Hüquqşünas Aslan İsmayılov iddia edir ki, Cənubi Qafqaz dövlətləri arasında maaş, pensiya və təqaüd alan şəxslərin aylıq gəlirləri arasında ən kəskin fərq Azərbaycandadır. Sitat: “Azərbaycanda dövlət qulluğunda yüksək vəzifələrdə olanlar təxminən 5-10 min, iri holdinqlərdə yuxarı pozisiyalarda işləyənlər isə 10-50 min manat maaş, sıravi işlərdə olanlar isə təxminən 500 manat maaş alırlar. Ortalama maaş götürəndə isə 1088 manat alınır”.
A.İsmayılov onu da iddia edir ki, pensiya və təqaüdlərdəki fərq daha acınacaqlıdır. Azərbaycanda nazir və məmurların pensiyası ilə ölkədəki orta aylıq pensiya arasında kəskin fərq var. Digər iki qonşu ölkədə isə bu fərqlər yoxdur.

Faktyoxla A.İsmayılovun dediklərini araşdırıb.
Məsələyə aydınlıq gətirmək üçün Cənubi Qafqaz ölkələrinin hər üçündə rəsmi dövlət statistika idarələrinin açıqladığı ən yüksək və ən aşağı maaş və pensiya göstəricilərini haqda rəsmi məlumatlar əsasında müqayisəli təqdim edirik.
Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, bu ölkədə orta nominal aylıq əməkhaqqı 2212 laridir (817 dollar).

Ölkədə ən yüksək əməkhaqqı informasiya və rabitə sektorunda təşkil edir - 4176,5 lari (1543 dollar). İkinci yüksək maaş olan sahə maliyyə və sığorta fəaliyyəti bölməsidir ki, burada əməkhaqqı 3732 laridir (1379 dollar). Tikintidə bu göstərici 3467,7 lari (1281), elm və texniki fəaliyyəti bölməsində isə 2955 lari (1092 dollar) təşkil edir. jnews.ge
Əgər bu ölkədə əməkhaqqının dövlət və qeyri-dövlət bölmələri olmaqla digər sahələr üzrə strukturuna diqqət etsək, Gürcüstanda su təchizatı, kanalizasiya, tullantıların idarə olunması və təmizlənməsi fəaliyyəti sahəsində çalışan işçilərin əməkhaqqlarının 987 lari (360 dollar), təhsildə 969 lari (353 dollar), digər xidmət sahələrndə 638 lari (232 dollar) olduğunu görə bilərik. geostat.ge

Statistik məlumatlardan da görünür ki, Gürcüstanda muzdlu əmək bazarında ən aşağı maaş 232, ən yuxarı əməkhaqqqı isə 783 dollardır. (sputnik-georgia). Bu isə o deməkdir ki, aradakı fərq 3,5 dəfəyə yaxındır.
Gürcüstanda dövlət idarəçiliyində Prezident və Baş nazir istisna olmaqla ən yüksək maaşı nazir, deputat, prokurorluq və hüquq-mühafizə orqanlarında çalışanlar alırlar. Belə ki, Baş nazirin illik maaşı 159600 lari (58.996 dollar, aylıq 4,916 dollar), nazirlərin maaşı isə 135 min lari (49903 dollar, aylıq 4158 dollar) təşkil edir. Sıravi parlament üzvünün aylıq maaşı təxminən 8250 lari (3049 dollar) təşkil edir. newsgeorgia.ge
Beləliklə, Gürcüstanda baş nazirin maaşı ölkə üzrə orta aylıq əməkhaqqından 7 dəfə, minimum maaşdan (232 dollar) 22 dəfə, deputatların maaşı isə nominal əmək haqqından 4,4 dəfə, minimum maaşdan 14 dəfə çoxdur.
Digər qonşu ölkə Ermənistana diqqət edək. Bu ölkədə ən yüksək əməkhaqqı olan sektor İT-dir və bu sahədə xalis maaş 748.600 dram (1.949 dollar) təşkil edir.
Ermənistanda minimum əməkhaqqı isə 2023-cü ildə 7000 dram (17 dollar) artdıqdan sonra 68 min dram (165 dollar) olmaqla dəyişməz qalır.

Yəni bu o deməkdir ki, bu ölkədə ən yüksək əməkhaqqı ilə (1.949 dollar) ən aşağı maaş arasında 10 dəfədən çox fərq var.
Ermənistanda nazirlərin və deputatların əməkhaqqı 200-400 min dram arasında dəyişir. Nazirlərin orta hesabla maaşı 2000 dollar, parlament üzvlərinin maaşı təxminən 661.400 dram (1718 dollar) təşkil edir.

Göründüyü kimi Ermənistanda nazir və deputaların, prokuror və digər yüksək dövlət vəzifəlilərinin aylıq maaşı ilə minimum əməkhaqqı arasında 9 dəfə çox fərq mövcuddur.
İndi isə bu mövzuda Azərbaycandakı statistik rəqəmlərə baxaq. Azərbaycanda muzdlu işlə bağlı sektorlar üzrə maaş həddi Gürcüstdan daha yüksəkdir. Belə ki, 1 sentyabr 2025-ci il tarixinə mədən sənayesində əməkhaqqı 3689,6 manat, maliyyə və sığorta fəaliyyəti üzrə - 2973,2 manat, informasiya və rabitədə 1889,7 manat, peşə, elmi və texniki fəaliyyətdə 1830,9 manat, nəqliyyat və anbar təsərrüfatı üzrə 1538,4 manat, dövlət idarəetmə, sosial təminat sahələrində 1477,2 manat olub. mənbə
Azərbaycanda orta aylıq əməkhaqqı ən yüksək əməkhaqqı olan mədən sənayesindən təxminən 3,2 dəfə azdır. Orta aylıq əməkhaqqı ilə minimum əməkhaqqı arasında fərq 2,2 dəfədir.
Dövlət idarəçiliyində və deputaların maaşlarına gəlincə, Baş nazirin, nazirlərin və komitə rəhbərlərinin əməkhaqqı (2 dəfə artımla birlikdə) 6-10 min manat təşkil edir. publika
Milli Məclisin sədri və deputatlar 3550 manat məbləğində aylıq vəzifə maaşı alır. Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə alırlar. mənbə
Sonuncu artımlardan sonra sıravi deputatların maaşları iki misli məbləğində əlavə də hesablanmaqla 7455 manata bərabərdir. Lakin bir məqamı da qeyd edək ki, maaşdan çıxan vergilər də nəzərə alınmaqla deputatların maaşları təxminən 5200 manat edir.
Azərbaycanda deputatların və nazirlərin maaşları orta aylıq əməkhaqqını təxminən 4-6 dəfə, minimum əməkhaqqından isə 9-12 dəfə üstələyir. Gürcüstanda və Ermənistanda isə deputatların və nazirlərin maaşları ilə orta aylıq əməkhaqqı arasında 6-7 dəfə, minimum əməkhaqqı arasında isə 30 dəfəyə yaxın fərq var.
Beləliklə, 3 Cənubi Qafqaz ölkəsində dövlət və qeyri-dövlət sektorları arasında ən yüksək əməkhaqqı ilə ən aşağı əməkhaqqı nisbətinə görə Gürcüstan və Ermənistandakı fərq Azərbaycandan daha böyükdür.
Nəhayət, hər 3 ölkədə yüksək pensiya alanlarla ən az pensiya alanların arasındakı fərqə nəzər salaq.
Gürcüstanda 1 yanvar 2025-ci il tarixindən etibarən pensiyalarn məbləği 35 lari (9 dollar) artdıqdan sonra yaşı 70-dən az olanların pensiyası 350 lari (təxminən 125 dollar), 70 və daha yuxarı yaşda olanların pensiyası isə ayda 450 lari (təxminən 160 dollar) təşkil edir. ekhokavkaza

Gürcüstanda xüsusi güzəşt tətbiqi kimi ən yüksək dağlıq yerlərdə yaşayan pensiyaçılara 520 lari təqaüd verilir ki, bu da 190 dollar deməkdir. sputnik-georgia
Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci yarısında Ermənistanda orta pensiya 49.032 dram (təxminən 126 dollar) təşkil edib. Minimum pensiya isə 36 min dram və ya 94 dollardır. Ölkədə minimum istehlak səbəti (qeyri-ərzaq məhsulları və kommunal xidmətlər daxil olmaqla) isə 81.681 dram (210 dollar) olub. Beləliklə, Ermənistanda orta pensiya minimum istehlakçı pensiya səbətindən az qala 2 dəfə aşağı, minimum pensiya (36.000 dram və ya 94 dollar) isə 3,4 dəfə aşağıdır. sputniknews
Ermənistanda pensiyaçıların sayı təxminən 510 min nəfər təşkil edir. Rəsmi statistikaya görə, təxminən 500.000 təqaüdçünün hazırda aylıq pensiyası 49.000 dramdır. Yəni bu ölkədə pensiyaçıların 95 faizindən çoxu 127 dollar alır ki, bu rəqəm Azərbaycandakı ən minimum pensiya göstəricisindən (188 dollar) 61 dollar azdır. Pensiyaçıların mütləq əksəriyyəti isə minimum yaşayış səbətinin dəyərindən 90 dollar az təqaüd alır. armeniatoday

Azərbaycanda 2025-ci il fevralın 1-dən minimum pensiya 320 manata çatdırılıb, orta aylıq pensiya 538 manat, yaşa görə orta aylıq pensiya isə 573 manat təşkil edir. Əgər ABŞ dolları ilə hesablasaq Azərbaycanda minimum pensiya (320/1.7=188,2) 188 dollara bərabərdir. Orta aylıq pensiya məbləği 538 manat (316,4 dollar), yaşa görə orta aylıq pensiya isə 573 manatdır (337 dollar).
Sosial normativlərlə bağlı digər vacib göstərici – ölkə üzrə minimum yaşayış səviyyəsini və minimum ərzaq səbətini müəyyənləşdirən ehtiyac meyarının həddi isə 2025-ci ildə 285 manat məbləğində təsdiq edilib.
Yəni bu o deməkdir ki, orta aylıq əmək pensiyası minimum səbəti 2 dəfəyə yaxın, minimum pensiya isə 35 manat üstələyir.
Göründüyü kimi Azərbaycanda həm pensiyaların orta məbləği, həm də minimum pensiya məbləği Gürcüstan və Ermənistandan 2-3 dəfə çoxdur. Daha da konretləşdirsək, bizdə yaşa görə orta aylıq pensiya isə 337 dollar olmaqla Gürcüstandakı göstəricidən (160 dollar) 2,2 dəfə, Ermənistandan (126 dollar) isə 3 dəfəyə yaxın çoxdur.
Ermənistanda hüquq-mühafizə, ədliyyə və digər orqanlarda çalışanların pensiyası son vəzifəsində aldığı əmək haqqının və mükafatların 75 faizi həcmində hesablanır. Yəni 250-300 min dram alan şəxslər pensiyaya 250 min dramla çıxır ki, bu da minimum pensiyadan (36 min) 7 dəfə çoxdur. arminfo
Ermənistanda “Dövlət vəzifələrində çalışan şəxslər və onların ailə üzvləri üçün sosial təminatlar” haqqında qanuna əsasən, deputat və digər dövlət qulluqçuları pensiyaya çıxarkən aldıqları son əməkhaqqının 70 faizi civarında pensiya ilə təmin olunurlar.
Parlament üzvlərinin maaşının 661.400 dram olmasını nəzərə alsaq, onlar pensiyaya çıxdıqda pensiya məbləği (661.400X70/100=462.980) 462 min dram edir. Bu rəqəm ölkədəki pensiya məbləğindən (36.000 dram) 13 dəfə çoxdur.
Gürcüstanda isə deputatların pensiya məbləği orta aylıq əməkhaqlarının 80 faizi civarında təyin edilir. Bu isə aylıq deputat maaşının (8250 lari) 80 faizi olmaqla 6600 lari (2440 dollar) deməkdir. Bu rəqəmlərə görə isə deputat pensiyası orta pensiya məbləğindən (450 lari) 15 dəfə, minimum pensiya məbləğindən (350 lari) 18,8 dəfə çoxdur.
Azərbaycana gəlincə, millət vəkillərinin pensiyası “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərə əsasən, onların əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı ilə təyin edilir. Bu, maaşdan çıxan vergilər də nəzərə alınmaqla təxminən 5200 manat edir. Bu rəqəm yaşa görə orta aylıq pensiyadan təxminən 9,1 dəfə çoxdur. azertag
Qeyd edək ki, hər üç ölkənin nazir və yüksək vəzifəli şəxslərin pensiyası da dövlət qulluğu qaydalarına uyğun olaraq eyni sosial metodologiya ilə, yəni əməkhaqqını 80 faizi nisbətində hesablanır.
Bu müqayisələr isə deputatlarla bərabər, nazir və dövlət qulluqçularının pensiyası ilə sıravi pensiyaçıların təqaüdü arasında qeyri-mütənasibliyin Azərbaycana nisbətdə iki qonşu ölkədə daha çox olduğunu təsdiqləyir.
Yekun: Təqdim etdiyimiz göstəricilərin təhlili bir daha həm Gürcüstanda, həm də Ermənistanda dövlət qulluqçuları, nazirlər və s. məmurlarla sadə vətəndaşların pensiyaları arasında fərq və qeyri-mütənasiblik əmsalının daha çox olduğunu və alıcılıq qabiliyyəti paritetinə görə, sosial normativləri, o cümlədən ərzaq səbətini ödəmədiyindən dəyər ölçüsü baxımından Azərbaycandan xeyli aşağı səviyyədə qərarlaşdığını təsdiqləyir.
Bu isə bir daha Aslan İsmayılovun yanlış iddialarla Azərbaycanda pensiya sistemindəki ədalətliliyi, sosial təminatlılığı gözdən salmağa çalışdığını əks etdirir.