Axtarış

Select theme:

İranda Ali dini lideri necə seçirlər?

ABŞ və İsrail təyyarələri İran Ekspertlər Məclisinin ölkənin ali dini liderini seçmək üçün toplandığı Qum şəhərindəki binaya zərbə endirib.

İsrail ordusunun sözçüsü briqada generalı Efi Defri faktı təsdiqləyib. O, bildirib ki, İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın Ali dini liderini seçən ekspertlər məclisinin Qum şəhərindəki ofisinə zərbə endirib.  

Bəs, ümumiyyətlə İranda Ali dini liderin seçkisi necə keçirilir, hansı prosedurlardan keçilir?

Faktyoxla bu mövzunu araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, İran hazırda dilemma qarşısında qalıb və özü üçün yol seçməlidir: ya davamlılığı təmin etmək üçün varis təyin etməlidir, ya da düşmənlərinə yeni seçiləcək lideri hədəf olaraq göstərməmək üçün qərarı təxirə salmalıdır. Əslində İran Konstitusiyası hər iki versiyaya icazə verir, amma Konstitusiyada Ekspertlər Məclisindən Ali dini lideri tez bir zamanda seçmək tələb olunur. Ekspertlər hesab edirlər ki, varisin sürətli təyin edilməsi vacibdir, çünki bu situasiyada həm siyasi hakimiyyəti sakitləşdirmək, həm də milli böhran dövründə vəziyyəti stabilləşdirmək lazımdır. Amma burda bir risk var: aktiv münaqişə zamanı hakimiyyəti tək bir fiqurun ətrafında birləşdirmək onun tez bir zamanda hədəf halına gətirə bilər.

Ali dini lideri kim seçir?

İranın ən yüksək siyasi və dini hakimiyyətini seçmək vəzifəsini nüfuzlu bir qurum olan Ekspertlər Məclisi öz üzərinə götürür. İran Konstitusiyasının 107-ci maddəsində deyilir ki, "Lider təyinatı xalq tərəfindən seçilmiş ruhanilərə aiddir" və bu, məclisin ölkənin ən yüksək vəzifəli şəxsini yoxlamaq və təyin etmək səlahiyyətini vurğulayır. Lideri seçməklə yanaşı, qurum onun fəaliyyətinə nəzarət etməyə məsuldur və vəzifələrini yerinə yetirmədiyi təqdirdə onu vəzifədən azad etmək səlahiyyətinə malikdir.

Bu Məclis, ümumxalq səsverməsi ilə səkkiz il müddətinə seçilən 88 nəfər yüksək vəzifəli İslam hüquqşünasından və ruhanisindən (müctəhid) formalaşdırılır. Ölkənin hər əyaləti bu məclisdə öz əhali sayına görə təmsil olunur. Məsələn, Tehran 16, Rəzəvi Xorasan və Xuzistan hər biri 6, İsfahan, Şərqi Azərbaycan və Fars əyalətləri isə hər biri 5 yerlə böyük təmsilçiliyə malikdirlər. Lakin namizədlər bu məclisə daxil olmaq üçün əvvəlcə İnqilab Keşikçiləri Şurası tərəfindən aparılan çox ciddi yoxlamadan sonra təsdiqlənirlər. Maraqlıdır ki, bu Şura üzvlərinin yarısı Ali dini Liderin özü tərəfindən təyin olunur.

Bir sözlə, Ekspertlər Məclisi İran siyasi sistemində Ali liderin legitimliyini təmin edən əsas institutdur.

Qurumun vəzifəsi ölüm, istefa və fəaliyət qabiliyyətinin itirilməsi halında yeni Ali dini lideri təyin etməkdən ibarətdir. 1979-cu ildən etibarən İranda ancaq iki Ali dini lider olub: İslam Respublikasının qurucusu Ruhullah Xomeyni və 1989-cu ildə onun yerinə keçən Əli Xamneyi.

Qeyd edək ki, Məclisin ən son seçkiləri 2024-cü ildə keçirilib və hazırda ona ölkənin qocaman ruhanilərindən Məhəmməd Əli Müvahidi Kermani rəhbərlik edir.

Bəs yeni ali dini lider necə seçilir?

Varisi seçmək üçün Məclis qapalı iclasda toplanır. Üzvlər potensial namizədləri nəzərdən keçirir, onların ixtisaslarını qiymətləndirir və səs verirlər. Səs çoxluğu kifayətdir. Əgər heç bir namizəd Konstitusiya meyarlarına tam cavab vermirsə, üzvlər ümumi liderlik qabiliyyətinə əsasən bir şəxsi seçə bilərlər. Müzakirələrin məxfiliyi qorunur və nəticə yalnız qərar qəbul edildikdən sonra elan edilir.

Ali dini lider hansı xüsusiyyətlərə malik olmalıdır?

İran Konstitusiyasına görə lider aşağıdakı keyfiyyətlərə sahib olmalıdır:

1. Yüksək dini bilik

  • şiə fiqhinin böyük alimi (müctəhid) olmalıdır
  • dini hökmlər çıxarmaq qabiliyyətinə malik olmalıdır.    

2. Ədalət və dini nüfuz

  • cəmiyyətdə əxlaqi, mənəvi və dini nüfuz sahibi olmalıdır
  • şəxsi həyatı və davranışı nümunə sayılmalıdır.

3. Siyasi və idarəetmə qabiliyyəti

  • dövlət idarə etmək bacarığı
  • siyasi uzaqgörənlik.

4. Cəsarət və liderlik

  • böhran vəziyyətlərində qərar vermək qabiliyyəti
  • ölkəni idarə edə biləcək liderlik.

Xüsusi qeyd. 1979-cu ildə qəbul edilən Konstitusiyaya görə Ali lider: mərceyi-təqlid (marja-e taqlid) olmalı, yəni şiə dünyasında ən yüksək dini avtoritetlərdən biri sayılmalı idi.

Bu prinsip Ruhullah Xomeyni üçün uyğun idi, çünki o artıq böyük dini lider hesab olunurdu.

1989-cu ildə Konstitusiya dəyişikliyindən sonra “lider müctəhid səviyyəsində dini alim olmalıdır, mərceyi-təqlid olmaq məcburi deyil” məzmununda tələb qoyuldu.

Bu dəyişiklik əsasən, Əli Xamneyinin yeni ali dini lider seçilməsini mümkün etmək üçün edilmişdi, çünki o vaxt o, mərceyi-təqlid hesab olunmurdu.

Qeyd edilən dəyişiklik 1989 İran Konstitusiya Referendumu ilə təsdiqlənib.

Şiə dini iyerarxiyasında ruhanilərin elmi və dini nüfuzuna görə bir neçə qeyri-rəsmi titul mövcuddur. Ən çox işlənən üç titul höccətül-islam, ayətullahmərceyi-təqliddir. Bunlar rəsmi dövlət vəzifəsi deyil, daha çox elmi səviyyə və dini nüfuzun göstəricisi sayılır.

1. Ərəb dilində mənası “İslamın dəlili / sübutu” olan “Höccətül-islam” (Hujjat al-Islam) şiə ruhaniləri arasında orta səviyyəli dini alim sayılır. Adətən bu şəxslər

  • dini seminariyada (hövzədə) uzun illər təhsil almış olur;
  • fiqh və islam hüququnu yaxşı bilir;
  • məscidlərdə və dini institutlarda fəaliyyət göstərir;
  • bəzən müəllim və ya dini hakim kimi işləyirlər.

Bu titul çox vaxt müctəhid olmamış, amma yüksək təhsilli ruhanilərə verilir.

2. Ərəb dilində mənası: “Allahın əlaməti” olan “Ayətullah” (Ayatollah) titulu yüksək səviyyəli dini alimlərə verilir. Adətən ayətullahlar

  • müctəhid olur (yəni müstəqil dini hökmlər çıxarmaq qabiliyyəti olan);
  • dini seminariyada dərs deyə bilir;
  • dini məsələlərdə öz dini-hüquqi fikirlərini (fətva) bildirə bili

Bir çox məşhur şiə alimləri, məsələn, Əli Xamneyi bu tituldan istifadə edirdi.

3. Mənası “təqlid ediləcək dini mənbə” olanMərceyi-təqlid” (Marja-e Taqlid) titulu şiə dünyasında ən yüksək dini nüfuzlu alimlərə verilir.

Xüsusiyyətlər

  • çox yüksək fiqh bilikləri olur;
  • milyonlarla mömin ona dini məsələlərdə təqlid edir;
  • öz hüquqi kitabını (risalə) yazır;
  • ona dini vergilər (xums və s.) göndərilə bilər.

Hazırda ən məşhur mərceyi-təqlidlərdən biri, İraqın Nəcəf şəhərində yaşayan Əli əl-Sistanini göstərmək olar.  

Qısa olaraq şiə dini iyerarxiyasını belə təsvir etmək olar: Höccətül-islam → Ayətullah → Mərceyi-təqlid

Burada bir məqamı da qeyd edək. Əli Xamneyinin “Ayətullah” titulundan əvvəl “Əl-uzma” ifadəsi də işlədilirdi. Bu sözün mənası nədir? “Əl uzma” şiə dini titulunda işlənən ifadədir və “ən böyük”, “ən uca”, “ali” mənasını verir. Bu söz, əsasən “Ayətullah əl-uzma” titulunun tərkibində istifadə olunur.

“Ayətullah əl-uzma”ən böyük ayətullah” deməkdir və bu titul adətən mərceyi-təqlid olan (yəni möminlərin dini məsələlərdə təqlid etdiyi) ən yüksək dini alimlərə verilir.

Başqa sözlə: Ayətullah əl-uzma ≈ mərceyi-təqlid

Məsələ bundadır ki, Əli Xamneyi mərceyi-təqlid olmayıb, o səbəbdən tituluna “Ayətullah əl-uzma” əlavə edilib ki, səbəbi yuxarıda qeyd etdik. 

İran Konstitusiyasının 109-cu maddəsinə görə Ali lider:

  • fiqh üzrə yüksək dini bilik (ijtihad)
  • ədalət və təqva
  • siyasi və idarəetmə bacarığı
  • liderlik qabiliyyəti

kimi xüsusiyyətlərə malik olmalıdır.

Ali dini liderin səlahiyyətləri

İranda siyasi sistem iki səviyyəli hakimiyyət modelidir:

1. dini-siyasi rəhbərlik

2. seçilmiş icra hakimiyyəti

Bu sistemin mərkəzində Ali dini lider (Rahbar) dayanır və o, faktiki olaraq ölkənin ən güclü şəxsidir.

Ali dini lider İran Konstitusiyasına görə dövlətin strateji və təhlükəsizlik siyasətinə nəzarət edir. 

1. Silahlı qüvvələrin baş komandanı

  • ordunun, SEPAH-ın və təhlükəsizlik strukturlarının rəhbəridir. 

2. Əsas dövlət rəhbərlərini təyin edir

  • məhkəmə hakimiyyətinin rəhbərini;
  • dövlət televiziyasının rəhbərini;
  • Silahlı Qüvvələrin Baş komandanlığını;
  • Keşiçilər Şurasının (Guardian Council) üzvlərinin bir hissəsini.

3. Prezidentə nəzarət

  • prezidentin seçilməsini rəsmi təsdiqləyir
  • lazım gəlsə onu vəzifədən uzaqlaşdırmaq mexanizmini başlada bilər.

4. Strateji qərarlar

  • müharibə və sülh
  • nüvə siyasəti
  • xarici siyasətin əsas xətti.

Sonda qeyd edək ki, mediada İranın mərhum ali dini lideri Seyid Əli Xamneyinin oğlu Müctəba Xamneyinin atasının postuna təyin edilməsi barədə məlumat yayılıb.

Göründüyü kimi:

  • İranın ən yüksək siyasi və dini hakimiyyətini seçmək vəzifəsini nüfuzlu bir qurum olan Ekspertlər məclisi öz üzərinə götürür.
  • İran Konstitusiyasının 107-ci maddəsində deyilir ki, "Lider təyinatı xalq tərəfindən seçilmiş ruhanilərə aiddir" və bu, məclisin ölkənin ən yüksək vəzifəli şəxsini yoxlamaq və təyin etmək səlahiyyətini vurğulayır.
  • Namizədin dini hökmlər çıxara bilən görkəmli İslam hüquqşünası (fəqih) olması, İslam icması daxilində mənəvi səlahiyyətə və liderliyə malik olması, liderlik bacarıqlarına, cəsarətə, sosial və siyasi gündəmi anlayışının olması olduqca vacibdir

Oxşar məqalələr: