Sosial mediada Fil Dişi Sahili və “Çelsi”nin sabiq futbolçusu Didye Droqbanın müsəlman olduğu və İslamı qəbul etdiyi ilə bağlı iddia yayılıb. Yazıları Droqbanın dua etdiyi anları əks etdirən fotoşəkillər müşaiət edir.

İddia qısa müddətdə trend oldu və beynəlxalq mətbuatda yer aldı (mənbə).

Faktyoxla Lab. bu məsələ ilə bağlı araşdırma aparıb.

Mövzu ilə bağlı araşdırma apardıqda məlum olur ki, bu iddianı ilk dəfə olaraq Dr. Məhəmməd Salah adlı “Facebook” istifadəçisi təqdim edib və populyarlaşdırıb. Paylaşımda "Fil dişili məşhur keçmiş futbolçu Didye Droqba İslama üstünlük verdi" ifadələri işlədilib.

Postu yerləşdirən şəxs 2005-ci ildən ingilis dilində yayımlanan Huda Satellite TV-də dini məsləhətçi kimi proqram aparıcısı olub, eyni zamanda bir neçə universitetdə onlayn dərs deyir. istinad

Amma bu şəxs daha sonra paylaşımı silib.

Didye Droqba paylaşım yayıldıqdan sonra “Tvitter” hesabında buna münasibət bildirib: “Mən dinimi dəyişməmişəm. Bu, kəndimdə ziyarət etdiyim müsəlman bacı və qardaşlarım üçün sadəcə sayğı və hörmətim idi”  istinad.

Droqbanın paylaşımından sonra Salah “Facebook” hesabında belə yazıb: “Təəssüf ki, Droqba özünün izah etdiyi kimi İslamı qəbul etmədi. Lakin biz onun üçün dua edirik ki, İsanın Allahı onu İslama aparsın”.

İddianı məşhurlaşdıran Əlcəzairin futbol xəbər saytı “Dz Foot.com”-da çalışan jurnalist Çebli İshaq da “Tvitter” hesabında Droqbanın şəklini paylaşaraq, onun İslamı qəbul etməsi ilə bağlı məlumatın doğru olmadığını açıqlayıb.

Nəticə:

✅Droqba “Tvitter” hesabında müsəlman olması ilə bağlı iddiaları təkzib edib.

✅ İddianı paylaşan mənbələr sonradan öz paylaşımlarını silib və Droqbanın açıqlamalarını əlavə ediblər.

✅ Əlcəzairli jurnalist Çebli İshaq Droqbanın İslamı qəbul etməsi ilə bağlı məlumatın yalan olduğunu söyləyərək üzr istəyib.

✅ Droqba deyib ki, onun dua etdiyi zaman çəkilən fotoları  kəndində ziyarət etdiyi müsəlmanlara hörmətini göstəricisidir.