Palma yağı ürəyinizin ən böyük düşmənidirmi? Təəccüblənəcəksiniz, amma biskvitlərdən tutmuş şokoladlara qədər mağaza rəflərindəki məhsulların demək olar ki, yarısında bu yağ var.
Ətrafında çoxlu mübahisələr gedir: bəziləri onun ürək üçün zəhər olduğunu deyir, digərləri isə deyilənlərin o qədər də qorxulu olmadığını deyir. Gəlin, panikaya düşmədən elmin nu məsələ ilə bağlı əslində nə dediyini aydınlaşdıraq.
Xolesterol Məsələsi

Birinci və ən vacib sual: palma yağı həqiqətənmi "pis" xolesterolu yüksəldir? Bəli, bu, elmi faktdır. Çoxsaylı araşdırmalar təsdiqləyir ki, günəbaxan və ya zeytun yağı ilə müqayisədə, palma yağı qanda "pis" xolesterolun səviyyəsini artırır.
Bəs bu təsbit yağın yekunda infarkt və ya insulta səbəb olduğu deməkdirmi? Bax burada məsələ daha mürəkkəbləşir.
Palma yağının tərkibində nə var?

Gəlin palma yağının tərkibinə nəzər salaq. Palma yağı "zərərli" hesab edilən 50% doymuş yağlardan, digər 50% isə eynilə zeytun yağındakı kimi doymamış yağlardan ibarətdir. Müqayisə üçün:
- Kərə yağında doymuş yağlar miqdarı 65%,
- Kokos yağında 82%,
- Palma yağında isə 50%-dir.

Yəni, palma yağı haradasa ortada yerləşir. Nə faydalı məhsuldur, nə də tam ziyanlı.
Ürək xəstəliklərinə təsiri: real vəziyyət necədir?

Bəs, ürək xəstəliklərinə təsiri haqda nə demək olar? Bu mövzuda 2018-ci ildə aparılan araşdırma icmalı belə bir nəticəyə gəlib: palma yağı istehlakı ilə infarkt arasında birbaşa əlaqəyə dair inandırıcı sübutlar yoxdur. Başqa sözlə, elm deyə bilməz ki: "Palma yağı yedi — infarkt keçirdi".
Effekt onun miqdarından və onu nə ilə əvəz etdiyinizdən asılıdır.
Amerika Ürək Assosiasiyası sadə bir qayda tövsiyə edir: palma yağı da daxil olmaqla, bütün doymuş yağları günlük kalori miqdarının 6%-i ilə məhdudlaşdırın. Gündə 2000 kalori qəbul edən insan üçün bu, təxminən 13 qram, yəni bir xörək qaşığı palma yağı deməkdir. Onu doymamış yağlarla — zeytun və ya günəbaxan yağı ilə əvəz etmək ən doğru seçimdir. Bilirsiniz bu nəticə nə verir? Ürək xəstəlikləri riski 30% azalır! Bu, bəzi dərmanların təsiri ilə müqayisə oluna bilər.
Gözlənilməz tapıntı: Qırmızı Palma Yağı

Lakin burada gözlənilməz bir məqam var. Qırmızı, rafinə olunmamış palma yağı tamamilə başqa bir mövzudur. O, “A vitamini” ilə zəngindir (hətta yerkökündən də çox!) və tərkibində hüceyrələri zədələnmədən qoruyan “E vitamini” və antioksidantlar var. Problem ondadır ki, mağazalarda biz yalnız təmizlənmiş, rafinə olunmuş yağı görürük ki, burada artıq həmin faydalı maddələrdən əsər-əlamət yoxdur.
Əsl Təhlükə Haradadır?
Əsl təhlükə yağın özündə deyil, onun istifadə olunduğu məhsullardadır.

1. Uşaq Qidaları (Süni Qarışıqlar): Bu, bütün hekayənin ən narahatedici hissəsidir. Yalnız süni qarışıqlarla qidalanan körpələr böyük dozada palma yağı qəbul edirlər. Sənaye üsulu ilə emal zamanı toksik maddələr — “qlisidol” və “3-MCPD” yaranır. “Qlisidol” ehtimal olunan kanserogenlərdən sayılır, “3-MCPD” isə böyrəklərə zərər verir. Rəqəmlər şokedicidir: test edilən uşaq qidalarının 100%-də “3-MCPD”, 80%-də isə “qlisidol” aşkar edilib. Avropalı ekspertlər həyəcan təbili çalır: körpələr bu maddələri təhlükəsizlik həddindən 10 dəfə çox qəbul edirlər.

2. Dərin Emal Olunmuş Məhsullar: Hazır əriştələr (noodle), çipslər, biskvitlər, şokolad pastaları, marqarin. Bu məhsullarda palma yağının olması "ikiqat zərbədir". Birincisi, yüksək temperaturda qızartma zamanı daha çox toksik birləşmələr yaranır. Məsələn, çipslərdə “qlisidol”un miqdarı zeytun yağına nisbətən 264 dəfə çoxdur! İkincisi, o, demək olar ki, həmişə hədsiz miqdarda şəkər və duzla birlikdə təqdim olunur. Sadə dillə desək, 5 ədəd biskvit günlük doymuş yağ normamızın yarısını təşkil edir!

Gizli Etiketlər
İstehsalçılar tez-tez palma yağını "bitki piyi" və ya "bitki yağı" adları altında gizlədirlər. Qayda sadədir: əgər konkret yağın adı (zeytun, günəbaxan) göstərilməyibsə, böyük ehtimalla bu, palma yağıdır. Odur ki, həmişə tərkibi oxumaq lazımdır.

Nəticə
Əgər sağlam həyat tərzi sürürsünüzsə və düzgün qidalanırsınızsa, kiçik miqdarda palma yağı elə də zərər verməyəcək. Yox, əgər rasionunuz çipslərdən, tortlardan və dondurulmuş pizzalardan ibarətdirsə, problem təkcə palma yağında deyil, bütövlükdə qidalanma tərzinizdədir.
Valideynlər xüsusilə diqqətli olmalıdırlar.

Uşaqlar zərərli maddələrə qarşı daha həssasdırlar, çünki:
- Onlar çəkilərinə nisbətən daha çox kalori qəbul edirlər, bu isə bədən kütləsinin hər kiloqramına daha çox toksin deməkdir;
- Azyaşlıların qaraciyər və böyrəkləri hələ tam inkişaf etmədiyindən zərərli maddələrlə effetli mübarizə apara bilmirlər.
- Onu da yaddan çıxarmayaq ki, uşaqlıqda formalaşan qidalanma vərdişləri ömürlük qalır, palma yağı, duz və şəkər kombinasiyası isə asılılıq yaradır.
- Bu, böyümə dövrüdür — doymuş yağlar ürək-damar sisteminin inkişafına, maddələr mübadiləsinə və hətta sümüklərin formalaşmasına təsir edə bilər.
Uşağınızın rasionunda dərin emal olunmuş məhsulları minimuma endirməyə çalışın və uşaq qidalarını tərkibini diqqətlə öyrənərək seçin.

Sağlamlığın əsas sirri bir məhsulu "əcinnələşdirmək" deyil, balanslı qidalanmaqdır. Daha çox tərəvəz, meyvə, tam paxlalı məhsullar, balıq yeyin və yemək hazırlayarkən zeytun yağı kimi faydalı yağlardan istifadə edin. Bu, ürəyiniz üçün ən yaxşı müdafiədir.