Əli Kərimli Prezident İlham Əliyevin dekabrın 10-da imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına özünəməxsus tərzdə şərh verib. Onun bu şərhi birmənalı qarşılanmayıb. Ə.Kərimli deyir: “İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama görə, bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi, gömrük, sosial sığorta, kommunal xidmətlər üzrə güzəştlər veriləcək, onların maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək, investisiyaları təşviq olunacaq və bu istiqamətdə zəruri dövlət dəstəyi gücləndiriləcək. İndi siz deyin, işğaldan azad olunan ərazilərdə İlham Əliyevin yaxınlarından başqa kiminsə, məsələn, həmin torpaqların əsl sahibi olan məcburi köçkünlərin bizneslə məşğul olmaq imkanı varmı? Yoxdursa, deməli bu sərəncam İlham Əliyevin öz yaxınlarına dövlət qayğısını daha da gücləndirmək haqda sərəncamıdır”. Kərimlinin düşüncəsinə görə, Qarabağ və Şərqi-Zəngəzur bölgəsi sadəcə inzibati ərazidir və bura sərmayə qoymaq, pul xərcləmək lazım deyil.

Faktyoxla Lab. işğaldan azad edilmiş ərazilərin iqtisadi baxımdan Azərbaycan üçün hansı əhəmiyyətə malik olmasını araşdırıb.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqları zəngin təbii sərvətlərə, mineral və iqtisadi resurslara və əlverişli coğrafi potensiala malik olmaqla iqtisadiyyatımızın əlavə dəyər baxımından mühüm bir hissəsini təşkil etmiş, xüsusilə də ərzaq təhülükəsizliyi sistemində stareji ənəmiyyətli çəkiyə malik olmuşdur. Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli rayonları zəngin iqtisadi resursları ilə müstəqillikdən əvvəl, keçmiş ittifaq dövründə aparıcı yerlərdən birini tutmuşdur. Qarabağda qızıl, qurğuşun, sink, mis, mişar daşı, gəc və s faydalı qazıntı yataqlarının sayı 155-dən çox olmuşdur. Həmin yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132.6 ton qızıl, 37.3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898.4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. ehtiyatlara bərabərdir.

İşğaldan əvvəlki illərdə bu ərazilərdə kənd təsərrüfatının inkişaf potensialı hədsiz dərəcədə böyük olmuşdur.1990-cı ilə qədər Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 40 faizə yaxını Qarabağ iqtisadi rayonunun payına düşmüşdür. 250 min hektardan çox məhsuldar torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlıq inkişaf etmişdir. Bu bölgə mineral su resurslarının zənginliyi ilə də şöhrət qazanmış, müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları - Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral suları cəlbediciliyi ilə seçilmişdir. Kəlbəcər rayonu ərazisində yerləşən “İstisu” mineral suları özünü əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna görə keçmiş İttifaqla yanaşı, dünya miqyasında da şöhrət qazanmış, burada keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu fəaliyyət göstərmişdir. Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşən “Turşsu” mineral suyu isə müalicəvi xarakterinə görə məşhur idi. (Mənbə)

Göründüyü kimi, hədsiz zəngin iqtisadi resursları olan bu bölgə 30 il vəhşicəsinə talan edilib, indi isə həqiqi sahibi öz torpağmdadır, qol çırmayaraq yenidən qurur, abadlaşdırır, bölgənin iqtisadi gücünün özünə gəlməsi və əmək sərf etməsi üçün hər kəsə çağırış edir. Hazırda minalardan təmizlənmiş ərazilərdə ilk layihələrin təməli qoyulub, Qubadlı və Kəlbəcərdə arıçılıq və heyvandarlıq təsərrüfatları qurulub, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, nəqliyyat və sosial infrastrukturları dayanmadan gecə-gündüz qurulmaqdadır.

Bu mənzərə bütün investorların, ələxsus da xarici sərmayədarların gözü qarşısında baş verir və onların bölgəyə həvəsi artır. Məsələn, Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) tərəfindən 110 xarici şirkət arasında aparılan sorğuda biznes icması Qarabağ və Şərqi Zəngəzurda iqtisadi layihələrdə maraqlı olduqlarını bəyan ediblər. Sorğuda iştirak edən Almaniya, Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə, Koreya, ümumilikdə 19 ölkəni təmsil edən xarici şirkətlər ölkədəki investisiya mühitini və xarici kapital axınını daha da yaxşılaşdırmaq məqsədilə zəruri islahatların aparılmasını da tövsiyə edibdir. (Mənbə)


Mənzərə aydındır, bölgəyə böyük maraq var, xarici sərmayədarlar, biznes icması açıq şəkildə deyir ki, bizə güzəştlər verin ki, bölgəyə investisiya yatıraq. Azərbaycan Prezidenti isə bu reallığı çox yaxşı bilir, ona görə də, bu ərazilərdə biznes üçün ən əlverişli imkanların təmin edilməsinə qərarlar verir. Hər çıxışında, xarici ölkələrin hökumət üzvləri ilə görüşlərində açıq iradə nümayiş etdirərək deyir ki, gəlin geniş əməkdaşlıq quraq, hamı üçün fayda verəcək layihələr icra edək, investisiya yatıraq. Dövlət başçısı özü şəxsən təminat verir. Məhz bu məram və niyyətlə Azərbaycan dövləti iş adamlarını, xarici şirkətləri həvəsləndirmək üçün bütün iqtisadi stimul və güzəştləri təmin etməyə açıq olduğunu nümayiş etdirir. Cənab Prezidentin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı da həmin strateji hədəflərə hesablanıbdır. (Mənbə)

Sənəddən aydın görünür ki, dövlət başçısının iradəsi birbaşa həmin bölgəni azad iqtisadi zonaya, bütün sərmayədarların cəmləşdiyi yüksək inkişaf regionuna çevirməkdən ibarətdir.


Sərəncamda nəzərdə tutulan hədəflərə diqqət edək
. Sənəddə qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştləri müəyyən edilsin. Gördünüyü kimi bu təşəbbüslər məhz həmin torpaqların sahibləri üçün nəzərdə tutulub. Dövlət başçısı məhz qarabağlılar, öz ev-eşiyinə qayıdan insanlar üçün şərait yaradır.
Ə. Kərimli iddia edir ki, vergi-gömrük güzəştlərindən təkcə Azərbaycan faydalacaq, yaxud bu bölgədə başqa ölkənin şirkətləri yoxdur. Yoxlayaq!

Bəllidir ki, Türkiyə, Cənubi Koreya, İsrail, Macarıstan, İtaliya şirkətləri artıq regiondadır, sərmayə planları son tamamlanma mərhələsindədir. 2 ay əvvəl Azaz İqtisadi Zonası yaradılıb və bu sənaye modeli ilk gündən investorları özünə cəlb edib. Rusiyanın “Kamaz” şirkəti artıq ilk investor kimi qeydiyyatdan keçib, sərmayə proqramının icrasına start verilib. (Mənbə)

Yaxud, Cənubi Koreya şirkətləri Qarabağ bölgəsinə ayaq basıb. “Made in Azerbaijan” brendi altında Azərbaycan məhsullarının Koreyada böyük bazar payı qazanması artıq bu ölkənin iş adamlarının daha zəngin iqtisadi bölgəyə - Qarabağ və Şərqi-Zəngəzura meylini artırıb. Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə əlverişli investisiya mühiti, vergi güzəştləri, sektoral imkanları nəzərdən keçirdikdən sonra addım atacağını istisna etməyib. (Mənbə)
Koreya
şirkətləri üçün əsas prinsiplərindən biri olan vergi güzəştləri və digər investisiya stimulları dövlət başçısının imzaladığı sözügedən sərəncamda öz əksini tapıb və demək Asiyanın iqtisadi nəhənginin bölgəyə gəlişi üçün heç bir maneə qalmayıb.
ABŞ-ın
da bölgəyə marağı kifayət qədər böyükdür. Bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberger bəyan edib ki, ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazırdır və su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində iştirak etmək niyyətləri var. (Mənbə)

Məlumdur ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası elan edilib. Prezident İlham Əliyevin sərəncamında da “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsinə xüsusi üstünlük verilməsi nəzərdə tutulub. Xarici investorlar bərpa edilən enerji layihələrinə xüsusi maraq göstərirlər. İtaliya, Cənubi Koreya, Türkiyə Qarabağda termal sulardan, günəş və külək enerjisindən ibarət ən keyfiyyətli və ekoloji baxımdan zərərsiz bir zona salmaq istəyir. Türkiyə şirkətləri Laçın və Kəlbəcər rayonlarında bərpa olunan enerji layihələrinin iqtisadi əsaslandırma planını hazırlayıb və külək elektrik stansiyalarının inşası başlanacaq. İtaliya hökuməti də Qarabağın energetika və turizm sektorunu özü üçün strateji sahə elan edib. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan-İtaliya hökumətlərarası komissiyanın həmsədri Manlio Di Stefano ölkəsinə məxsus şirkətlərin energetika, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirib. İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppeni isə yaşıl enerji layihələrinə sərmayə planlarını açıqlayıb. (Mənbə)


Bu siyahını uzatmaq da olar, yəni qeyd edilən bölgəyə kifayət qədər xarici sərmayədar axını var. Demək vergi-gömrük güzəştlərindən də ən çox onlar faydalanacaqdır. Əli Kərimli isə deyir ki, bu tədbirlərin xarici iş adamlarına adiiyyatı yoxdur. Gülməlidir.
Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələri görməmək, danmağa şərh vermək, şərhi qiymətləndirmək doğrudan çətindir. Qardaş ölkənin iri holdinqləri və sahibkarlar təşkilatları mart ayından sonra ardıcıl səfərlər edərək ərazinin iqtisadi xəritəsini çızdılar və sərmayə proqramları ilə meydana çıxdılar. Türkiyə Sahibkarlar İttifaqı, TÜMKİAD və digər onlarla şirkət azad edilmiş ərazilərdə sənaye müəssisələrinin yaradılmasına yüz milyonlarla dollar sərmayə qoymaqdadır. Türkiyə Rifah Fondu artıq fəaliyyətə başlayıb, “Eti Bakır A.Ş.” şirkəti Qaşqaçay filiz yatağında, “Artvin Maden A.Ş.” şirkəti isə Elbəydaş və Ağduzdağ filiz yataqlarında neçə aydır dayanmadan çalışır. (Mənbə)

Özünü azərbaycanlı, vətənpərvər, ictimai və ya siyasi xadim sayan hər bir şəxs Azərbaycan və Türkiyə arasında cari ilin 15 iyunda imzalanan Şuşa Bəyannaməsinin bəndlərini, xüsusilə də iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafını və investisiya potensialını nəzərdə tutan müddəaları heç vaxt unutmamalıdır. Həmin Bəyannamədə qeyd edilib ki, 2023-cü ilə qədər qarşılıqlı ticarət həcminin 15 milyard dollar səviyyəsinə yaxınlaşacaq və qarşılıqlı sərmayə qoyuluşu üçün vergi-gömrük güzəştləri tətbiq olunacaq. Türkiyə Prezidenti Bəyannamənin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında da bildirdi ki, indi hədəf və iqtisadi planlar Qarabağdır. Hazırda ölkəmizdə Türkiyə kapitallı 4,2 min şirkət fəaliyyət göstərir, onlar 16,3 milyard dollar dəyərində 300-dən çox layihə həyata keçiriblər. Bundan sonra isə Qarabağda 100-lərlə layihə həyata keçirməyi planlaşdırır. (Mənbə)

Vergi-gömrük güzəştlərinin məğzində də məhz qardaş ölkənin investorlarına stimulların verilməsi dayanır. Ə.Kərimli bunu görə bilmirsə, qardaş Türkiyə şirkətlərinin həmin ərazilərdə daha geniş və fəal çalışmasına qarşı çıxırsa və yaxud Azərbaycan hökumətini buna görə ittiham edirsə, deməyə söz qalmır.

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi də nəzərdə tutulub. Həmçinin, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi planlaşdırılır. (Mənbə)

Burada anlamamalı, dərk etməməli nə var? Və yaxud görülən işlərin bu istiqamətdə inkişafı niyə qısqanclıq yaradır? Kəlbəcərdə, Laçında, Zəngilanda  mal-qara saxlayan, ailə təsərrüfatları quran, ticarət və xidmətlə, turizmlə məşğul olan, Füzulidə, Cəbrayılda və digər rayonlarda kiçik ailə biznesi yaradan minlərlə insanın işıq-qaz, su pulu ödənişində güzəştlərlə əhatə olunmasından kimlər fayda götürəcək? Hökumət, eyni zamanda, həmin ərazilərdə məskunlaşmış və öz kiçik biznesini qurmuş insanlara ən sərfəli şərtlərlə kredit verilməsini, banklardan güzəştli faizlərlə maliyyə ayrılmasını və girovsuz-filansız ən rahat bir şəkildə maliyyə təşkilatlarına asan çıxışın təmin edilməsini həll edirsə, bu kimə zərər vurur? Ə.Kərimlinin məntiqindən belə çıxır ki, bu insanlara işıq-qaz, su pulunda güzəşt etmə, sahibkarlara kredit vermə, danışmağa sözümüz, manipulyasiya etməyə şansımız qalsın.

İşğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafı da əsas prioritetlərdəndir. Hökumət həmin ərazilərdə qəsəbə və kəndlərin salınmasını sürətləndirmək, genişləndirmək istəyir, dövlətin inşaat komandası ilə yanaşı, özəl şirkətlərin mövcud imkanlarını da bu prosesə qoşmaq niyyətindədir. Özəl tikinti şirkətləri, təmir-bərpa briqadalarını bir yerə cəmləyərərk yaşayış massivlərinin salınmasının miqyasını, coğrafiyasını artırır.

Kimsə hesab edirsə ki, işğaldan azad edilmiş ərazilərdə icra orqanları, o cümlədən də iqtisadi strukturların biznesə müdaxiləsi olacaq, tamamilə yanılır. Buradakı bütün iqtisadi layihələr birbaşa Prezidentin nəzarətində olacaq. Bu məqsədlə Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi idaretmənin tamamilə yeni prinsiplər, biznesə və digər institisional iqtisadi sahələrə məmur təmasları olmadan, şəffaf və yeni yanaşmalar əsasında həyata keçirilməsi üçün nümunəvi model qurulur. Burada icra hakimiyyəti institutu yox, Prezidentin xüsusi nümayəndəsi institutu yaradılır ki, bu da idaretmədə ən şəffaf model hesab olunur. (Mənbə)

Azad edilmiş torpaqlardakı zəngin sərvətlərin hərəkətə gətirilməsi, sərmayə qoyulması, istehsalın başlanması Azərbaycanın inkişafına səbəb olacaqdır. Bu işlər sayəsində Azərbaycan iqtisadiyyatına yeni dalğa başlayacaq, neftdən asılılıq da azalacaq. Proqnozlara görə, ilkin mərhələdə milli iqtisadiyyatımız 6-7 faiz, inteqrasiya proseslərinin əsas fazası başa çatdıqdan sonra isə 10-11 faiz böyüyəcək. (Mənbə)

Unutmaq lazım deyil ki, işğaldan azad edilmiş ərazilərdə inşa edilən hər bir tikili, müəssisə, zavod, ferma, obyekt bu bölgənin sakinləri üçündür, faydasını da onlar görəcək. İstər yerli, istərsə də xarici şirkətlərin qurub istifadəyə verdiyi biznes də Azərbaycanda qalacaq, kimsə onu götürüb harasa aparmayacaq.
Əli Kərimli isə bu cür düşüncə və mövqe ilə onu sərgiləyir ki, ermənilərin 30 il xarabazara çevirdiyi bu torpaqlarda heç kim qurub-yaratmasın, istehsalla məşğul olmasın,  əkib-becərməsin, heyvan saxlamasın, ailə təsərrüfatı qurmasın, sərmayə yatırmasın.