Vətən müharibəsindən sonra sosial şəbəklərin Azərbaycan seqmentində şəhid, qazi, veteran adlarının kimlərə verildiyi haqda geniş müzakirələr başladı. Bu müzakirələr hələ də davam edir. Xüsusən də “qazi” titulu ətrafında çoxsaylı fikirlər səslənir, müxtəlif versiyalar irəli sürülür. Bir çoxları idda edir ki, qazi müharibədə yaralanan şəxslərə deyilir. Başqa bir qisim isə deyir ki, müharibədə iştirak edən şəxsin yaralanıb-yaralanmamağından asılı olmayaraq, ona qazi titulu verilir.
Faktyoxla Lab. bununla bağlı araşdırma aparıb.
“Qazi” kəlməsi leksikona İslamın yayılmasından sonra daxil olub. İslam qaynaqlarında “qazi” Allah yolunda savaşan və yaralanan şəxslərə deyilir. Ərəb mənşəli sözdür. Bəzi qaynaqlarda isə savaşa qatılan və sağ qayıdan döyüşçülərə verilən titul kimi göstərilir. (mənbə)
Qazi kəlməsinin Quranda işlənib-işlənmədiyi də müzakirə olunur. Bu amili nəzərə alaraq qeyd edək ki, Quranda qazi kəlməsinə yer verilmir. İslamın müqəddəs kitabında "mücahid" kəlməsinə rast gəlinir. (mənbə).
Hz. Peyğəmbərin şəhid və qazi olmağın fəzilətləri haqqında dediyi sözlər qazi kəlməsinin dəyərini artırmış və “ölsəm şəhid, qalsam qazi” kəlamının yaranmasına səbəb olmuşdur. Bu prinsipin İslam coğrafiyasında olduqca böyük önəmi vardır. Əsasən din uğrunda mübarizə aparan müsəlmana aid edilən “qazi” titulu böyük şəhərlərdəki və ordulardakı müəyyən zümrələrə də şamil edilmişdir.
Bəs türk dilində ilk dəfə "qazi" kəlməsi nə vaxt işlənməyə başlanmışdır? Asiyanın geniş çöllərində heyvandarlıqla məşğul olan köçəri türklər qış fəsillərində heyvanları tələf olanda şəhər və qəsəbələrə enib əhalidən kömək istəyirdilər. Şəhər sakinləri onların istədiklərini verməyəndə isə zorla alırdılar. Zamanla köçərilərin hücumlarının daha da artdığını görən əməvilər onlara qarşı könüllülərdən ibarət dəstələr formalaşdırıblar. İlkin qaynaqlarda bu könüllülər də “qazi” adlandırılır. Daha sonra isə qazilər əhalini, karvanları qorumaqla yanaşı, həm də köçəriləri islama dəvət etmək üçün də fəaliyyət göstəriblər.
Maraqlısı odur ki, könüllü qazilərin və köçərilərin əksəriyyəti türk idi. Amma bu durum uzun sürmədi. Abbasilərin hakimiyyətinin ilk illərindən könüllü qazilər şəhərlərdə iğtişaşların mənbəyi oldular, köçəri qeyri-müsəlmanlarla mübarizə aparmaq əvəzinə əhalini, karvanları talamağa başladılar. Ona görə də bir ara "qazi" kəlməsi mənfi anlamda qəbul edilirdi. Ancaq bir müddətdən sonra vəziyyət dəyişdi və qazi kəlməsi əvvəlki nüfuzunu qaytardı. Türk ədəbiyyatında Anadolu qazilərinin ruhani lideri Seyyid Battalın adı ətrafında bir ədəbi janr yarandı. Battalın “Qazi dastanı” türk qazilərinin ruhunu əks etdirir.
Bəzi mənbələrdə “alp” sözü qazi sözünün türkcə qarşılığı kimi qəbul edilir. Türklər islamı qəbul etdikdən sonra bəzən “alp qazı” kimi tələffüz edilən bu kəlmə, mistisizm cərəyanlarının təsiri ilə “alp ərən” kimi də işlənmişdir.
"Şəhid" kəlməsi haqda da qısa izah verək. "Qurani-Kərimi" Azərbaycan dilinə tərcümə edənlərdən biri olan Nəriman Qasımoğlu deyir ki, təəssüf ki, bizim dilçilər, əsassız olaraq ərəb dilində olan bəzi sözlərin əsl mənasından kənarlaşmalara yol verirlər və sözün məna yükünü nəzərə almırlar. "Şəhid" sözünün dini mənasına da toxunan alim bildirir ki, sözün mənası "şahidlik" etmək, ilahinin qüdrətinə şahidlik etmək, onun dəyərlərinə, varlığına, təkliyinə, dəlillərinə və s. şahidlik etmək mənasını ifadə edir: “Tək Vətən yolunda yox, elə alim öləndə də, ona "şəhid oldu" deyirlər. Peyğəmbərin kəlamlarından birində də var ki, qiyamətdə alimin qanı şəhidin qanından üstündür. Təkcə döyüş səhnəsində yox, öz şərəfini, evini qoruyan şəxs də həlak olduqda, əslində, o, "şəhid" hesab olunmalıdır. "Azərbaycan dilinin izahlı lüğəti"nə görə, yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən, ölən şəxsə "şəhid" deyilir. Yüksək amal, əqidə, məslək yolunda canını fəda etmək, həlak olmaq, ölmək, nəticə etibarilə "şəhid olmaq" mənasını verir. Bu söz elə indi də eyni mənanı ifadə edir və heç bir mübahisə yaratmır” (mənbə).
"Veteran" sözü isə etimaloji mənbəyini qədim Romanın hərb tarixindən götürsə də, artıq beynəlxalq səviyyəli termin olaraq əksər xalqların dilində də səslənir. "Qocaman əsgər", "təcrübəli döyüşçü", "ağsaqqal", "yaşlı hərbçi" və s. bu kimi mənaları ifadə edən "veteranus" sözü, latın dilində "qoca" mənasını ifadə edir. Dünyanı fəth edən qədim Romanın müharibə tarixində, hərbi xidmətini başa vurmuş döyüşçülərə "veteran" adı verilməklə, bu söz həm də böyük səfərbəredici mahiyyət daşıyırdı.
Hələ Yuli Sezarın "Dəmir döyüşçülər" adlandırdığı "veteranlar legionları"na, xüsusi hərbi bacarığı və şücaəti ilə fərqlənən peşəkar hərbçilərə latın dilində "veteranus" deyilirdi. Belə şəxslər İtaliyada, qədim Romada köləlikdən azad edilir və onlara vətəndaşlıq hüququ verilirdi. Təsadüfi deyil ki, Roma İmperatorluğu, dünya tarixində ilk dəfə olaraq, belə şəxslərin sosial təminatının ən yüksək formada həll edilməsi ilə tarixə düşmüşdür. Bütün İmperiyanın tarixi mövcudluğu dövründə daim fəaliyyətdə olan "Roma veteranları" - nəhəng dövlətin monolit birliyinin məhək daşı hesab olunurdu. "Veteran" adlandırılan təcrübəli əsgərlər və onların ailə üzvləri, İmperiya qanunları əsasında bütün vergilərdən və öhdəliklərdən azad olunur, onlara vətəndaşlıq statusu verilir və onlar öz valideynlərinin əmlaklarına varislik hüququ əldə edirdilər. Qay Yuli Sezar e.ə. 45-44-cü illərdə yüz minə qədər veteranı İtaliyada və onun ən yaxşı koloniyalarında yerləşdirməklə ölkədə həm də "veteran" adını şöhrətləndirmiş oldu. Onların çoxu öz dövrü üçün ən qiymətli nemət hesab edilən - mülk torpaqlarla mükafatlandırıldılar. Belə əsaslarla formalaşdırılan Roma ordusu, dünyanın ən döyüşkən və qalib ordusu kimi tarixə düşmüşdür. Beləliklə, "veteran" sözü uzun tarixi bir dövr ərzində "fədəkar döyüşçü" mənasını ifadə etməklə, dünyanın müxtəlif dövlətlərində və xalqlarının dilində tətbiq olunmuş və bu gün də edilməkdədir.
Nəticə: Həm İslam, həm də türk qaynaqlarında qazi titulunun kimlərə verildiyi haqda birmənalı iddia yoxdur. Bəzi mənbələrdə savaşda iştirak edənlərə, bəzilərində isə savaşdan yaralı qayıdanlara şamil edilir bu titul. Belə məqamda cəmiyyətə nə tövsiyə etmək olar? Vətən müharibəsində iştirak etmiş hər bir kəsi QAZİ adlandırmaq olar. Çünki onlar bəşər tarixinin ən böyük ədalətsizliklərindən birini aradan qaldıra biliblər. Ədaləti bərpa edən isə Qazidir. İstər hökmdar olsun, istərsə də əsgər. Amma həm də Vətən müharibəsindən sağ-salamat qayıtmış döyüşçülərin hər biri həm də veterandır. Veteran titulu belə şəxslər üçün beynəlxalq miqyasda qəbul edilmiş tituldur.