Məkkədəki Əl-Həram (Məscidül-Həram) məscidində 25 ildir təmizlik işlərini görən hindistanlı “milyonçu” haqda məlumat bütün dünyada yayılıb. Onun şəkilləri sosial şəbəkələrdə paylaşılır və iddia edilir ki, Hindistanın müxtəlif şəhərlərində otelləri olan bu şəxs vaxtaşırı 6 aylıq işçi vizası alaraq Məkkəyə gəlir və məsciddə təmənnasız çalışır. Onun adından yayılan açıqlamada deyilir: “Burada təmizlik işləri görürəm və buna görə heç kimdən heç nə gözləmirəm. Bircə uca Tanrıdan başqa. Allaha dua edirəm ki, yalnız onun xətrinə gördüyüm işi qəbul etsin”.
Onun İslama təmənnasız xidmət göstərməsi milyonlarla insanı duyğulandırıb. Amma məsələnin dəqiqləşdirilməli olan tərəfi var. Doğrudanmı Əl-Həramda təmizlik işləri görən şəxs milyonçudur?
Faktyoxla Lab.-ın bununla bağlı apardığı araşdırma nəticəsində bəlli oldu ki, həmin şəxs həqiqətən də məsciddə təmizlik işləri görür. Ancaq onun milyonçu olduğu barədə deyilənlər həqiqətə uyğun deyil. Bu barədə məlumatı sosial şəbəkələrdə Sərtac adlandırılan həmin şəxs özü verir: “Mənim əsl adım Məhəmməd Aslamdır. Mən Əl-Həram məscidində artıq 25 ildir ki, təmizlik işləri görürəm. Ancaq mən milyonçu deyiləm, var-dövlətim, otellərim, hündürmərtəbəli binalarım yoxdur. Mənim milyonçu olduğum haqda iddialar həqiqət deyil” .
Nəticə: Məhəmməd Aslam adlı şəxs 25 ildir ki, Əl-Həram məscidində təmizlik işləri görür. Ancaq o, milyonçu, var-dövlət sahibi deyil. Amma yəqin ki, gördüyü işlə Allah yanında bir çox milyonçulardan daha üstün məqamdadır.