tablonun 1987-ci ildə SSRİ-nin Vaşinqtondakı səfirliyində Baş katibin həyat yoldaşı Raisa Qorbaçovaya erməni diasporunun nümayəndələri ilə görüşü zamanı verildiyinə dair sübutlar var. Sonra ABŞ erməniləri Qorbaçovaya İrandan gətirilmiş nadir almaz hədiyyə etdilər".
Bu qənaətə gəlirik ki, Mixail Qorbaçov dediyinin əksinə olaraq Qarabağla bağlı proseslərdə neqativ rol oynayıb və bu da müharibəyə və erməni separatçılarının Azərbaycan torpaqlarının işğalına yol açıb. olub. Bu o deməkdir ki, Qorbaçovun son məqaləsində əksini tapan fikirlər reallığa uyğun gəlmir və yalnız özünə haqq qazandırmaq cəhdidir.