Diqqətimizi Azərbaycan tarixi haqda özünəməxsus məlumatlar yayan, “Qrişa” ləqəbli Bakı ermənisi, tarixçi Qriqori Ayvazyanın “əyri oturaq, düz danışaq” Azərbaycan atalar sözünü erməni məsəli kimi təqdim etməsi cəlb etdi. O, öz həmyerlisinin youtube kanalında çıxışında belə bir cümlə işlədib: “Erməni dilində belə atalar sözü var: Əyri oturaq, düz danışaq”.
Faktyoxla Lab bu atalar sözünün ermənilərə məxsus olub-olmadığı, ümumiyyətlə qonşularımızın atalar sözlərimizi mənimsəməsi ilə bağlı araşdırma aparıb.
Öncə onu deyək ki, folklorun mühüm bir hissəsi olan atalar sözlərinə malik olmaları ilə qürurlanan ermənilər 1967-ci ildə SSRİ EA-sının “Elm” nəşriyyatı vasitəsilə oğurlanmış Azərbaycan atalar sözlərini «Армянский фольклор» adı altında nəşr ediblər. (Elektron versiyası)
Əvvəlcə bu “erməni atalar sözləri”ndən bəzilərinin rusca necə səslənməsinə diqqət edək: “Не всякий побывавший в Иерусалиме хаджи” (Hər Qüdsdə olan, “Hacı” olmur), “Лучше один раз попросить у Бога, чем сорок раз у сорока святых” (“Qırx müqəddəsə qırx dəfə yalvarınca, bir dəfə Tanrıya yalvar”), “Цену золота знает лишь ювелир” (“Zər qədrini zərgər bilər”), “Делай так чтобы ни шашлык, ни шампур не сгорел” (“Nə şiş yansın, nə kabab”), “Скажешь “джан”, услышишь “джан” (“Can de, can eşit”), “Ашуга в дом впустили, а он спрашивает: “куда положить саз” ( Aşığı evə dəvət etdilər, dedi sazı hara qoyum?”) və s. (Mənbə)
Aydın görünür ki, zəngin mədəniyyətə sahib olduğunu iddia edən bu xalq oğurladığı məsəllərdə, atalar sözlərində türk sözlərini əvəz edəcək erməni sözləri tapa bilməyib. Bəzilərində isə bir-iki sözü dəyişmək məcburiyyətində qalıblar. Bu məsələyə toxunacağıq. Əvvəlcə Qriqori Ayvazyanın qədəm erməni məsəli kimi təqdim etdiyi “Əyri oturaq, düz danışaq” atalar sözünün mənşəyi haqda faktları açıqlayaq.
İlk olaraq onu qeyd edək ki, bu məsəlin (atalar sözünün) kökü ermənilərin Qafqaza köçürülməsindən əsrlər əvvələ gedib çıxır. Sübut: Bu məsəl, böyük Azərbaycan mütəfəkkiri Nəsiminin farsca yazdığı divanda yer alıb:
Zülfü dedi: hüsn ölkəsinin şahı mənəm, mən,
Əyri oturub düz danışır, məncə, rəvadır.
“Əyri oturaq, düz danışaq” atalar sözü bu qəzəlin əsas ideyasını təşkil edir. Qeyd edək ki, Nəsimi qəzəllərində atalar sözlərindən, məsəllərdən yetərincə istifadə edib.
Nümunələr:
Bu mətləbi sən də eşit, sən də anla, faydası var,
İbrətli söz sırğa olar, güman etmə zəhlə tökər.
***
Xəzan gəlmiş, çəməndə gülləri pamal edib şaxta,
Xəzansız növbahar olmaz, dəyişməz pəxtini gülşən.
**
Köksüz bir ağac tək quruyub məhv olacaqdır
Ölməzliyin həqq feyzini əldən buraxanlar.
***
Əsil ürfan batindədir, zahiriylə oynama sən,
Bar verməyən bir ağacın zəhmətini çəkmə hədər.
(Mənbə)
Böyük ehtimalla, “Qrişa” bu qəzəllərdə yer alan atalar sözlərinin də ermənilərə məxsus olduğunu iddia edər. Amma fakt odur ki, ermənilərin bu atalar sözlərinə heç bir aidiyyəti yoxdur. Erməni şair və yazıçıları erməni folklorunu yalnız və yalnız XIX əsrin sonunda Azərbaycan folklorundan oğurladıqları materiallar əsasında yazmağa başlayıblar. Bu haqda folklorşünas, filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Yurdoğlunun yazdığı “Azərbaycan şifahi xalq ədəbiyyatı “erməni folkloru”nun formalaşmasında mənbə kimi” məqaləsində tutarlı faktlar var. Özü də bu faktların bir çoxu elə erməni şair və yazıçıların yazdıqları məqalələrdən, araşdırmalardan götürülüb.
Məqalədən seçdiyimiz sitatlara diqqət edək: “XIX əsrin ortalarında yeni realist erməni ədəbiyyatının banisi sayılan Xaçatur Abovyan məqalələrinin birində Azərbaycan dili haqqında belə yazırdı: “Özünün şairanəliyi, səslənməsi və axıcılığına görə Azərbaycan dili qrammatik cəhətdən bütün dillər arasında yeganə dildir”.
“XIX əsrin müxtəlif illərində Qafqazda şifahi xalq ədəbiyyatı nümunələrini toplayıb yazıya alınması zamanı özlərini artıq Qafqazın yerli xalqı kimi aparmağa başlayan erməni ziyalıları da bu prosesə qoşulmuş, insanlardan eşitdiklərini toplayıb yazıya almışlar. Bu zaman onlar, demək olar ki, yerli əhalidən – azərbaycanlılardan, eyni zamanda gürcülərdən və digər azsaylı xalqlardan folklor nümunələrini toplamış, erməni əlifbası ilə yazıya almışlar. O dövr əlyazma mətnlərinin araşdırılmasında, oxunmasında və tədqiqində böyük xidmətlər göstərmiş İ.Abbaslı qeyd edir ki, bayatı, zərbi-məsəldən tutmuş dastana qədər hər növ el ədəbiyyatı incilərimizə erməni əlifbası ilə toplanmış əlyazmalarda rast gəlmək mümkündür”.
Bu heç də təsadüfi deyildir. Bir çox ümumişlək Azərbaycan sözlərini öz leksikonlarına əlavə etməklə, onlar sonrakı dövrlərdə mənimsədikləri folklor nümunələrimizin də onlara aid olması iddialarına hesablayırdılar. “Başqa bir erməni müəllif Q. Antonyan isə “Azərbaycan xalqı və mədəniyyətinə Abovyanın münasibəti” adlı məqaləsində bu məsələyə diqqəti çəkərək bildirir ki, “sadə xalq dilinin əsas hissəsini Azərbaycan sözləri təşkil edir, bu xalqın (ermənilərin) hətta bəzi hissələri üçün “Azərbaycan dili tam bir zərurətə” çevrilmişdir” (9, s.134).
“Atalar sözləri və məsəllərimiz ermənilər tərəfindən hər gün istifadə olunan folklor janrlarıdır. “Ermənilər söz-söhbətlərində, danışıq zamanı həmişə Azərbaycan atalar sözü və məsəllərinə müraciət etmişlər” (22, s.292), – deyən A.Terteryanın bu sözləri də fikrimizi təsdiq edir. Hətta bu mövzuya toxunan Əkbər Yerevanlı yazır ki, erməni xalqı içərisində kütləvi surətdə yayılan Azərbaycan atalar sözü əsas etibarı ilə öz mənbəyində olan formanı saxlayır. Onda çox az dəyişiklik edilir” (23, s.68). Müəllif fikrinin təsdiqi kimi bir neçə atalar sözünü də nümunə gətirir və həmin atalar sözlərini müqayisə edəndə də görürük ki, Azərbaycan atalar sözləri erməni xalqı tərəfindən necə mənimsənilmişdir.
“Kef sənin, kənd koxanın” – “Kefi konna, kyand kyoxvinı”, “Bir olsun, pir olsun” – “Bir ıli u pir ıli”,
“Dəvə nalbəndə tərs baxar” – “Daven nalbandin tars kaşa” və sair atalar sözlərimizdən də görünür ki, öz folklorunu “zənginləşdirməyə” çalışan ermənilər Azərbaycan atalar sözlərini də mənbə kimi istifadə etmişlər.
X.Abovyan öz əsərlərində çoxlu sayda “erməniləşmiş” Azərbaycan atalar sözlərindən istifadə edib, lakin onun davamçısı – Q.Ağayan cəmi 163 atalar sözündən istifadə edib. A.Qanalanyan X.Abovyanın yaradıcılığını təhlil edərək, klassikin işlətdiyi Azərbaycan atalar sözlərini xüsusi olaraq ayrıca qrupa ayırmışdı (A.Qanalanyan, «Хабовян и спитальная литература», Yerevan, 1941, Arm.).
Ermənilər özləri də təsdiq edirlər ki, bu kimi atalar sözləri Azərbaycan atalar sözlərinin erməniləşdirilmiş variantıdır (23, s.69). Bundan başqa onlar bir çox atalar sözlərimizi götürərək erməni dilində yazıya almış və sadəcə həmin atalar sözlərindəki bir və ya iki sözü dəyişməklə özləri üçün yeni nümunələr ortaya çıxarmışlar.
Bu barədə İsrafil Abbaslı atalar sözlərini müqayisəli verməklə daha dolğun fikir formalaşdırır (1, s.90-93). Onun bu sahədəki tədqiqatlarındakı qarşılıqlı atalar sözlərinə baxanda görürük ki, “Könül sevən göyçək olar” atalar sözümüz “Göz sevən çirkin olmaz”, “Pul əl çirkidir” atalar sözümüz “Pul ki, var, pasdır, əl çirkidir”, “Sən ağa, mən ağa, bəs inəkləri kim sağa” atalar sözümüz “Sən ağa, mən ağa, bəs dəni kim üyütsün”, “İlanın ağına da lənət, qarasına da” atalar sözümüz “İlanın qarasına da lənət, ağına da”, “Kor nə istər, iki göz, biri əyri, biri düz” atalar sözümüz “Kor nə istər iki göz”, “Dost başa baxar, düşmən ayağa” atalar sözümüz “Dost dostun üzünə baxar, ancaq yad adam ayağına” şəklində işlədilərək “milliləşdirilmişdir”.
Akademik A.Qanalanyanın 1960-cı ildə nəşr olunmuş “Erməni atalar sözləri” kitabı Ermənistan Elmlər Akademiyasının nəşriyyatında nəşr olunub. (396 səhifə, erməni dilində). Bu kitabdan seçilmiş və erməni dilinə tərcümə edilmiş 233 atalar sözü Azərbaycan dilindədir.
Nəticə: Əminliklə deyə bilərik ki, çox məhdud sayda folklor nümunələrinə sahib olan ermənilər yerli əhali ilə – azərbaycanlılarla birgə yaşamış, xalqımızın qonaqpərvərliyindən məharətlə istifadə etmiş, öz mətbəxlərinə dolma, kabab və s. kimi kulinariya mədəniyyəti qazandırmış, öz musiqi bazalarına xalq mahnımızı, aşıq havalarımızı əlavə etmiş, dastanlarımızı mənimsəməyə cəhd göstərmiş, yüzlərlə bayatımızı, atalar sözləri və məsəllərimizi özününküləşdirmişlər. Qısacası, Azərbaycan şifahi xalq ədəbiyyatı “erməni folkloru”nun formalaşması üçün əsas mənbə olmuş, baza rolunu oynamışdır. Erməni müəlliflərinin özlərinin də etirafları, tədqiqatları zamanı söylədikləri fikirlər bunu bir daha təsdiq edir. Ermənilər oğurluğa nə qədər cəhd etsələr də, mədəniyyətləri bir o qədər kasıb görünür. Belə məqamda erməni oğurluğuna elə Azərbaycan atalar sözü ilə cavab vermək lazım gəlir: “Yel qayadan nə aparar” Yəqin ki, ermənilər bu atalar sözünü də mənimsəyərlər.