“Qəbirlərin təhqir edilməsi, mədəniyyət abidələrinin dağıdılması “türk kimliyi” nin bir hissəsidir.  Mədəni abidələrin, məbədlərin dağıdılması, tarixi izlər  silmək, ərazilərini işğal etdikləri xalqların mədəni irsini məhv etmək, barbarlıqlarına özlərini İslamın və bütün dünya müsəlmanlarının müdafiəçiləri kimi təqdim edərək dini mübarizə kölgəsi vermək cəhdləri ilə müşayiət olunur. Bu iddia ilə ermənilərin  infoteka24 saytı  çıxış edib.

Sayt bu iddiasına nümunə olaraq,  İkinci Qarabağ Müharibəsi zamanı bir Azərbaycan əsgərinin Qarabağda basdırılan  erməni işğalçısının məzar daşına təpik vurması ilə bağlı  sosial şəbəkələrdə yayılan videonu göstərib.

Erməni nəşrinin açıqlamalarının yalan olduğunu sübut edən əsas fakt, Ermənistandan fərqli olaraq, Azərbaycanda  bu cür qanun pozuntularına yol vermiş şəxslərin döyüş əməliyyatları zamanı və ya dinc dövrd   olmasına baxmayaraq  cinayət məsuliyyətinə cəlb edilməsidir.

Belə ki,  ötən ilin dekabr ayında erməni hərbi qulluqçularının meyitləri və ermənilərə məxsus qəbir daşları üzərində təhqiredici hərəkətlərə yol verməkdə təqsirləndirilən 4 nəfər hərbi qulluqçu həbs edilib. Bununla bağlı Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki,   bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılan Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və  245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət)  maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələri, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri aşkarlanıb.   R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Baş Prokurorluğu bəyan edib ki, Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən  qeyd olunan cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən azərbaycan xalqının mentalitetinə ziddir. Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək.

Baş Prokurorluğun açıqlaması Azərbaycan dövlətinin bu kimi faktlara münasibətini nümayiş etdirir.  Bu arada, Azərbaycan ərazilərinin 30 il davam edən işğalı dövründə  Ermənistanda  bir dənə də olsun bu tipli cəaz faktı qeydə alınmayıb.

Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağın və ətraf  7  rayonun  onilliklərlə davam edən işğalı zamanı yalnız yaşayış məntəqələrini deyil, azərbaycanlıların dəfn edildiyi qəbiristanlıqları da dağıdıblar. Ermənilərin törətdiyi bu vandalizm aktlarının mənzərəsi  İkinci Qarabağ müharibəsi nəticəsində tarixi Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra daha aydın göründü..

Azərbaycanın azad edilmiş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam bölgələrindəki yaşayış məntəqələri tamamilə dağıdılıb və indi “ruhlar şəhərləri"ni xatırladırlar. Bu ərazilərdəki qəbiristanlıqlar da eyni aqibəti yaşayıb.  Ermənilər qəbirləri  təhqir edib,  hətta məzar daşlarının bir hissəsini  Ermənistana aparıblar.

Doğma yurdlarına qayıdan azərbaycanlılar yaxınlarının məzarlarını ziyarət etmək istəsə də əksəriyyəti məzarları tapa bilmir. Çünki emənilər məzarları təkcə dağıtmaqla kifayətlənməyib,  qeyd edildiyi kimi baş daşlarını da aparıblar.

Cəbrayıl şəhər  qəbiristanlığı da digərləri kimi ermənilər tərəfindən dağıdılıb. Qəbiristanlıqda bir dənə də olsun məzar qalmayıb. Burada hətta  insan qalıqları olan açıq məzarlara da rast gəlmək mümkündür.

Erməni vandallar  tərətdikləri əməllərə görə  Ermənistanda heç bir təzyiqlə üzləşməyəcəklərini bildiklərindən  işğal illərində foto və videoları sosial şəbəkələrdə yayıblar.  Məsələn, Facebook-un erməni seqmentində yayılan bu foto işğal altındakı Ağdamda ermənilər tərəfindən dağıdılmış bir qəbiristanlıqda çəkilib.  Əyinində hərbi şalvar, ayağında  çəkələk olan  bu şəxs  azərbaycanlılara aid məzarları təhqir edərək  erməni işğalçılarının xüsusi "dəyərlərini" və "sivilizasiyadakı rollarını” nümayiş etdirir.  Öz hərəkətlərindən qürur duyan bu erməni vandal  qəbir daşlarının yanında nalayiq pozalar verir və  qəbirləri tapdalayır.

Bir neçə il əvvəl sosial şəbəkələrdə Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun qəbrinin dağıdıldığı əks olunan video yayılmışdı.  "Bakıya qədər gedəcəklərini”  deyən  Arşak Zakaryanın təşəbbüsü ilə vandallar qəbir daşını ağır çəkiclə  darmadağın etmişdilər.   Qeyd edək ki, Azərbaycanın Milli qəhrəmanı A.Bağırov Ağdamdakı Şəhidlər Xiyabanında dəfn edilib. İşğalçılar onun məzar daşını sökərək Xankəndinə aparıb, şəhərin mərkəzində dağıdıblar.

Rusiyalı hərbi ekspert,  “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko  öz sosial şəbəkə hesabında qeyd edib ki,  ermənilər üçtərəfli bəyanatın tələbinə əsasən Ağdam rayonunu tərk edərkən  məzarları açaraq  meyitlərin qalıqlarını  çölə atıblar.

Ermənistandakı Azərbaycan qəbiristanlıqları da  kütləvi şəkildə  təhqirlərə məruz qalıb.

Füzulidə dağıdılmış qəbilər. 

Erməni barbarlığının ən dəhşətli sübutlarından biri də  Azərbaycan şairi Natəvanın məzarının təhqir olunmasıdır.  Məşhur fotoqraf Reza Deqati Xurşidbanu Natəvanla bağlı paylaşım edib.
Deqati izləyicilərin diqqətinə çatdırıb ki, Natəvan Qarabağın son xanının varisi olub və ailənin sərvətinin böyük hissəsini humanitar fəaliyyətə sərf edib.
Fotoqraf ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini vurğulayıb: “Şəhər 2020-ci ilin  noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”.

Bu yaxınlarda teleqramda erməni işğalçılarının qeyri-insani rəftarını sübut edən görüntülər yayılıb.  Ağdam rayonunun Sarıcalı kənd sakini  Xəqani Əliyev  kənd işğal ediləndə  ermənilər tərəfindən qətlə yetirilən   8 yaşlı oğlunu  öz həyətində alça ağacının dibində dəfn edib.  28 il sonra Ağdam azad edildikdən sonra  kəndə dönən ata  məzarı tapır, amma ermənilərin  uşağın meytinin qalıqlarını təhqir etdiyi  məlum olub.

Qəbirlərin təhqir edilməsi və ölənlərin alçaldılmasının erməni kimliyinə xas olduğunu onların öz hərbçilərinə qarşı törətdikləri əməl sübut edir.  Bir neçə il əvvəl 2016-cı il aprel döyüşləri zamanı ölən erməni əsgərlərinin məzarları alçaldılmışdı. Bu barədə Daşnaksutyun təşklilatın üzvü  Artur Yeqiazaryan Facebook səhifəsində yazıb,  həmçinin  video paylaşmışdı.

Fkatlar sübut edir ki,  qəbiristanlıqlara və ölülərə qarşı vandalizm  erməni millətçilərinə xas olub.  Bunu həm ermənilər tərəfindən bu cür cinayətlərin kütləvi şəkildə törədilməsi,  həm də bu cinayətlərə qarşı heç bir cəza tədbirlərinin görülməməsi sübut edir. Bunun əksinə olaraq Azərbaycanda belə hallar nadir sayılır və  buna görə  cinayət işi açılır.

Bu qənaətə gəlirik ki,  erməni internet nəşrinin ittihamları əsaslı deyil və bu, diqqəti ermənilərin öz cinayətlərindən yayındırmaq məqsədi daşıyır.