AXCP sədri Əli Kərimli Azərbaycanı Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin artmasını iddia edərək ölkəmizin Kremlə iqtisadi dayaq olduğunu bildirib. Onun qənaətinə görə: Azərbaycan Rusiyanın iqtisadi çöküşünü önləmək üçün əlindən gələni edi; tətbiq olunmuş beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdır; dünyanın əksər ölkələri Rusiya ilə ticarət dövriyyəsini azaldıb, hətta Rusiyanın əsas ümid yeri olan Çin belə beynəlxalq sanksiyaları pozmaqdan ehtiyatlanaraq Rusiyaya mal ixracını 26 faiz azaldıb, Rusiya - Azərbaycan ticarət dövriyyəsi bu ilin aprelində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artıb”.

Faktyoxla Lab. bu fikirlərin doğru olub-olmadığını yoxlayıb.

Öncə qeyd edək ki, Rusiyanın illik ticarət dövriyyəsinin həcmi 500 milyard dollara bərabərdir. Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin illik həcmi isə 1,9-2 milyard dollardır və Rusiyanın illik ticarət dövriyyəsində ölkəmizin payı cəmi 0,4 faiz təşkil edir. Azərbaycan 0,4 faiz payla Rusiyanın iqtisadi çöküşünü önləyə bilərmi? Bu, mümkündürmü?
Məsələ ondadır ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində digər ölkələrlə müqayisədə Rusiyanın payı artmaq əvəzinə azalıb, digər ölkələrin payı isə artıb.
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ölkələrlə həyata keçirdiyi ticarət əməliyyatlarının ümumi dəyəri 15 milyard 863,9 milyon ABŞ dolları olub. Ticarət əməliyyatlarının 4 milyard 40,5 milyon dolları idxalın, 11 milyard 823,3 milyon dolları isə ixracın payına düşüb.

Hesabat dövründə Azərbaycanın ixracında Rusiyanın payı 198,8 milyon dollar olmaqla 1,6 faiz, Belarusun payı isə 68,9 milyon dollar olmaqla 0,58 faiz təşkil edib. Ağır müharibə şəraitində yaşayan Ukraynaya isə Azərbaycanın ixrac etdiyi malların həcm dəyəri 318,6 milyon dollar olub, yəni ixracda 2,69 faiz paya malikdir. Daha da sadələşdirsək, ölkəmiz Ukraynaya Rusiyadan daha çox, 120 milyon dollar məhsul ixrac edib.
Göründüyü kimi Azərbaycanın 2022-ci ilin yanvar-aprel aylarında ticarət ixracında Rusiya və Belarusa nisbətən, Ukrayna daha üstün yer tutur. (Mənbə)

Xatırladaq ki, ötən 4 ay ərzində Azərbaycanın ixracında Avropa ölkələrinin payı isə 64 faizə çatıb. Belə ki, ölkəmizin ixrac etdiyi 11,8 milyard dollar dəyərində malın 7 milyard 558, 4 milyon dolları birbaşa Avropa İttifaqı ölkələrinin payına düşür. Bu, son bir ildə (2021-ci ilin yanvar-aprel aylarında 3,3 milyard dollar) 4,3 milyard dollar artım deməkdir, daha doğrusu Azərbaycan cəmi bir il ərzində Aİ regionu ilə ticarət əlaqələrini 70 faiz artırıb. Beləliklə, 2022-ci ilin hesabat dövründə Azərbaycanın ixracında əsas yerləri Aİ ölkələri tutur və Rusiya heç ilk onluqda da yoxdur.

İndi isə Əli Kərimlinin Azərbaycanın Rusiyadan idxalı 6 faiz artırması barədə fikirlərinə aydınlıq gətirək. Rusiyanın idxalda payının yüksək olmasının əsas səbəbi ənənəvi bazarları əlində cəmləşdirməsidir. Buna görə də bütün MDB ölkələrinin, eləcə də Gürcüstan və Ukraynanın xarici ticarətdə Rusiya əsas yer tutur. Bu da digər ölkələrə nisbətən Rusiyadan alınan müxtəlif  ərzaq və sənaye məhsullarının, o cümlədən buğda, bitki və kərə yağı, digər qida malları, tikinti, maşın və avadanlıqların daha ucuz olması, nəqliyyat-logistika xərclərinin sərfəli başa gəlməsi ilə bağlıdır. Bu isə qlobal ticarətin qızıl qaydasıdır, hansı ölkə məhsulu ucuz satırsa, haradan malın daşınma və logistika xərcləri daha sərfəlidirsə, oradan idxal da artır. Azərbaycan 2022-ci ilin 4 ayında Rusiya Federasiyasına 198,8 milyon dolar mal ixrac edib, 694 milyon dolar idxal edib. Yəni ümumi dövriyyə (198,8+694 =893 ) 893 milyon dollar olub. 2021-ci ilin eyni dövründə isə idxal 641 milyon, ixrac 197 milyon dollar, ümumi  ticaərt dövriyyəsinin həcmi 839 milyon dollar olub. Bir ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri cəmi 44 milyon dollar artıb ki, bu da həcm baxımından artım deyil, fiziki olaraq son bir ildə mal və xidmətlərin qiymətinin (inflyasiya amili) 15 faiz bahalaşması ilə bağlıdır. Yəni bir illik yüksək inflyasiya avtomatik olaraq idxalın dəyər qiymətini artırıb.  
Məhz bunun nəticəsidir ki, həcm etibarilə Azərbaycanın Rusiyadan idxalda payının azalması baş verib, əgər ötən ilin yanvar-aprel aylarında Rusiyanın ümumi idxalımızda payı 18,1 faiz idisə, 2022-ci ilin eyni dövründə bu rəqəm 17 faizə düşüb. Əvəzində qardaş Türkiyənin payı 15,2 faizdən 17 faizə, Çinin payı isə 12,2 faizdən 15,6 faizə yüksəlib. Belə ki, 2021-ci ilin ötən 4 ayında Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollar idisə, cari ilin eyni dövründə 1 milyard 950 milyon dollar ( Rusiyadan 2,2 dəfə artıq), Çin ilə 553 milyon dolardan 634 milyon dollara çatıb.  İtaliya və Avropa İttifaqı ölkələri ilə də dövriyyə əhəmiyyətli dərəcədə yüksəlir. Bu onu bir daha təsdiqləyir ki, Azərbaycanın xarici ticarəti çoxşaxəli və  daha çox MDB-dən kənar coğrafiyaya yönəlib. (Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası. Səh 28)

Ə. Kərimlinin hətta Çinin belə beynəlxalq sanksiyaları pozmaqdan ehtiyatlanaraq Rusiyaya mal ixracını 26 faiz azaltması haqda qeydlərinə də aydınlıq gətirək. Çin qlobal ticarətdə heç nədən və heç bir ölkədən ehtiyatlanmır, ələlxüsus da iqtisadi rəqibi hesab etdiyi ABŞ-ın beynəlxalq ticarətdə dominantlığına qarşı çıxdığından Rusiya ilə iqtisadi bağlantıları nəinki azaltmır, əksinə artırmaqdadır. Bunu 2022-ci ilin ötən 4 ayı ərzində əmtəə dövriyyəsinin həcminə baxmaqla görmək olar. Sözügedən iki ölkə arasında mal mübadiləsi həmin dövrdə 26% artaraq 51 milyard dollara çatıb. Beləliklə, Qərbin tətbiq etdiyi sanksiyalara rəğmən, 2022-ci ildə Çin və Rusiya arasında ticarət dövriyyəsinin illik dövriyyəsinin əvvəlki ildə qeydə alınmış 200 milyard dollarlıq həcmi yaxın 5-6 ayda ötəcəyi proqnozlaşdırılır ki, bu da tarixi rekord deməkdir. (Mənbə

Məsələ ondadır ki, 2022-ci ilin ötən 4 ayında Rusiyanın əksər ölkələrə, o cümlədən MDB və yaxın qonşu dövlətlərlə apardığı ticarət əməliyyatlarının həcmi də artmaqda davam edib. Əgər Azərbaycanla əmtəə dövriyyəsi 4-5 faiz artıbsa, həmin ölkələrlə 20-30 faiz dinamika qeydə alınıb. Məsələn, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi cari ilin yanvar-aprel aylarında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard dollar artıb ki, bu da ən azı 28 faiz artım deməkdir. 2022-ci ilin yanvar-aprel aylarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,9% artaraq 559,7 milyon dollar təşkil edib.

Avropa Birliyi indiyə qədər Rusiyaya qarşı 6 sanksiya paketi qəbul edib, ancaq onların bu ölkə ilə ticari münasibətlərində azalma qeydə alınmayıb. 2022-ci ilin yanvar-mart ayları ərzində Rusiya ilə Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 59,8% artaraq 82,3 milyard avroya çatıb. Aİ ölkələrindən Rusiyaya idxal 8,4% azalaraq 18,6 milyard avro, Rusiyadan Avropa İttifaqına ixrac iki dəfə artaraq 63,7 milyard avro təşkil edib. 2022-ci ilin yanvar-mart aylarında Rusiya ABŞ, Böyük Britaniya, Çin, İsveçrə və Türkiyədən sonra Aİ-nin 6-cı əsas ticarət tərəfdaşı olub. Rusiya ixracatçılar arasında isə Çin və ABŞ-dan sonra Aİ-nin üçüncü partnyorudur. Bu o deməkdir ki, Rusiyanın istər Aİ, istərsə də ABŞ, Böyük Britaniya və digər ölkələrlə ticarəti heç də az deyil. Ukraynada müharibə başlayandan bəri isə Aİ ölkələri Rusiyadan neft və qaz almağı dayandıracaqlarını bəyan etsələr də ticarət sövdələşməsi əvvəlki axarı ilə davam edib. Ukraynada müharibə başlayandan sonrakı iki ayda, yəni mart-aprel aylarında Rusiya enerji daşıyıcılarının satışından 63 milyard avro qazanıb ki, onun da 46 milyard avrosu Avropa İttifaqı ölkələrinin payına düşür. Yeri gəlmişkən, Avropanın enerji tədqiqatları üzrə nüfuzlu mərkəzlərindən biri olan “Citigroup” özü də etiraf edir ki, 2022-ci ildə Rusiya Avropaya təkcə qaz (neft yox) satışından 100 milyard dollar qazanacaq

Gerçək iqtisadi vəziyyət bundan ibarətdir ki, sanksiyalara baxmayaraq Rusiya, Avropa, Afrika, Asiya, Yaxın və Orta Şərq, MDB  və digər region dövlətləri ilə ənənəvi ticarətini öz əvvəlki templəri ilə qoruyub saxlamaqla yanaşı, bəzi ölkələr qrupu üzrə artırmağa müvəffəq olub. Rusiya ilə heç bir ölkə iqtisadi əlaqələri məhdudlaşdırmır, əksinə Moskva ilə dünya ölkələrinin mal və əmtəə mübadiləsi dinamikası yüksəlir. Nəticədə bu ölkənin 4 ayda xarici ticarətinin müsbət saldosu 30 milyard dollara çatıb.

Yekunda Əli Kərimlinin statusundan bu qənaətə gəlmək olar ki, Çin, Avropanın bir neçə ölkəsi, MDB dövlətləri və 180-dən artıq dövlət Putini qorumaq, Rusiyanın iqtisadi çöküşünü önləmək üçün iqtisadi-ticari əlaqələri davam etdirir.

Nəticə: Əli Kərimlinin statusundan belə aydın olur ki,

  • - “Azərbaycan Rusiyanın iqtisadi çöküşünü önləmək üçün əlindən gələni edir”-fikri yalandır. Rusiyanın illik ticarət dövriyyəsində ölkəmizin payı cəmi 0,4 faiz təşkil edir. Azərbaycan 0,4 faiz payla Rusiyanın iqtisadi çöküşünü necə önləyə bilər?
  • - “Tətbiq olunmuş beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdır” fikri də səhvdir. 2022-ci ilin yanvar-mart ayları ərzində Rusiya ilə Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 59,8% artaraq 82,3 milyard avroya çatıb. Rusiyadan Avropa İttifaqına ixrac iki dəfə artaraq 63,7 milyard avro təşkil edib. 2022-ci ilin yanvar-mart aylarında Rusiya ABŞ, Böyük Britaniya, Çin, İsveçrə və Türkiyədən sonra Aİ-nin 6-cı əsas ticarət tərəfdaşı olub. Rusiya ixracatçılar arasında isə Çin və ABŞ-dan sonra Aİ-nin üçüncü partnyorudur.
  • - “Çin belə beynəlxalq sanksiyaları pozmaqdan ehtiyatlanaraq Rusiyaya mal ixracını 26 faiz azaldıb” fikri tam yalandır. Sözügedən iki ölkə arasında mal mübadiləsi qeyd edilən dövrdə 26% artaraq 51 milyard dollara çatıb, yaxın 5-6 aya proqnozlaşdırılır ki, bu da tarixi rekord deməkdir.
  • - Rusiya - Azərbaycan ticarət dövriyyəsi bu ilin aprelində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artıb”- fikri faktlarla manipulyasiyadır. Belə ki, son bir ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri  artıb ki, bu da həcm baxımından artım deyil, fiziki olaraq son bir ildə mal və xidmətlərin qiymətinin (inflyasiya amili) 15 faiz bahalaşması ilə bağlıdır.