Axtarış

Select theme:

Təhlükəsiz alkoqol dozası varmı?

Qısa xülasə

Müasir elm “təhlükəsiz alkoqol miqdarı” fikrini təsdiqləmir. Yəni düşünülür ki, hətta az miqdarda istifadə belə xəstəlik riskini artırır və bəzi hallarda, isti iqlimdə, xüsusən də müəyyən xəstəliklərin müalicəsi üçün yazılmış dərmanlarla və ya qazlı içkilərlə birlikdə qəbul edildikdə, alkoqol xüsusilə təhlükəli, hətta ölümcül ola bilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mövqeyi

ÜST rəsmi olaraq bildirir:

Sağlamlıq üçün təhlükəsiz spirtli içki istehlakı miqdarı yoxdur.

Əsas faktlar:

  • Alkoqol 1-ci qrup kanserogen kimi təsnif edilir
  • Xərçəng riski ilk dadmadan başlayır
  • Nə qədər az spirt qəbul etsəniz, risk bir o qədər aşağı olur; sıfır risk yalnız tam imtinada mümkündür

Vacibdir: Əvvəllər məşhur olan "orta” səviyyədə içmə anlayışı təhlükəsizlik demək deyil, sadəcə hədsiz çox istifadə ilə müqayisədə aşağı risk kimi başa düşülməlidir.

Niyə alkoqolun kiçik miqdarda qəbulu belə zərərlidir?

Hətta az miqdarda spirtli içki:

∙ ağız boşluğu, boğaz, qida borusu, qaraciyər, yoğun bağırsaq və döş xərçəngi riskini, 

∙ qan təzyiqini artıra bilər

∙ qaraciyər və mədəaltı vəziyə mənfi təsir göstərir

∙ yuxu keyfiyyətini və sinir sisteminin fəaliyyətini pozur

∙ bədəndə iltihabi prosesi artırır

Əvvəllər mövcud olan “orta miqdar”da istehlakın "ürək üçün faydaları" artıq metodoloji cəhətdən şübhəli hesab olunur və müəyyən edilmiş riskləri üstələmir.

Kimlərə alkoqol qadağandır?

Alkoqol aşağıdakı xəstəlikləri olan insanlar üçün xüsusilə təhlükəlidir və ya əks göstəricilidir:

∙ qaraciyər xəstəlikləri (hepatit, yağlı qaraciyər, sirroz)

∙ mədə və mədə-bağırsaq xəstəlikləri (qastrit, xora, pankreatit)

∙ ürək-damar xəstəlikləri

∙ diabet

∙ nevroloji və ruhi xəstəliklər, epilepsiya

∙ onkoloji xəstəliklər

∙ Maddələr mübadiləsi pozuntuları

 Hamilələr və ya südəmər övladı olanlar

Hətta minimal miqdarda spirtli içki belə, dölün spirt sindromuna və beyin və orqanlarında inkişaf qüsurlarına səbəb ola bilər. Nəzərə alaq ki, hamiləlik dövründə “təhlükəsiz doza” məvhumu yoxdur.

Uşaqlar və yeniyetmələr

Alkoqol beyinin inkişafını pozur, yetkinlik dövründə asılılıq riskini və xəsarətalma, bədbəxt hadisələrin başvermə ehtimalını artırır.

Dərman preparatları qəbul edənlər

Antibiotiklər, antidepresantlar, trankvilizatorlar, ağrıkəsicilər (xüsusən də parasetamol tərkibli dərmanlar), yuxugətirici həbləri və psixotrop dərman qəbul edənlərdə alkoqolun istənilən dozada qəbulu təhlükəli şəkildə əks təsir göstərə bilər. Bu cür kombinasiyalar nəfəskəsilmə, huşitirmə və ölümlə nəticələnə biləcək qədər təhlükəlidir.

 Alkoqolun ölümcül dozası

Alkoqol zəhərlənməsi

Sürətlə və ya həddindən artıq dozada qəbul edildikdə, qaraciyər etanolu emal edə bilmir və qanda spirt səviyyəsi içməyi dayandırdıqdan sonra belə yüksəlməkdə olur. Nəticədə koma, tənəffüs dayanması və ölüm halı  mümkündür.

 Keyfiyyətsiz spirt və surroqatlar

Tərkibində metanol və ya sənaye spirtləri olan içkilər, hətta kiçik dozalarda belə, korluğa, beynin ağır zədələnməsinə və sürətli ölümə səbəb ola bilər.

Qızmar günəş, susuzluq və tropik iqlim

İsti iqlim şəraitində alkoqol susuzluğu artırır, termorequlyasiyanı pozur və ürək və qan damarlarının yükünü artırır. Bu, huşitirmə, istivurma və digər ağırlaşmalar riskini əhəmiyyətli dərəcədə artırır.

Spirtli içki + şirniyyat + qazlı içki: niyə xüsusilə təhlükəlidir?

Bu, ən az qiymətləndirilən, lakin riskli kombinasiyalardan biridir və xüsusilə tropik kurortlarda istirahət edən turistlər arasında populyardır.

Bədəndə nələr baş verir?

Qazlı içkilər spirtin udulmasını sürətləndirir. Karbon qazı mədənin selikli qişasını qıcıqlandırır, spirtin qan dövranına hopmasını sürətləndirir və daha sürətli və kəskin sərxoşluğa səbəb olur.

Şəkərli içkilər alkoqolun təsir gücünü maskalayırlar. İnsanlar planlaşdırdıqlarından daha çox içirlər, bu da spirt qəbuluna nəzarəti itirir və zəhərlənmə riskini artırır.

Şəkər + alkoqol = qaraciyərə düşən yükü ikiqat çoxaldır. Qaraciyərdə yağ depolanması, hipoqlikemiya riski (xüsusilə diabet xəstələrində) və bədəndə susuzlaşma daha da artır.

Şirin tropik meyvələr + spirt. Bəzi meyvələr mədə-bağırsaq traktında fermentasiyanın və qanda şəkərin kəskin artımına səbəb ola bilər. Spirtli içki ilə birlikdə qəbul edildikdə ürəkbulanma, qusma və intoksikasiya təhlükəsi yarana bilər.

Məhz buna görə də kurortlarda, hətta az miqdarda spirt qəbul edən insanlar arasında belə, ağır spirtli içki zəhərlənməsi hallarına təsadüf edilir.

 Yekun nəticələr

∙ Alkoqolun təhlükəsiz dozası yoxdur — bu, ÜST tərəfindən təsdiqlənir.

∙ Hətta kiçik dozalar belə xəstəlik riskini artırır.

∙ Bir çox insan qrupu üçün alkoqol tamamilə əks göstəricilidir.

∙ Müəyyən şərtlərdə (istilik, dərman, şəkərli qazlı su, sürətli istehlak) alkoqol ölümcül ola bilər.

∙ Tam imtina riskləri tamamilə aradan qaldırmağın yeganə yoludur.

 

Mənbələr

1. World Health Organization — Alcohol and health

2. WHO Europe — No level of alcohol consumption is safe for our health (2023)

3. The Lancet Public Health / WHO — Alcohol and cancer risks

4. Mayo Clinic — Alcohol poisoning

5. CDC — Alcohol use and risks

6. Healthline — Alcohol, sugar and dehydration

 

Oxşar məqalələr: