Sosial mediada hərbçi geyimində fiziki məhdudiyyətli bir şəxsin çətinliklə sement kisələrini daşıması videosu yayılıb.
Faktyoxla Lab. Azərbaycanlı qazi olduğu iddia edilən bu videonu araşdırıb.
Təqdim edilən video aşağı keyfiyyətlə yükləndiyi üçün nə avtomobilin nömrə nişanını, nə sement kisələrinin üstünü, nə də insanların simasını aydın görmək üçün yararlıdır.
Bu səbəbdən “tərsinə foto axtarış” metodu ilə fərqli kadrları axtarışa veririk.
Əldə olunan kadrlara əsasən gəlinən ilk nəticə budur ki, videoda görüntülənən şəxslərin antropoloji xusisiyyətləri, sifət cizgiləri nəinki Azərbaycana, heç digər Qafqaz xalqlarına, İran və Türkiyəyə də aidiyyatı yoxdur.
Axtarış nəticəsində əldə olunan nəticələrdən bir çoxu “tik-tok” sosial media platformasına məxsus hesablarda aşkarlanmışdır. Həmin videonu paylaşan hesablardan “cristianpablo34” profili diqqətimizi daha çox çəkdi.
Belə ki, profil sahibinin əngəlli şəxs olduğu və qeyd edilən videoya oxşar bir neçə video paylaşdığı bəlli olur.
Araşdırma nəticəsində dəqiqləşdiririk ki, qeyd edilən profilin sahibi Cristian Armando Hu Pablo (Cristian Pablo) Qvatemalanın Quetzaltenanqo şəhərindəndir, 29 yaşı var. O, 7 yaşında olarkən sərxoş sürücünün idarə etdiyi avtomobil tərəfindən vurulmuş, sol ayağını itirmişdir. istinad
Buna baxmayaraq, Kristian Pablo ruhdan düşməmiş, fiziki məhdudiyyətli olmasına baxmayaraq ailəsini dolandırmaq üçün ağır fiziki işlərdə çalışmış, hətta ekstremal velosiped idmanı ilə məşğul olmuşdur.
Onun əzmkarlığı və güclü iradəsi az bir zamanda böyük izləyici kütləsi toplamışdır. Pablonun çəkdiyi bu videolar izləyicilər tərəfindən böyük heyranlıqla və həvəslə qarşılanır, ona insanlara bəxş etdiyi yüksək motivasiyaya görə təşəkkür bildirirlər.
Beləliklə, Qvatemalada çəkilən kadrların üzərinə Azərbaycan bayrağı vurub Azərbaycanlı qazinin çətin şəraitdə yaşadığını, fiziki məhdudiyyətli olmasına baxmayaraq sement kisələri daşımaqla dolandığını göstərmək istəyənlər və bununla da Azərbaycana qarşı təbliğat aparanlar əslində mənəviyyat problemi və əxlaq düşkünlüyü yaşadıqlarını nümayiş etdiriblər.
Nəticə
-Sosial mediada "Azərbaycanlı qazi"nin sement kisələrini daşımasını əks etdirən videonun Azərbaycana aidiyyatı yoxdur.
-Videoda əks olunan şəxs Qvatemaladan olan fiziki məhdudiyyətli Kristian Pablodur.