İran-İsrail hərbi münaqişəsi əsnasında Azərbaycana qarşı dezinformasiya kampaniyası və hibrid təhdidlər davam edir. İranlı bloger və özlərini politoloq adlandıran bir qrup şəxsin başladığı yeni saxta xəbər kampaniyasına dərhal Ermənistan mediası və teleqram kanalalrı qoşulub. Belə ki, uzun müddətdir sosial mediada Azərbaycana qarşı ləkələmə və böhtan dolu saxta məlumatlarla kampaniya aparan məşhur “üçlük”- Əliəkbər Raifipur (onun fotosundan istifadə edən “Mehdipur” adlı istifadəçi), Salar Seyfəddini (bu dəfə onu Babak Tahve əvəzləyib) və Ehsan Movahedianın dövriyyəyə buraxdığı “İsrail döyüş təyyarələrindən biri Xəzər dənizinin Azərbaycan seqmentindən keçib gələrək İranın şimalında hərbi obyekti bombalamış və sonradan yanacaq çənini dəniz sahillərinə ataraq geri qayıtmışdır” saxta məlumatını əvvəl Ermənistan mediası, daha sonra Türkiyənin İrandan maliyyələşən 2 saytı tirajlamışlar.
Faktyoxla Lab. yayılan bu görüntülərin həqiqi olub-olmadığını araşdırıb.
Belə məlumatları faktyoxla metodları ilə araşdırarkən adətən,
1) Məlumatın yayılma vaxtının, yeni olub-olmamasını
2) “Geriyə axtarış” metodu ilə mənbəyin axtarılması
3) Süni İntellekt məhsulu, “deepfake” olub-olmamasını ayırd edilməsi və digər yollardan istiadə olunur.
Biz, bu məlumatın yayılması ilə bağlı iki fərqli məlumat əldə etdik.
Bunlardan birini “Karabakh Today” TG-kanalı aşkar edib.
Kanalın iddiasına görə, fotonun sol aşağı küncündə İran təqvimi ilə 27 Ordibeheşt 1403 (۲۷ اردیبهشت ۱۴۰۳) yazılıb ki, bu da Hicri təqvimi ilə 16 may 2024-cü ilə təsdüf edir.
Biz öz növbəmizdə, “foto üzərindəki yazıların tərcümə edilməsi” proqramı ilə yoxladıqda aşağıdakı rəqəmləri əldə etdik: 22 iyun 2015. Amma bu proqramın da rəqəm səhvinə yol verə biləcəyini istisna etmirik.
2-ci ənənəvi metod “geriyə axtarış” yolu ilə fotonun sosial media və ya ənənəvi mediada daha əvvəllər yayılıb-yayılmadığını yoxlayırıq. Nə qədər qəribə olsa da bu fotonun ilk olaraq adını yuxarıda çəkdiyimiz şəxslər, Azərbaycan əleyhinə təbliğat aparan məşhur üçlükdən yayıldığını təsbit etdik. Adətən belə faktlar tanınmış (və ya tanınmamış) sosial media istifadəçisinin, influenserin, tanınmış səhifələr tərəfindən aşkar edildikdən sonra media və ictimai-siyasi nüfuzu olan şəxslər tərəfindən tirajlanır. Bu fotonun isə bir-iki faktı çıxmaq şərtilə keçmişlə heç bir əlaqəsi yoxdur. Misal üçün, İsrail mediası 26 noyabr 2012-ci il tarixində çəkilmiş bu fotonu yayaraq həqiqətən də dənizə düşmüş yanacaq çəninin İsrail HHQ məxsus döyüş təyyarənin olduğunu etiraf etmişdir:
Bu fotonu isə Hindistanın divyabhaskar saytı yaymış və Cakhaudakı Hidrat adasında aşkarlandığını bildirmişdir. Məlumatın 10 ay qabaq yayıldığı skrində də görünür.
Sözügedən fotoya oxşar başqa mənbə aşkar edilməyib. Bir daha təkrar edirik, məlumatın adi, sıravi şəxslər deyil, məhz Azərbaycana qarşı təbliğat aparan şəbəkənin öncüllərindən olan və İran mediasında söz sahibi olan şəxslər- Əliəkbər Raifipur (MASAF İnstitutunun rəhbəri, professordur, İrandakı rejimin əsas təbliğatçılarından sayılır), Babek Tahve (“The Crisis watch”-un analitiki) və Ehsan Movahidian (erməni əsilli olduğu güman edilir. Onun 2020-ci ildə 44 günlük müharibə zamanı ermənilərin xeyrinə paylaşdığı tviti hələ də profilində başlıqda saxlaması onun etnik mənsubiyyətini bəlli edir) tərəfindən yayılması və keçmiş tarixdə rast gəlinməməsi bu fotonun xüsusi məqsədlərlə və təbliğat üçün hazılandığı şübhələri yaradır. Mütəxəssislər bu qənaətdədirlər ki, yayılan fotonun keçmişdə heç bir mənbədə rast gəlinməməsi “süni intellekt” və ya “deepfake” məhsulu olmasına dəlalət edir.
İndi isə texniki detallara diqqət edək.
1-ci detal.İsrail döyüş təyyarələrinə məxsus çöl yanacaq çəni olduğu deyilən bu dəmir əşyanın mənşəyi şübhəlidir. Belə ki, əgər doğrudan da bu yanacaq çəni İsrail HHQ-yə aid idisə üzərində bunu təsdiqləyən yazılar, nişanlar və ya loqolar olmalı idi.
Misal üçün, 5 gün öncə görüntüləri yayılan və İraqla sərhədə yaxın Marivan ərazisinə atılan təyyarə çəninin üzərində hansı ölkənin HHQ-nə məxsus olması haqda yetərli qədər məlumat var. (video)
Bu rəqəmləri və məlumatları sözügedən dəmir əşyanın üzərində görmürük.
2-ci detal. Saxta məlumat yayanlardan birinin “X” hesabındakı paylaşımına istifadəçilərdən biri platformanın süni intellekt əlavəsi olan “krog”-dan bu faktın doğru olub-olmaması haqda sual vermiş və belə cavab almışdır:
“Xeyr, Ramsar sahilində tapılan obyektin İsrail qırıcısının yanacaq çəni olması iddiasını dəstəkləyəcək heç bir etibarlı sübut yoxdur. İsrailin İrandakı hədəflərə son hücumlarına baxmayaraq, heç bir rəsmi və ya etibarlı media bu iddianı təsdiqləməyib. Çox güman ki, obyekt mülki fəaliyyətlə, məsələn, Xəzər dənizində neft tankerləri ilə bağlıdır. Ola bilsin ki, sosial mediadakı bu cür iddialar İran, İsrail və Azərbaycan arasındakı geosiyasi gərginlik səbəbindən irəli sürülüb, lakin sübut olmadan bunlar sadəcə şayiələrdir. Daha dəqiq məlumat üçün rəsmi mənbələrə müraciət edin”.
3-cü detal. Hər üç təbliğatçı yazdıqları postda əsasən “İsrail ölkənin qərbində olduğu halda şimalında nə edir?” sualı ünvanlayır, bununla da Azərbaycanın dəstəyinə və ya hava məkanını İsrail təyyarələri üçün açdığına işarə edirlər. Əslində isə bu iddianın əsassız və yalan olduğunu elə Ehsan Movahedianın postuna bir istifadəçinin yazdığı və paylaşdığı video ilə tutarlı və dəqiq cavab verilib.
“Awes spad” adlı istifadəçi video görüntü ilə sübut edir ki, İsrail təyyarələri Xəzər dənizinin sahilində yerləşən Şahrud şəhərindəki raket mühərrikləri istehsal edən zavodu vurduqdan sonra risksiz və təhlükəsiz marşrutla geri qayıdıblar.
Bu şərh, qeyd edilən təbliğatçıların səsləndirdiyi “İsrail təyyarələri 2000 km-lik hava yolunu uçub gələ bilməzlər, o səbəbdən Azərbaycandan istifadə edirlər” iddiasını heçə endirməklə yanaşı, digər arqumenti də gücləndirir: Əgər təyyarələr Azərbaycandan qalxırsa, əlavə yanacaq çəninə nə ehtiyac var, bir halda ki, məsafə 350 km-dən çox deyil?
Bu fikirləri yazan şəxsləri Raifipurun saxta profili ya blok edir, ya da şərhləri silir. Silinən şərhlərdən bəzilərini təqdim edirik:
4-cü detal. Kiçik də olsa diqqət cəlbedici məqam var. Dəniz suyunun yanacaq çəni deyilən dəmir parçasının altından keçərək dalğa yaratması şübhəli məqamlardan biridir. Tələf olmuş suitinin oxşar rakursda fotosuna diqqət etsək həmin dalğaları görmürük. Böyük ehtimalla bu dezinformasiya yaymaq üçün istifadə olunan “deepfake” məhsuludur.
Nəticə:
- İsrail döyüş təyyarəsinə məxsus olduğu iddia edilən yanacaq çəninin İranın şimalında Ramsar şəhəri yaxınlığında tapılması ilə “Azərbaycanın İsrailə hava məkanını açıb” idsiasını səsləndirmək absurdur, heç bir əsası yoxdur, dezinformasiyadır;
- Əgər İsrailə məxsus bir təyyarənin yanacaq çəni İran ərazisində tapılıbsa, burada günahı Azərbaycanda deyil, İran daxilində axtarmaq lazımdır. Ölkəmiz İranın hava məkanına cəvabdeh deyil;
- Bu təxribat kampaniyasının əsas məqsədi erməni maraqlarına xidmət etmək, Azərbaycanın dost və qardaş ölkələrlə əlaqələrinə xələl gətirməkdir.