“Facebook”-da Bakı hava limanında itirilmiş çamadanların satılması haqda elanlar yayılıb. Elanda qeyd olunur ki, üç aydan çox saxlanılan baqaj utilizasiyaya göndərilir. “Anbarımızı boşaltmalı olduğumuz üçün çamadanları 1.88 AZN-ə satırıq"-deyə paylaşımda qeyd olunur.
Faktyoxla Lab. bu elanların kim tərəfindən yayılmasını və məqsədin nə olduğunu araşdırıb.
Əvvəla, onu qeyd edək ki, sahibsiz baqajların çox ucuz qiymətə satıldığı barədə elanlar zaman-zaman sosial mediada dövriyyəyə buraxılır.
Məsələn, sırf "Bakı hava limanı" ilə bağlı məlumat ilk dəfə ötən ilin sentyabr ayında “facebook”-un Azərbaycan seqmentində yayılmışdı.
Bu elanla bağlı 3 rəsmi qurum- Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Medianın İnkişafı Agentliyi vətəndaşlara sosial mediada şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə paylaşımların saxta olması ilə bağlı xəbərdarlıq ediblər. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı da öz rəsmi sosial media səhifələrində bu məlumatların saxta olmasını bildirib.
İkincisi, bu məlumatı yayan səhifələrin və elanda verilən linklərin mənbələrinin şübhəli olması, bu hərəkətlərin kiber-tələ xarakterli olmasına dəlalət edir.
Diqqət edək: “Bakı Hava Limanı” (əslində Azərbaycanda bu adda hava limanı yoxdur) səhifəsinin “şəffaflıq məlumatları” bölməsində 2024-cü ilin sentyabrında yaradıldığı və Vyetnamdan olan bir nəfərin “admin” olduğu qeyd edilib.
Uzuc qiymətə içi müxtəlif əşyalarla dolu baqajı əldə etmək üçün təklif olunan sxem çox sadədir.
Bağlantı ünvanlarının nə Azərbaycana, nə AZAL-a, nə də digər hava limanlarına aid olmadığı görünən həmin kiber-tələ linklərində (oxuculara bu linklərə daxil olmamaq tövsiyyə edilir-red.) istifadəçiyə 3 anket sualı verilir.
Bəzi linklərdə 3 anket sualı cavablandırldıqdan sonra seçim üçün 2 ya3 qutu təklif edilir.
Uduşlu qutunu (adətən bütün istifadəçilərin qalib gəlməsinə şərait yaradılır-red.) seçən şəxs yekun üçün fərdi məlumatlarına aid (baqajın göndəriləcəyi ünvan, şəxsiyyət vəsiqəsinin surəti və ödəniş üçün link)anketi sualları təqdim olunur ki, istifadəçilərin aldadılması prosesi də buradan başlayır.
Üçüncü mərhələ: Hər yerdə eyni foto, eyni şərhlər. Araşdırma nəticəsində bəlli oldu ki, bu kiber-cinayət ilk dəfə deyil müşahidə olunur. Son 2-3 il ərzində dünyanın bütün tanınmış hava limanları adına belə saxta səhifələr açılıb.
Bunlardan Səudiyyə Ərəbistanının Ciddə şəhərinin “Kral Əbdüləziz”, Nyu-Yorkun “J.F.Kennedi”, Yeni Zellandiyanın “Aukland”, Çikagonun “O`Hare”, Danimarkanın “Kastrup”, Londonun “Gatwick”, habelə Helsinki, Vyana, İstanbul, Oslo, Tbilisi, Oslo, Dublin, Hamburq, Seul, Zaqreb və digər şəhərlərin hava limanları adından saxta elanlar yayılıb, minlərlə insan dələduzların tələsinə düşüb.
Dördüncü detal. Fotoları “tərsinə axtarış” metodu ilə araşdırdıqda Azərbaycan seqmentində paylaşılan fotoların digər fırıldaqçı saxta səhifələrdə də rast gəlindiyini aşkar etdik. Sadəcə qiymət elanları montaj edilərək dəyişdirilib.
Digər tərəfdən, elanlar olan fotolar Azərbaycandakı heç bir hava limanında çəkilmədiyi də açıq görünür. Misal üçün, Bakıdakı hava limanında çəkildiyi deyilən bu foto əslində Edinburq hava limanında çəkilib.
Digər foto Londonun "Hitrou" hava limanında çəkilsə də Bakı kimi göstərilir:
Denver Beynəlxalq Hava limanının baqaj gözlənti salonundan çəkilən fotodan skrində gördüyümüz formada sui-istifadə edilib:
Bu isə həmin hava limanında çəkilən fotonun rakursu dəyişdirilmiş formasıdır. Digər kiber-tələ səhifələri yararlanıblar.
Kanadanın Vankuver şəhərində güclü qar yağması nəticəsində yüzlərlə reys təxirə salındığı üçün hava limanında baqajların qalaqlanmasından bu cür istifadə ediblər:
Frankfurt hava limanında çəkilən bu foto nədənsə kiber-dələduzların diqqətini daha çox cəlb edib:
“Auklend” və “Kral Əbdüləziz” hava limanları 1 gün fərqlə eyni fotonu paylaşıblar. Yəni satışa çıxarılan çamadanlar eyni zamanda həm Yeni Zellandiyada və Səudiyyə Ərəbistanında ola bilməz.
Beşinci detal. Əvvəlki araşdırmalarımızda saxta səhifələri aşkar etmək üçün verdiyimiz ipuclarından biri satışa çıxarılmış məhsullara yazılan şərhlərin izlənməsi idi. Bu paylaşımlarda da yazılan şərhlər səhifələrin saxta, kiber-tələ olduğunu bir daha sübut edir.
Əvvəlcə digər dillərdə yazılan şərhlərə baxaq:
1) Burada eyni şərh və eyni foto fərqli profillərdən paylaşılıb və fotonun hansı mənbədən götürüldüyünü göstərmişik:
2) Təqdim etdiyimiz bu skrində eyni əşyalar müxtəlif profillərdən, fərqli şərhlərlə yayıldığı görünür. Maraqlıdır ki, məhz bu çamadanın fotosu trol hesabların öz aralarında təşkil etdikləri söhbətdə arqument kimi başqa bir istifadəçi tərəfindən də paylaşılıb.
3) Burada qeyd edilən çamadanların fotoları bu saytlardan götürülüb:
4) Adətən bu cür foto-məzmunlu saytlardan (pinterest) götürülür:
Məsələn, bu baqaj fotolarına "Johnny Jet”-də rast gəlmək mümkündür.
Azərbaycan seqmentində yayılan saxta şərhlərlərə gəlincə, burada oxucuları tələyə salan əsas məqam izləyicilərin yalandan “məhsulu” tərifləməsidir. Maraqlısı budur ki, elə qeyd edilən “təriflər” də onların aşkar edilməsi üçün ipucu olur. Belə ki, profil adları və şərhlər Azərbaycan dilində, səlis və səhvsiz yazılsa da, cümlə quruluşları və sözlərdən yersiz istifadə mətnin Azərbaycanlı tərəfindən yazılmadığını təsdiqləyir.
Misal üçün, “Gündüzhan Birol” adlı saxta profil sahibi tərifini tamamlamaq üçün yersiz olaraq “bunlar misilsiz duyğulardı” ifadəsindən istifadə edib.
Eynilə bu skrindəki “Raihan Al-Aslam” kimi o, da “inanılmaz emosiyalar” ifadəsini müvafiq yerdə istifadə etməyib.
“Nazihə Məssəd”in “xoş təəccüblənməsi” diqqət çəkir:
“Katheer El-Hatem”-in “sevincdən sarsılması” isə gülməlidir:
Ahmed Malikin bu ifadəsi isə şərh yazanların kimliyi haqda ümumi fikri formalaşdırmaq üçün kifayətdir.
Qeyd etməliyik ki, bu paylaşımların saxta olduğunu anlayan soydaşlarımız da var:
Paylaşımları bəyənənlərin siyahısındakı profil sahiblərinin ad-soyadları saxtakarlığı müəyyən etmək üçün adi ipuclarıdır:
Nəticə:
- Bakı hava limanında 1,88 manata itirlmiş çamadanların satılması haqda elanlar saxtadır;
- Paylaşımlar linkləri kiber-cinayətkarlıqla məşğul olan naməlum mənbələrə bağlıdır;
- Saxta profillər və süni şərhlər bu paylaşımların kiber dələduzluq mərkəzlərindən idarə olunduğunu təsdiqləyir.