Ötən həftə İrana yaxınlığı ilə bilinən türkdilli 7sabah.com.tr xəbər portalında “ABŞ siyasətçisi: Əliyev İsrailə İrana hücumda Azərbaycandan istifadə etməyə icazə verdi” başlıqlı xəbər yayımlanıb. Xəbərdə qeyd olunub ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında Türkiyə əleyhinə qanun layihələrinin öncülü olan və FETÖ-yə dəstəyi ilə tanınan Eliot Engel Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı çıxış edib. Engel çıxışında bildirib ki, Əliyev İsrailə Azərbaycandan İranın nüvə obyektlərinə hücum üçün istifadə etməyə icazə verib. Xəbərdə qeyd olunur ki, Azərbaycan bu yaxınlarda İsrailə səfir təyin edib. İran sionist işğalçı İsraillə Azərbaycan arasında münasibətlərin dərinləşməsinə qarşı çıxaraq, Azərbaycan sərhədinə sızan Mossad agentlərinin İranda sui-qəsdlər törətdiyini açıqlayıb.

Bu məlumat Ermənistan və Rusiyaya aid xəbər portalları tərəfindən paylaşılıb. Baş redaktoru və redaksiya heyətinin əksəriyyəti erməni millətindən olan “eadaily” xəbər portalı,

news.am xəbər portalı 

və digər saytlar bu xəbəri təqdim edənlər arasındadırlar.

Faktyoxla Lab. olaraq bu iddianın həqiqət olub-olmadığını araşdırıb. 

Bu məlumat ilk olaraq harada yayılıb? Bu məlumatı araşdırarkən erməni saytı news.am “Sepahi-Pasdaran” adlı bir mənbəyə istinad etdiyini aşkarladıq. Məsələdən məlumatlı olanlar bilməmiş deyil ki, İran İnqilab Keşikçilər Korpusunun fars dilində rəsmi adı “Sepahi Pasdaran Enqelobi İslami”dir. Həmin kanalda qeyd edilən məlumatı araşdırdıqda bəlli oldu ki, məlumatı ilk yayan (01 mart 2023) məhz SEPAH-ın rusdilli kanalı olub.   

Bəlli olur ki, həmin çıxışın videosu ilk dəfə 2021–ci ilin oktyabr ayında sosial mediada İran tərəfindən idarə olunan hesablar vasitəsi ilə yayılıb. Belə ki, adının kənarında İran bayrağı təsviri olan Arya adlı istifadəçi,

Avais | اویس adlı istifadəçi,

Hindistanın "Nyus İstaan" xəbər portalının rəsmi tvitter səhifəsi,

pakistanlı Hennah Khan Afridi adlı istifadəçi

və s. hesablar 1-5 oktyabr 2021-ci il tarixləri arasında bu videonu paylaşmışdılar. Yəni, bu məlumat yeni deyil.

Bəs xəbərin ilk mənbəyi hansı vaxta təsadüf edir?  

Araşdırmalarımız zamanı məlum oldu ki, bu xəbər, 5 dekabr 2012- ci il tarixində ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "İranın Cənubi Qafqaz və ətraf regionda təsiri" mövzusunda keçirilən dinləmələrdə ABŞ Konqresinin Xarici İşlər Komitəsinin aparıcı demokrat üzvü, konqresmen Eliot Engelin çıxışından götürülüb. Daha dəqiq desək, konqresmenin Azərbaycan-İsrail münasibətləri ilə bağlı dediklərinin konteksdən çıxarılması, təhrif edilməsi ilə hazırlanan videodan götürülüb. Həmin tədbirin stenoqramını ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəsmi saytından tapdıq və məlum oldu ki, Eliot Engel çıxışında bunları deyib: “İcazənizlə bir məsələ ilə bağlı məlumatlı olan hər kəsdən bu suala cavab vermələrini istərdim. Bu, Azərbaycan və İsrailin əlaqələri ilə bağlıdır. 6 aydan 1 ilə qədər zaman kəsimində bizdə belə məlumat var idi ki, İsrail İrana zərbə endirmək məcburiyyətində qalacağı təqdirdə Azərbaycan İsrailə öz bazalarından istifadə etməyə razılıq verəcək. Hər halda bu barədə söz-söhbətlər gəzirdi. Deyəsən, bizim Dövlət Departamentimiz və ya başqa bir qurumun rəsmisi hardasa bu barədə ictimaiyyətə açıqlama vermişdi. Və mənə elə gəlir ki, bu, Azərbaycan və İsrailin əldə etdiyi hər cür sövdələşməni pozur. Maraqlıdır, sizlərdən hər hansı biriniz mənə bu barədə məlumat verə bilərmi?”. Bu sorğuya isə Harvard Kennedi Məktəbində Xəzər Tədqiqatları Proqramının keçmiş tədqiqat direktoruAmerika Siyasi Elmlər Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti Brenda Şaffer cavab verib. O, bildirib ki, bu informasiya əslində Azərbaycan və İsrailə aid deyil. “Düşünürəm ki, bu kimi iddiaları dilə gətirərkən çox diqqətli olmalıyıq. Bu məqalələrin arxasında kimin dayandığını və bu iddiaların niyə ortaya atıldığını bilmirik. Əgər mənim bir tələbəm adsız mənbə ilə bir məqalə yazmış olsaydı, mən inanın onlara yaxşı qiymət yazmazdım.”

Mövzu ilə bağlı Azərbaycanın dövrü mətbuatında da həmin dövrdə materiallar dərc olunub. Belə ki, “Azərbaycan” qəzetində dərc olunan məqalədə “Panel müzakirələrinin” iştirakçıları diskussiyanın sonrakı hissəsində alt-komitə üzvlərinin bir sıra suallarını cavablandırmışlar. Konqresmen Eliot Engel (Nyu-York ştatı) Amerika mətbuatında Azərbaycanın guya onun ərazisindəki hərbi bazalardan İsrailin İrana qarşı istifadə etməsinə icazə verməsi barədə məlumatlarla əlaqədar sual vermişdir. Doktor Şeffer bu sualın cavabında bildirmişdir ki, belə əsassız bəyanatlar naməlum mənbələrə istinad edir və dezinformasiyadan başqa bir şey deyildir.

Digər tərəfdən Eliot Engel 2020-ci il seçkilərindən sonra Konqresdə yerini itirib. 16 illik konqresmeni orta məktəb direktoru Camaal Bowman məğlub edib. Yəni Eliot Engeli Nümayəndələr Palatasının üzvü kimi çıxış etməsi bu xəbərin saxta olmasını təsdiqləyən digər arqumentdir.

Nəticə olaraq

- Xəbər portallarında “ABŞ siyasətçisi: Əliyev İsrailə İrana hücumda Azərbaycandan istifadə etməyə icazə verdi” başlıqlı xəbər yeni deyil, 5 dekabr 2012- ci il tarixində ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "İranın Cənubi Qafqaz və ətraf regionda təsiri" mövzusunda keçirilən dinləmələrdən götürülüb. 

- Məqalədə qeyd olunan fikirlər dinləmədə çıxış edən ABŞ Konqresinin Xarici İşlər Komitəsinin üzvü, konqresmen Eliot Engelin sözlərinin konteksdən çıxarılaraq təhrif olunmuş formasıdır. 

- Həmin xəbərdəki Azərbaycan ərazisindəki hərbi bazalardan İsrailin İrana qarşı istifadə etməsinə icazə verilməsi barədə məlumatların heç bir əsası yoxdur, dezinformasiyadır. 

- Xəbərdəki videonun 2021-ci ildə və keçən həftə yenidən yayımlanması tamamən təxribat xarakteri daşıyır