“Absurd qərar qəbul ediblər. Sən demə, açıq havada da maska, yaxud Covid pasportu tələb edəcəklər. Əvvəla, açıq havada nə maska? Lap tutaq ki, maska tələb etdin. 50 nəfərlik toyda maska ilə yoluxma riski olmayacaqsa, hansı məntiqlə 150 nəfərdə olacaq?”  Bu fikirlər  “Azadlıq”  qəzetinin feysbuk səhifəsində dərc edilən bir  paylaşımda  əksini tapıb.  Yazıda əlavə olunub ki,  açıq havada toyda maska taxmaq tələbi  gülüncdür.

Saxta.info  bu fikirlərin nə dərəcədə  etibarlı olub-olmadığını yoxlayıb.

Xatirladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah  iyun ayının 22-də  şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. Qərara əsasən iyulun 1-dən bir sıra şərtlər nəzərə alınmaqla  toy, nişan, ad günləri və s. keçirmək mümkün olacaq.

Şərtlərə gəlincə,  50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində

-yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd olduğu halda icazə verilir, həmçinin şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir.

- bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (2021-ci il avqustun 1-dək birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması qəbul olunur). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin  “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və  həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması  tələb olunmur;

Amma Operativ Qərargahın qərarında  və metodiki təlimatda açıq hava üçün nəzərdə tutulan tədbirlərlə bağlı hər hansı məqam əksini tapmayıb.  

Sənəddə əksini tapan digər tələbələrə gəlincə

-şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az)  daxil edilməldir.

- keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət qrup tərəfindən nəzarət oluncaq.

Tələblərə əməl etməyən fiziki şəxslər 200  manatdan  400 manatadək, vəzifəli şəxslər  4000  manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 5000  manatdan  11000 manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisə bağlanıla bilər.

Onu da xatırladaq ki, Operativ Qərargah may ayının 31-də açıq havada maska taxma tələbəni ləğv edib, bundan başqa şəhərlərarası avtobus marşrutlarının və Bakı metrosunun fəaliyyəti bərpa olunub,  10 iyun tarixində isə  məscidlər, həmçinin  ticarət mərkəzləri,  çimərliklər açılıb.

Bu arada, hazırda Azərbaycanda iaşə müəssisələrinin fəaliyyətinə qoyulan bəzi məhdudiyyətlət  davam edir.  Belə ki,  bu il fevralın 1-dən etibarən kafe və restoranlar açılsa da cədvələ uyğun olaraq saat 06.00-dan 00.00-dək vaxt müəyyənləşdirilib. Eyni zamanda, masalar düzülərkən 2 metr ara məsafəsi qoyulur, masada 6 nəfərin oturmasına icazə verilir. Həmçinin  açıq havada maska tələbi ləğv edilməzdən də öncə masa arxasında oturan şəxslərə maskalarını  çıxarmağa icazə verilirdi.   Kafe və restoranın işçi heyəti üçünsə maska taxmaq tələbi qüvvədədir. Həmçinin  iaşə müəssisəsi  tutumunun  50% -i qədər müştəri qəbul edə bilər.

Yeri gəlmişkən,  koronavirus pandemiyası ilə əlaqədar olaraq dünyanın bir çox ölkəsində ictimai yerlərdə bu tipli tədbirlər nəzərdə tutulur.

Məsələn, Almaniyanın Hamburq şəhərində açıq terraslar istisna olmaqla kafe və restoranlara  giriş  zamanı tam peyvəndləməyə dair COVID-19 pasportu,  yoluxub sağalan şəxslər üçün immunitet sertifikatı, yaxud ən azı  koronavirus testinin mənfi çıxmasına dair arayış tələb olunur.   

Xüsusi toplantılar iki ailədən olan beş iştirakçı ilə məhdudlaşır. 20 nəfərin açıq havada idmanla məşğul olmasına icazə verilsə də qapalı yerdə təmassız idman növləri ilə maksimum 10 nəfər məşğul ola bilər. Ancaq bu da  koronavirusla bağlı testin  mənfi  olmasına dair arayış təqdim etdikdən sonra mümkündür. Oxşar qaydalar Almaniyanın paytaxtı Berlində də tətbiq olunur. Almaniyanın bir sıra əyalətlərində epidemioloji vəziyyətdən asılı olaraq daha az sərt məhdudiyyətlər mövcuddur.

Toy və ya buraxılış mərasimlərində 100 nəfərə qədər şəxsin iştirakına icazə verilir. Bu cür əyləncələrə qatılan şəxslərdən koronavirus testi tələb olunur.  Açıq hovuzları və idman salonlarına giriş üçün COVID-19 testinə ehtiyac yoxdur. Qapalı teatrlar və kinoteatrlar 250-yə qədər, açıq şəraitdə isə 500-ə qədər qonaq qəbul edə bilər.  Hazırda Almaniyada izdihamlı tədbirlərə icazə verilməsi məsələsi hökumətdə müzakirə olunur.

İngiltərədə  toylarda iştirak sayı ilə bağlı ötən ilin  mart ayından tətbiq olunan  30 nəfərlik hədd bu günlərdə  yenidən qüvvədə saxlanılıb.   İyun ayının 9-dan etibarən Fransada restoran, kafe və barlar qonaqlara qapalı şəraitdə xidmət göstərə bilər, lakin həmin obyektlər tutumlarının 50 %-ə qədərində müştəri qəbul edə biləcək.  Bir masada isə maksimum altı nəfərin əyləşməsinə icazə verilir.  İtaliyada da artıq bar və restoranlar qonaqları qapalı yerlərdə qəbul edir, amma bir masada  4 nəfər əyləşmək şərtinə əməl olunmalıdır.

İyun ayının 1-dən Türkiyədə də müəyyən şərtlər daxilində qapalı və  açıq məkanlarda   toyların keçirilməsinə icazə verilib.

Nəticə olaraq qeyd edək ki, Nazirlər Kabinetinin məlum qərarında “açıq havada toylarda maska ​​taxma tələbi” öz əksini tapmayıb.

Saxta.info  bu  qənaətə  gəlib ki,  “Azadlıq” qəzetinin feysbuk səhifəsində irəli sürülən iddia  əsassızdır  və  manipulyasiya  xarakteri  daşıyır.