“Soyqırım” terminini siyasi ədəbiyyata gətirən Polşa əsilli yəhudi hüquqşünas Rafael Lemkinin adı ilə yaradılmış “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu” həm Qarabağda (onlar sənədlərdə “Arsax” yazırlar-red.), həm də Ermənistanda ermənilərə qarşı soyqırım təhlükəsi barədə xəbərdarlıq edərək Azərbaycana növbəti dəfə “qırmızı bayraq” xəbərdarlığı verib. Bununla bu təşkilat, beynəlxalq təşkilatları və dövlət qurumlarını Türkiyəni və Azərbaycan'ı soyqırım ideologiyası və soyqırımların həyata keçirilməsi baxımından izləməyə, ermənilərə qarşı soyqırım təhdidlərini dayandırmaları üçün hər iki dövlətə təzyiq göstərməyə, Ermənistanda, Dağlıq Qarabağda ermənilərin varlığını gücləndirmək üçün səyləri artırmağa çağırıb. Təşkilat məzarlıqlara və digər maddi – mənəvi abidələrə hörmətsizliyin, ölümdən sonra da müəyyən bir kütləni hədəf görməyin, həqarət etməyin, varlığını yox etməyə və şərəfini inkar etməyə çalışmağın soyqırımda tez – tez istifadə olunan məqamlar olduğuna diqqət çəkir. “Ermənilərin Azərbaycan iqtidarı, ordusu, mətbuatı və təhsil sistemi tərəfindən irqi diskriminasiyaya məruz qaldığını düşünsək, o zaman etnik ermənilərin kompakt şəkildə yaşadıqları ərazilərdə azərbaycanlıların həyata keçirəcəkləri hər hansı bir hücumun soyqırım aktı kimi dəyərləndirilməsi gözləniləndir”. (Mənbə)

Faktyoxla Lab. olaraq “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutunun” bu açıqlamasının nə qədər həqiqətə uyğun olduğunu, İnstitutun Ermənistanla, eləcə də xaricdəki erməni diasporu ilə əlaqələrini, Azərbaycana münasibətdə nə dərəcədə obyektiv olduğunu araşdırdıq.

Bu yazını rus dilində "Верны ли утверждения Института по предотвращению геноцида им. Лемкина об Азербайджане?!" oxuya bilərsiniz

Məlumat üçün bildirək ki, 2011-ci ildən etibarən Erməni Soyqırımı Muzey-İnstitutu “Rafael Lemkin adına illik təhsil təqaüdü proqramı” təsis edib. “Rafael Lemkin təqaüdü” əcnəbi tələbələrə erməni soyqırımı tədqiqatları üzrə ixtisaslaşmış yerli elmi müəssisə və kitabxanalarda araşdırma aparmaq üçün bir ay müddətinə Ermənistana səfər etmək imkanı verir. Qalib namizədlərin əsas məkanı Erməni Soyqırımı Muzey-İnstitutu kimi seçilir. Onlara “Erməni məsələsi” və “erməni soyqırımı”nın tarixini öyrənməyə, Erməni Soyqırımı Muzey-İnstitutunun elmi fondlarında və kitabxanasında araşdırmalar aparmağa, o cümlədən peşəkar məsləhətlər almağa və universitetlərin materialları ilə tanış olmağa, Ermənistanda arxivlər və kitabxanalarda çalışmağa şərait yaradır. Təqaüdün müddəti bir aydır. Qalib namizədin yol və yaşayış xərclərini Erməni Soyqırımı Muzey-İnstitutu qarşılayır. İndiyədək bu təqaüdlə İsrail, Avstraliya, Cənubi Kipr, İngiltərə və digər ölkələrin tədqiqatçıları Ermənistanda araşdırma aparmaq imkanı əldə ediblər. Onların arasında 2011-ci ildə ilk təqaüd qalibi Dr. Rebekka Jinks hazırda İngiltərədəki Erməni Araşdırmaları İnstitutunun rəhbəridir.

Araşdırmamız zamanı məlum oldu ki, “Lemkin Soyqırmların Qarşısının Alınması İnstitutu” 2017-ci ildə başlanmış “İraq Soyqırımının Qarşısının Alınması və Hesabatlılıq Layihəsi” çərçivəsində yaranıb. 

“Qırmızı bayraq” xəbərdarlığı bəyanatında səslənən bu arqumentsiz və gülünc iddianı araşdırmağa ehtiyac görmədik.Ermənilərin məskunlaşdığı Zabux kəndinin və Laçın şəhərinin Azərbaycana verilməsi ilə bağlı son xəbərləri nəzərə alsaq, soyqırım vəhşilikləri riskinin xüsusilə əhəmiyyətli olduğunu bildirən keçmiş erməni hüquq müdafiəçisi Armen Tatoyanın sözlərinə əsaslanaraq, güya Azərbaycan əsgərlərinin bölgədəki erməni kəndlilərinin istifadə etdikləri su hövzələrinə heyvanları kəsib orqanlarını tökdüklərini və su ehtiyatlarını zəhərlədiklərini bildirirlər. Xatırladaq ki, Tatoyan, Azərbaycan əsgərlərinin kəndin kənarındakı tarlalarda erməni fermerlərə atəş açdıqlarını və bunun həm fermerlərin həyatını, həm də Zabux kəndi və Laçin qəsəbəsindəki kəndlilərin önəmli ölçüdə qida ehtiyatını təhlükə altına atdığını iddia etmişdi. Beynəlxalq təşkilatın bəyanatda istifadə etdiyi ittihamın əsasına, arqumentinə fikir verdinizmi? 

Bir məqam diqqətimizi çəkdi: İnstitut soyqırımın qarşısının alınması istiqamətində fəaliyyətini qlobal müstəvidə həyata keçirmək niyyətində ikən erməni diasporu ilə sıx əməkdaşlıqlar quraraq müxtəlif məsələlərdə birgə fəaliyyət göstərmək şansını əldən vermir, hətta bunu açıq – aşkar həyata keçirməkdən və onlara dəstək olmaqdan da çəkinmir. Məsələn, ABŞ-da qondarma erməni soyqırımının tanınması ilə bağlı Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutu sosial şəbəkələrdəki hesablarında mayın 7-də aşağıdakı mesajı paylaşıb: “Lemkin Institutu, dünyadakı Erməni diasporasını 50 ABŞ əyalətinin tamamında soyqırımın tanınma prosesini tamamladıqlarına görə təbrik edir!’’ Buyurun, təşkilatın “ədalətli, tərəfsiz” yanaşmasına növbəti misallardan biri.

İndi də gəlin “Lemkin adına Soyqırımların Qarşısının Alınması İnstitutunun” yaradıcılarının kimliyini araşdıraq. İnstitutun təsisçisi və həmsədri, Stokton Universitetinin Holokost və Soyqırım Tədqiqatları kafedrasının dosenti Elisa von Joeden-Forgey həm də dünyanın ilk akademik, magistr səviyyəsində Holokostun öyrənilməsi və soyqırımın qarşısının alınması üzrə Sertifikat Proqramının yaradıcısıdır. “Genocide Watch” təşkilatının keçmiş prezidenti, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının keçmiş Birinci vitse-prezidenti olan Elisa von Joeden-Forgey-in sosial media hesablarını izlədiyimiz zaman onun tez-tez Ermənistana səfər etdiyinin, erməni alimləri və diaspor rəsmiləri ilə görüşdüyünün şahidi oluruq. Məsələn, institutun həmsədrinin Azərbaycanla bağlı sonuncu qırmızı bayraq xəbərdarlığından təxminən bir ay əvvəl Ermənistana səfər etməsi olduqca maraqlıdır. Bundan başqa, İnstitutun təsisçi həmsədri bu ilin iyununda Erməni Soyqırımı Muzey-İnstitutunda “Soyqırım reproduktiv zorakılıq amili kimi” mövzusunda açıq mühazirə ilə çıxış edib.

Elisa von Joeden-Forgey Ermənistanda olarkən iyulun 1-də Ermənistanın Amerika Universitetində eyni mövzuda çıxış edib və bir gün əvvəl atdığı tvitində bu çıxışı səbirsizliklə gözlədiyini bildirib.

Bu yazını türkcə Lemkin Soykırımı Önleme Enstitüsü’nün Azerbaycanla ilgili iddiaları doğru mu?! oxuya bilərsiniz

Başqa bir yazısında o, Ararat dağının İrəvanın hər yerindən göründüyünü, lakin bəzən buludların arxasında gizləndiyini, bəzən də Nor Malatya məhəlləsində çəkilən bu fotodakı kimi aydın göründüyünü yazaraq qondarma erməni soyqırımına işarə edib. Çünki, 1915-ci ildəki köçdən sonra bəzi ermənilər bu ərazidə məskunlaşıblar. Yəni, bu xanımın Ermənistana, erməni diasporuna bağlılığını birtərəfli “soyqırım” araşdırmalarında açıq-aşkar görmək olur.  

İnstitutun digər təsisçi həmsədri İrene Viktoriya Massimino argentinalı insan hüquqları üzrə hüquqşünas və Buenos-Ayres Əyalətinin Ali Cinayət Məhkəməsinin (Cinayət Apellyasiya Məhkəməsi) məruzəçisidir. Xanım Massimino həm Ermənistanla, həm də öz ölkəsindəki erməni diasporu ilə çox isti münasibətlərə malikdir.

2021-ci ilin iyununda Erməni Milli Şurası və Argentina Erməni Vəkillər Kollegiyası 2020-ci il müharibəsi zamanı Azərbaycan ordusunun erməni xalqına qarşı törətdiyi saxta hərbi və insanlıq əleyhinə cinayətləri araşdırmaq üçün Argentina Federal Məhkəməsinə şikayət verib. Erməni Milli İnsan Hüquqları Şurasının prezidenti Alfonso Tabakyanın təqdim etdiyi şikayəti dəstəkləyən və hazırlayanlar arasında 11 saylı Federal Cinayət Məhkəməsinin hakimi Marselo Martinez de Giorgioya, Dr. Luciana Minasyan və Dr. Juan Kasargyan ilə yanaşı, Lemkin İnstitutunun digər qurucu həmsədri Dr. İrene Viktoriya Massimino da olub. Şikayətçilərin fikrincə, Azərbaycan dövlətinin hərəkətləri insanlığa qarşı hərbi cinayətdir və buna görə də BMT-yə üzv olan bütün dövlətlər tərəfindən imzalanmış Ümumdünya İnsan Hüquqları Bəyannaməsini pozur. Əsassız, arqumentsiz növbəti iddia və yenə də qeyd etdiyimiz institutun nümayəndəsinin adı keçir.

Bu yazını ingilis dilində Are the claims of the Lemkin Genocide Prevention Institute about Azerbaijan true?! oxuya bilərsiniz

Əslində “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutunun” Azərbaycana “qırmızı bayraq xəbərdarlığı” verməsi bu qəbildən olan ilk belə hadisə deyil. Bundan əvvəl, daha dəqiq tarix verəsi olsaq, 3 dekabr 2021-ci il tarixində Lemkin İnstitutu Azərbaycan əsgərlərinin 65 yaşlı erməni çoban Seyran Smbatoviç Sarkisyanı qoyunlarını otararkən tutaraq öldürməsi ilə bağlı Qırmızı Bayraqla xəbərdarlıq etmişdi. Həmin vaxt erməni tərəfi Seyran Sarkisyan adlı bu şəxslə bağlı ciddi yalan məlumat və dezinformasiya kampaniyasına başlamışdılar və görünür öz təsirini göstərib. Amma fakt budur ki, İnstitutun “çoban” kimi müəyyən etdiyi şəxs Azərbaycan Ordusunun Xocavənd rayonundakı mövqelərindən birində döyüş tapşırığı yerinə yetirən əsgərimizə hücum edən təxribatçı olub. Azərbaycan mətbuatı yazır ki, 3 dekabr 2021-ci il tarixində saat 13:00 radələrində erməni əsilli şəxs əsgərimizə hücum edib, onun silahını ələ keçirmək istəyib və əsgərimiz havaya atəş açdıqdan sonra müdafiə olunmaq üçün zonaya hücum edən təxribatçını zərərsizləşdirib. Lakin Ermənistan tərəfi sözügedən şəxsin, 1956-cı il təvəllüdlü Seyran Sarkisyanın adi mülki çoban olduğunu iddia edərək, Azərbaycanı ittiham etmək üçün təbliğat kampaniyası aparıb. Amma maraqlısı odur ki, erməni mətbuatında dərc olunan bəzi şəkillər ermənilərin dezinformasiya kampaniyasını üzə çıxarıb. Yəni şəkillərdən məlum olur ki, Seyran Sarkisyan “adi çoban”, “adi mülki” deyil. (Mənbə)

Bəlkə də elə buna görədir ki, Ermənistan ordusunun formasını geymiş “çoban”a görə Azərbaycana Qırmızı Bayraq Xəbərdarlığı edən Lemkin Soyqırmların Qarşısının Alınması İnstitutu sonradan bu xəbərdarlığı öz saytından silməli olub

Bundan əlavə, xüsusilə qeyd etməliyik ki, Azərbaycan 2020-ci ildən etibarən torpaqlarını erməni işğalından azad etmək üçün mübarizə aparır və bu ədalətli mübarizədə qərəzli mövqe tutan Lemkin Soyqırmların Qarşısının Alınması İnstitutu kimi qurum və təşkilatlar qəribədir ki, indiyədək Xocalı, Qaradağlı və Ağdaban bölgələrində dinc əhaliyə qarşı törədilmiş soyqırımlara qətiyyən etiraz etməyib.

Sonda bunu qeyd etməliyik

- “Lemkin adına Soyqırımların Qarşısının Alınması İnstitutunun” Azərbaycana münasibəti birbaşa qərəzlidir, ikili standartları bir başa özündə ehtiva edir. Bu təşkilatın Azərbaycanla bağlı bir dəfə də olsun obyektiv, ədalətli bəyanatı, açıqlanması eşidilməyib

- İnstitutun həm rəhbərlərinin, həm də əməkdaşlarının həm Ermənistandakı qurumlarla, həm də xaricdəki erməni diasporu ilə əlaqələri olduqca genişdir və onların hər hansı bəyanatı ciddi qəbul edilə bilməz

- Azərbaycanın ermənilərə qarşı etnik soyqırım həyata keçirməsi ilə bağlı iddialar tamamilə əsassızdır. .