Bütün dünyanın gözü iyulun 26-dan start götürən “Paris-2024” 33-cü Yay Olimpiya Oyunlarının keçirildiyi ünvana- Fransaya dikilib. 17 gün davam edəcək beynəlxalq turnirin əsas Qərargahı – Sen-Deni və Sent-Uen adaları arasında yerləşən “Olimpiya Kəndi” bir neçə gündür ki, dünyanın dörd bir yanından gələn idmançı-məşqçi heyətinə qapılarını açıb.

52 hektar əraziyə malik 9000 idmançı daxil olmaqla 14500 heyəti qarşılamaq üçün inşa edilmiş “Olimpiya Kəndi” ilk gündəncə bərbad infrastruktur, yarımçıq təminatlar, yarıtmaz təşkilatçılıq və digər qüsurları ilə diqqəti cəlb edir. Fransa hökuməti Olimpiya Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə dair Beynəlxalq Olimpiya Komitəsi (BOK) qarşısında ciddi və məsuliyyətli öhdəliklər götürsə də, “Atletlər Kəndi”ndəki mənzərə Parisin verdiyi vədləri yerinə yetirmədiyini sübut edir.

Xatırladaq ki, Fransa hökuməti Beynəlxalq Olimpiya Komitəsinə çoxsaylı vədlər verərək “Paris-2024”-də Olimpiada tarixində təsadüf edilməyən yenilikləri tətbiq edəcəyini də üzərinə götürmüşdü. Belə ki, şəhər təsərrüfatında ekoloji təmiz nəqliyyat və qeyri-yanacaqla təchiz edilən infrastrukturların yaradılacağı, karbon emissiyalarını yarıbayarı azaldacağı, “Olimpiya Kəndi”nin və idmançıların otaqlarının açıq hava temperaturunu 26 selsi dərəcədən aşağı təmin edən kondisionersiz iqlim texnologiyalarının tətbiq olunacağı, Sena çayı ətrafında nümunəvi ekoloji parkın salınacağı və digər vədlər verilmişdi.

Fransa BOK-u və dünya idman ailəsini inandırmışdı ki, qlobal istiləşməyə baxmayaraq, biz ekoloji cəhətdən təmiz model rolunu oynayacaq “Yaşıl Olimpiada”ya ev sahibliyi edəcəyik. BOK-dan tutmuş siyasətçilərə qədər “Paris- 2024” planlaşdırmasına inanırdı.
Hətta Parisin bu cəlbedici vədlərindən sonra Avstraliya Olimpiya Komitəsinin baş direktoru Matt Carroll 2023-cü ildə “Fransanın karbonsuz iqlim texnologiyalarını, kondisionersiz əlverişli təmiz hava konsepsiyasını yüksək qiymətləndiririk”- tərifini dilə gətirmişdi. mənbə

Ancaq Makron hökuməti nəinki bunları etdi, heç Tokio Olimpiadasındakı təminatların yarısını belə qura bilmədi. Parisin meri Anne Hidalqo şəhər nəqliyyatının Olimpiadaya hazır olmadığını ertiraf edib. Hidalqo bildirib ki, hökumətin iqtisadi-sosial problemlərə və digər məsələlərə başı qarışdığından nəqliyyat sisteminin 2024-cü il Olimpiya oyunlarına hazırlamağa vaxtı çatmayıb. Nəqliyyatda həddindən artıq sıxlıq, çirklilik və anti-sosial elementlərin olması haqda məlumatlar hədsiz çox yayılır. istinad
“Biz hələ də gündəlik nəqliyyatda çətinlik çəkirik və punktuallıq, parislilər üçün rahatlıq səviyyəsini yerinə yetirə bilmirik” deyən şəhər meri qatarların sayı və tezliyinin az olması səbəbindən Olimpiya və Paralimpiya Oyunlarında axsamaların baş verəcəyini xatırladıb. mənbə

Avstraliya yığmasının üzvləri Təşkilat Komitəsinin işini “yarıtmazlıq sindromu” kimi dəyərləndirib. Üzgüçü Şeyna Cek avtobusun döşəməsində oturan komanda yoldaşlarının fotosunu sosial şəbəkədə paylaşararaq nəqliyyat sisteminin iflic olmasını “xaos” kimi qiymətləndirib. Bildirilir ki, idmançılar kondisioneri işləməyən avtobuslara doldurulur və 45 dəqiqə məşq zalına yol qət edirlər.  istinad

İctimai nəqliyyatın hazır olmaması səbəbindən şəhərə gələn qonaqların sayına limit qoyulacağı da istisna deyil. mənbə

Fransanın xeyriyyə təşkilatları Parisin şimalındakı Saint-Ouen ətrafında səkkizzolaqlı magistral yolun yanında yerləşən “Olimpiya Kəndi”ndə nəqliyyatın intensiv hərəkəti sayəsində çirklənməyə məruz qaldığını, havanın çirklənmə səviyyəsinin yüksək olmasını xəbərdar edib.

“Airparif” ekoloji hava monitorinqi xidmətinin məlumatına görə Parisdə və Olimpiya şəhərciyində havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən maksimum həddən artıqdır.

İdman meydançalarında hava keyfiyyəti problemləri ilə bağlı hesabat yayan “Respire” bildirib ki, Paris hökuməti “Atletlər Kəndi”ni dairəvi yolun yaxınlığında salmaqla plansız və səhv addımlar atıb. Təşkilat xəbər verir ki, əlverişsiz hava şəraiti və çirklənmənin səviyyəsi idmançıların fiziki hazırlığına və idman keyfiyyətlərinə mənfi təsir göstərə bilər, hətta tənəffüs problemləri olan idmançılarda başgicəllənmələr baş verəcək. istinad

“Olimpiya Kəndi”nin ətrafındakı anti-sanitariya, kanalizasiya problemlıəri də qonaqların narazılığını artırır. Şəhərdə parazitlər çoxalıb, yataq böcəkləri ilə yanaşı, siçovul və ağcaqanadların “hücumu” intensivləşib. istinad

Fransanın Qida, Ətraf Mühit və Sağlamlığın Təhlükəsizliyi Agentliyi şəhərdə həşəratlara qarşı dezinfeksiya tədbirlərinin görülmədiyi və nəticədə Paris ətrafında evlərin çoxunun yataq böcəkləri ilə yoluxduğunu bildirib. Agentlik hələ bir neçə ay əvvəl Olimpiya və Paralimpiya oyunları ərəfəsində dövləti təcili olaraq bu bəlaya qarşı fəaliyyət planı hazırlamağa dəvət edib və paytaxt meriyasını məlumatlandırıb. Paris merinin müavini Emmanuel Qrequar baş nazir Elizabet Borneyə göndərdiyi məktubda yay mövsümündə artan qurdlara qarşı profilaktiki addımlar atmaqda kömək istəyib. Ancaq bu müddət ərzində ciddi tədbirlər görülmədiyindən hotel və mehmanxanalar, metrobuslar, sürət qatarları və hava limanı yataq böcəklərinə təslim olub. Bu, Olimpiadaya gələn qonaqlar üçün yeni “sürpriz” deməkdir. mənbə

“Paris-2024” Olimpiya Parisdə çətin vəziyyətdə olan evsizlərin vəziyyətini daha da ağırlaşdırıb. Qadınlar körpə uşaqları ilə küçədə qalıblar. İnsanları məcburi olaraq şəhərətrafına köçürürlər və evlər Fransa paytaxtına axın edən turistlərə kirayəyə verilir. Sosial yardım xidməti də körpə uşaqla küçədə qalan qadınlara ev tapa bilmədiklərindən şikayətlənir. Texniki işçilərə şərait yaratmaq üçün tələbələr kampuslardan qovulublar və kirayə qiymətlər isə kəskin yüksəlib.

Bu arada Paris metrosunda qiymətlər ikiqat artıb. mənbə

“Odoxa” ictimai rəy tədqiqat institutu tərəfindən aparılan sorğuya əsasən, artıq Paris sakinlərinin 44 faizi Oyunların təşkilatçılığından narazıdır. istinad

Artıq bir neçə gündür ki, “Atletlər Kəndi”ndə etiraz səsləri artmaqda davam edir. O vəziyyət yaranıb ki, idmançılar buranıOlimpiya kədni” yox, Olimpiya həbsxanası” adlandırırlar. Otaqlarda vəd edilən “yaşıl iqlim” texnologiyaları səmərə verməyib və kondisionerlər işləmədiyindən dözülməz istilər diskomfort yaradır. Otaqlarda soyuducu, televizor, kofe maşınları da yoxdur. İdmançıları ən çox narazı salan məsələlərdən biri karton çarpayılardır, bu cür çarpayılardan istifadə ləğv edilsə də, təşkilatçılar Yaponiyanın “Airweave” şirkətindən 16 min belə çarpayı sifariş ediblər. Otaqlarda yataq dəstləri, təchizat xidmətləri də pis səviyyədə təşkil olunub. 

“Le Figaro” yazır ki, idmançılar qidadan, qonaq otaqlarında televizorun olmamasından narazıdırlar. Təsdiq üçün nəşr amerikalı gimnast Aleah Finnegan, onun belçikalı həmkarı Maellyse Brassart və yeni zelandiyalı üzgüçü Lyuis Klareburtun yazılarına istinad edir

“L'Equipe” xəbər verir ki, idmançılar “Paris-2024” “Olimpiya kəndi”ndə qida çatışmazlığından şikayətləniblər. İdmançılar onlara yüksək kalorili və “Michelin” ulduzlu peşəkar aşpazların hazırladığı yeməklərin veriləcəyinin  vəd edilməsinə baxmayaraq, adi yeməkxana süfrəsinin açıldığını, səhər yeməyi zamanı qızardılmış ətlərin rasiondan çıxarıldığını bildirirlər. istinad

Qəzet bildirir ki, olimpiyaçılar yeməkxanada mövcud olan yeməyin keyfiyyəti ilə yanaşı, miqdarı və çeşidinin də qeyri-kafi olmasından narazıdırlar. Mənbənin sözlərinə görə, təşkilatçılar yeməkləri rasionlaşdırıblar ki, hamıya çatsın. Bu isə, qida təminatı ilə bağlı büdcənin qısılması deməkdir.

“Sodexo Live” restoranının meneceri bildirib ki, o, idmançıların rəylərini izləyir və “Olimpiya kəndi”ndəki restoranların tutumunun artması qida istehlakında uyğunsuzluqlara səbəb olur. İdmançıları qidalandırmaq üçün 600 ton təzə qida tədarükünə cavabdeh olan “Carrefour” şirkəti də çatışmazlıqları təsdiqləyərək hökumətdən planlaşdırılan tədarük həcmlərinin artırılmasını nəzərdən keçirməyi xahiş edib.


İsveç yığmasının qadın həndbolçuları isə “Olimpiya Kəndi”nin çarpayılarında yataq təchizatından narazılıq edərək balıq torlarından hazırlanmış döşəklərinin istirahətə yaramadığını bildiriblər.

 

Yekun olaraq:

Qərb ölkələrinin bəzi siyasi dairələri, QHT-ləri, o cümlədən Fransa “yaşıllar”ı, media orqanları Azərbaycanı Avropa Oyunlarına ev sahibliyinə hazırlaşdığı ərəfədə əsassız ittiaham edirdilər. Halbuki, Bakı Avropa Oyunları unikal təşkilatçılığına görə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən alqışlandı, Komitənin prezidenti Tomas Bax mötəbər tədbirlərdə dəfələrlə Azərbaycanın hazırlığını nümunə kimi xatırlatdı, Beynəlxalq Olimpiya Akademiyası ölkəmizi “Olimpiya mükəmməlliyi” mükafatına layiq gördü.
Hazırda COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycanla bağlı yenə də oxşar qərəzli və əsassız fikirlərə rast gəlirik.
İlahi ədalət isə hər şeyi özü yerbəyer edərək əsl vəziyyəti, kimin yaxşı, kimin pis olduğunu nümayiş etdirir. Dünyaya sivilizasiya, mədəniyyət, yüksək və peşəkar təşkilatçılıq örnəyi kimi tanınan Fransa bu gün Olimpiada tarixinə rüsvayçılıqla yazılacaq bərbad ev sahibliyi edir.