Sosial mediada Azərbaycanın qaz idxalı və ixracı haqqında qeyri-obyektiv, yanlış rəy yaradan fikirləri əks etdirən məlumat paylaşılıb. İddia edilir ki, Azərbaycan özü xaricdən baha qiymətə qaz idxal etdiyi halda digər ölkələrə ucuz qiymətə satır.
Faktyoxla Lab. bu iddiaların dorğu olub-olmadığını aydınlaşdırmağa çalışıb.
Birinci iddia: “Azərbaycan bu il Türkmənistandan 23 milyon dollara 155 milyon m3 qaz alıb (1000 kubmetri 150 dollardan)”.
Bu iddia paylaşım edən səhifənin adminlərinin qaz ixracı və idxalı barədə məlumatsızlığından qaynaqlandığını nümayiş etdirməklə yanaşı, məsələnin mahiyyətini dərk etmədən tamamilə yanlış rəy formalaşdırmağa çalışdığını göstərir. Bunların məntiqindən belə çıxır ki, Azərbaycanın Türkmənistan qazına ehtiyacı var və özü də qazı baha qiymətə alır.
Əvvəla, Azərbaycan Türkmənistandan daxili ehtiyaclarını ödəmək və ya illik tələbatı icra etmək məqsədilə qaz idxal etmir. İdxal anlaşması hansısa ölkənin tələbatını bağlamağa xidmət edir. Lakin Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi tamamilə fərqlidir. Çünki bu, 2 dövlət arasında deyil, bir neçə dövlət arasında qarşılıqlı qaz mübadiləsi razılaşmasıdır.
“Svop razılaşması” bir neçə dövlət arasında nəql və ixrac infrastrukturlarındakı problemləri aradan qaldırmaq üçün istifadə edilən sxemdir. Bu ixrac sxemləri karbohidrogenlərin birbaşa ötürülməsi üçün hazır infrastruktur olmadıqda istifadə edilir.
İran və Azərbaycanın bəzi bölgələrinin birbaşa qaz sistemi şəbəkəsi ilə qaz əldə etmək infrastrukturları olmadığından məhz bu cür mübadiləyə getməyə məcburdur. Məsələn, Azərbaycanın Naxşıvana birbaşa qaz tədarük etməsi üçün nəql kəməri yoxdur, qaz İran ərazisindən Muxtar Respublikaya ötürülür. İranda da eyni çətinliklər var. Məhz infrastruktur təminatı probleminə görə, 2021-ci il noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma sazişi imzalayıb. Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5-2 milyard m3-dək qaz göndərmək öhdəliyini üzərinə götürüb. istinad
Həmin “svop müqaviləsi” çərçivəsində İran Türkmənistan qazını Azərbaycana tədarük edir, qaz həm İranın beş əyalətinin qaz ehtiyacını ödəyir, həm də Naxçıvana verilir. Beləliklə, üçtərəfli tədarük zənciri sayəsində qaz mübadiləsi həyata keçirilir.
Türkmənistan qazının baha satışı barədə arqument də səhvdir. Hazırda “svop müqaviləsi” çərçivəsində Azərbaycanın Türkmənistandan aldığı qazın qiyməti dünya karbohidrogen bazarlarındakı ən sərfəli tariflərlərdən biri hesab oluna bilər. Belə ki, gömrük, nəql, ötürülmə, tranzit və bütün xərclərlə birlikdə idxalın dəyərinin 150 dollar olması hədsiz dərəcədə münasib və ədalətli qiymətdir. Məsələn, 2025-ci ilin əvvəlindən Azərbaycanın Türkmənistandan aldığı qazın hər 1000 m3 təxminən 149-150 dollar təşkil edib.
Əgər dünya bazarında qazın satış qiymətlərinə, o cümlədən Azərbaycanın özünün başqa dövlətlərə satdığı təbii qazın tariflərinə baxsaq, Türkmənistan qazının tranzit və s. xərclərlə birlikdə toplam dəyərinin Azərbaycanın Avropa ölkələrinə satdığı qiymətdən 2,5 dəfə aşağı olduğunu görə bilərik. Azərbaycanın 2025-ci ilin yanvar-may aylarında xaricə satdığı yanacağın hər 1000 m3-nin orta bazar dəyəri 373 dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin “Xarici ticarətin vəziyyəti haqqında arayış”larından görmək mümkündür ki, Azərbaycanın xarici dövlətlərə satdığı qazın qiyməti idxal qazın tarifindən 2,4 dəfə bahadır. 2025-ci ilin yanvar-may ayları üzrə Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına əsasən (səh. 12) Azərbaycan qeyd edilən dövrdə xarici ölkələrə 10 milyard 270 milyon m3 qaz satıb. Qazın statistik dəyəri 3 milyard 833 milyon dollar təşkil edib. Yəni 1 milyard m3 qazın satış dəyəri təxminən 380 milyon dollar, 1000 m3 qazın dəyəri isə 380 dollar təşkil edir. mənbə
İkinci iddia: “Eyni dövrdə Rusiyadan 4 milyon dollara 21 milyon kubmetr qaz alınıb (1000 kubmetri 185 dollardan)”.
Bu arqumentlərin də heç bir əsası yoxdur. Rusiya ilə qaz anlaşması da Türkmənistanla aparılan mübadilə prinsiplərinə oxşardır. Yəni Rusiya qazı da Azərbaycanın daxili ehtiyaclarını qarşılamaq üçün deyil, yalnız mübadilə məqsədilə istifadə olunur. Belə ki, Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq edir. Razılaşmaya əsasən, yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur. Yəni Azərbaycan kritik mövsümi dövrlərdə Rusiyadan aldığı qazı “svop prinsipi” ilə geri qaytarır. (mənbə)
Qazın dəyərinə gəldikdə isə, Rusiya qazı da tranzit, nəql, xərclərlə birlikdə eynilə Türkmənistan qazının “svop tarifi”nə uyğun razılaşdırılıb. Bu sövdələşmələrdə də tərəflər eyni tədarük tarifləri ilə mübadiləni həyata keçirir, qazın alışı və satışı dünya bazar qiymətlərinə deyil, qarşılıqlı razılşamaya əsaslanır.
Məsələn, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana Rusiyadan 17,6 milyon m3 həcmində təbii qaz idxal edib və bu alqı-satqının dəyəri 26,2 milyon dollara bərabərdir (1000 m3-nin dəyəri 152 dollar təşkil edir).
Bu, o deməkdir ki, Azərbaycanın Rusiya ilə mövsümi mübadilə üzrə aldığı qazın dəyəri də dünya bazar qiymətlərindən, yaxud xarici dövlətlərə satdığı yanacağın orta satış dəyərindən (380 dollar) 2,4 dəfə ucuzdur.
Nəhayət, üçüncü iddia- “Eyni dövrdə isə Gürcüstana 995 milyon kubmetr qaz satmışıq (1000 kub.metri 122 dollardan)”
Əvvəla, Azərbaycan Gürcüstana qazı idxal tarifindən ucuz satmır. 2024-cü ildə bu ölkəyə satılan qaz satışının qiyməti 170 dollara bərabər olub. (150 dollara alınan qazı 170 dollara satmışıq). Bu isə bəzi səhifə və hesabların Azərbaycan qazı Rusiyadan və Türkmənistandan baha alıb, Gürcüstana ucuz satır” və yaxud “1000 m3 122 dollar təşkil edir” iddiasının heç bir əsasının olmadığını göstərir.
Azərbaycan ümumiyyətlə, 122 dollara heç bir ölkəyə qaz satışı həyata keçirmir.
Ən yüksək satış tarifi 394 dollar, ən aşağı tarif isə 170 dollardır. mənbə
Beləliklə,
- Sosial mediada bəzi səhifələrin irəli sürdüyü iddiaların heç biri həqiqəti əks etdirmir;
- Azərbaycanın Rusiyadan və Türkmənistandan baha qiymətə qaz alıb Gürcüstana ucuz qiymətə satması barədə fikirlər tamamilə yalandır.