Macarıstanın “Nezopont” İnstitutu “Avropa İttifaqı institutlarında 2019-2024-cü illər üzrə qanunun aliliyinin vəziyyəti” adlı hesabat hazırlayıb.
Hesabatın 1.6-cı bəndində (“Avropa Parlamentinin korrupsiya ilə mübarizə qaydalarındakı çatışmazlıqlar vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq prinsiplərini pozur”) Avropa Parlamentində 2019-2024-cü illərdə deputatların davranış kodeksinə zidd fəaliyyətləri, aşkarlanmış korrupsiya faktları, qaydaları pozmuş deputatlara qarşı qəbul olunan (və ya olunmayan) sanksiyalar haqda geniş məlumat verilir. Hesabatın qeyd edilən bəndində ilk olaraq Avropa Parlamenti tarixində rüsvayçı akt hesab olunan “Qatarqeyt” (“Qatargate”) hadisəsindən söz açılır, konkret faktlar sadalanır.
Macar beyin mərkəzinin təmsilçiləri “Qatarqeyt” hadisəsinə görə həbs olunmuş Avropa Parlamentinin keçmiş sədr müavini, Yunanıstandan olan deputat Eva Kayli ilə bağlı həbs qətimkan tədbiri dəyişdirilən kimi, onun parlamentə qayıdıb Slovakiyaya və onun baş naziri Robert Fitsoya qarşı nəzərdə tutulan qətnaməyə səs verməsini xatırladırlar. Eva Kaylinin də lehinə səs verdiyi qətnamədə (“Slovakiyanın korrupsiyaya qarşı əsas strukturlarının buraxılması və bunun qanunun aliliyinə təsirləri”) Slovakiyanın bu addımları pislənilirdi. İnstitutun hesabatında bu cür halların Avropa Parlamenti üçün qeyri-sağlam imic formalaşdırdığı bildirilir. Bu səsvermədən bir neçə həftə sonra isə Eva Kaylinin toxunulmazlığı yenidən götürülmüş və ona qarşı rüşvətalma, korrupsiya faktları ilə bağlı təkrar ittiham irəli sürülmüşdür.
Hesabatda “Qatargate” qalmaqalına görə həbs edilmiş digər deputat, belçikalı Mark Tarabella da xatırlanır. Bu deputat isə vaxtilə Macarıstana qarşı qəbul olunmuş “Macarıstanda qanunun aliliyinin və fundamental hüquqların pozulması və dondurulmuş Aİ fondları haqqında” adlı qətnamənin lehinə səs verənlərdən biri olub.
Hesabatda qeyd edilir ki, korrupsiyada ittiham olunan deputatların toxunulmazlığının götürülməməsi, onların heç nə olmamış kimi fəaliyyətlərinə davam etdirmələri Avropa Parlamentinin “Davranış kodeksi”ndəki boşluqları göstərir. Adları müxtəlif korrupsiya faktlarında çəkilən, mənfi imicli bu şəxslər müəyyən təsirlər altında digər üzv ölkələrə qarşı qətnamələrin qəbul olunmasında fəal iştirak edirlər. Belə çıxır ki, Avropa Parlamenti üzv ölkələrin məsuliyyətə cəlb olunmasına, onlara qarşı qətnamə qəbuluna xüsusi maraq göstərdiyi halda, özlərinə lazım olan şəxslərə, özlərinə yaxın bildikləri strukturlarda çalışanlara qarşı bu aktivliyi göstərmir.
Sənəddə Avropa Parlamenti üzvlərinin davranışları ilə bağlı Məsləhətçi Komitənin illik hesabatına istinad edilərək qeyd olunur ki, Parlamentin sədri Komitəyə “Davranış kodeksi”nin pozulması ilə bağlı 7 iş göndərsə də, yekunda yalnız bir halla bağlı sanksiya tətbiq olunub.
İl | Mümkün pozuntu sayı | Ehtimal olunan pozuntuların mahiyyəti və Məsləhətçi Komitənin nəticəsi, tövsiyəsi və ya sanksiya |
2020 | 2 |
1. Deputat üzv olduğu Assosiasiyada ödənişsiz vəzifəsi haqda məlumat verməyib. (“maraqların toqquşması”na gətirib çıxardan pozuntu hesab olunur). Fakt aşkar olunsa da, sanksiya tətbiqi nəzərdə tutulmayıb. 2. Üzvlərdən biri kommersiya şirkətdəki payı haqda məlumat vermək öhdəliyini yerinə yetirməyib. |
2021 |
2 |
1. 2020-ci ildə işlərin bağlanması a) Parlament üzvü “Davranış Kodeksi”nin şərtlərini pozmasına baxmayaraq, sonradan yenilənmiş bəyannamə təqdim etdiyi üçün ona qarşı heç bir tədbir görülməyib. b) Parlament üzvü üçüncü şəxslər tərəfindən siyasi fəaliyyətlərin maliyyələşdirilməsi ilə bağlı fəaliyyəti haqqında məlumatların açıqlanması öhdəliyini yerinə yetirməyib – (pozuntu olduğu aşkar edilib və sanksiyalara məruz qalıb). |
2022 |
1 |
Parlament üzvü kənar fəaliyyəti olduğu halda parlamentin qətnaməsi ilə bağlı səsvermədə iştirak edib. (İşdə davranış qaydalarının pozulması halının aşkar edilməməsi əsas gətirilib) |
2023 |
2 |
1. Maliyyə maraqlarının bəyan edilməməsi, açıqlama öhdəliklərinin pozulması. Məsləhətçi Komitə bu barədə üzvdən yazılı məlumat aldıqdan sonra belə nəticəyə gəlmişdir ki, mövcud olan məlumatlar əsasında, nəzərə alınan iş üzrə Davranış kodeksinin heç bir pozuntusu təsbit edilə bilməz. 2. Üçüncü şəxslərin təşkil etdiyi fəaliyyətlərdə iştirakla bağlı aşkarlıq öhdəliklərinin pozulması ehtimalı. Sədrə verdiyi tövsiyədə Məsləhətçi Komitə belə nəticəyə gəlmişdir ki, davranış kodeksinin pozulması baş verib. Bu qanun pozuntuları sual olunan bəyannamənin gec doldurulması ilə aradan qaldırılıb. |
Hesabat müəllifləri “Davranış kodeksi”nin mümkün pozuntuları ilə bağlı araşdırmaların sayının az olmasından təəccüblərini gizlətmirlər. Onların düşüncəsinə görə, bu, təkcə Avropa Parlamentində Qətərin nüfuzunu ifşa edən korrupsiya qalmaqalına görə deyil, həm də 2020-ci ildən bəri Parlament üzvlərinin iştirak etdiyi bir çox başqa qalmaqallara görədir.
Misal üçün, “COVID-19” pandemiyası zamanı Almaniyadan olan Parlament üzvü Monika Holmeyer (CSU) şəxsi bağlantılarından istifadə edərək lobbiçi Andrea Tandlerə Almaniyanın səhiyyə naziri ilə görüşmək imkanı yaratmaqda ittiham olunub.
Görüşdən sonra nazirlik maskaları Tandlerin təmsil etdiyi İsveçrə şirkətindən (Emix) alıb. Maskaların alqı-satqısı ilə bağlı mübahisəli işdə iştirakına baxmayaraq, Monika Holmeyer İtaliya və İspaniya tərəfindən maskaların haqsız satınalınması ilə bağlı suallarla Komissiyaya müraciət edib.
Holmeyerə qarşı irəli sürülən ittiham 800 milyon avroluq olsa da, bu, yekunda deputata qarşı heç bir mənfi nəticələrə gətirib çıxarmadı. O, 2024-cü ildə, yəni həmin 800 milyonluq qalmaqaldan cəmi 3 il sonra parlamentə təkrar seçildi.
Digər fakt iki avrodeputat ‒ Pernille Veys (Pernille Weiss, Det Konservative Folkeparti, Danimarka) və Kristian Ehler (CDU, Almaniya) arasında yaşanması iddia edilən romantik münasibətlər barədədir. Bu iki şəxs arasında yaşananlar “Davranış kodeksi”nin şərtlərinin pozulmasını göstərir. P.Veys elm və texnikanın gələcəyi ilə bağlı parlament komissiyasında (STOA), K.Ehler həmin komissiyanın sədri vəzifəsində çalışıblar. Bu məlumat böyük tibb şirkətlərinin maraqlarına uyğun olmayan tövsiyələr verən STOA-nın rəsmi saytından dərc olunduğu gündən üç gün sonra silinib. “Politico”-nun qənaətinə görə, Veys səhiyyə korporasiyaları ilə sıx əlaqələrə malikdir. Araşdırmanın saytdan çıxarılması onun komissiyanın sədrindən etdiyi xahişlə ört-basdır edilməsinə işarədir. Nəşr qeyd edir ki, hər iki deputata qarşı səsləndirilən ittihamlar ictimaiyyətə açıqlanmadığı üçün böyük oxucu kütləsi, seçicilər baş verənlərdən xəbərsiz olurlar. Elə bu səbəbdən Kristian Ehler 2024-cü ildə yenidən parlamentə seçilib. Pernille Veysin namizədliyi isə yalnız daxili yoxlamanın onun ofisdə təhqirlərə yol verməsi və keçmişdə tabeçiliyində olan şəxslərə, iş yoldaşlarına qarşı alçaldıcı hərəkətləri ilə bağlı iddialardan sonra geri götürülüb. Mənbə
Hesabatda qeyd olunur ki, yalnız korrupsiya qalmaqalları deyil, həm də üzvlərin çalışdıqları ofislərdə (komissiya və komitələrdə) təhqirlərə yol vermələri, əməkdaşlara qarşı alçaldıcı, qısnayıcı hərəkətləri də Avropa Parlamentinin “Davranış kodeksi”nin prosedur qaydalarının (maddə 10(6)) əhatə dairəsinə düşür. “MeTooEP”-in anonim sorğusuna əsasən, sorğuda iştirak edən Avropa Parlamentinin işçilərinin 49,6 faizi psixoloji, 15,5 faizi cinsi, 8,1 faizi isə ofis işlərinin gedişində fiziki təcavüzə məruz qalıblar. Mənbə
3-cü fakt. Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Monika Semedo (Renew partiyası) mütəmadi olaraq ətrafdakılara qarşı alcaldıcı hərəkətləri, yol verdiyi təhqirlərə görə diqqət mərkəzində olub. O, mandatı dövründə iki dəfə sanksiyaya məruz qalıb. Mənbə
Macar Beyin mərkəzinin hesabatında Avropa Parlamentinin hazırkı sədri Roberta Metsolanın “Davranış Kodeksi”nin bir çox müddəalarından yayınması, həyat yoldaşının işi ilə bağlı hesabat verməməsi və ümumiyyətlə Avropa Parlamentində qəbul olunan qadağaların rəhbərliyə şamil olunmaması haqda xüsusi qeyd var. Bu barədə geniş şərhimiz olacaq deyə, yalnız bir detala toxunuruq. Hesabatda qeyd olunur ki, Avropa Parlamentinin davranış qaydalarının sərtləşdirilməsinə baxmayaraq, bir üzvün səhv hərəkətlərinə görə cəzalandırılmalı olub-olmaması məsələsi sədrin ixtiyarındadır: Həmin qanunun 11(3) maddəsinin I əlavəsinə əsasən, "Əgər [...] üzvün Davranış kodeksini pozması ilə bağlı sədrin qənaəti olarsa, o cəzanın verilməsi ilə bağlı əsaslandırılmış qərar verməlidir". Beləliklə, Məsləhətçi Komitə Roberta Metsolanın ailə münasibətlərinin Davranış Kodeksinin pozulması olduğunu aşkar etsə də, prosedur qaydalar sədrə sanksiya qərarının verilib-verilməməsi hüququ verir.
Bu müddəalar təkcə “maraqların toqquşması” və lobbiçilik qaydaları ilə bağlı məsələlərə aid deyil, həm də şəxsi maraqlar və aktivlərin (payların) bəyan edilməsi ilə bağlı Avropa Parlamentinin ümumi qaydalarıdır. Bu qaydalara görə, fərdi maraqlar və əmlak bəyannaməsi hazırlanarkən Avropa Parlamentinin üzvlərinin həyat yoldaşlarının və ya uşaqlarının əmlakları barədə bəyan etmələri mütləq deyil. 11 üzv dövlətdə deputatlardan həyat yoldaşları və 9 üzv dövlətdə həm də övladları haqda bəyannamələri təqdim etmək tələb edilir. Mənbə
Avropa Parlamentinin tələb etdiyi bəyannamələr, ilk növbədə, üzvlərin kənar (xarici) fəaliyyətlərində şəffaflığa nail olmaq məqsədi daşıyır. İctimaiyyətin AP üzvlərinin şübhəli və qəfil sərvət əldə edilməsi barədə məlumat alması imkanları azdır. Yekun olaraq bildirilir ki, AP-nin “Davranış Kodeksi”, “maraqların toqquşması” qaydaları və var-dövlət bəyannaməsi sistemində ciddi nöqsanlar var. Nəticədə baş verən sui-istifadələr AP-də qanunun aliliyinə çətinliklər yaradır.
Metsolanın özünə şamil edilməyən qanunu
Avropa Parlamentinin sədri Roberta Metsolanın 2023-cü ilin sentyabr ayında təqdim etdiyi 14 bəndlik yeni “Davranış kodeksi” parlamentin etik standartlarını yüksəltməyi nəzərdə tuturdu. Avropa Parlamentində baş verən böyük korrupsiya, rüşvət və pulyuma qalmaqalı olan “Qatarqeyt”-dən sonra qaydaların yenilənməsi zərurəti yaranmışdı.
Bu sahədə islahatların aparılacağını ehtiva edən yeni davranış kodeksinin 3-cü maddəsi “maraqların toqquşması”na həsr olunub və burada qeyd edilən məvhumun aydın izahı verilib. Qəbul edilmiş qaydalara əsasən, yüksək vəzifəli üzvlərdən (məs. Avropa Parlamentinin vitse-prezidentləri və kvestrlər (inzibati idarəçilər və maliyyə məsələlərinə məsul şəxslər) vəzifəyə seçilməzdən öncə hər hansı mümkün “maraq toqquşması”, o cümlədən ailələri ilə məlumatları, digər əlaqələr barədə bəyan etməyə borcludurlar.
Avropalıların bu qaydaların müvafiq qurumun işində ciddi dəyişikliklər yaradacağını düşündükləri vaxt, media yeni etik kodeksdə ciddi boşluqların olduğunu aşkarladı. Jurnalistlərin araşdırması zamanı məlum olub ki, bu Qanun müəllif Roberta Metsolanın özünə, yəni Avropa Parlamentinin sədrinə şamil edilmir. Bəli, məhz edilmir!
Belə ki, “Politico” nəşrinin dərc etdiyi məqalədə (Metsola üçün istisna: Avropa Parlamentinin sədri və lobbiçi həyat yoldaşı) qeyd olunur ki, əgər xanım Metsola bu qanunun şərtlərinə uyğun olaraq, “maraqların toqquşması” haqda bəyannamə verərsə, ailəsi ilə bağlı ciddi narahatlıqlar yaşayar.
Nəşr izah edir: Parlament rəhbərinin həyat yoldaşı - Ukko Metsola baş ofisi Mayamidə yerləşən, dünyanın ikinci ən böyük dəniz səyahəti (kruiz) şirkəti "Royal Caribbean Group”-un rəhbərlərindən biri və Avropa-Asiya dövlət qurumları ilə əlaqələr üzrə məsul şəxs, rəsmi lobbiçisidir.
Bu şəxsin təmsil etdiyi “Royal Caribbean Group” şirkəti dəyəri 1,8 mlrd. dollar olan, 8 min qonağı və 2 min əməkdaşını eyni zamanda qəbul edə bilən "Dənizlərin İkonası” (Icon of the Seas) adlı kruiz gəmisinə sahibdir.
Qısa arayış: Roberta Maltada, Ukko isə Finlandiyada anadan olub. Onlar 1999-cu ildə “Studenti Demokritjani Maltin” (SDM) tədbirində tanış olublar. 2005-ci ildə ailə qurublar. 4 övladları var.
2009-cu il seçkilərində Roberta Maltadan, Ukko isə doğulduğu Finlandiyadan Avropa Parlamentinə namizədliklərini veriblər. Heç biri uğurlu nəticə əldə edə bilməyib. Həmin seçkidən sonra öz aralarında razılaşıblar ki, ikisindən biri seçkidə qalib gələrsə, digəri siyasətdən gedəcək. Elə də olub. Roberta Metsola 2013-cü il seçkilərində səs yığa bilir və Ukko siyasətdən gedir. O, 2020-ci ildə “Cruise Liner International Association”ın baş direktoru vəzifəsinə seçilir. 2021-ci ildən “Royal Caribbean”da Avropa və Asiya ölkələri üzrə vitse-prezident vəzifəsinə təyin edilir.
Avropa Parlamentinin sədri xanım Metsola rəhbərlik etdiyi qurumun xətti ilə Avropada dəniz səyahəti sənayesinin “yaşıl normalara” uyğunlaşmasını tələb etdiyi bir vaxtda, onun həyat yoldaşının lobbiçilik etdiyi biznes sahəsi (sənaye) “ətraf mühiti ən çox çirkləndirən sektor” və belə demək mümkündürsə, “ekologiya düşməni” kimi qəbul olunur. Doğrudan da səyahət sənayesi ətraf mühitə (səyahət gəmilərinin tullantı sularını dənizə axıtması və dizel mühərriklərindən çıxan qazlarla havanın çirklənməsi), dəniz canlılarına və ümumiyyətlə okean ekosisteminə vurduğu zərərə görə ətraf mühit üçün ən zərərli biznes (sənaye) növlərindən sayılır. “Yer Planetinin Dostları (Friends of the Earth)” iddia edir ki, orta statistik səyahət gəmisi havaya 13 milyon ədəd maşından çox kükürd-oksidi və 1 milyondan çox çirkli his kütləsi atır (istinad).
Hazırda səyahət sənayesi üçün növbəti böyük çətinlik Avropa İttifaqının Yaşıl Müqaviləsi və Avropa Komissiyasının "Fit for 55” qanunvericilik təklifi çərçivəsində nəzərdə tutulan karbon emissiyasının azaldılması şərtidir.
Ukko Metsola “Fit For 55”-in təkliflərini (2030-cu ilə kimi karbon qazı tullantılarının 55%-ə kimi azaldılması hədəfi) xidmət etdiyi biznes üçün "görünməmiş sərt sunami" adlandırmışdı. Bu o deməkdir ki, 2030-cu ilə qədər gəmilər üçün gəmi yanacağının yeni alternativ növü tapılmalı və Avropa limanlarında olarkən sıfır emissiyaya malik gəmi yanacağı almaq üçün yeni mənbələr axtarılmalıdır.
Bu arada Parlament ilk dəfə olaraq karbon emissiyalarının dənizə atılmasına görə vergi ödənilməsi haqda qanun qəbul edib. Bu qanunla Aİ-yə təkcə səyahət sənayesindən hər il 600 milyon avro gəlir gələcəyi təxmin edilir. Həmçinin gəmilər hərəkətdə olarkən daha çox bərpaolunan yanacaq növlərindən istifadə etməyi və limanda olarkən sahildəki enerji mənbələrinə bağlanmaları (enerji qidalanması) tələb edir.
Bu isə “Royal Caribbean Group” üçün ağır çağırışdır. Bəllidir ki, parnik qazlarının havaya atılması mənbəyi və liman şəhərlərinin havasının lokal çirklənməsi səbəbi hesab olunur.
Ukko Metsola və onunla həmfikir olan digər lobbiçilər, qanunvericiləri sənayeçilər üçün daha münasib ekoloji şərtlər hazırlamalarına inandırmaq üçün gərgin, fasiləsiz fəaliyyət göstərirlər. Yeri gəlmişkən, qeyd edək ki, məhz xanım Metsola Ursula fon der Leyenin Avropa Yaşıl Razılaşdırma proqramına rəhbərlik edib.
U.Metsola hesab edir ki, bütün bu işlərin görülməsi üçün həm Avropa İttifaqı dövlətləri, həm də səyahət sənayesi milyardlarla vəsait xərcləməli olacaqlar. Əslində cənab Metsola bu açıqlaması ilə kimin daha çox xərc çəkəcəyinə işarə vurur. Bu haqda danışacağıq.
Avropada lobbiçilik- korrupsiyanın leqallaşdırlması
Əksər tənqidçilər lobbiçiliyi bəzi Qərb parlament sistemləri üçün korrupsiyanın qanuniləşdirilmiş forması hesab edirlər. Hipotetik olaraq lobbiçilik fəaliyyəti Qərb qanunlarına görə ictimailəşir və ya ictimailəşməlidir. Əslində isə geniş auditoriyanın pərdə arxasında nələrin baş verdiyindən, kimlərin hansı qrupların maraqları üçün qanun qəbul etdirməsindən, kimlərin maraqlarının müdafiə edilməsindən xəbəri olmur.
Baxın, Ukko Metsolanın həyat yoldaşına ‒ vəzifəsinə görə Avropa İttifaqında birinci pillədə dayanan şəxsə arxayın olub təmsil etdiyi biznesin lobbiçiliyini etməsi buna ən uyğun misaldır.
Məsələnin təzadlı tərəfi budur ki, Avropanın hazırki qanunlarına görə parlament sədrinin həyat yoldaşının fəaliyyəti ilə bağlı bəyannamə doldurması məcburiyyəti yoxdur. Bu haqda Macar beyin mərkəzinin hesabatında da qeyd var idi. Amma, eyni zamanda, sırf etik peşə xüsusiyyətləri nəzərə alınarsa, xanım Metsolanın həyat yoldaşının məhz ekoloji cəhətdən ziyanlı bir fəaliyyətin lobbiçiliyini etməsi barədə könüllü məlumat verməsinə də maneçilik törədən olmayıb. Ən azından Roberta Metsola mediaya evində yaşayan “Royal Caribbean”-nın korporativ maraqlarının müdafiəçisinin xahişləri ilə parlamentə qərəzsiz, obyektiv, ədalətli rəhbərlik etməsi kimi bir-birinə zidd iki fəaliyyətlə necə bacarması haqda açıqlama verə bilərdi.
Amma misal üçün, Böyük Britaniyada bütün deputatlar lobbiçilik üzrə reyestrdə qeydiyyatdan keçmiş istənilən tanıdığı şəxs (istər qohum olsun, istərsə də uzaq tanış) haqqında məlumat verməyə borcludur.
Avroparlamentin Almaniyadan olan deputatı, Parlamentdə şəffaflığın, hesabatlılığın qatı tərəfdarı Daniel Froynd məsələ ilə bağlı fikirlərini bildirərkən deyib ki, o, sədr üçün istisnalar olduğunu hiss etməyib.
Məsələ bundadır ki, şəffaflıq, aşkarlıq, hesabatlılıq tərəfdarı olan bu deputat sədrin mətbuat katibi ilə bir yerdə işləyib, Roberta ilə etika kampaniyasında əməkdaşlıq edib. O, hətta Robertanın həyat yoldaşı ilə bağlı suala: “Ailə incə məsələdir” deyə cavab verərək, ondan yayınıb.
Bu məsələnin dalana dirənməsinin bir detalı da var. Məsələ bundadır ki, yeni qaydalara görə, Avroparlamentin deputatları lobbiçilərlə görüşmələri haqda bütün məlumatları ictimaiyyətə açıqlamalıdırlar. Elədirsə, parlament sədri lobbiçi şəxslə eyni evdə yaşayır, övladlarının atasıdırsa, hansı addımı atmalıdır? Burada Avropa qanun-qaydaları susur. Hətta Avroparlamentin keçmiş deputatı Riçard Korbett fikirlərinə yumor qataraq, belə bir ritorik sual verib: “Məgər xanım sədr hər səhər bu haqda mediaya məlumat verməli deyil?!”
Bəs, Roberta Metsola və Ukko Metsola cütlüyü vəzifələrində, məqalənin əvvəlində qeyd etdiyimiz etik davranış kodeksindən necə yayınırlar?
(davamı var)