Son günlər cəmiyyətə böyük həyacan və ajiotajla təqdim edilən informasiyalardan biri 2022-ci ildən etibarən, vətəndaşların maaşından tutulan icbari tibbi sığorta haqlarının tətbiqində nəzərdə tutulan dəyişikliklərdir. Yayılan məlumatlarda qeyd edilir ki, sığorta haqları artırılır və gələn il yanvarın 1-dən maaşlardan əlavə pul tutulacaq. Bununla da əhalidə belə bir təsəvvür yaranır ki, sığorta haqları kütələvi olaraq qaldırılacaq və əməkhaqqına ciddi təsir edəcək. (Mənbə)

Faktyoxla Lab. bu mövzunu araşdıraraq, məsələyə aydınlıq gətirməyə çalışıb.

Əslində burada söhbət ölkə üzrə icbari sığorta haqlarının artırılmasından deyil, cəmi bir sahədə - qeyri-dövlət və qeyri-neft sektorlarında faizlərin dəyişməsindən gedir. Yəni, ölkə üzrə vahid göstəriciyə uyğunlaşdırılmasıdır ki, daha dəqiq desək, icbari tibbi sığortanın tətbiq edildiyi sahələrin hər birində tariflər dəyişmir, yalnız qeyri-neft bölməsində 2020-21-ci illərdə verilmiş 50 faiz sığorta güzəşti aradan qaldırılır.

İndi isə bu məsələnin mahiyyəti üzrə tam detallı izah etməyə çalışaq

Məlum olduğu kimi ölkəmizdə 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortanın mərhələli qrafik üzrə tətbiqinə başlanılıb. Pandemiya ilə əlaqədar bu proses təxminən 1 il yubandığından sığorta haqlarının tutulmaları 2021-ci ildən hesablanmağa başladı.
2021-ci il yanvarın 1-dən tibbi sığorta sistemi Bakı və Sumqayıt şəhərlərini, Abşeron rayonunu, aprelin 1-dən isə bütün ölkə ərazisini əhatə etməkdədir. Beləliklə, dövlət və qeyri-dövlət sektorlarında çalışan vətəndaşların aylıq əməkhaqqından icbari tibbi sığorta haqlarından tutulmalar 2021-ci il yanvarın 1-dən tətbiq edilməkdədir.

 
İcbari tibbi sığortanın hesablanması hazırda dövlət və neft sektoru, qeyri-dövlət sektorları üzrə işçilərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və mülki-hüquqi müqavilə əsasında çalışanların maaşları üzrə aşağıdakı qaydada həyata keçirilir. (2021-ci il yanvarın 1-dən etibarən).  

  • Dövlət və neft sektorunda çalışan işçilərdən aylıq maaşının 8 min manata qədər olan hissəsindən 2%, 8 mindən yuxarı olan hissəsindən 0.5% (məsələn, 800 manat maaş alan işçidən 16 manat (800*2=16), 8500 manat alan işçidən (8000*2=160 manat +500*0,5=2,5 manat: yekun 160+2,5 manat=162,5 manat) 162,5 manat hesablanır.

Qeyd edək ki, bu hesablama düsturu işçi ilə yanaşı, işəgötürən üçün də eyni qaydada tətbiq olunur. Yəni, işçinin çalışdığı müəssisə onun maaşından eyni faiz üzrə ( 2 və 0,5) icbari sığorta haqqını ödəyir.

  • Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərin isə aylıq əməkhaqqının 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. Məsələn 800 manat alan işçi (800*1=8) 8 manat sığorta pulu ödəyir.
  • Mülki-hüquqi müqavilələr əsasında işləyən fiziki şəxslər də aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. 2021-ci ildə Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 250 manat təşkil edir və qeyd edilən şəxslər 10 manat (250*4%=10) icbari tibbi sığorta haqqı ödəyirlər

Beləliklə, dəyişikliklərə əsasən,

  • qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərin aylıq maaşlarından tutulan sığorta haqqı 2022-ci il yanvarın 1-dən etibarən 2 faiz tutulacaqdır. Yəni, indiyə qədər ödənilən 1 faiz sığorta haqqı növbəti ildən 2 fazi təşkil edəcəkdir. Belə ki, qeyd edilən sahələrdə çalışan işçi və yaxud işəgötürən 800 manat əməkhaqqı üçün gələn ildən 16 manat sığorta haqqı ödəmiş olacaq. Yəni, 8 manat artıq pul ödəyəcəkdir.
    Bu, 8000 manata qədər olan əməkhaqqından tutulmadır. 8 min manatdan yuxarı maaş alanlar 2%-dən əlavə yenə də 0,5 faiz ödəyəcəklər.

Göründüyü kimi dövlət və neft sektorunda çalışanlar üçün icbarı sığorta haqqı dəyişmir, 2 faizlik sığorta haqqı qüvvədə qalacaq.  Eyni zamanda, mülki-hüquqi müqavilələr əsasında işləyən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da gələn il hazırkı faiz üzrə sığorta haqqı ödəyəcəklər.


Buradan bir daha aydın olur ki, icbari sığorta ilə bağlı sadəcə uyğunlaşdırma aparılır və qeyri-dövlət və qeyri-neft sektorlarında güzəştlər ləğv edilməklə, sığorta haqqı 1 faiz deyil, 2 faiz təşkil edəcək.

İndi ortaya bir sual çıxır, niyə qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər üçün sığorta haqları 1 faizdən 2 faizə qaldırıldı?

2022-ci il yanvarın 1-dən icbari tibbi sığorta xidmətləri paketinin genişləndirilməsi və respublikanın bütün bölgələrində bu xidmət sahəsinin çoxçeşidliliyinin təmin edilməsi, həmçinin icbari sığortaya zəruri ehtiyacların kəskin artması və tam səhiyyə paketinin tətbiqi ilə əlaqədar sığorta haqlarında da dəyişikliklər nəzərdə tutulubdur. Eyni zamanda, xidmət paketləri üzrə sığorta haqqının adambaşına məbləği 2020-ci il üçün 90 manat müəyyən edilmişdisə, 2021-ci ildə bu rəqəm 180 manata və üstəgəl ölkə üzrə istehlak qiymətlərinin indeksinə uyğun qaldırılaraq müəyyən edilib. 2022-ci ildən 90 manat + 90 manat və yenə də inflyasiya faziləri indeksi həmin məbləğə əlavə olunacaq. Bütün bu amillər sözsüz ki, sığorta xidməti xərclərini də artırır. Bu baxımdan 2021-ci ildə 50 faiz güzəşt hüququ verilmiş qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar üçün də sığorta haqqı ölkə üzrə müəyyən olunmuş vahid tarifə - 2 faizə çatdırılır. (Mənbə)

İndi isə diqqət edək, ölkədə icbari tibbi sığorta haqqı ödəyənlərin sayı nə qədərdir və onların sırasında qeyri-dövlət və qeyri-neft sektorlarında çalışanların çəkisi neçə faiz təşkil edir?

Statistikaya əsasən, ölkə üzrə 3 milyon nəfərdən çox şəxs icbari tibbi sığorta haqqı ödəyir. Çünki əhali qrupunun böyük bir qismi sığorta pulu ödəmir, daha doğrusu böyük sosial qrup tibbi sığorta haqqı ödəməkdən azad edilib. “Tibbi sığorta haqqında” qanunun 15.2 maddəsinə əsasən, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləməyənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanlar, 18 yaşınadək şəxslər, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, pensiyaçılar; sosial müavinətçilər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, hamilə qadınlar, Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar tibbi sığorta haqqı ödəməkdən azaddırlar. Onların sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 

Təqribi hesablamalara görə, güzəştlə əhatə edilmiş ( təkcə pensiyaçı, müavinətçilərin və uşaqların sayı birlikdə 4 milyon nəfərə yaxındır) insanların sayı 6 milyon nəfərdən çoxdur, tibbi sığorta haqqı ödəyənlərin sayı da 3-4 milyon nəfərə yaxındır. Həmin şəxslərin 1,5 milyon nəfəri mülki-hüquqi müqavilələr əsasında işləyən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır.

 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı təxminən 1 milyon 700 min nəfərdir. Onlardan 903,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 795,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. (Mənbə)


Nəticə:
Sığorta qanunvericiliyində dəyişikliklərin təxminən 3,2 milyon nəfər insanın, (onlar ümumi sığorta haqqı ödəyənlərin 80 faizini təşkil edir) yəni mülki-hüquqi müqavilələr əsasında işləyənlərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların və  iqtisadiyyatın dövlət sektorunda çalışanların icbari sığorta haqlarıma heç bir dəxli yoxdur, yəni həmin şəxslərin maaşından əvvəlki qaydada olduğu kimi sığorta haqqı tutulacaqdır.
Təxminən 750-800 min nəfərin ödədiyi aylıq icbari tibbi sığorta haqqı digər ödəyicilərlə eyniləşdiriləcək.
Demək, 2022-ci ildə icbari sığorta haqqı ödəyən şəxslərin ümumi çəkisində cəmi 20 faiz paya malik olan ödəyicilərin maaşından tutulan sığorta haqqında artım yaranacaq.

Onu da qeyd etmək lazımdır ki, 2022-ci il yanvarın 1-dən vətəndaşların əməkhaqlarında tutulan digər vergilərin, sosial ödənişlərin, işsizlikdən sığorta haqqı və s-də heç birində dəyişiklik yoxdur.