“Azadlıq qəzeti” yaydığı məlumatda Azərbaycanın “Rəqəmsal hökumət” indeksi üzrə regionda sonuncu olduğunu bildirir. Ölkəmizin siyahıda 74-cü, Ermənistanın 48-ci, Gürcüstanın 69-cu, Mərkəzi Asiya ölkələrindən isə Qazaxıstanın 24-cü, Özbəkistanın isə 63-cü yerdə qərarlaşdığı qeyd olunub.  

Faktyoxla Lab. bu məlumatın həqiqiliyini araşdırıb.

Əvvəla, sözügedən qəzet bu məlumatın mənbəyini, hansı beynəlxalq təşkilatın hesabatı olmasını və dünya ölkələrinin hansı rəqəmsal indekslərindən söhbət getdiyini dəqiq göstərə bilmədiyindən medianın adi prinsip və qaydalarına riayət etmədiyib. Çünki dünya ölkələrinin “Elektron və rəqəmsal indeksi” ilə bağlı bir neçə nüfuzlu beynəlxalq təşkilatın hesabatı və ya araşdırması dərc olunur və bu ictimaiyyətə açıqlanır. Ona görə də mənbəyi və istinad ünvanını göstərməyən (qərəz) və ya məsələnin mahiyyətindən xəbəri olmayan (qeyri-peşəkarlıq) “Azadlıq” qəzeti əldə etdiyi məlumatı dəqiqləşdirmədən məhz Azərbaycanı gözdən salmaq üçün ənənəsinə sadiq qalaraq növbəti imkandan yararlanmağa çalışıb.

Araşdırma nəticəsində dəqiqləşdirdik ki, qəzetin mənbə göstərmədən yaydığı bu məlumat BMT-nin “Elektron Hökumətin İnkişaf İndeksi” hesabatından (E-Government Development Index - EGDI) götürülüb.

Bəli, həmin reytinqdə Azərbaycan 74-cü yerdə qərarlaşıb. Amma sıralamada nə sonuncu ölkələr qrupunda yer alır, nə də ki, mövqeyi pisləşməyib. Azərbaycan həmin reytinqdə inkişaf etmiş dövlətlər qrupu şkalasında yer almaqla əvvəlki hesabatla müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb. Respublikamız ilk dəfə olaraq EGDİ indeksinin ən yüksək kateqoriyası hesab edilən “Çox Yüksək EGDI” (“Very High EGDI) qrupuna daxil olub. mənbə

İkincisi, “Azadlıq” həmin hesabatı yalnız “Rəqəmsal hökumət” indeksi kimi təqdim edir və hesabatın əhatəsini və məzmununu kiçiltməyə çalışır. Halbuki “Elektron Hökumətin İnkişafı İndeksi” daha geniş tədqiqat metodologiyasıdır və bir neçə komponenti, o cümlədən “Rəqəmsal imkanları” özündə birləşdirir. BMT sonuncu dəfə, yəni 2 il əvvəl -2022-ci ildə dərc edilən hesabatda “E-hökumət”i dünya ölkələrinin telekommunikasiya infrastrukturu, insan kapitalı və onlayn xidmətlər üzrə alt-indikatorları əsasında ölçülürdüsə, builki hesabata “Süni intellekt” və “Rəqəmsal hökumət” üzrə indikatorlar da daxil edilib. Yəni tədqiqatın əhatəsi və parametrləri genişləndirilib. Bu baxımdan mövzuya geniş aspektdən və ümumi yanaşdıqda belə nəticəyə  gəlinir ki, Azərbaycan bütün həmin sub-indikatorların cəmi əsasında öz mövqeyini yaxşılaşdırmağa nail olub. mənbə


Beləliklə, “Azadlıq” mövzunun parametrlərinə bələd olmadığından və “E-hökumət” anlayışını bilmədiyindən məsələyə birtərəfli yanaşaraq saxtakarlığa yol verib.

Üçüncüsü, Azərbaycan rəqəmsal keçidə yeni start versə də “Rəqəmsal hökumət” indikatoru üzrə illərdir ki, rəqəmsal ənənəsi olan ölkələrin nəticəsinə yaxın bal toplayıb. Bu, yalnız son 4 ildə görülmüş işlərin nəticəsidir.

Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan okeana çıxış olmayan ölkədir, quru ilə əhatə olunmuş inkişaf etməkdə olan ölkələr (LLDC) qrupuna daxildir. Okeana çıxışı olmayan ölkələrin adətən rəqəmsal və fiber-optik imkanları digərlərinə nisbətən daha yaxşı və əlçatan olur, bu, nəticə etibarilə həmin ölkələrin rəqəmsal xidmətlərə çıxış və tezliyinə təsir edir. Bu konteksdə Azərbaycan LLDC ölkələrindən biri kimi rəqəmsallaşma sahəsində fasiləsiz tədbirlər və fiber-optik dünyaya sürətli inteqrasiya sayəsində çox yüksək EGDI qrupunda təmsilolunma faizini 2022-ci ildəki 3%-lik əmsaldan 2024-cü ildə 19 % əmsala qaldıra bilib. Bu, rəqəmsallaşma sahəsində bir neçə də irəliləyişdən xəbər verir. Bundan başqa, ölkəmiz rəqəmsal arxitektura üzərində yeni innovasiya məhsulu olan süni intellekt (AI) üzərində fəal şəkildə işləyərək “ağıllı şəhər”lər və qabaqcıl texnoloji infrastrukturu yaratmaqla rəqəmsallaşmanı daha da irəlilədir. istinad

Bundan başqa, ölkəmiz onlayn dövlət xidmətləri və telekommunikasiya infrastrukturu alt-indeksləri üzrə göstəricilərinin hər birində 21 % artıma nail olub. Eləcə də, ötən illərlə müqayisədə ilk dəfə olaraq “Elektron iştirakçılıq” indeksində (EPI) 28 % irəliləyiş əldə edib. istinad

Belə ki, 2022-ci ildə “E-Hökumət” üzrə 83-cü, “E-iştirakçılıq” üzrə 98-ci yerdə olmuşduqsa, 2024-cü ildə analoji olaraq 74-cü və 88-ci yerdə qərarlaşmışıq. mənbə

Yeri gəlmişkən, BMT-nin Elektron Hökumətin İnkişaf İndeksinin İqtisadi və Sosial Əlaqələr Departamentinin Rəqəmsal Hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro Azərbaycanın Mərkəzi Asiyada regionun göstəricilərini yüksəldən ölkələr qrupuna daxil olduğunu vurğulayıb. mənbə

Azərbaycan, həmçinin, hökumətin rəqəmsallaşması sahəsinin əsas aspektlərini ölçən “Hökumət Yetkinliyi” (GovTech Maturity) üzrə də qlobal mövqeyini yüksəltməkdədir. Dünya Bankının ötən il dərc etdiyi “GovTech Yetkinliyi İndeksi”nə (GovTech Maturity İndex - GTMI) əsasən, respublikamız 198 ölkə arasında yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə qalxaraq, yalnız 35 faiz ölkənin daxil ola bildiyi 69 ölkədən ibarət qrupda yer alıb. Bu qrupa həmçinin, Almaniya, Rusiya, Sinqapur, Birləşmiş Krallıq, ABŞ və digər ölkələr də daxil edilib

“Elektron hökumət”in digər mühüm bir elementi kibertəhlükəsizlik indeksidir. Azərbaycan bu indeks üzrə də son bir ildə mövqeyini yaxşılaşdırıb. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) bu günlərdə dərc etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index. 2024) hesabatında Azərbaycan 93.76  xal toplamaqla öz mövqeyini yüksəldib. mənbə

194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb. Dünya üzrə ən maksimum nəticəni, yəni mümkün maksimum 100 xaldan 99-100 balı toplayan ölkələr Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qatar və Səudiyyə Ərəbistanı olub. 90-95 xal arası nəticə göstərən ölkələr arasında digər inkişaf etmiş dövlətlər, o cümlədən Azərbaycan yer alıb.

Azərbaycan dünya üzrə 65,7 ballıq orta reytinq göstəricisini təxminən 30 bal üstələyərək ən yaxşı ölkələr qrupunda qərarlaşıb. Ölkəmizin kibertəhlükəsizlik indeksinin yüksəldilməsi və 100 mümkün xaldan 93.76 xal toplaması bu sahədə son illər ərzində həyata keçirilmiş uğurlu fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan əvvəlki hesabtlarda təxminən 85-89 bal toplamışdı. Ölkəmizin mövcud hesabat sənədində ən yaxşı nəticə göstərdiyi indikatorlar “Normativ hüquqi tənzimləmə”, “Əməkdaşlıq”, “Potensialın inkişaf etdirilməsi”, “Texniki təchizat” və “Təşkilatçılıq” sub-indeksləri üzrə meyarlardır. İTU-nun metodologiyasına əsasən, Azərbaycan həmin meyarlar üzrə mümkün maksimum xal toplamaqla beynəlxalq kibertəhlükəsizlik indeksini yüksəltməyə nail olub. mənbə

“Elektron hökumət”in inkişafında əsas sütunlardan biri olan və Azərbaycanın beynəlxalq hesabatlarda indeksinin müəyyənləşməsində müstəsna əhəmiyyət kəsb edən “Asan Xidmət”in elektron alt-sistemi də qlobal səviyyədə nümunəvi model kimi qiymətləndirilir. Bir çox ölkələrin öz rəqəmsal idarəçiliyində tətbiq etdiyi “ASAN Xidmət” modeli BMT tərəfindən “ASAN xidmət indeksi” üzrə xüsusi mükafata layiq görülüb. istinad

Bundan başqa, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ((OECD) ölkələri sırasında da rəqəmsal və elektron həllər üzrə irəliləyən ölkələrdən biri kimi xarakterizə olunur. istinad

Asiya İnkişaf Bankının “Azərbaycan: Ölkənin Rəqəmsal İnkişafının İcmalı” hesabatında respublikamız İT texnoilogiyaları, elektronlaşdırma, e-iştirakçılığın vəziyyəti və digər meyarlar üzrə müsbət indikatorlarla dəyərləndirilib.

Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən “Milli Kibertəhlükəsizlik İndeksi”nə (“National Cybersecurity Index”) əsasən Azərbaycan 70,83 balla beynəlxalq reytinqdə 13-cü pillədə qərarlaşıb. istinad

Azərbaycan, habelə, BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusuna əsasən, mühüm irəliləyiş əldə edərək regionda lider mövqedə qərarlaşıb. Azərbaycan Qazaxıstan (76,34%), Belarus (72,04%), Ukrayna (60,22%), Özbəkistan (84,95%), Moldova (62,37%), Ermənistan (75,27%) və digər dövlətləri qabaqlayaraq, region ölkələri arasında lider olub. Bundan əlavə, Azərbaycan bir sıra Avropa ölkələrini, o cümlədən Finlandiya (87,10%), Fransa (79,57%), İtaliya (84,95%), Latviya (75,27%), Litva (81,72%), Portuqaliya (84,95%) və Norveçi (84,95%) də üstələyib. istinad

Qeyd edək ki, aparılan islahatlar nəticəsində Azərbaycan son 8 il ərzində (2015-2023-cü illərdə) mühüm nailiyyətlər əldə edib. Belə ki, ölkənin ticarət prosedurlarının asanlaşdırılması üzrə ümumi balı 47,31%-dən 87,10%-ə yüksəlib ki, bu da əvvəlki ildəki 84,95%-lik göstərici ilə müqayisədə 2,15%-lik artım deməkdir. istinad

Azərbaycanın rəqəmsallaşma sahəsində əldə etdiyi nailiyyətlərdən biri Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının yaradılması və bu platformada BMT-nin İnkişaf Proqramı (UNDP) ilə tərəfdaşlıq etməsidir. BMT bu platformaya rəqəmsal imkanları və arxitekturası güclü olan region ölkələrini cəlb edir ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər bölgəsində 2-ci ölkə hesab edilir. Qovşaq ölkədə elektron və rəqəmsal ticarəti təşviq etmək üçün platforma rolunu oynayır və BMTİP ilə tərəfdaşlıq Azərbaycana rəqəmsal infrastrukturu və mexanizmlərini təkmilləşdirməyə kömək edir. mənbə

Azərbaycan hazırda rəqəmsallaşma üzrə milli reytinq sistemini yaradır ki, məqsəd qlobal rəqəmsal dünyaya inteqrasiyanı daha da dərinləşdirməkdir. Bu məqsədlə “Polyhedron-Digital radar of Azerbaijan” rəqəmsallaşma milli reytinq sistemi tərtib edilməkdədir.  “Polyhedron” mexanizmi 9 fərqli komponent üzrə qiymətləndirmə həyata keçirməyə imkan verir ki, bu da rəqəmsal tədqiqlərdə iştirak edən bütün tərəfləri daha əhatəli və məsuliyyətli tədbirlər aparamağa dəvər edir. Bu sistem ölkəmizin qlobal aləmdə rəqəmsallşma səviyyəini müəyyən etməyə imkan verəcək. mənbə

Beləliklə,

-“Azadlıq” qəzetinin sözügedən xəbərində  Azərbaycanın “Elektron hökumət” və rəqəmsal quruculuq imkanları, qlobal miqyasda qazandığı uğurlar, habelə beynəlxalq təşkilatların hesabatlarındakı müsbət məqamlar məqsədli şəkildə təhrif edilir;

-Azərbaycanın rəqəmsal indekslər üzrə son illərdə əldə etdiyi nailiyyətləri birtərəfli və qərəzli şəkildə təqdim etməklə ölkəmiz haqqında cəmiyyətdə mənfi təsəvvür yaradılmağa çalışılır.