Axtarış

Select theme:

Milyonlarla “Youtube” videosu Süni İntellekti öyrətmək üçün icazəsiz istifadə olunur

Süni intellekt texnologiyalarının inkişaf etməsi rəqəmsal məzmunların icazəsiz istifadəsi ilə bağlı yeni suallar doğurub. Belə ki, artıq video platformalarındakı məzmunların süni intellekt modellərinin təlimi üçün hansı dərəcədə və hansı icazələrlə istifadə ediləcəyi ciddi mənada müzakirə mövzusuna çevrilib. ABŞ-da yerləşən "The Atlantic" jurnalında dərc olunan bir araşdırma, böyük texnologiya şirkətlərinin süni intellekt təlimi üçün icazəsiz milyonlarla “Youtube” videosundan istifadə etdiyini ortaya qoyub.

Tədqiqat, böyük texnologiya şirkətlərinin süni intellekt modellərinin təlimi üçün icazəsiz 2 milyondan çox “YouTube” kanalından cəmi 15,8 milyon video yüklədiyini aşkar edib. Bu videoların bəziləri tədqiqat məqsədləri üçün, digərləri isə süni intellektlə işləyən video istehsal vasitələrinin hazırlanması üçün istifadə edilib. Təxminən 1 milyon video "necə etməli?!" tipli məzmun kimi müəyyən edilib.

Bu videolar texnologiya şirkətlərində ("Microsoft", "Meta", "Amazon", "Nvidia", "Runway" və.s) universitetlərdə və tədqiqat müəssisələrində süni intellekt inkişaf etdirici qruplar tərəfindən paylaşılan ən azı 13 fərqli məlumat dəstində yer almaqdadır. Həmçinin, bu məlumat dəstlərinə "Hugging face" və s. kimi onlayn süni intellekt inkişaf proqramları vasitəsi ilə də daxil olmaq mümkündür.

“Youtube” ən böyük mənbəyə çevrilib

Tədqiqat süni intellektdən istifadə edərək video yarada bilən sistemlərin hazırlanması üçün çoxlu sayıda video məlumatlarına ehtiyac olduğunu vurğulayır. “Youtube” sosial media platformasının tərtibatçısı üçün ən böyük və ən asan əldə edilə bilən resurslardan birinə çevrildiyini vurğulayır. "Youtube"- dan toplu şəkildə yüklənən və saxlanılan videolar süni intellekt alqoritmalarını gücləndirmək üçün məlumat dəstələrinə çevrilir. Lakin bu cür yükləmələr "Youtube" sosial şəbəkəsinin xidmət şərtlərini açıq şəkildə pozur.

Bu məlumat dəstlərindəki videolar süni intellektlə işləyən video istehsal vasitələri üçün xammal təşkil etməkdədir. Məlumat dəstlərindəki videoların əhəmiyyətli hissəsi xəbər və təhsil kanallarına aiddir. Məsələn, bu məlumat dəstlərinə müxtəlif BBC brendlərindən ən azı 33 000 video və TED-dən təxminən 50.000 video daxildir. Bundan əlavə, yüz minlərlə və ya daha çox video müstəqil məzmun yaradıcılarına məxsusdur.

Videolar seçərkən fərqli metodlardan istifadə olunur

Süni intellekt tərtibatçıları modellərini öyrətmək üçün videolar seçərkən fərqli metodlardan istifadə edirlər. Bəzi məlumat dəstləri "Youtube" sosial şəbəkəsində ən çox izlənən videolara üstünlük verir, digərləri isə estetik cəhətdən daha yüksək keyfiyyətli məzmunu müəyyən etmək üçün süni intellektlə işləyən seçim sistemlərindən istifadə edirlər.

Bu məlumat dəstlərini tərtib edən komandalar, ümumiyyətlə, altyazılar, loqotiplər və ya mətn örtükləri olan videolardan çəkinməyə üstünlük verirlər. Çünkü onlar bu cür işarələrin təlim prosesində əks olunması və nəticədə yaranan videolarda görünməsi riskini aradan qaldırmaq istəyirlər.

"Google" və "Meta" öz platformalarından milyonlarla video istifadə edərək süni intellekt alətlərini öyrədirlər. Təkcə "Google" "Youtube"-dan ən azı 70 milyon, "Meta" isə "İnstagram"-dan 65 milyondan çox video istifadə edib.

"Atlantic" veb saytı həmçinin istifadəçilərin süni intellekt təlimində hansı mənbələrin məlumatlarından istifadə edildiyini araşdıra biləcəyi bir axtarış portalını da təqdim edib. Bu portala daxil olmaqla məzmun yaradıcıları və tədqiqatçılar məlumat dəstlərinə hansı kanalların və videoların daxil edildiyini birbaşa görə bilərlər.

aa.com/teyithatti

Oxşar məqalələr: