Axtarış

Select theme:

Sülh Şurası: 1 milyard dollar üzvlük haqqını hansı dövlətlər ödəyəcək?

Məlum olduğu kimi yanvarın 22-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Qəzzanın müharibədən sonrakı bərpası və idarə olunmasını hədəfləyən tarixi “Sülh Şurasının Nizamnaməsi” imzalanıb. foreignpolicy

Xaricdən idarə olunan “Azərbaycan Saatı”, “Azad söz”, “Meydan TV”, “Hamam Times”, “Azadlıq qəzeti”, “Time TV” “Facebook” səhifələri Azərbaycanın təsisçi üzvlərdən biri olduğu yeni təşəbbüs haqqında heç bir əsası olmayan, saxta məlumatlar səsləndiriblər. Fəaliyyətə başlamamış təsisata qarşı qaralama kampaniyası aparılıb və Sülh Şurasını ABŞ dövlətinin rəhbərliyi tərəfindən sanki xərac toplayan qurum kimi qələmə verməyə çalışıblar. Bu cür dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatlar yayan sosial media shifələrinin sayını artırmaq olar, ancaq ümumilikdə həmin fikirlər oxşar olduğundan irəli sürülən iddiaları ümumiləşdirib aydınlıq gətirməyə çalışacağıq.

Beləliklə, yuxarıda qeyd edilənlər fərqli fikirlərdən yaranan sualları aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Azərbaycan Sülh Şurasına niyə üzv oldu?

2) Sülh Şurasına üzv olmaqla ölkəmiz hansı öhdəlikləri götürüb?

3) Azərbaycan “Sülh Şurası Nizamnaməsi”nin təsisçilərindən biri kimi 1 milyard dollar üzvlük haqqı ödəyəcəkmi?

4) Şurada təmsil olunmaq ölkəmizə hansı faydalar verə bilər?

 Şura ABŞ prezidenti Donald Tramp tərəfindən 15 yanvar 2026-cı ildə rəsmi olaraq elan edilib.

Şuranın yaradılmasında məqsəd dünyada beynəlxalq hüquqa inamı və etibarı bərpa etmək, dünya ölkələrində dayanıqlı və möhkəm təhülkəsizlik arxitekturası formalaşdırmaqdır. Çünki uzun illərdir ki, beynəlxalq siyasətdə bəyanatlar, sərt ifadəli məktublar və nəticəsiz çıxışlar üstünlük təşkil edib, lakin real addımlar atılmayıb. Prezident Donald Trampın də bəyan etdiyi kimi dünya ölkələrinin təhlüksizliyini və sabitliyini, inkişafını, problemlərini həll etməli olan qurum - Birləşmiş Millətlər Təşkilatı arzu olunan məqsədlərə səy göstərmir. Sülh Şurası bu boşluğu doldurmaq məqsədilə yaradılır.

Prezident Tramp Şuranın məqsəd və prioritetlərini elan edib: Sülh Şurası dünyada sabitliyin təşviqini, etibarlı və qanuni idarəetməni bərpa etmək, və münaqişədən təsirlənən ərazilərdə dayanıqlı sülh prosesini dəstəkləyən təşkilatdır. Şura Qəzzada keçid dövrünün idarə edilməsi və investisiyaların cəlb olunması üçün əsas beynəlxalq platforma rolunu oynayacaq.

İndi isə Azərbaycanın Sülh Şurasına niyə üzv olması barədə sualı aydınlaşdırmağa çalışaq.

Azərbaycanın bu qurumda təmsil olunması üçün ABŞ Prezidenti D.Tramp tərəfindən yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlanlıb.

Tramp dəvət məktubunda qeyd edib: “Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram. Yaxın Şərqdə sülhün əldə edilməsindən sonra indiyə qədər xəyallar sayılanları reallığa çevirməyin vaxtıdır. Bu planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticəyönlü Sülh Şurası dayanır. Bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək”.

Göründüyü kimi, Azərbaycana ünvanlanan müraciətin və xoş niyyətin kökündə Yaxın Şərqdə sülhü möhkəmləndirmək və rifahlı gələcək qurmaq üçün birgə əməkdaşlıqda yer almaq dayanır. Belə bir humanizm missiyasından kənarda qalmaq, Fələstin xalqının üzləşdiyi çətinliklərə biganə olmaq Azərbaycan kimi tolerant, sülhpərvər, xoşməramlı dövlətin siyasətinə uyğun deyil.  
Ona görə də Prezident İlham Əliyev yanavrın 21-də Donald Trampa ünvanladığı məktubda bu dəvəti Azərbaycanla ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığın, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul etdiyini bəyan edib. Cənab Prezident cavab məktubunda qeyd edib ki, Azərbaycan Sülh Şurasına qoşulmaqla Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyanı paylaşacaq.

Beləliklə, Azərbaycan həmtəsisçi olaraq 21 Yanvar 2026-cı il tarixində təşkilata üzv olduğunu təsdiq edib.

Yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib və tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər dövlət və hökumət başçıları ilə birgə “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalayıblar.

Sülh Şurasının Nizamnaməsi”nə ABŞ, Azərbaycan, Türkiyə, Ermənistan, Argentina, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Paraqvay, Kosovo, Səudiyyə Ərəbistanı, Özbəkistan və Vyetnam imza atıb. Donald Tramp “Sülh Şurasının Nizamnaməsi”nin sədri təyin edilib.

Beləliklə, İsveçrədə ilk təşəbbüs planı çərçivəsində 20 ölkə yeni təsisata qoşulub. Şura Qəzzanın demilitarizasiyası, yenidən qurulması və bölgəyə beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi kimi kritik məsələlərə nəzarət edəcəyini bəyan edib.

“Sülh Şurasının Nizamnaməsi”ni imzalayan liderlərin və Şuranın Sədri D.Trampın açıqlamalarından göründüyü kimi, Sülh Şurasının məqsəd və məramı, fəaliyyət prinsipləri açıq və konkretdir. Bu yeni bir dövrün və yeni mərhələnin başlanğıcıdır və bu yanaşma bütün dünya üçün mümkün olanın nümunəsi kimi çıxış edir. Sülh Şurası missiyası dünyanın müxtəlif bölgələrindən fərqli tarixi, dini və mədəni mənsubiyyətlərə malik ölkələri bir araya gətirəcək.

Bu isə yuxarıda adlarını qeyd etdiyimiz “komandanın” Şura haqqında yazdıqlarının qərəzli olduğunu, dəqiqləşdirilmədən saxta məlumat yaydıqlarını təsdiqləyir.

 Yeri gəlmişkən, yalan məlumatlardan biri də Ermənistanın Sülh Şurasına üzvlükdən imtina etməsi barədə idi ki, Nizamnaməyə imza atan ölkələr sırasında Ermənistanın Baş nazirinin olması bu iddianın da saxta olduğunu göstərir.

Sülh Şurasına üzv olan dövlətlərin, o cümlədən Azərbaycanın hansı öhdəlikləri üzərinə götürməsi, habelə “Sülh Şurası Nizamnaməsi”nin təsisçilərindən kimin “1 milyard dollar üzvlük haqqı” ödəyəcəyi barədə suallara gəlincə, məsələyə konkret cavab vermək üçün Sülh Şurasının dərc etdiyi Nizamnaməyə nəzər yetirmək lazımdır.

Şuranın Nizamnaməsində nə qeyd edilib?

“Sülh Şurası Nizamnaməsi”nin II Fəslinin 2-ci maddəsi (Üzv dövlətlər) üzvlüklə bağlı məsələləri nəzərdə tutur. Həmin maddənin 2.2 hissəsinin “C” bölməsi üzv dövlətin maddi məsuliyyətinə aiddir. Belə ki, hər bir üzv dövlət Nizamnamənin qüvvəyə minməsindən etibarən üç ildən çox olmayan müddətə Sülh Şurasında qalır və bu müddət Sədr tərəfindən yeniləndikdə uzadılır. Həmin yenilənmə, yəni müddətin artırılması Nizamnamənin qüvvəyə minməsindən sonrakı ilk il ərzində Sülh Şurasına 1 milyard ABŞ dollarından çox nağd pul vəsaiti ianə edən üzv dövlətlərə şamil edilmir. Bu o deməkdir ki, Şurada uzunmüddətli, yəni 3 ildən çox üzv qalmaq istəyən dövlətlər 1 milyard dolları ödəməlidir. 3 il müddətində Şurada üzv olan dövlətlər qarşısında isə 1 milyard dollar öhdəliyi yoxdur.

Xarici mənbələr də Sülh Şurasına qoşulan hər ölkənin 1 milyard dollar ödəməyəcəyi qeyd olunur. Belə ki, bu, daimi üzvlük haqqı kimi nəzərdə tutulub. Üç illik müddət üçün isə belə bir ödəniş tələb olunmayacaq.

Ağ Evdən “Bloomberg”-ə bildirilib ki, ölkələr Sülh Şurasına üç il ərzində pulsuz qoşula bilərlər, layihənin ilk ilində 1 milyard dollar ödəsələr, onlara daimi üzvlük statusu veriləcək.

ABŞ rəsmisinin sözlərinə görə, toplanan vəsait Qəzzanın yenidən qurulmasına yönəldiləcək.

Bu prizmadan yanaşdıqda, Azərbaycanın 1 milyard dolları o halda ödəməsi mümkün olar ki, dövlətimiz 3 ildən daha çox Şurada üzvlük qalmaq qərarı versin. Azərbaycan dövləti isə uzunmüdətli üzvlüklə bağlı mövqe bildirməyib.

“Modern.az” saytı apardığı araşdırma nəticəsində Azərbaycan Sülh Şurasına üzv olmaq üçün 1 milyard dollar ödəyəcəyinə dair iddianın reallığı əks etdirmədiyini bildirir. Sitat: “Azərbaycan 1 milyard dollar ödəyəcək” iddiaları ümumi qaydanın yanlış şərh edilməsindən qaynaqlanır. Azərbaycanın Şuraya təsisçi üzv kimi qoşulması avtomatik olaraq belə bir maliyyə öhdəliyi yaratmır”.

Yeri gəlmişkən, “Sülh Şurası”nda yer alan ölkələrin hansının 1 milyard dollar ödəyəcəyi barədə tanınmış ekspertlərin fikirlərinə rast gəlinir və onların qənaətindən da məlum olur ki, Azərbaycan həmin məbləği ödəməyəcək.

Mövzunu “qlobal.az” saytına şərh edən iqtisadçı Eldəniz Əmirov bildirib ki, üzv dövlətlər üçün üzvlük müddəti ümumi qaydada üç il olaraq müəyyən edilib və bu müddətin uzadılması yalnız Şura sədrinin qərarı ilə mümkündür. Nizamnamənin qüvvəyə mindiyi ilk il ərzində Sülh Şurasına 1 milyard ABŞ dollarından artıq vəsait köçürən dövlətlər üçün bu üçillik məhdudiyyət tətbiq edilmir.

Bu, yuxarıda qeyd etdiyimiz arqumentin – 1 milyard dolları 3 ildən artıq üzv olan dövlətlərin ödəmək öhədliyini təsdiq edir.

İqtisadçı Azərbaycanın Sülh Şurasında təmsil olunmasını beynəlxalq hüququn işləmədiyi mövcud qlobal geosiyasi şərait, Şuranın təşəbbüsçüsünün siyasi çəkisi, eləcə də ABŞ-Azərbaycan münasibətlərinin hazırkı dinamikası fonunda mühüm uğur hesab edir. Onun fikrincə, Azərbaycanın bu platformada təmsil olunması ölkənin strateji maraqları baxımından əhəmiyyətli və məqsədəuyğundur.

Bütün bu vurğuladıqlarımızın konteksində digər bir sual da yaranır. Sülh Şurasına 1 milyard dollar ödəməyən dövlətlər bu halda Qəzzadakı bərpa və humanitar quruculuğa hansı formada dəstək verəcəklər? 
“Sülh Şurasının Nizamnaməsi”ni imzalayan və üçillik iştirak formatında olan üzvlər yüksək məbləğdə maliyyə ödənişi tələbini yerinə yetirmədiyi halda, Şuranın fəaliyyətində humanitar yardım qismində proseslərə töhfə verəcək. Bundan əlavə, bəzi ölkələr üçün daha aşağı maliyyə töhfəsi mexanizmləri nəzərdə tutulur. Təşkilatın Nizamnaməsinin 5-ci maddəsindən (Maddə 5.1. Xərclər) də aydın olur ki, Sülh Şurasının xərclərinin maliyyələşdirilməsi üzv dövlətlərin üzvlük haqqı ilə yanaşı, digər mənbələrdən könüllü maliyyələşdirmə yolu ilə həyata keçiriləcək.

Bu o deməkdir ki, üzvlük haqqı ödəməyən ölkələr könüllü maliyyələşdirmədə iştirak etməklə Qəzzadakı humanitar böhranın aradan qaldırılmasına öz köməkliyini göstərəcəklər. Təbii ki, bu da məcburi xarakter daşımır və yaxud qəti öhdəlik deyil. Ancaq məsuliyyət və həmrəylik anlayışı onu şərtləndirir ki, Şura üzvləri tamamilə kənara çəkilib quruculuq missiyasından boyun qaçırmamalı, imkan daxilində dəstək verməlidirlər. Üzv ölkələr Sülh Şurası çərçivəsində həllini gözlənilən məsələlərdə özləri fəaliyyət planlarını təsdiq edərək müxtəlif formatlarda yardım göstərəcəklər.
Həmin yardımlar isə bir neçə milyon dollar ianə və humanitar dəstəklərdən ibarət ola bilər. Necə ki, Azərbaycan Şuraya daxil olmamışdan da əvvəl Fələstinə maddi dəstək verib, 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva “Fələstin üçün tək ürək” proqramına qoşularaq humanitar dəstəyini yüksək səviyyədə göstərib.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursunda müharibə və münaqişələrdən əziyyət çəkən dövlətlərə humanitar yardım və maddi dəstək göstərilməsi priorietlərdən biridir. Dövlət büdcəsindən hər il bir neçə milyon manat xarici yardımlara yönəldilir. Məsələn, 2026-cı ilin dövlət büdcəsində xarici yardımlar üçün 19 milyon manat nəzərdə tutulub.

Yekun olaraq:

- “Azərbaycan Sülh Şurasına 1 milyard dollar ödəyəcək” iddiaları yanlışdır;

- Azərbaycanın Şuraya təsisçi üzv kimi qoşulması heç bir maliyyə öhdəliyi yaratmır;

- Azərbaycanın Sülh Şurasına dəvət olunması ölkəmizin beynəlxalq humanitar təşəbbüslərə dəstəyinin nümunəsidir;

- Ölkəmiz müxtəlif münaqişə bölgələrində yaranan sülhə və quruculuğa töhfə verməklə, özünün humanist siyasətinə sadiqliyini nümayiş etdirir;

- Azərbaycanın fəlakətlə üzləşmiş ölkələrə və böhran yaşayan regionlara beynəlxalq həmrəylik platformasında aparıcı yer tutması xoşniyyətli reputasiyasına əsaslanır.

 

Oxşar məqalələr: