Azərbaycan böyük humanizm göstərərək erməni əsirləri geri qaytarır, фncaq o əsirlər Ermənistana çatar-çatmaz həbs olunurlar. Ermənistan tərəfi rəsmi ittiham kimi hərbi qulluqçuların döyüş tapşırığına əməl etməməyi göstərir. Həbs olunanlar Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə (Döyüş növbətçiliyi və ya hərbi xidməti yerinə yetirmə qaydalarını pozma) ittiham olunurlar (Mənbə: interfax) .
Əgər bu yanaşma məntiqli olsaydı, yəni döyüş tapşırığına əməl etməməyə görə hərbçilərə qarşı cinayət işi qaldırılsaydı, onda Ermənistan ordusunda həbs edilməmiş əsgər və zabit qalmazdı. Çünki 44 günlük müharibə zamanı erməni zabit və əsgərləri kütləvi şəkildə fərarilik edib, hətta silah-sursatı, işlək vəziyyətdə olan texnikanı da ataraq, döyüş postlarını qoyub qaçıblar.
Elə “Vestnik Kafkaza” portalı da məhz bu məqama diqqət çəkib. Portal qeyd edir ki, Ermənistanın rəsmi məlumatlarına görə 44 günlük müharibə zamanı 10 min erməni hərbçi fərarilik edib:
“Yəni Ermənistanın yetkin kişi əhalisinin, sözün əsl mənasında 1%-i fəraridir. Onlara qarşı cinayət işi açılıb, lakin araşdırılmır. Çünki dövlət, ölkədə hər yüz nəfərdən birini həbsxanaya göndərmək gücündə deyil” (Mənbə: vestikavkaza.ru/).
Portal qeyd edir ki, paradoksal vəziyyət yaranıb: “Ermənistan beynəlxalq tribunalardan Azərbaycanı ittiham edir ki, 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarında təxribat törədərkən həbs edilənlər “müharibə əsirləri”dir (hərçənd ki, dinc dövrdə onlar belə statusda ola bilməzlər). Ancaq Azərbaycan onları qaytaran kimi Ermənistan həbs edir. Deməli, onlar Ermənistan hakimiyyətinə yalnız və yalnız həbsxanaya salınmaq üçün lazımdırlar. Onları, faktiki olaraq ona görə həbs edirlər ki, Ermənistan hakimiyyətinin göstərişi ilə döyüş əməliyyatlarında iştirak ediblər, amma ölməyiblər və ya geri çəkilməyə vaxtları olmayıb. Halbuki onların sağ qalmalarında, əsir düşmələrində cinayət tərkibi yoxdur”.
“Vestink Kafkaza” məsələyə erməni hüquq müdafiəçisi Nairi Zöhrabyanın münasibətini öyrənib: “Fakt budur ki, bu, hazırda Azərbaycanda olan hərbi əsirlərimizin vəziyyətini xeyli çətinləşdirir. Onların valideynləri artıq mənə sual verirlər: “Bəlkə oğullarımızın Ermənistana qayıtması təhlükəlidir?” Artıq onların arasında belə söhbətlər gedir. Mən hakimiyyətin nümayəndəsi deyiləm və bunu etmək lazım olub-olmadığını deyə bilmərəm, çünki hərbi əsirlərin valideynləri mənim hər sözümü diqqətlə izləyirlər. Artıq bir neçə valideyn mənə zəng edərək övladlarının İrəvana yox, başqa ölkəyə qaytarılmasını təşkil etməyin mümkün olub-olmadığını soruşur”.
Portal Zöhrabyanın dediklərindən sonra belə şərh yazıb: “Naira Zöhrabyanın sözləri belə qənaətə gəlməyə imkan verir ki, erməni diversantları üçün həqiqətən də ağır günlər gəlib çatıb: İrəvan onları döyüşə göndərir və “ölün” deyir. Əgər sağ qalsalar, onları öz vətənlərində həbsxana gözləyir. Bu baxımdan əsgər valideynlərinin “Vestnik Kavkaza”nın həmsöhbətinə verdikləri sual kifayət qədər yerindədir: onların Ermənistana qayıtmasına həqiqətən dəyərmi?”
Bəs Ermənistan rəhbərliyini Azərbaycandan qayıdan əsirləri həbs etməyə nə vadar edir? Bunun arxasında hansı şübhəli addım ehtimalı var? Faktyoxla Lab. bu məsələni araşdırıb.
Ermənistan ombudsmanı Armen Tatoyanın açıqlaması bu məkrli planın şifrəsini açır. O bildirib ki, Bakıda erməni hərbi əsirlərə qarşı dini mənsubiyyətə görə vəhşi rəftarla bağlı tutarlı sübutlar var. Ombudsman özünün “facebook” səhifəsində belə yazıb: “Azərbaycandakı erməni hərbi əsirlər təkcə etnik mənsubiyyətinə görə deyil, həm də dini səbəblərə görə amansız işgəncələrə məruz qalıblar”.
“Amansız işgəncə” ifadəsini yadda saxlayaq və Tatoyanın fikirlərinin izini itirməyək: “Erməni əsgərinin bədənində xaç şəkilli döymə görən azərbaycanlılar, bədənin bu hissəsini alışqanla yandırıblar, sonra da onları döyüblər. Onlar, həmçinin erməni hərbi əsirlərdən xaçları götürərək onların dinini ələ salıblar. Bir halda Azərbaycan hərbçiləri erməni hərbi əsirdən xristianlıqdan imtina edib İslamı qəbul etməyi tələb ediblər. O, inancını dəyişmək istəmədikdə, ayağını yandırıb, şiddətlə döyüb, ələ salıblar” (Mənbə: armeniasputnik.am). Ümumiyyətlə, Tatoyan erməni rəsmiləri arasında çəfəng açıqlamalarına görə ən çox ələ salınan, ən çox tənqid olunan, ən çox hədyanlar yağdıran biri kimi tanınır. Misal üçün, Tatoyan deyirdi ki, Ermənistan əhalisinin hüquqlarının müdafiəsinin fundamental təminatı Azərbaycan Silahlı Qüvvələri ilə təmasda olan ərazilərdə hərbisizləşdirilmiş təhlükəsizlik zonasının yaradılmasıdır: “Biz əsaslandırdıq ki, təhlükəsizlik zonası lazımdır, Azərbaycan ordusu, bayraqları, müxtəlif qurğular, kameralar kəndlərimizin yaxınlığından və icmalarımızı birləşdirən yollardan yığışdırılmalıdır. Bunsuz Sünik və Qeqarkunik kəndləri sakinlərinin normal hüquqları bərpa oluna bilməz. Amma bu, erməni tərəfinin hesabına olmamalıdır. Azərbaycanlılar getməlidir. Azərbaycan ordusunun bütün dislokasiyaları istisnasız olaraq qanunsuzdur”. Belə bir düşüncə sahibidir. Amma nə edək ki, Ermənistanda Ombudsman vəzifəsini belə biri daşıyır.
Qayıdaq əsirlərlə bağlı məsələyə. Ermənistan hakimiyyətinin planı məkrli olsa da, primitivdir. Bütün beynəlxalq təşkilatlarda qaldırdıqları arqumentlər qəbul edilməyib, Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən tanınıb. Və əli hər yerdən üzülən Ermənistan hakimiyyəti indi də dinlərarası nifaq toxumu səpmək niyyətindədir. Guya xristian olduqları üçün müsəlmanlar tərəfindən təzyiqə məruz qalır, təhqir olunurlar.
İndi isə Tatoyanın yazdıqlarına diqqət edək. Birincisi, deyək ki, erməni hərbi əsiri Bakıda dini inancına görə alçaldıblar. Bəs Tatoyan bədənində xaç döyməsi olan o əsirin şəklini niyə paylaşmır? Bəlkə də buna çalışıb, ancaq bütün Ermənistan ordusunu ələk-fələk etsə də, bədənində xaç döyməsi olan bircə əsgər də tapa bilməyib.
İkincisi, Bakıda erməni əsirə təklif ediblər ki, dinini dəyişsin. O isə bundan imtina edib və şiddətə məruz qalıb. Böyük iradə nümayiş etdirib. Ancaq bu “iradəli” əsgər Ermənistana qayıdan kimi həbs edilir. Niyə? Postu qoyub qaçdığına görə. Axı o, qəhrəmandır, Bakıda zorakılığa məruz qalsa da, dinini dəyişməkdən imtina edib. Belə iradəli insan postu qoyub qaçardımı? Deməli, çıxılmaz vəziyyətdə olub ki, əsir düşüb. Onu Ermənistanda niyə həbs edirlər? Tatoyan bu haqda danışmayıb. Heç ona bununla bağlı sual verən də olmayıb.
Üçüncüsü, indi gələk Tatoyanın “amansız işgəncə” ifadəsinə. Gürcüstanın vasitəçiliyi ilə Bakıdan erməni hərbi əsirlər Yerevana aparılarkən onların avtobusda çəkilmiş şəkilləri sosial şəbəkələrdə yayılmışdı (Mənbə: rbc.ru). Sosial şəbəkələrin erməni seqmentində həmin əsirlərin kök olmasına rişxənd edilir, onların əsirlikdə yox, sanatoriyada olduqları vurğulanırdı. Əgər hər şey Tatoyanın dediyi kimidirsə, onda bu əsirlər “amansız işgəncə” altında neçə kökəliblər? Və yaxud Azərbaycandan qayıtdıqdan sonra həbs edilən o “əsirlər” indi hansı vəziyyətdədirlər? Olmaya onları kurortda, sanatoriyada saxlayırlar? Yaxşı olardı ki, Tatoyan onların yeni şəkillərini paylaşardı. Onda “amansız işgəncə”nin Bakıda, yoxsa Yerevanda verildiyi məlum olar. Ermənistan hakimiyyəti Azərbaycanın qaytardığı hərbi əsrləri həbs edir və ağır işgəncə verərək guya Bakıda onlara şiddət göstərildiyi, dinlərinin təhqir edildiyi haqda ifadə alırlar.
Bu videoda əsirlikdə olmuş azərbaycanlının sinəsinə erməni hərbçilər tərəfindən xaç çəkilməsi və əsirin başına gətirilən olmazın işgəncələri əks olunub.
Araşdırmanın bu hissəsində Cənab Tatoyanın diqqətinə erməni əsirliyində olan azərbaycanlılar haqda məlumatları çatdırırıq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı statistik məlumatlara görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3875 nəfər təşkil edir. Onlardan 3610 nəfəri kişilər, 265 nəfəri isə qadınlardır. İtkin düşmüş şəxslərin 3168 nəfəri hərbçilər, 707 nəfəri isə mülki şəxslərdir (uşaq - 67 nəfər, qadın - 265 nəfər, qoca - 324 nəfər). Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərın sayı 871 nəfərdir. Bunlardan kişilər 773 nəfər, qadınlar isə 98 nəfər təşki edir. Həmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini isə mülki şəxslər təşkil edir (uşaq - 29 nəfər, qadın - 98 nəfər, qoca - 112 nəfər).
Beynəlxalq hüququn pozulduğu məqamlar
Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları BMT-nin 1949-cu il 12 avqust tarixli "Döyüşən orduda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Hərbi əsirlərlə rəftar haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, BMT-nin 1954-cü il 14 may tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" Konvensiyası ilə tənzimlənir.
Mülki əhalinin hücuma məruz qalması ilk növbədə 12 avqust 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinin birbaşa pozulmasıdır. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına 1977-ci ildə əlavə edilmiş 1-ci protokolun 52-ci maddəsinin 1-ci bəndinə görə müharibələr zamanı mülki obyektləri, əhalini hədəf almaq qadağandır və müharibə cinayəti hesab olunur.
Bu isə əsirlikdə olan azərbaycanlılara qarşı Tatoyanın ölkəsinin törətdiyi vəhşiliklərdən bir fraqmentdir.
Bu məlumatlar əsirlikdə olan azərbaycanlılara işgəncə verməkdə, hətta onlardan bəzilərini qətlə yetirməkdə ittiham olunan iki nəfər Ermənistan vətəndaşı – 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan və 1969-cu il təvəllüdlü Lüdviq Mkrtiçyanın işi üzrə məhkəmə istintaqında səslənib. Yani faktdır və dəlillərlə sübuta yetirilib.
İttihamda yazılıb ki, Lüdviq Mkrtiçyan Birinci Qarabağ Müharibəsi dövründə Qubadlı yaxınlığında əsir düşmüş Həbib Kazımov, Elman Hacıyev və digərlərinə işgəncə verib. Lüdviq Mkrtiçyanın həmçinin əsir azərbaycanlıları Şuşa həbsxanasında döydüyü, onların ac-susuz saxlanmasında iştirak etdiyi iddia olunur.
“Lüdviq Mkrtiçyan Şuşa həbsxanasında dəmir və taxta parçalarla yaralı vəziyyətdə olan azərbaycanlı əsgərə xəsarətlər yetirərək, onları ac-susuz saxlayıb. Bundan başqa, o, 1994-cü ildə Ağdamda əsir düşən əsgər Hüseynov Cavid Alı oğlunu Şuşa həbsxanasında 1 il saxlayaraq, şaxtalı havada qarın altında işgəncələr verərək, üstünə soyuq su töküb, baş və göz nahiyələrinə ağır zərbələr endirib. Nəticədə Cavid Hüseynov hər iki gözünün görmə qabiliyyətini itirib”, – ittiham aktında yazılıb.
Təqsirləndirilən şəxslər həmçinin azərbaycanlı əsirlərin üstündə siqaret söndürməklə, onları dəmir borularla döyməklə, şaxtalı havada saatlarla saxlayıb, üstlərinə soyuq su tökməklə onlara işgəncə verməkdə ittiham olunurlar.
İş materiallarında yazılıb ki, Mkrtiçyan Azərbaycan dilini bildiyinə görə bəzi azərbaycanlı əsirlərin Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən dindirilməsi zamanı tərcüməçi kimi cəlb olunub. Onun tərcüməçi kimi iştirak edərkən də azərbaycanlıları döydüyü iddia olunur: “Mkrtçyan 1998-1999-cu illərdə İslamov Elşən Sabir oğlu qanunsuz olaraq Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında saxlandığı vaxtlarda Mkrtiçyan tərcüməçi kimi iştirak edərkən ona işgəncələr verib. O, Elşən İslamovdan Ermənistan vətəndaşlığını qəbul etməsini istəyib”.
Lüdviq Mkrtiçyan 25 oktyabr 2020-ci ildə əsir düşmüş azərbaycanlı əsgər Firavan Əsgərovu qətlə yetirməkdə də ittiham olunur.
Zərərçəkmişlər istintaq zamanı dindirildikdən sonra onların ifadələri Şuşa həbsxanasında yoxlanılıb. İfadədə yer alan fikirlər orada aşkarlanan sübutlarla uyğun gəlib.
Qərib Vəliyev bildirib ki, 1999-cu ildə Goranboyun Tapqaraqoyunlu kəndi yaxınlığında mal-qara otaranda əsir götürülüb. Əsirlikdə olduğu dövrdə Şuşa həbsxanasında işgəncələrə məruz qaldığını deyən zərərçəkən bildirib ki, Lüdviq Mkrtçyanı hərbi formada görüb, onun Azərbaycan dilindən tərcüməçilik etməsinin də şahidi olub: “O, tərcüməçilik edirdi. Çox qəddar idi. Sinəmə vurduğu təpiklər yadımdan çıxmır. Məni dizi ilə vurub, başıma torba keçirdi, elə döyürdülər…”
Qərib Vəliyev iki ay əsirlikdə qaldıqdan sonra geri qayıdıb. Deyir ki, qayıdandan sonra 1 ay müalicə alıb.
Zərərçəkən Cavid Hüseynov əsirlikdə dəmir boru ilə döyüldüyünü, nəticədə hər iki gözündə görmə qabiliyyətini itirdiyini bildirib: “Bunlar burada özlərini məzlum göstərirlər, orada əsl cəllad idilər. İkisi də Azərbaycan dilini yaxşı bilir”.
Ermənistan tərəfinin əsir-girovlarla bağlı amansız davranışını aşağıdakı kimi təsnifatlandırmaq olar:
- Əsir-girovların antitürk, antiazərbaycan ideoloji-təbliğat vasitəsinə çevrilməsi, nifrət hissinin artırılması məqsədi ilə onların mülki əhalinin ixtiyarına verilərək meydanlarda nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsi, təhqiredici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilməsi, onların müxtəlif telekanallara çıxarılaraq öz ölkəsinin əleyhinə müsahibələr verməsinə məcbur edilməsi;
- Əsir və girovlardan qul kimi istifadə olunması, onların işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə vandalizm aktlarında istifadəsi və zərərli istehsal sahələrində işlədilməsi;
- Əsir və girov götürülmüş şəxslərdən Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb olunması və Azərbaycanda terror-təxribat aktlarının törədilməsinə məcbur edilməsi;
- Əsir və girovların biri-birinin əleyhinə ifadələr verməyə məcbur edilməsi, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı və təhqiredici əməllər törətməyə məcbur edilməsi;
- Yaşına və cinsinə məhəl qoyulmadan onlara dəhşətli işgəncələr verilməsi və qeyri-insani şəraitdə saxlanılması;
- Əsir və girovların Ermənistanda ağır cinayətlər törətmiş erməni əsilli şəxslərlə birlikdə həbsxanalarda saxlanılması;
- Cenevrə Konvensiyalarının ziddinə olaraq müxtəlif məlumatların əldə olunması üçün dəhşətli işgəncələrin müşayiəti ilə qeyri-qanuni sorğu-suallara cəlb olunması;
- Əsir və girovların müxtəlif tibbi və digər eksperiment obyektinə çevrilməsi, bədənlərinə şüalar verilməsi və tərkibi məlum olmayan maddələr yeridilməsi.
Mənbələr: Beynəlxalq humanitar hüquq
Üçüncü Cenevrə Konvensiyasının ikinci protokolunun birinci maddəsi
Azərbaycanlılara qarşı amansız rəftarların etirafı
Ermənilərin azərbaycanlılara qarşı amansız, vəhşi rəftarının təkcə Azərbaycan tərəfi fakt və sübutlarla ortaya qoymur. Ermənilər özləri, eləcə də üçüncü şəxslərin etiraflarında da buna rast gəlinir.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın “Xocalı faciəsinədək azərbaycanlılar fikirləşdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq-biz bu streotipi dağıda bildik”, rus jurnalist Viktoriya Uvelovoyun “ermənilər hamilə qadının qarnını yararaq körpəni ordan götürüb yerinə pişik qoyub tikdilər”, “İzvestiya” qəzetinin müxbiri V. Ballaxın “Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şey görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi”, Xocalı soyqırımında iştirak edən hərbi hissənin kəşfiyyat şöbəsinin rəisi V.Savelyevin “Mən bütün bunları yazmaya bilməzdim. İnsanların, uşaq və qadınların, hamilə qadınların güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat idarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi” kimi dəhşətli etiraflar insanlıq adına yaraşmayan vəhşiliyin nümunəsidir. (Mənbə )
Bu faktlar o qədər çoxdur ki, yazmaq, çatdırmaq üçün günlərlə, aylarla vaxt lazımdır. Biz yalnız bir fraqmentdən danışdıq.
Yekunda isə onu bildirək ki, Azərbaycan Ordusu tərəfindən əsir götürülən işğalçı ordunun əsgərlərinə dövlətimizin münasibəti həmişə humanistliyi və beynəlxalq hüquqa hörmətlə yanaşılması ilə fərqlənib. Hətta Ermənistana təhvil verilən şəxslər vətənlərinə qayıtdıqdan sonra yerli və xarici mediaya açıqlamalarında da etiraf ediblər ki, Bakı bütün əsirlərlə beynəlxalq tələblər səviyyəsində, humanistcəsinə davranır, yaralı erməni hərbçiləri Azərbaycanın müasir xəstəxanalarında müalicə edilir, onlara insanlıq qayğısı göstərilir. Uzun müddət adi gigiyenik qaydalara əməl etməyən erməni hərbçiləri əsirlikdə təmiz paltar, müasir xəstəxana geyimləri ilə təmin edilib, onlara hamam və digər təmizlik şəraiti yaradılıb. Bir sözlə, Azərbaycan dövlətinin əsirlərlə davranışı tam olaraq humanizm prinsipləri əsasındadır. İşğalçı ordunun əsir düşmüş heç bir hərbçisi onunla kobud davranışdan şikayət etmir, Ermənistan hakimiyyəti də bundan Azərbaycana qarşı istifadə edə bilmir.
Ermənistan uzun müddət təbliğat aparırdı ki, guya Azərbaycanda saxlanılan erməni hərbçilərinə işgəncə verilir, onlarla qeyri insani rəftar edilir. Ayrı-ayrı xarici təşkilatlar, müxtəlif ölkələrin rəsmi şəxsləri də erməni iddialarına dəstək verir, onların qaytarılması tələbi ilə çıxış edirdi. Azərbaycana qarşı aparılan kampaniyaya dəstəklərini ifadə edirdilər. Lakin həmin erməni hərbçilər vətənlərinə qayıtdıqdan sonra hamı onlarla humanist davranışın şahidi oldu. Bakının təhvil verdiyi ermənilərin sağlıq durumu, qida, tibb və müxtəlif zəruri əşyalarla təmin olunması erməni yalanlarının növbəti ifşası oldu. Eyni zamanda erməni yalanlarına dəstək verənlərin bütün cəhdlərinin sadəcə “qara piar” olduğu üzə çıxdı. Hər kəs anladı ki, Azərbaycan humanizm prinsiplərinə sadiqdir və beynəlxalq hüquqla müəyyən edilmiş bütün norma və prinsiplərə dönmədən əməl edir. Bunu Azərbaycanda əsrilikdə olmuş erməni hərbçilər belə ölkələrinə döndükdən sonra verdiklərini açıqlamalarda etiraf edirlər.
Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsindən bir hissəni təqdim edirik: “...Saxlanılan şəxslərə gəlincə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan, demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. Onlar bu terror aktlarını törədiblər, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər. İndiyədək biz 100-dən çox saxlanılan şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər. Digər məsələ ondan ibarətdir ki, saxlanılan şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra, – onlardan 10-unu 10 gün əvvəl qaytarmışıq, – Ermənistanda həbs olunub. Bu, bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu real faktdır və bunu təsdiq etmək olar”. (Mənbə)
Nəticə: Ermənistan hakimiyyəti Azərbaycanın yüksək humanistlik göstərərək qaytardığı əsirləri həbs edir və onlara işgəncə verərək öz maraqlarına xidmət edən ifadələr alır, bununla da dinlərarsı nifaq toxumu səpməyə cəhd göstərir.