Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndə sıravi ermənilər inanırdılar ki, ölkədə demokratik üsul-idarə bərqərar olacaq. “Qarabağ klanı”nın hakimiyyətdə olduğu dönəmdə yoxsulluğun ən aşağı səviyyəsinə enən ermənilər “sabah gün çıxacaq” düşüncəsində idilər. Əvvəlki hakimiyyətin dönəmində hər cür məhrumiyyət görən, təzyiq və həbslərə məruz qalan erməni xalqı sakit həyat arzusunda idi. Hətta çoxları gözləyirdi ki, bu demokrat Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması üçün də real addımlar atacaq, konstruktiv danışıqlar aparacaq. Çünki müxalifətdə olduğu zaman Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılmalı olduğunu bildirmişdi. Bundan əlavə Sarqsyanın hakimiyyəti dönəmində Ermənistan həbsxanalarında saxlanılan siyasi məhbusların da azadlığa çıxmalarının labüdlüyünü də israr edirdi. Beləliklə, hakmiyyətə gələn Paşinyan elan etdiyi iki strateji xətti arxa plana keçirdi. Öncə avantürist siyasət yürüdərək 44 günlük müharibəni qaçılmaz etdi və nəticədə Ermənistanı daha da ağır duruma diyirlətdi, daha sonra isə siyasi məhbus məsələsində dediyinin üstündə dayanmadı. Qəribəsi odur ki, Azərbaycanda adi məişət qalmaqalına görə müxalif fikirli şəxsin uzaq qohumunu “siyasi məhbus” kimi siyahıya daxil edən Qərb hüquq müdafiə təşkilatları sanki heç nə olmayıbmış kimi mövzunun üstündən sükutla keçdilər. Necə mümkündür, demokrat Paşinyanın hakimiyəti dövründə “siyasi məhbus”? Xeyr, inanılası deyil.

Faktyoxla Lab. Paşinyanın hakmiyyəti dönəmində təqib olunan, həbsə atılan, təzyiq görən şəxslərlə bağlı araşdırma aparıb.


Siyasi rəqiblərin zərərsizləşdirilməsi

Artıq 2018-ci ilin yayında, Paşinyanın hakimiyyətə gəlməsindən cəmisi bir neçə ay sonra siyasi rəqiblərə, biznesmenlərə  qarşı təzyiq və təqiblər başladı. İyunun 26-da mətbuat məlumat yaydı ki, Ermənistan polisi sabiq prezident Armen Sarkisyanın kiçik qardaşı  Aleksandr Sarkisyanı həbs edib. Eyni zamanda Ermənistan İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarının “Sekyuriti Drim” və “Ellips” şirkətlərində axtarış apardığını da təsdiqlədi. Bu şirkətlər, yerli mətbuatın yazdığına görə, Sarkisyana məxsusdur və qanunsuz maliyyə əməliyyatlarında şübhəli bilinir (Mənbə: bbc.com ).

Kiçik Sarkisyanın həbsindən bir həftə əvvəl isə müdafiə nazirinin sabiq müavini, deputat, general-leytenant Manvel Qriqoryan həbs edilmişdi. Qriqoryan deputat toxunulmazlığından məhrum edildi və qanunsuz silah saxlamaqda, xüsusilə külli miqdarda mənimsəmədə ittiham olundu. Qriqoryan və Sarkisyandan başqa, Ermənistan təhlükəsizlik orqanları dövlət təhlükəsizlik xidməti rəhbərinin birinci müavini Vaçaqan Qazaryanı hədəf seçdilər. O, Sarkisyanla eyni gündə həbs edildi və gəlirlərini gizlətmək maddəsi ilə ittiham olundu. 

Həmin vaxt erməni ekspertlər bu həbsləri siyasi maraqların təminatı kimi qələmə verirdilər. Onlar iddia edirdilər ki, Paşinyan “korrupsiyaya qarşı mübarizə” görüntüsü yaratmaqla həm öz nüfuzunu qaldırmağa çalışır, həm də siyasi rəqiblərini sıradan çıxardır. Bu həbslərdən sonra ölkədə parlament seçkiləri keçirilməli və Paşinyan hakimiyyətə tam sahib olmalı idi. Politoloq Aleksandr İskəndəryan hesab edirdi ki, bu həbslərdən sonra parlamentdə çoxluğa sahib olan Respublikaçılar Partiyasının nüfuzuna böyük zərbə dəyəcək: “Manvel Qriqoryanın həbsindən sonra məlum oldu ki, onun bağlı olduğu Respublika Partiyası məğlub olub. Daha onların müqavimət göstərmək imkanı yoxdur” (Mənbə ).

Politoloqların proqnozu doğruldu. Paşinyan repressiya hesabına siyasi rəqiblərini sıradan çıxardı və parlament seçkilərində qələbəni təmin etdi.

Müxalifətçinin aclıqdan ölməsi

Üstəlik, Paşinyan hər addımda sübut etməyə çalışırdı ki, amansız olacaq, heç bir halda güzəştə getməyəcək. O, bu qərarında nə qədər iddialı olduğunu müxalifətçi Mqer Yeqiazaryanın həbsxanada ölməsi ilə bir daha sübut etdi. “Erməni qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqiazaryan uzun müddət idi ki, “Nubaraşen” cəzaçəkmə müəssisəsində aclıq edirdi. Həkimlər və ekspertlər onun həyatına təhlükə olduğu barədə dəfələrlə xəbərdarlıq etsələr də, bunun heç bir nəticəsi olmadı. Yəni, onun irəli sürdüyü heç bir tələb dinlənilmədi, qulaq ardına vuruldu və yekunda müxalif siyasətçi 2019-ci il, yanvarın 26-da həbsxanada vəfat etdi (Mənbə: kavkaz-uzel.eu ). Amma buna görə Paşinyan hakimiyyətinə Qərb “demokart”ları adicə irad da bildirmədilər.

Qərbin susqunluğuna rəğmən, Ermənistanda demokratik prinsiplərin kəskin şəkildə pozulduğunu erməni ekspertlər özləri də etiraf edirdilər. IT təhlükəsizliyi üzrə tanınmış erməni eksperti Samvel Matevosyan bildirib ki, Ermənistan hökuməti insanları izləmək üçün müxtəlif casus proqramlarından istifadə etməyə başlayıb. Ekspert bu məlumatı “Meta-Facebook” və Toronto Universitetinin “Citizen Lab” qurumlarına istinadla paylaşıb. Bildirib ki, Ermənistan hökuməti siyasi fəalları və müxalifəti izləmək üçün Makedoniyanın “Cytrox” şirkətinə məxsus casus proqramını müxtəlif üsullarla telefonlara inteqrasiya edir. Bundan öncə də Ermənistanın bir neçə müxalif siyasi liderləri istifadə etdikləri iPhone telefonlara “Pegasus” izləmə proqramının yüklənməsi ilə bağlı “Apple” şirkətindən xəbərdarlıq mesajı aldıqlarını bildirmişdilər.( Mənbə: Citizen Lab)

Müxalifətin milyarder üzvünün zərərsizləşdirilməsi

Paşinyan ən böyük parlament müxalifət olan “Çiçəklənən Ermənistan” partiyasının milyarder sədri Qaqik Tsarukyanı olduqca absurd ittihamla həbs etdirib. “Qaqik Tsarukyanın həbsi açıq siyasi intiqamdır və o, siyasi məhbusdur”. “Çiçəklənən Ermənistan” partiyası Siyasi Şurasının yaydığı bəyanatda belə  deyilirdi. Qeyd edilirdi ki, hakim Mnatsakan Martirosyanın sədrliyi ilə keçirilən məhkəmə "Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyanı qanunsuz olaraq həbs edib. Eyni zamanda, məhkəmə onun, ittiham irəli sürüldükdən dörd ay sonra ibtidai istintaqa necə mane olduğu barədə heç bir əsaslı fakt təqdim etməyib.

"Baş verənlər, şübhəsiz ki, ən böyük parlament müxalifət qüvvəsi və partiyanın liderinə qarşı siyasi intiqamdır. Tsarukyanın indi siyasi məhbus olduğu göz qabağındadır. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət inqilabdan iki il yarım sonra bütün sahələrdə aşkar şəkildə fiaskoya uğrayıb və siyasi vendettanın köməyi ilə müxalifəti susdurmağa çalışır”, - deyə bəyantda qeyd olunur. Partiyanın bəyanatında Tsarukyanın həbs əmrinin hakimiyyətdən verildiyi vurğulanıb. Qeyd edilib ki, bu gün Ermənistan ciddi problemlərlə üzləşir. Səriştəsiz hakimiyyət, ölkəni sosial fəlakətə sürükləyib. “Çiçəklənən Ermənistan” həmfikir siyasi qüvvələrlə birlikdə mübarizəsini davam etdirəcək: "Heç kim bizi qorxuda və susdura bilməyəcək, bizim mütləq yeni keyfiyyətə sahib hakimiyyətimiz olacaq. Tsarukyana qarşı bu utancverici və ucuz qisasın bütün iştirakçıları qanunla cəzalarını alacaqlar. Bu, çox qısa bir müddətin məsələsidir" (Mənbə: armeniasputnik.am).

Xatırladaq ki, Tsarukyan xüsusilə külli miqdarda vergidən yayınmada, həmçinin seçicilərə rüşvət verməkdə və iri torpaq sahələrini mənimsəməkdə ittiham olunurdu. Ötən ilin iyun ayında onun malikanəsində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış aparılıb. Parlament onun deputat toxunulmazlığından məhrum edilməsi haqda qərar çıxartmışdı.

Demokratik hakimiyyətin deputat ovu 

Ötən ilin dekabrın 10-da Ermənistan Konstitusiya Məhkəməsi “Hayastan” blokundan olan üç müxalifətçi deputatı – məşhur cərrah, professor  Armen Çarçyan, Sisyan şəhərinin sabiq meri Artur Sarqsyan və Mxitar Zakaryan həbsdən azad edib. Konstitusiya Məhkəməsi onların həbsini qanunsuz elan edib: deputat parlamentin razılığı olmadan həbs oluna bilməz. Konstitusiya Məhkəməsinin qərarı həmin siyasi qüvvədən olan deputat, vəkil Aram Vardevanyanın müraciəti əsasında qəbul edilib (Mənbə).

  Müxalifət əvvəldən bildirirdi ki, blok nümayəndələrinə qarşı cinayət işi “siyasi təqib”dir. Onlara qarşı ittihamlar 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri zamanı irəli sürülüb. Həmin vaxt bu deputatlar fəal şəkildə kampaniya aparır, hakim partiyanı və onun lideri, Baş nazir Nikol Paşinyanı sərt tənqid edirdilər. Müxalifət iddia edirdi ki, hər üç deputatın həbsi qanun pozuntusudur, çünki onların heç biri deputat toxunulmazlığından məhrum edilməyib. Hakimiyyət isə deyirdi ki, cinayət işi onlar deputat olmamışdan əvvəl - Mərkəzi Seçki Komissiyasının razılığı ilə açılıb. Buna görə də, parlamentin razılığını almağa ehtiyac yoxdur.

Terror şousu

Bundan sonra da “repressiya maşını” dayanmadı. Paşinyan avantürist siyasəti nəticəsində 44 günlük müharibənin başlamasına rəvac verdi. Kapitulyasiya aktına imza atdıqdan sonra isə onun nüfuzu tamamilə itdi. Deməli, yeni plana və yeni günahkarlara ehtiyac yaranmışdı. Paşinyan müharibədən dərhal sonra özünə qarşı “terror planı”nı gündəmə gətirdi. Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yaydı ki, baş nazir Nikol Paşinyanın həyatına sui-qəsdin və hakimiyyətin qəsb edilməsinin qarşısı alınıb. Bu plan əsasında ilkin mərhələdə 4 nəfər -  Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” Partiyasının sədri Artur Vanetsyan, Sisyan Könüllülər Dəstəsinin komandiri Aşot Minasyan, keçmiş deputat və Respublika Partiyası fraksiyasının sabiq rəhbəri Vahram Bağdasaryan, eləcə də Ermənistan İnqilabi Federasiyasının bir üzvü saxlanıldı (Mənbə: gazeta.ru/).

 Hüquqşünaslar isə bu həbsləri belə xarakterizə etdilər: “Siyasi, antimilli təqiblər növbəti, daha dəhşətli mərhələyə keçir. Artıq bütün bunları hüquq müstəvisində heç bir şəkildə şərh etmək mümkün deyil. Bu, hakimiyyəti istənilən yolla əldə saxlamaq, dövlət əleyhinə proqramlar həyata keçirmək və Vətəni düşmənə təslim etmək məqsədi daşıyan biabırçı siyasi təqibdir” (Mənbə ).

Öz kadrını qurban vermək

Amma bu tip plan da müharibədə biabırçı məğlubiyyət alan Paşinyanın imicinin yüksəlməsinə təsir etmirdi. Deməli, yeni qurban” vermək lazım idi. Bu qurban isə elə Paşinyanın öz komandasından oldu – David Tonoyan. 2021-ci ilin 30 sentyabrında sabiq müdafiə naziri həbs edildi. O, küllü miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurdu. Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Tonoyan Ermənistan ordusu üçün silah tədarük edən kompaniyanın rəhbəri David Qalstyanla birlikdə, təxminən 4,7 milyon dolları mənimsəyib. (Mənbə:  lenta.ru ).

Qanuni merlərə qarşı repressiya 

Bütün planlara rəğmən, Paşinyanın nüfuzunu qaldırmaq mümkün olmadı. Onun partiyası yerli orqanlara keçirilən seçkilərdə də məğlub oldu. İndi daha böyük biabırçılıq yaşanır. Paşinyan hakimiyyəti yerli seçkilərdə qalib gəlmiş müxaliflərin, fərqli düşünənlərin fəaliyyətə başlamasına mane olur. Yanvarın 4-də məlumat yayıldı ki, Ermənistanın hüquq-mühafizə orqanları Basarkeçər (Vardenis) meri Aqaron Xaçatryanın andiçmə mərasimini pozmağa çalışıblar. Qeyd edək ki, Vardenisdə keçirilən seçkidə hakim “Mülkü müqavilə” partiyası səslərin 46,11 faizini toplayıb. Ancaq qalib elan olunmaq üçün səslərin 50 faizdən artığını toplamaq zəruridir.

Digər iki siyasi qüvvə - “Aqaron Xaçatryan bloku” və “Birləşmiş Vardenis” müvafiq olaraq 37,36% və 16,51% səs toplayıb. Ermənistan Seçki Məcəlləsinin 142.2-ci maddəsinə əsasən, siyasi qüvvələrdən heç biri 50%-dən çox səs ala bilmədikdə, baryeri keçən partiyaların və ya blokların seçki siyahılarına başçılıq etmiş namizədlər arasında açıq səsvermə keçirilir. Qalib gələn namizəd sədr seçilir. Dekabrın 5-də keçirilən seçkilərdən sonra müxalifət qüvvələri koalisiyanın yaradılması haqqında memorandum imzalayıb və bununla da öz namizədini bələdiyyə sədri seçmək üçün lazımi sayda mandat əldə ediblər.

30 dekabr 2021-ci ildə Ağsaqqallar Şurasının ilk iclası keçirilib və Aqaron Xaçatryan mer seçilib. Hakim “Mülki Müqavilə” partiyasının nümayəndələri isə iclası boykot ediblər və İnzibati Məhkəmədə iddia qaldırıblar. Təbii, Paşinyan, partiyasının namizədinin qalib gələ bilməyəcəyini yaxşı bildiyi üçün bu taktikanı seçib. İndi hər vəchlə qanuni merin fəaliyyətə başlamasına mane olur. Aqaron Xaçatryan açıq havada and içmək məcburiyyətində qalıb (Mənbə ).

Paşinyan ölkənin üçüncü ən böyük şəhəri olan Vanadzorda (Qarakilsə) mer seçkilərindəki məğlubiyyətlə də heç cür barışa bilmir. Belə ki, dekabrın 5-də keçirilmiş seçkilərdə qalib gələn şəhər başçısı Mamikon Aslanyan saxlanılaraq ölkənin İstintaq Komitəsinə aparılıb. Bu barədə qurumun mətbuat katibi Vardan Tadevosyan məlumat verib. Aslanyan vəzifə səlahiyyətlərindən sui-istifadə, şəxsi məqsədlər üçün vəzifə saxtakarlığı və bir sıra digər ictimai təhlükəli cinayətlər törətməkdə ittiham olunur.

Araşdırma zamanı Aslanyanın bir sıra torpaq sahələrinin istifadə təyinatını dəyişməsi faktları aşkar edilib. O, icma torpaqlarının təyinatını enerji, rabitə və kommunal infrastruktur üçün tikinti sahələri olaraq dəyişdirib (Mənbə).  

Onu da qeyd edək ki, Aslanyan seçkilərdən əvvəl vəzifəsindən uzaqlaşdırılmışdı və oktyabrın 12-də onun yerinə hakim “Mülki müqavilə” partiyasını təmsil edən Vanik Ohanyan təyin edilib. Aslanyan bu qərarı qanunsuz adlandırıb, bildirib ki, şəhər administrasiyasının rəhbəri vəzifəsi seçilir və qanun onun işdən çıxarılmasını qadağan edir. Görünür, Paşinyan üçün qanun şah deyil. Amma bu maneələr baxmayaraq, Aslanyan dekabrda keçirilən seçkilərdə qalib gəlib. Bundan sonra onu həbs etməkdən savayı yol qalmayıb.

Arzuolunmaz şəxsləri cəzalandırmaq üçün

Ötən ilin son günündə - dekabrın 31-də Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında “Sisakan” dəstəsinin komandiri Aşot Minasyanın müdafiəsi ilə bağlı etiraz aksiyası keçirilib. Aşot Minasyan 2020-ci ilin noyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı. O, Nikol Paşinyanın həyatına qəsd və hakimiyyəti qəsb etmək cəhdi hazırlamaqda şübhəli bilinən digər şəxslərlə birlikdə həbs edilmişdi. Ancaq bu ittihamı sübut etmək mümkün olmadığı üçün bütün şübhəlilər məhkəmənin qərarı ilə sərbəst buraxıldı. Bir il sonra - dekabrın 1-də apellyasiya instansiyası prokurorluğun şikayətini təmin edib və Minasyanı həbs edib. Hüquq müdafiəçiləri onun həbsini siyasi qərar hesab ediblər.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, cəmiyyət hakimiyyətin siyasi baxışlarına görə təqib etdiyi insanları xatırlamalıdır. O xatırladıb ki, təkcə Minasyan deyil, həm də Qarnik İsaqulyan, Mamikon Aslanyan, Aruş Aruşanyan da siyasi təqiblərə məruz qalır.

“Bu insanlar üçün məhkəmə önəmli deyil, bu insanlar üçün Konstitusiya önəmli deyil. Onlar hər kəsi ayrı-seçkilik etmədən həbs edirlər”, - parlamentin “Hayastan” fraksiyasının üzvü, konstitusiya üzrə ekspert Aram Varcanyan bildirib.

“Qanun yolu” ictimai təşkilatının həmtəsisçisi Ruben Melikyan deyib ki, Minasyanın həbsdə saxlanması üçün heç bir səbəb yoxdur: “Lakin Ermənistanda arzuolunmaz şəxsləri cəzalandırmaq üçün belə qanunsuz həbslərdən istifadə olunur”.

Minasyanın vəkili Miqran Poqosyan bildirib ki, dekabrın 28-də Ermənistanın baş naziri Nikol Paşinyanın həyatına sui-qəsdin hazırlanması və hakimiyyətin qəsb edilməsi maddələri ilə cinayət təqibinə xitam verilib. Lakin müdafiə etdiyi şəxs hələ də qeyri-qanuni silah və sursat saxlamaqda ittiham olunur (Mənbə).  

Göründüyü kimi, Paşinyanın “repressiya maşını” var qüvvəsi ilə çalışır. Bütün demokratik prinsipləri tapdalamaqla. Amma demokratik Qərbdə bunu görən olmur. Belə çıxır ki, Qərb üçün demokratik dəyərlər elə Ermənistandakı idarəetmə üsuludur. Bəlkə də, bütün dünyada insanların demokratik dəyərlərə inamı da məhz buna görə azalır. İkili standartlar demokratik dəyərlərə qarşı ən dəhşətli silahdır.