Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində seçki qutusuna topa şəklində bülletenlərin atılmasını əks etdirən video ilə bağlı birgə açıqlama yayıb.

Faktyoxla Lab. açıqlamada qeyd olunan videonu araşdırıb.

Bir sıra sosial media platformalarında yayılan videoda 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri zamanı bir seçicinin bülletenləri seçki qutusuna topa şəklində atması əks olunub.

Həmin kadrları “əksinə təsvir axtarış” metodu ilə axtarışa verdikdə bəlli olur ki, video yeni deyil və ümumiyyətlə Azərbaycana aidiyyatı yoxdur. Kadrlar 8 sentyabr 2019-cu ildə Rusiyanın Kazan vilayətində Şəhər Şurasına seçkilər zamanı lentə alınıb.

Bu faktla bağlı “Azadlıq radiosu” süjet də hazırlayıb. Təqdim etidiymiz faktyoxla videosuna radionun hazırladığı həmin kadrlar da əlavə edilib.

Saxta videoda diqqət cəlb edən digər məqam seçki qutusudur. Azərbaycanda seçki prosesində istifadə olunan seçki qutuları bu formada deyil:

Nəhayət, sonuncu məqam, seçki məntəqəsi fərqləridir. 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsi veb-kamera quraşdırlmış məntəqələrdəndir və həmin məntəqənin veb-kameradan görüntüsü belədir:

Nəticə:

- 7 fevral 2024-cü ildə 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində qeydə alınmış “seçki saxtakarlığı” videosu saxtadır;

- Video Azərbaycanda deyil, Rusiyanın Kazan vilayətində 8 sentyabr 2019-cu ildə lentə alınıb.