AXCP sədri Əli Kərimlinin müharibə bitəndən bu günə kimi dəfələrlə şəhidlər, qazilər, Vətən müharibəsi əlilləri və  iştirakçıları haqda fikir bildirib, ictmai rəydə hökumətin bu yöndə fəaliyyətini tənqid edən statuslar yazıb. Saytımızda Əli Kərimlinin Ordumuzun qürur mənbəyi olan hərbçilərimizin maddi-sosial şəraitindən sui-istifadə etməsi, kütlə düşüncəsi ilə açıq manipulyasiyaya yol verməsi haqda bir neçə dəfə fakt-yoxla (ifşa) yazıları dərc olunub. AXCP sədri, blogger Əli Kərimli bu dəfə də müharibə iştirakçıları, şəhidlər və yaralılar haqda status yazmaqdan başqa, onları Ukrayna və Rusiya müharibəsində həlak olmuş və yaralanmış hərbçilərlə müqayisə edib, öz dövlətinin 44 günlük müharibədə tarix yazan şərəfli Ordusunu digərlərinə nisbətən sosial baxımdan daha pis durumda təqdim edib.

Faktyoxla Lab. Əli Kərimlinin Ukraynanın müharibədə həlak olmuş vətəndaşlarına 510 min dollar, Rusiyanın isə ölən hər bir hərbçisinin ailəsinə 80 min dollardan artıq (7.4 milyon rubl) sığorta pulu verməsi haqda iddialarını və digər müqayisələrini araşdırıb.


Ə. Kərimli Ukraynada döyüşlərdə həlak olmuş hərbçilərə hökumətin 510 min dollar pul verdiyini vurğulayır. Birincisi, bu rəqəmin nə dərəcədə doğru olması şübhəlidir. Bəllidir ki, Ukraynanın baş naziri Denis Şmıqal müharibənin ilk günlərində, fevralın sonlarında həlak olan hərbçilərinin ailələrinə 15 milyon qrivna, yəni 500 min dollar (1 dollar = 29.8 qrivna) ödəniləcəyini bildirmişdi. (Mənbə) Bu maliyyəni isə Ukrayna hökuməti yox, Avropa və ABŞ-ın müxtəlif maliyyə qaynaqları öz üzərinə götürmüşdülər. 

Ancaq indiyə kimi Ukraynada xüsusi xidmətləri olan zabitlərə sadəcə müxtəlif təltif və mükafatlardan başqa həlak olmuş heç bir hərbçinin ailəsinə təzminat verilməyib. Bu mövzuda Ukrayna hökumətini aciz və yaxud öz hərbçisinə qarşı biganə hesab etmək fikrindən uzağıq, ancaq gəlin gerçək iqtisadi və sosial vəziyyəti də nəzərə alaq. Müxtəlif mənbələrin məlumatına əsasən, indiyədək Ukraynada 10 mindən artıq hərbçi həlak olub. Onların hər birinin ailəsinə 510 min dollar verilməsi o deməkdir ki, indiyə qədər 5,1 milyard dollar ödəniş edilməli idi və ya ediləcək. Hələ müharibə bitməyib, qarşıda daha hansı itkilər olacağı da bəlli deyil (təki olmasın) və demək, hərbçilərin ailələrinə on milyardlarla pul verilməlidir. Varmı Ukraynanın bu qədər ehtiyatları?
Hazırda bu ölkədə 10 milyondan çox insan qaçqın düşüb, müxtəlif ölkələrdə sığınan insanların zəruri ehtiyaclarını ABŞ və Avropa Birliyi təmin edir. Birləşmiş Ştatlar prezidenti Co Bayden martın 11-də 2022-ci il ərzində Ukraynaya 13,6 milyard dolları məbləğində yardım paketini imzalayıb. Həmin vəsaitin 3,6 milyard dolları silah tədarükü və satışı, 3 milyard dolları hərbçilər üçün maliyyə xərcləri, digər hissəsi isə lazımi avadanlıqlar, təminat və humanitar məqsədlər üçündür. (Mənbə)


Eyni zamanda, Avropa Birliyi martın əvvəllərində Ukraynaya 1,2 milyard avro həcmində makro-maliyyə yardımı proqramını təsdiq edib və yardım paketinin 300 milyon avrosu bir neçə gün əvvəl hökumətə çatdırılıb. (Mənbə)
Həmçinin, Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya 668 milyon avro təcili maliyyə dəstəyini təsdiqləyib və yardım müharibədən əziyyət çəkən ölkənin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. AİB Ukrayna üçün fövqəladə Həmrəylik Paketi çərçivəsində gələcək təşəbbüsləri davam etdirməyi planlaşdırır. (Mənbə)
Onu da unutmayaq ki, Ukrayanaya müxtəlif ölkələr də öz imkanları çərçivəsində yardımlar edir, o cümlədən Azərbaycan bir aydan artıqdır ki, bu ölkəyə geyim, tibbi avadanlıqlar, dava-dərman, müxtəlif ləvazimatlar, yanacaq təminatı ilə yardım göstərir. Dünyanın 30-dan çox ölkəsi Ukraynanın gündəlik zəruri ehtiyacları qarşılayır. Belə bir iqtisadi, sosial və maliyyə sıxıntısı ilə üzləşmiş ağır vəziyyətdə olan ölkənin 10 min nəfər  hərbçi üçün 5.1 milyard dollar pulu hansı mənbədən ödəyə bilər? Təxmin etmək çətin deyil.

Acı da olsa reallıq budur ki, Ukraynanın maliyyə imkanları çox məhduddur və bütün sahələrdə əsaslı xərclər, o cümlədən də hərbçilərə və yaralılara bütün maliyyə yardımları birbaşa Qərbin maliyyəsi ilə təmin olunur. Hazırda bu ölkənin maliyyə ehtiyaclarını ABŞ və Aİ təmin edir. Müharibə bitdikdən sonra Ukraynada infrastrukturların bərpası, şəhər və qəsəbələrin, kəndlərin yenidən qurulmasında, həmçinin köçkünlərin evlərinə qayıdışı, sosial təminatlarının həllində Qərbin böyük maliyyə yardımları göstərəcəyi bəyan edilib. Sözsüz ki, müharibədə sağlamlığını itirmiş minlərlə hərbçinin, həlak olmuş şəxslərin ailələrinin də sosial tələbatları xarici ölkələrin ayıracağı maliyyə hesabına həll olunacaq. Yəni, Ukraynada hərbçilərə ödəniləcək sosial təzminatlar, yardımları da ABŞ və Aİ təmin edəcəkdir, onların maliyyəsi ilə Ukraynanın hərbi-sosial siyasəti nizamlanacaqdır.
Rusiyanın həlak olanlara 80 min dollar təzminat ödəməsinə gəlincə, bu ölkənin də rəsmi hökumət orqanlarının belə bir sərəncamı, qərarı yoxdur, sadəcə bu təşəbbüsdür və bütün hərbçilərə şamil olunub-olunmayacağı da məlum deyil. Eyni zamanda, həmin məbləğin 3 milyon rubl olması nəzərdə tutulur ki, bu da Kərimlinin söylədiyi 80 min dollardan qat-qat aşağıdır. (Mənbə) 


Belə ki, 3 milyon rubl indiki məzənnə ilə (140 min rubl =1000 dollar) təxminən 21 min dollar edir. İkincisi, bu təşəbbüs, martın əvvəllərində, Rusiyanın 800 itki verdiklərini bildirilən zaman irəli sürülüb və ötən bir ayda minlərlə rus hərbçisi həlak olub. Belə bir vəziyyətdə itkilərin 30 dəfə artmasından sonra həmin təşəbbüsün maliyyə təminatının necə olacağı da şübhə altına düşür. Nəhayət, bir ay əvvəl verilmiş vədə baxmayaraq, hökumət tərəfindən təzminat verilməsi ilə bağlı heç bir addım atılmayıb.
Gəlin, eyforiyaya və siyasi ekstaza gələn Əli Kərimlidən fərqli olaraq, dərin, əsl gerçək məntiqlə düşünək, bütün iqtisadiyyatı defolta sürüklənən, qlobal iqtisadiyyat zəncirindən qopan və 640 milyard dollarlıq aktivlərinin 450 milyardı dondurulan, hazırda marketlərdə zəruqi qida malları tapılmayan, öz vətəndaşlarını dolandırmağa gücü yetməyən Rusiya Federasiyasının bütün dünyada işğalçı kimi qəbul edilən hərbçisinə hansı sosial qayğısından danışmaq olar. Fərqli mənbələrə görə, bu ölkə indiyə qədər 20 min hərbçisini itirib, onların yarısından çoxundan heç Rusiya Müdafiə Nazirliyinin xəbəri yoxdur və onların nəşini ailələrinə vermək belə sanki bu dövlətin müvafiq orqanlarının imkanı daxilində deyil. Hər kəs bilir ki, bu, sadəcə PR-dır, öz vətəndaşlarına təsəlli vermək və orduda, insanlarda ölmüş ruhu canlandırmaq, hökumətin “qayğısını” nümayiş etdirmək üçün təşviqatdır.
Əgər Rusiya həlak olan hərbçisinə 200 min dollar versə də, o başqasının torpağında öldüyünə görə, bu yardım onun ailəsinə təsəlli, ümid və başucalığı gətirməyəcək.

Bu baxımdan Əli Kərimlinin Azərbaycan əsgəri ilə Rus əsgərini müqayisəsi  bu adam üçün özünü təhqir etməkdir, utancvericidir. Rusiya əsgəri ilə Qarabağda, Şuşada bütün dünyanın dilində dastana çevrilmiş Azərbaycan hərbçisini sosial müqayisə predmetinə çevirmək xəyanət və təxribat göstəricisidir. Azərbaycan əsgəri öz torpağını 30 il işğalda saxlamış düşməndən təmizləyib. Bəs Rusiya əsgəri Ukraynada nə edir? Azərbaycan əsgəri ilə Rusiya əsgərinin statusunu müqayisə etmək erməni kimi düşünmək deyil, nədir? Siyasətçinin, partiya sədrinin sosial mediada yayılan, müxtəlif rəsmi və ya qeyti-rəsmi şəxslər tərəfindən təbliğat məqsədi ilə dövriyyəyə buraxılan bu tipli iddialara əsaslanması isə başqa bir utancverici haldır.  


Başqa bir rakursdan baxaq. Azərbaycanın sağlamlığını itirmiş hərbçilərinə, qazilərimizə 44 günlük müharibə dövründə, yaxud Zəfərdən ötən 15 ay ərzində qardaş Türkiyə və strateji dostumuz olan İsraildən, həmçinin Pakistandan başqa kömək edən olubmu?
Ukraynaya milyardlarla dollar dəyərində silah verən Qərb ölkələri Azərbaycana  nə maddi yardım etdi, nə silah verdi, Ermənistana nə qədər pul, yardım, ləvazimatlar peşkəş etdi? Bəs, müharibə bitdikdən sonra ABŞ, Aİ və yaxud digər region ölkələrindən biri gözünü, qolunu, ayağını itirmiş tək bir əsgərimizə tibbi yardım, sosial reabilitasiyası dəstəyi göstəribmi? Şəhidlərimizin birinin ailəsinə maddi deyil, mənəvi dəstək verən olubmu? Prezident İlham Əliyev həmin vaxt Avropa media orqanlarına, TV-lərə müsahibələrində dəfələrlə bəyan etmişdi ki, pulu-parası olmayan yoxsul Ermənistan milyardlarla dollar həcmində silah haradan alır, bu haqlı iradın qarşısında təəssüf ki, Qərb susurdu.
Azərbaycanın təbii ki, Ukraynaya səxavətlə pul kisəsinin ağzını acan Qərbə heç bir ehtiyacı, təmənnası yoxdur. Azərbaycan öz hərbçisinə, ailəsinə öz büdcəsi ilə xüsusi diqqət göstərir, heç kimdən bir dollar da almır. Çünki dövlətimiz çox güclüdür, möhkəm siyasi sabitlik mövcuddur. Siyasi sabitlik isə dayanıqlı inkişaf və iqtisadi imkanların artması deməkdir. Artan iqtisadi imkanlar isə ilk növbədə sosial sahələrə, ən birinci olaraq həssas qruplara, xüsusilə də şəhid ailələrinə, qazilərə yönəldilir, onlara yüksək sosial diqqət və qayğı göstərilir. Nəhayət, Azərbaycan elə bir dövlətdir ki, Avropa Birliyinin pulu ilə hərbçisinə maddi yardım etməyi qüruruna və milli heysiyyatına sığışdıracaq deyil. 
Azərbaycan hökuməti şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına ən yüksək qayğı göstərir. Müharibə əlillərinə əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir ki, burada da orta məbləğ 400 manatdır. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə 55-110 manat ödənilir. Müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunurlar. Onlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün dövlət və özəl sektorda məcburi kvota müəyyən edilib.
Bundan başqa, müharibə veteranları və əlillər üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.
Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilib. (Mənbə)



Onu da heç vaxt unutmaq olmaz ki, müharibə, qan, ölüm heç vaxt pulla ölçülmür, şəhid olmuş insanların ailəsinin yarasını, sağlamlığını itirmiş, əlil olmuş insanların fiziki həyatını pul heç vaxt sağaltmır.
Kərimli isə müharibənin dəyərini xarici valyuta ilə ölçən, hər gün həyatının itirən yüzlərlə Ukrayna hərbçinin ailəsini böyük dozada pul vədləri ilə ovutdurmağa çalışan Qərb emissarları kimi düşünür. Ukraynanın arxasında sadəcə pul maşını kimi dayanan ölkələrin həlak olmuş hərbçilərin ailəsinə ödədiyi yüz minlərlə dollar nə vaxtsa bitəcək, ancaq onların ailələrinin ürəyindəki ağrı heç vaxt bitməyəcək. Ona görə də Kərimli və onun kimilərinin müharibəyə, şəhidlərə, əlillərə təsəvvürləri pul tərəzisindən, siyasi mənfəətdən uzağa gedə bilmədiyindən onlardan belə münasibəti gözləmək olar.

Nəticə: Ə.Kərimlinin iddia etdiyi Ukraynada həlak olan hərbiçinin ailəsinə 510 min dollar kompensasiya verilməsi söz olaraq deyilmiş, hələ bir dəfə də olsun belə yerinə yetirlməmiş haldır. Rusiyada isə 80 min dollar sığorta pulu ödənilməsi isə qanun layihəsi deyil, sadəcə bir bələdiyyə başçısının irəli sürdüyü təşəbbüsdür. Göründüyü kimi, Əli Kərimli olduqca həssas bir mövzuda müqayisə aparır, yalan faktları əsas gətirir, kütlə şüuru ilə manipulyasiya edir. Sosial mediada səslənən yalan və əsassız məlumatlara inanan, adi feyk xəbərdən belə yararlanmağa çalışan Kərimli belə həssas mövzuda siyasi xalturaya getməklə yanaşı, heysiyyatsız addım atır.