Axtarış

Select theme:

Mikrodalğalı soba vitaminləri məhv edir və xərçəng yaradır?

Mikrodalğalı sobalar artıq çoxdan gündəlik həyatımızın bir hissəsinə çevrilsə də, hələ də bu məşişət texnikasının ətrafında çoxsaylı miflərin yaranması davam edir. Bəzi insanlar mikrodalğalı sobaların qidadakı bütün faydalı qida maddələrini məhv etdiyinə inanır, digərləri isə radiasiya və potensial sağlamlıq risklərindən narahatlıq keçirirlər.

Gəlin müasir elmin bu iddialar barədə nə dediyini nəzərdən keçirək.

Mikrodalğalı soba müəyyən bir tezlikdə elektromaqnit dalğaları yaradaraq işləyir. Bu dalğalar qidadakı su molekullarının sürətlə hərəkət etməsinə və istilik ayrılmasına səbəb olur. Anlamaq vacibdir ki, bu, qeyri-ionlaşdırıcı radiasiya növüdür. Rentgen şüalarından və ya radioaktiv şüalanmadan fərqli olaraq, o, DNT-yə zərər verə, mutasiyalara səbəb ola və ya qidanı radioaktiv edə bilməz.

Ən geniş yayılmış miflərdən biri “mikrodalğalı sobada qızdırıldıqdan sonra qidanın "şüalanmaya" məruz qalması” iddiasıdır. Bu, həqiqətəuyğun deyil.

Cihaz söndürüldükdən sonra qidanın tərkibində heç bir mikrodalğa qalmır — eynilə lampa söndürüldükdən sonra paltarın üzərində heç bir işığın qalmadığı kimi.

Digər geniş yayılmış inanc isə mikrodalğalı sobaların bütün vitaminləri məhv etməsidir. Reallıqda isə, istiliyin tətbiq olunduğu istənilən bişirmə üsulunda qida maddələrində müəyyən qədər itki baş verir. Əslində, mikrodalğalı sobada bişirmə prosesi daha az zaman və daha az su tələb etdiyindən bu məişət texnikası, bəzən vitaminləri qaynatma və ya uzunmüddətli vam xodda bişirmə üsullarına nisbətən daha yaxşı qoruya bilir.

Müasir mikrodalğalı sobalar əhəmiyyətli miqdarda mikrodalğalı enerjinin xaricə sızmasının qarşısını alan qoruyucu (ekranlaşdırma) sistemlərlə təchiz edilmişdir. Cihaz saz vəziyyətdə olduqda, sobanın xaricindəki radiasiya səviyyəsi müəyyən edilmiş beynəlxalq təhlükəsizlik limitlərindən xeyli aşağı olur. Sağlamlıq baxımından, düzgün işləyən mikrodalğalı soba işlək vəziyyətdə olarkən ondan uzaq durmağa heç bir ehtiyac yoxdur.

Bununla belə, müəyyən ehtiyat tədbirlərinə riayət etməkdə fayda var. Zədələnmiş, xüsusilə qapısı deformasiyaya uğramış və ya kiçik dərzləri (kipləşdiriciləri) qüsurlu olan mikrodalğalı sobalardan istifadə edilməməlidir. Həmçinin, üzərində xüsusi olaraq "mikrodalğalı soba üçün yararlıdır" (microwave-safe) qeydi olan qabları seçmək vacibdir, çünki bəzi plastik növləri qızdırıldıqda arzuolunmaz maddələr ifraz edə bilər.

Digər vacib məqam isə qızdırılmanın bərabər paylanmasıdır. Mikrodalğalı sobalar qidanı qeyri-bərabər qızdıra bilər, ona görə də hazır yeməkləri — xüsusilə də tərkibində ət, balıq və ya yumurta olanları — yenidən qızdırarkən yeməyi qarışdırmaq və onun hər tərəfinin tam qızdığına əmin olmaq tövsiyə olunur.

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-nin Qida və Dərman Vasitələrinin Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) daxil olmaqla, aparıcı beynəlxalq təşkilatlar təhlükəsizlik qaydalarına uyğun və düzgün şəkildə istifadə edilən saz mikrodalğalı sobaları sağlamlıq üçün risk mənbəyi hesab etmirlər.

Nəticə olaraq, mikrodalğalı sobaların qidanı "radioaktiv" etməsi, xərçəng yaratması və ya insan sağlamlığına ciddi təhlükə törətməsi barədə inanclar elmi sübutlarla təsdiqlənmir. Düzgün istifadə edildikdə, mikrodalğalı soba qidaların bişirilməsi və qızdırılması üçün gündəlik istifadə edilə bilən təhlükəsiz bir məişət cihazı hesab olunur.

Oxşar məqalələr: