Belçika Erməni Milli Komitəsi bu ölkənin Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri  Sofi Vilmesə məktub ünvanlayıb. Məktubda başqa ölkələrin diplomatları ilə birlikdə Belçika səfirinin də  “Artsax Respublikasının işğal olunmuş ərazilərinə” səfərinin pislənildiyi qeyd edilib.  "Armenpress"in verdiyi məlumata görə,  məktubda iddia olunub ki,  Belçika diplomatı bu dəvəti qəbul etməklə əslində, Azərbaycanın apardığı  təbliğatının  iştirakçısına çevrilib.

Öncə  Belçikada  Erməni Milli Komitəsi adlı siyasi və ya ictimai  təşkilatın mövcudluğunu  əks etdirən ingilis dilində  rəsmi, hətta qeyri-rəsmi bir veb saytın olmaması ilə başlayaq.  Sosial şəbəkələrdə aparılan axtarış da istənilən nəticəni vermədi.

Feysbukda erməni istifadəçilərin səhifələrində, həmçinin oxşar  CDCA Belgique - Comité de Défense de la Cause Arménienne - Hay Tad Belgium və EAFJD və  European Armenian Federation for Justice and Democracy   səhifələrində də  bu məktuba rast gəlinmir.   Açar sözlərlə axtarış yalnız bir mənbəyi -  "Armenpress"i  göstərir.

Mətni ABŞ-ın erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinə "bağlamaq" cəhdi də nəticə vermədi. Belçika Xarici İşlər Nazirliyinin saytında belə bir məktub tapılmadı.

Nəhayət məktubun mətnini fransız dilli - Comité des Arméniens de Belgique-də (Belçika  Erməni  Komitəsi) Facebook səhifəsində  tapdıq. "Məlumat" sütununda komitənin Belçikadakı erməni icmasının icra orqanı olduğu bildirilir, lakin Facebook  onu "yerli şirkət" kimi təsnif edir. Həm də “Armenpress”in təqdimatından fərqli olaraq səhifənin başlığında “milli” sözü yoxdur.

Sadalanan detallar və ən əsası rəsmi veb saytın olmaması komitənin qanuniliyi,  ictimai-siyasi əhəmiyyəti barədə şübhə doğurur.

Xatırladaq ki,  söhbət  Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatın 100-dək nümayəndəsinin 9-10 iyul tarixlərində Şuşa şəhərinə   səfərindən gedir.   Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzairin diplomatik korpus, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Ümumdünya Səhiyyə Təşkilatının  nümayəndələri  və  digərləri  qatılmışdılar.  

Səfərin məqsədi xarici diplomatları Şuşada aparılan yenidənqurma və bərpa işləri ilə yanaşı, bu şəhərin orijinal memarlığı, Azərbaycan xalqının milli və mədəni irsi ilə tanış etmək idi. Bundan əvvəl  Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın bölgələri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərə oxşar  səfərlər  təşkil edilmişdi.  Xarici diplomatlar erməni vandalizminin nəticələri, həmçinin bölgədə aparılan  yenidənqurma işləri ilə  tanış olmuşdular.

Nəzəri olaraq  sözügedən təşkilatın, yəni Belçika  Erməni Milli Komitəsinin  mövcud olduğunu, eyni zamanda ictimai- siyasi fəaliyyət göstərdiyini  düşünək.  Hətta bu halda belə  fəaliyyəti ölkəsinin xarici siyasətini milli maraqlar çərçivəsində formalaşdırmaq və həyata keçirməkdən ibarət olan suveren bir dövlətin  Xarici İşlər Nazirliyinə hansı iddiaları irəli sürə bilər?

Əslində  Belçikanın Azərbaycandakı səfiri  xarici diplomatlarla birgə Şuşaya səfər etməklə bu ölkənin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqlədi.

Qeyd edək ki, Brüsselin rəsmi siyasəti fonunda, erməni lobbi təşkilatları Belçika parlamenti vasitəsilə dövlətin mövqeyini dəyişmək üçün davamlı səy göstərirlər.  Xatırladaq ki, ötən ilin dekabr ayında, bu ölkənin parlamentinin aşağı palatası anti-Azərbaycan və antitürk məzmunlu  qətnamə qəbul edib, Qarabağdakı hərbi əməliyyatları pisləyib,  hökuməti müharibədən əziyyət çəkən əhalini  xilas etməyə çağırıb.

Yeri gəlmişkən,   ötən ilin dekabrında Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Belçika Krallığında işgüzar səfərdə   olan xarici işlər naziri Ceyhun Bayramov bu məsələni qaldırıb.  Nazir  Belçika Krallığının Baş Nazirinin müavini -  Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal  mədəniyyət institutları üzrə naziri  Sofi  Vilmes ilə  görüşdə Belçika parlamenti tərəfindən Azərbaycana və qardaş Türkiyəyə qarşı əsassız iddialar ehtiva edən qətnamə qəbul edildiyini,  rəsmi Bakının  bu qətnamədən narazı  qaldığını diqqətə çatdırıb.   Sofi  Vilmes  isə  ölkəsinin rəsmi mövqeyini xatırladaraq, Belçika tərəfindən dövlətlərarası münasibətlərdə hər zaman beynəlxalq hüququn normalarının rəhbər tutulduğunu qeyd edib.

Nəticə olaraq qeyd edək ki,  Belçika Krallığı ərazisində fəaliyyət göstərən və az tanınan erməni təşkilatının  açıqlamaları  bu dövlətin rəsmi siyasəti fonunda təsirli ola bilməz.  Bu cür siyasi demarşın yeganə məqsədi, ölkədə ictimai rəyə təsir etmək,  daxili siyasi arenada özünü göstərmək cəhdi ola bilər.

Bu qənaətə gəlirik ki,  Belçikadakı Erməni Komitəsi faktlarla manipulyasiya etməyə cəhd göstərib.