Son bir ayda İran mətbuatı və sosial mediasında Azərbaycanla bağlı 2 məlumat diqqətimizi cəlb edib. Bunlardan biri Azərbaycanda mağazalarda ərzaq mallarının çatışmadığı və qiymətlərin qalxması haqda İranın Dövlət Teleradio Şirkətinin rəsmi xəbər agentliyi olan “iribnews”un paylaşdığı video-reportajdır.
Digəri isə Ramazan ayında Qədr gecələrində məscidlərə insanların buraxılmadığı haqda əksər saytların, jurnalistlərin sosial mediada yaydıqları məlumatdır.
Faktyoxla Lab. hər iki məlumatın dürüstlüyünü yoxlayıb və yayılma səbəblərini araşdırıb.
Mağazalarda ərzaq mallarının çatışmadığı və qiymətlərin qalxması haqda İran mediasında yayılan məlumatda deyilir ki, Azərbaycanda ərzaq mallarının qiyməti sürətlə qalxır. Hətta vəziyyət o həddə çatıb ki, Azərbaycandan 30 növ müxtəlif gündəlik tələbat mallarının ixracı qadağan olub. “Son üç ayda inflyasiya 18% olub” - deyə Azərbaycan Respublikasının Prezidenti adından saxta məlumat yayan sayt qeyd edir ki, qiymət qalxması həm də xarici amillərlə bağlıdır. Belə ki, xaricdə ərzaq məhsullarının qiymətlərinin qalxması daxili bazara da təsir edib. Reportajda qeyd olunur ki, ilin ilk günlərində çörəyin qiyməti 30% qalxıb və Azərbaycan taxılı Rusiyadan alır.
Məlumat üçün bildirək ki, 12 aprel 2022-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyilmiş "18%-lik inflyasiya" ifadəsi kontekstdən çıxarılıb. Belə ki, deyilmiş “son üç ayda inflyasiya 18 faizə qalxıb” fikri ərzaq inflyasiyasına aiddir. Bütövlükdə üç ay ərzində inflyasiyanın səviyyəsi 12,2 faiz olub.
Reportajdan da görünür ki, müsahibə verənlər isti qış geyimlərindədir. Bu isə çəkilişlərin qış aylarında aparıldığına işarədir. Video material isə 13 may 20220-ci ildə efirə verilib.
Bəs, İran rəsmi agentliyinin saytı bu xəbəri niyə məhz indi yayır?
Mayın 7-dən bəri İranda məhsul qıtlığı və aclıq üzündən böyük iğtişaşlar yaşandığı haqda müxtəlif kanallarla məlumatlar yayılır. Bildirilir ki, un məmulatlarının 300 faiz bahalaşmasından sonra İranda ciddi çörək qıtlığı yaranıb. 67 min tümənə satılan bir kisə unun qiyməti mayın 16-da 10 dəfə bahalaşaraq 640 min tümənə təklif olunub. Dükan və marketlərdə çörək, yağ kimi vacib qida məhsulları tapılmır.
Çarəsiz qalan vətəndaşlar ərzaq mağazaları və anbarları qarət etməyə başlayıblar. Bu barədə İran saytları özləri məlumat yayırlar.
Hökumətin ərzaq üçün ayırdığı subsidiyaların kəsilməsi və qiymətlərin kəskin artması ilə bağlı etirazlar insanları siyasi şüarlarla küçələrə axışmağa sövq edib. (Video)
İranlılar, hətta dini liderlərin portretlərini yandıraraq, onları istefaya çağırıblar. Etirazçıların bəzi şəhərlərdə dükanları yandırdığı xəbər verilir. İbrahim Rəisi hökuməti isə iqtisadi böhranı aradan qaldırmaq üçün heç bir proqram təklif edə bilmir. İran rejimi vəziyyətdən çıxış yolu kimi aksiyaları güc və silah tətbiq etməklə yatırmaqda, həmçinin kütləvi həbslər aparmaqda görür. İranın Əsəluye şəhərində narazı kütlə İran İslam İnqilabının banisi Ayətullah Xomeyninin böyük bannerini yandırıb, BƏSİC-in binasını odlayaraq, dağıdıblar.
Məşhur “Əl-Ərabiyyə” kanalı məlumat yayıb ki, Əl-Əhvaz, Rəşt, Şiraz, İsfahan, Kuçan, və digər şəhərlərdə, Sistan-Bəllucistan, Çahamahal, Bəxtiyari əyalətlərində iğtişaşların miqyası getdikcə genişlənir. Təbriz şəhərində isə pensiya və sosial müavinət ala bilməyən təqaüdçülər küçələrə çıxıb. (Video)
Beləliklə, İran mediasının Azərbaycandakı qıtlıq və bahalaşma ilə bağlı yaydığı məlumatın kökündə, əslində diqqəti öz ölkələrində baş verən iğtişaşlardan yayındırmaqdır. Bundan başqa, reportajda açıq mesaj verilir ki, bahalaşma və qıtlıq şimal qonşumuzda (yəni Azərbaycanda) da var, lakin orada belə acınacaqlı vəziyyət, iğtişaş yoxdur.
İran mediası tərəfindən yayılan digər məlumat isə Ramazan ayından az sonraya təsadüf edir. İran teleqram kanallarından birində video təqdim olunub və iddia edilib ki, Azərbaycanda şiə müsəlmanları “Qədr gecələri” keçirmək üçün məscidlərə buraxmırlar və bu mərasimi qadağan edirlər.
Tərəfimizdən araşdırma aparıldıqda bəlli olub ki, yayılan kadrlar Bakı kəndlərindən birində, lakin ötən ilin Ramazan ayında çəkilib. Çəkiliş heç bir yerdə qeydiyyatı olmayan tesebbus.az saytının instagram səhifəsində paylaşıldıqdan sonra İran mediası məlumatı yaymağa başlayıb. Azərbaycanda domen qeydiyyatı şirkətinin reyestrindən isə "tesebbus.az" adlı saytın fəaliyyət göstərmədiyini öyrənə bildik.
Bu məlumat anti-Azərbaycan şəbəkəsinin İranda olan nümayəndələri tərəfindən böyük coşqu və səs-küylə paylaşıldı, tənqid, rişxənd edildi. Onların arasında SEPAH-a bağlılığı ilə tanınan təşkilatın rəhbəri, jurnalist Salar Seyfəddini, Muhammed Mutlak və digələri də var. Qeyd edək ki, Salar Seyfəddininin Azərbaycana münasibəti, mövqeyi ermənilərin mövqeyindən heç də fərqlənmir (Oxu, “İranlı jurnalistə öz tarixi mənbələri ilə cavab: Şuşa yoxsa “Şuşi”?).
Digər tərəfdən, məlumdur ki, pandemiya şəraitində karantin rejiminə uyğun olaraq Azərbaycanda məscidlərə, dini ibadət yerlərinə, bir sözlə insanların sıx toplaşdığı ərazilərə giriş yasaq idi. O cümlədən həmin vaxt İranda da belə qadağalar tətbiq olunurdu. Bu il isə ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2022-ci il martın 6-dan etibarən dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti ləğv edilib.
Ən maraqlısı budur ki, İranın Dövlət Teleradio Şirkətinin rəsmi xəbər agentliyi olan “iribnews” Azərbaycanda 2022-ci ildə “Qədr gecələri” və İmam Əlinin "şəhadət günləri"nin keçirilməsi ilə bağlı tədbirlərdən süjet hazırlayıb.
Hətta həmin tədbirlərdən birində İsrail əleyhinə şüarlar da səsləndirildiyi qeyd olunur.
Nəticə: İran saytlarının Azərbaycanda qıtlıq olması, qiymətlərin qalxması ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir, daha çox İrandakı iğtişaşlardan diqqəti yayındırmağa yönəlib.
“Qədr gecə”lərində məscidə möminlərin buraxılmadığı haqda məlumat da yalandır. Təqdim olunan materiallar 2021-ci ilə aiddir ki, həmin vaxt İranda olduğu kimi Azərbaycanda da karantin qaydalarına uyğun olaraq məscidlərə girişdə müəyyən məhdudiyyətlər var idi.