“Meta”nın qurucusu Mark Zukerberq yanvarın əvvəlində “İnstaqram”da şirkətin üçüncü tərəfin yoxlama tərəfdaşlıq proqramını (3PFC) “biz faktyoxlayıcılardan xilas olacağıq” sözləri ilə dayandıracağını elan etdi.
Zukerberq “Meta”nın ilkin məqsədinin “ifadə azadlığını qorumaq” olduğunu desə də, mövcud yoxlama sisteminin zamanla tərəfsizliyi təmin etməkdənsə, “bir növ senzura vasitəsinə çevrildiyini” iddia edib.
Zukerberq proqramın ABŞ-dan başlayaraq dayandırılacağını, dezinformasiya ilə mübarizədə tətbiq olunacaq metodun “X”-in “Community Notes”a bənzər bir model olacağını ifadə edib.
“X”-də olduğu kimi həyata keçirilərsə, bu modeldə istifadəçilər məzmuna kontekst əlavə etməkdə və potensial dezinformasiya ehtiva edən yazılar haqqında xəbərdarlıq yazmaqda iştirak edə bilərlər.
Bəs bu qərar “Meta”nın üçüncü tərəf yoxlama tərəfdaşları olan müstəqil faktyoxlayıcılar tərəfindən necə qarşılanıb?
Üçüncü tərəf doğrulama tərəfdaşlığı nədir?
“Meta” öz platformalarında “yanlış məlumatların yayılmasının qarşısını almaq və istifadəçiləri daha etibarlı məlumatlarla təmin etmək” üçün üçüncü tərəf fakt-yoxlama tərəfdaşlıq proqramı (3PFC) vasitəsilə müstəqil faktyoxlayıcılarla əməkdaşlıq edirdi. Proqram, Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin (IFCN) standartlarını qəbul edən müstəqil faktyoxlayıcılarla bütün dünyada 60-dan çox dildə həyata keçirilib.
Proqramın üç əsas mərhələdən ibarət olan birinci mərhələsində həm müstəqil faktyoxlayıcılar, həm də “Meta”nın məzmun aşkarlama aləti potensial yalan məlumat ehtiva edən məzmunu müəyyən edir. Xüsusilə, Covid-19 pandemiyası, seçkilər və təbii fəlakətlər kimi böyük kütlələrə təsir edən kritik məsələlər prioritet olaraq qəbul edilir. Müstəqil faktyoxlayıcılar daha sonra bu məzmunu nəzərdən keçirir və müxtəlif mənbələri təhlil edərək iddianın doğruluğunu qiymətləndirirlər.
Yalan məlumat ehtiva edən məzmun “Meta” tərəfindən məhdudlaşdırılır və bu məzmunu paylaşan istifadəçilərə xəbərdarlıqlar göndərilir. Eyni zamanda, bu məzmunlar xəbərdarlıq etiketləri ilə işarələnir və iddia ilə bağlı faktyoxlayıcılar tərəfindən dərc edilmiş təhlillərə bağlantılar daxil edilir. Müstəqil faktyoxlayıcıların prosesin istənilən mərhələsində məzmunu silmək səlahiyyəti yoxdur.
“Faktlar senzura deyil”
Zukerberqin bəyanatından sonra dünyanın müxtəlif ölkələrindən bir çox fakt yoxlayan təşkilat qərara ilkin reaksiyalarını bildirib və onların əksəriyyəti bu qərarı “məyusluq” kimi qiymətləndirib.
“Meta”nın qərarını tənqid edənlərdən biri də Avropa Fakt Yoxlama Standartları Şəbəkəsidir (EFCSN).
EFCSN prezidenti Klara Jimenez Kruz, fakt yoxlamasını senzura ilə eyniləşdirməyin yanlış və zərərli olduğunu vurğulayıb: "Fakt yoxlaması cəmiyyətin öz qərarlarını verə bilməsi üçün kontekst və dəqiq məlumat ötürür".
EFCSN həmçinin xəbərdarlıq edib ki, bu cür bəyanatlar bütün dünyada faktyoxlayıcıların son vaxtlar üzləşdiyi təqib və hücumları daha da artıra bilər.
ABŞ-da yerləşən jurnalistika akademiyası və tədqiqat təşkilatı olan Poynter İnstitutunun prezidenti Nil Braun da qərarı məyusedici adlandıranlar arasındadır. Braun, Zukerberqin açıqlamasının proqramla bağlı yanlış təsəvvürlərə yol açdığını bildirib: "Faktlar senzura deyil. Faktyoxlayıcılar heç vaxt heç bir şeyi senzura etmirdilər və nəzarət həmişə “Meta”nın əlində idi".
Beynəlxalq Faktların Yoxlanması Şəbəkəsinin (IFCN) direktoru Angie Drobnik Holan, “Meta”nın qərarını tənqid edib və qərarın ən çox dəqiq və etibarlı məlumat axtaran sosial media istifadəçilərinə zərər verəcəyinə diqqət çəkib. Holan, müstəqil faktyoxlayıcıların heç vaxt yazıları senzura etmədiklərini və ya məzmunu silmədiklərini xatırladıb və onların məqsədinin iddialara məlumat və kontekst əlavə etmək, saxta məzmun və sui-qəsd nəzəriyyələrini ifşa etmək olduğunu bildirib.
DFR laboratoriyasının əməkdaşı Mark Skott belə hesab edir ki , Aİ, Böyük Britaniya və Avstraliya kimi ölkələrdə onlayn təhlükəsizlik qanunları daha çox şəffaflıq və hesabatlılığı təmin etmək üçün platformaları tənzimləməyə çalışsa da, “Meta”nın bu qaydaları senzura kimi xarakterizə etməsi əsassızdır.
“Həddindən artıq səhvlər”
Zukerberq çıxışında “həddən artıq çox səhvə yol verildiyini” və indi bu səhvləri azaltmağa çalışacaqlarını bildirib.
Beləliklə, üçüncü tərəf yoxlama tərəfdaşı kimi müstəqil və peşəkar faktyoxlayıcılarla işləmək “Meta” üçün həqiqətən uğursuz bir proqram idi?
EFCSN koordinatoru Stefan Mündges, 25 oktyabr 2024-cü ildə dərc edilmiş “Meta”nın “Facebook” üçün Rəqəmsal Xidmətlər Aktı Şəffaflıq Hesabatı”nda fakt-yoxlama proqramının uğuru ilə bağlı rəqəmlərə istinad edib.
Hesabata görə, bu kateqoriya üzrə cəmi 172 min 550 şikayət edilsə də, etiraz nəticəsində yalnız yüzdə 3-ü, yəni 5 min 440 məzmun bərpa edilib. Bu dərəcə digər kateqoriyalarla müqayisədə kifayət qədər aşağıdır - çünki zorakılıq, cinsi məzmun və nifrət nitqi kimi digər kateqoriyalarda etirazlar nəticəsində məzmunun bərpa olunma nisbəti 60 faizdən çoxdur.
Üstəlik, bunlar proqramın uğuru ilə bağlı “Meta” tərəfindən dərc edilən ilk rəqəmlər deyil. 25 fevral 2024-cü ildə Avropa Parlamenti seçkiləri öncəsi dərc edilən hesabatda üçüncü tərəfin yoxlanılması üzrə tərəfdaşlıq proqramının “xüsusilə seçki dövrlərində dezinformasiyanın yayılmasının qarşısının alınmasında təsirli vasitə” olduğu vurğulanıb. Hesabatda “Facebook” və “Instagram”da cəmi 68 milyon məzmunun doğrulama etiketləri ilə işarələndiyi və istifadəçilərin bu etiketləri daşıyan məzmunun yüzdə 95-nə klik etmədiyi bildirilib.
2021-ci ildə “Meta” tərəfindən nəşr olunan "Meta”nın Üçüncü Tərəf Yoxlama Proqramı Necə İşləyir?" adlı məqaləsində proqramın istifadəçilərə təsirinə diqqət çəkilib. Sorğulara görə, istifadəçilərin 74 faizi kifayət qədər və ya daha çox xəbərdarlıq etiketi görməkdən məmnun qalıb və 63 faizi bu etiketlərin ədalətli tətbiq olunduğunu düşündüyünü bildirib.
Xorvatiyada fəaliyyət göstərən fakt-yoxlama təşkilatından Ana Brakus açıqlamasında vəziyyəti belə izah edib: “Platformalar bilir ki, yoxlama işləyir və bunun sübutu var, amma problem sübut deyil, qətiyyətdir. Qətiyyət bir qiymət tələb edir və onlar bu qiyməti ödəməyimizi istəyirlər", - deyə ekspert fikirlərini tamamlayıb.
Niyə indi?
Faktyoxlayıcıların diqqət çəkdiyi digər məsələ qərarın verilmə vaxtı idi. İnformasiya Dayanıqlığı Mərkəzinin yaradıcılarından biri olan Ross Burley deyir ki, “Meta”nın qərarı “ağıllı siyasətdən daha çox siyasi kompromis axtarışına bənzəyir”. Qərar Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən və bütün platformalarda ifadə azadlığına üstünlük verildikdən dərhal sonra qəbul edilib. Bundan əlavə, “Meta”nın qlobal məsələlər üzrə prezidenti Nik Kleqin istefasından dərhal sonra Respublikaçı Joel Kaplanın təyin edilməsi qərarın siyasi məzmun daşıdığına dair tənqidləri daha da gücləndirdi.
Zukerberq öz bəyanatında yoxlama proqramını "yüksək siyasi qərəzli" adlandırıb və bu vəziyyətin istifadəçilər arasında inamı artırmaqdansa, onu daha da azaltdığını iddia edib. Lakin bu bəyanatı bir çox fakt yoxlayan təşkilatlar “Meta”nın siyasi təzyiqlərə boyun əyməsi kimi şərh ediblər.
EFCSN prezidenti Klara Jimenez Kruz, bu qərarın "dəlillərə əsaslanan qərardan daha çox Donald Trump administrasiyasına uyğun siyasi bir addım kimi göründüyünü" söyləyib.
IFCN direktoru Holanın sözlərinə görə, bu qərarın yeni administrasiya və onun tərəfdarlarının güclü siyasi təzyiqindən sonra qəbul edilməsi “təəssüf doğurur”.
Filippində fəaliyyət göstərən media şirkəti “Rappler”, “Meta”nın bu qərarla Tramp administrasiyası ilə əlaqələrini yaxşılaşdırmağı və platformalardakı tənzimləmə təzyiqini azaltmağı hədəflədiyini iddia edir və bunu müstəqil fakt yoxlama hərəkatının gələcəyinə dərin təsir edəcək bir addım kimi görür.
Bu qərar ifadə azadlığının gücləndirilməsi iddiası ilə qəbul edilsə də, faktiki olaraq istifadəçiləri daha az təsdiqlənmiş məlumatla üz-üzə qoyduğu və informasiya ekosistemini daha xaotik etmək riski daşıdığı aydındır.
Ancaq bir şey dəqiqdir: dezinformasiya ilə mübarizə şəffaflıq və hesabatlılıq tələb edir və müstəqil faktyoxlayıcıların rolu heç vaxt əvvəlkindən az olmayacaq.