Azərbaycan mediasında özünü politoloq kimi tədim edən Turab Rzayevə istinadən Cənubi Qafqaz ölkələrində adambaşına düşən milli gəlirə görə ən aşağı göstəricinin Azərbaycana aid olması haqda məlumat yayılıb. Məlumatda deyilir ki, Gürcüstanda bu rəqəm 10.130 dollar, Ermənistanda 8.970, Azərbaycanda isə 7.370-dir.
Regionda ən yüksək göstəricilər Qətər (71.440), İsrail (60.010), BƏƏ (51.350), Səudiyyə Ərəbistanına (35.230) aiddir. Türkiyədə bu rəqəm 18.200 dollar təşkil edir.

Onu da qeyd edək ki, təqdim edilən rəqəmlər 2024-cü ilin yekun ümumi daxili məhsul (ÜDM) göstəriciləri və adambaşına düşən ÜDM-i əsasında hazırlanıb və müxtəlif interpretasiyalarda təqdim edilib. Misal üçün, bu səhifə İsrailin Yaxın Şərq ölkələri arasında lider olmasını göstərməyə çalışıb.

Statistik göstəriciləri əks etdirən inforqrafikanı paylaşanlardan biri də “Eurasian Bookshelf” səhifəsidir olub ki, bu səhifə, “qədim Armenia” ərazisini göstərən, 1946-cı ildə tikilmiş Mingəçevir Su Anbarı da görünən “qədim” xəritəni də yaymışdı.

Təqdim edilən statistik göstəricilərə gəlincə, həmin dövrdə (2024-cü ildə) Azərbaycanda 126,3 milyard manat ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ABŞ pul vahidi ilə 74,3 milyard dollar deməkdir. Əhalinin hər nəfərinə düşən ÜDM 12382,5 manata bərabər olub ki, bu da dollar ifadəsi ilə 7,35 min dollar edir. mənbə
Qeyd edilən dövrdə Gürcüstanda ÜDM-in dəyəri 91,9 milyard lari və ya 33,8 milyard dollar təşkil edib. Adambaşına düşən ÜDM isə 9100 ABŞ dolları olub. sputnik-georgia
Ötən il Ermənistanda ÜDM nominal dəyər ifadəsi ilə 10,1 trilyon drama çatıb. Ötən il Ermənistanın milli valyutasının (dram) ABŞ dollarına olan nisbəti 1 dollar-392 dram ekvivalentində olub. Yəni bu ölkədə 25 milyard dollar dəyərində milli məhsul istehsal edilib. Adambaşına düşən ÜDM bazar qiymətləri ilə 3.338 443 dram, 8501 dollar və 7857 avro təşkil edib. arka.am
Beləliklə, T.Rzayevin iddia etdiyi kimi, Cənubi Qafqaz ölkələrindən adambaşına düşən milli gəlir, yəni hər nəfərə düşən ÜDM Gürcüstanda 10.130 dollar deyil, 9100 dollar, Ermənistanda isə 8970 dollar yox, 8501 dollar olub.
Digər tərəfdən, əvvəla, hər bir ölkənin iqtisadi potensialı onun adambaşına düşən ÜDM-lə deyil, ölkənin potensialını müəyyən edən əlavə dəyərin məcmu həcmi ilə, yəni toplam ÜDM-in nominal dəyəri ilə ölçülür. Bu rəqəm əsasında hansı ölkənin daha imkanlı, hansının daha kasıb olması müəyyənləşir.
Müqayisə olunan dövrdə, yəni 2024-cü ildə Azərbaycanda toplam ÜDM dollar ekvivalenti ilə 74,3 milyard dollar, Gürcüstanda 33,8 milyard dollar, Ermənistanda isə 25 milyard dollar olub. Yəni Azərbaycan milli gəlirin həcminə görə, birinci, Gürcüstan ikinci, Ermənistan 3-cü yerdə dayanır.
Bu həm də o deməkdir ki, Cənubi Qafqaz ölkələrinin 2024-cü ildə cəmi ÜDM-nin nominal həcmi 133,1 milyard dollar təşkil edib ki, onun 74,3 milyard dolları və ya 60 faizə yaxını Azərbaycanın payına düşür.
İkincisi, ÜDM-də adambaşına düşən mili gəlirlə yanaşı, hər nəfərə düşən xarici borcun məbləğini də nəzərə almaqla xalis milli gəlirin həcmini müəyyən olunur.
Cənubi Qafqaz ölkələrindən Gürcüstanın xarici borcu 2025-ci ilin birinci yarısında 26,5 milyard dollar təşkil edib ki, bu da ÜDM-in 75,1 faizi deməkdir. nbg.gov.ge

3,7 milyon əhalisi olan Gürcüstanda adambaşına düşən xarici borc (26,5/3,7=7.162) 7,2 min dollara yaxındır. Bu o deməkdir ki, qonşu ölkədə adambaşına düşən 9100 dollar dəyərində ÜDM-dən adambaşına düşən 7,2 min xarici borcu çıxdıqda xalis milli gəlir 1900 dollara bərabər olur.
Ermənistanın xarici dövlət borcu isə 2025-ci ilin birinci yarısında dollar ifadəsində 7,9 faiz artmaqla 13,852 milyard dollara çatıb. Son 6 ayda borc təxminən 1 milyard dollar artıb. Xarici borc ÜDM-in 49 faizinə bərabərdir. sputniknews

3 milyon əhalisi olan Ermənistanda adambaşına düşən xarici borc (13,8/3=4,6) 4,6 min dollardır. Bu ölkədə adambaşına düşən 8501 dollar ÜDM-dən əhalinin hər nəfərinə düşən 4,6 min xarici borcu çıxdıqda xalis milli gəlir (8501-4600=3901) ÜDM-də adambaşına düşən xalis gəlir 3900 dollar təşkil edir.
Azərbaycan xarici borcun vəziyyətinə görə, regionun yox, həm də dünyanın ən sabit ölkələri sırasında yer alır. Ölkəmizin xarici borcunun həcmi 4,9 milyard dollar və ÜDM-də payı 6,5 faiz olmaqla, ümumdünya göstəricilərindən qat-qat aşağıdır. mənbə

Ölkəmizdə əhalinin bir nəfərinə düşən xarici borcun məbləği (4.900.000.000/10.340.000=473,1) 473,1 dollar təşkil edir. Əhalinin hər nəfərinə düşən ÜDM isə dollar ifadəsi ilə 7,35 minə bərabərdir. Bu o deməkdir ki, Azərbaycanda (7.035-473=6562) adambaşına düşən ÜDM-də əhalinin hər nəfərinə düşən xarici borcu çıxdıqda xalis milli gəlirin nominal dəyəri 6560 dollardan çoxdur.
Beləliklə, hər üç Cənubi Qafqaz dövlətinin ÜDM-də xalis mənfəəti və dəyərinə görə Azərbaycan Respublikasının vətəndaşları daha yaxşı göstəriciyə malikdir.
Üçüncüsü, dövlətlərin milli gəlirində adambaşına düşən strateji valyuta ehtiyatları da mühüm əhəmiyyət kəsb edir. Çünki strateji ehtiyatlar dövlətin təhlükəsizlik yastığı olmaqla, xarici riskləri sığortalayır, vətəndaşların ehtiyat vəsaiti kimi gələcək rifahının qarantı rolunda çıxış edir.
Gürcüstanın strateji valyuta ehtiyatları isə 2025-ci ilin sentyabr ayında 5,4 milyard dollara bərabər olub. 1tv.ge

Yəni bu ölkənin borcu strateji rezervlərindən 5 dəfə çoxdur və çox riskli göstəricidir. Hər nəfərə düşən valyuta ehtiyatı (5,4/3,7=1.459) cəmi 1459 dollar edir.
Ermənistanın strateji rezervləri isə 4,2 milyard dollara bərabərdir və maliyyə ehtiyatları xarici borcdan 3,2 dəfə azdır. armbanks

Bu ölkədə adambaşına düşən strateji milli rezerv (4,2/3=1.400) 1400 dollar təşkil edir.
Azərbaycana gəlincə, 2025-ci ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (DNF) ehtiyatları 16,9 faiz artaraq 70,2 milyard dollara çatıb. oilfund
Mərkəzi Bankın valyuta ehtiyatları isə 11,4 milyard dollara bərabərdir.
Hazırda (2025-ci ilin 10 ayında) Neft Fondu və Mərkəzi Bankın rezervləri ilə birlikdə Azərbaycanın strateji valyuta ehtiyatları 82,5 milyard dollar təşkil edir. Strateji valyuta ehtiyatlarımız beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir, 37 aylıq mal və xidmət idxalına bərabərdir. Eyni zamanda, strateji valyuta ehtiyatlarımız xarici dövlət borcunu 16,9 dəfə üstələyir. istinad
Azərbaycanda adambaşına düşən strateji milli ehtiyatın həcmi (82.5/10.3=8.200) 8200 dollara bərabərdir.
Beləliklə, Azərbaycan adambaşına mili yığım rezervlərinin həcminə görə, iki qonşu ölkənin birlikdə ehtiyatlarından 9 dəfə çox təhlükəsizlik yastığına malikdir. Azərbaycanda əhalinin hər nəfəri isə bu iki qonşu ölkənin birlikdə adambaşına düşən rezervlərindən 4 dəfə çox paya malikdir.
Dördüncüsü, dünya ölkələrində insanların iqtisadi rifahı digər sosial-iqtisadi indikatorlara əsasən müəyyənləşdirilir. Onlardan bir neçəsini xatırladaq.
Ermənistanda yoxsulluq 2025-ci il üzrə 23 faiz səviyyəsində qalır və bu rəqəm son illərdə azalmır.
Gürcüstanda isə yoxsulluq həddi 9,4 faiz təşkil edir.
Azərbaycandan yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.
Ermənistanda işsizlik səviyyəsi 14 faiz, Gürcüstanda 14,3 faiz, Azərbaycanda isə 5,2 faizdir.
Gürcüstanda pensiyaların orta pensiya məbləği 450 lari (160 dollar), minimum pensiya 350 lari (125,2 dollar), Ermənistanda orta aylıq pensiya 49 min dram və ya 126 dollar, minimum pensiya isə 36 min dram və ya 94 dollar, Azərbaycanda isə minimum pensiya 320 manat (188 dollar), orta aylıq pensiya 538 manat (317,4 dollar) yaşa görə orta aylıq pensiya isə 573 manat (337,8 dollar) təşkil edir.
Bir məqamı da xatırlatmaq istərdik ki, Azərbaycanda milli gəlir birbaşa yerli resurslar, milli iqtisadi güc hesabına formalaşır, Ermənistan və Gürcüstanın ÜDM-nin isə yarısından çoxu xarici ölkələrin kapitalı, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin yaratdığı əlavə dəyər, vergi və digər mənbələr, habelə Rusiya və başqa ölkələrə məxsus re-eksport (təkrar ixrac) sayəsində əldə edilmiş maliyyə resurslarından, xarici aktivlər və borclardan təmin olunur.
Ermənistan iqtisadiyyatının ən azı 70 faizi Rusiyanın iqtisadi dəyər zəncirinə əsaslanır. Gürcüstanın isə ÜDM-də Azərbaycanın və Türkiyənin yaratdığı əlavə dəyərin həcmi ən azı 50-60 faizdir. Ermənistanın milli yığımlarının, büdcə daxilolmalarının hər il ən azı 20 faizi xarici borca əsaslanır.
Bütün bu qeyd etdiklərimiz Azərbaycan özünün iqtisadi güc mənbəyinə əsaslandığını, digər iki ölkənin isə xarici mənbədən asılı olduğunu göstərir.
Bu müqayisəni digər metodoloji vasitə və indikatorlar üzrə də uzatmaq olar. Ancaq bu əsas göstəricilər Cənubi Qafqada hansı dövlətin daha güclü iqtisadiyyata malik olmasını, onun vətəndaşının xalis milli gəlirinin nisbətini əks etdirdiyindən deyilənlərin natamam məlumat olduğunu qeyd etməliyik.