Son vaxtlar sosial mediada ABŞ prezidenti Co Baydenlə gah çaşdığı, gah büdrədiyi, gah pişiyi tapdaladığı, gah da kimisə tanımadığı haqda xeyli iddialar səslənir.
Faktyoxla Lab. səslənən bu iddialardan bir neçəsini araşdırıb.
Sosial şəbəkələrdə paylaşılan bir videoda ABŞ prezidenti Co Baydenin çıxışı zamanı pişiyi tapdaladığı, sonra da “Nə isə... onsuz da qara idi” dediyi iddia edilir. Videoda Co Baydenin bir saniyəlik müvazinətini itirdiyi və pişiyin səsinin eşidildiyi görünür. Xüsusilə yumor səhifələrində paylaşılan videoda Baydenin “Nə isə... onsuz da qara idi” sözləri irqçilik kimi qəbul edilib və bunun üzərində “qara yumor” yaradılıb.
Videonun mənbəyinə çatmaq üçün Baydenin sözlərini internetdə tədqiq edirik. “YouTube”-da "Bayden" və "Nə isə... onsuz da qaradır" sözləri yazılanda, görünür ki, müxtəlif media orqanları da Baydenin videosunu paylaşırlar.
Co Bayden 6 noyabr 2022-ci ildə Nyu-Yorkun Bronksvil şəhərində ABŞ-da keçiriləcək aralıq seçkiləri üçün Nyu-York qubernatoru Keti Hoçula dəstək aksiyasında iştirak edir. Baydenin müvazinətini itirdiyi anı videoda saat 21:15-də görmək olar.
Videoya baxdıqda, Bayden müvazinətini itirərkən ayaq altında qalan pişik səsi eşidilmir və ya pişik görünmür. Digər videolarda da bütün mitinq yayımlanır, ancaq Bayden müvazinətini itirəndə pişik səsi çıxmır. Bundan əlavə, mitinq Co Baydenin “YouTube” kanalında canlı yayımlanıb, lakin burada da belə bir səs yoxdur. Yəni videoya sonradan montaj kimi pişik səsi əlavə edilib. Görüntülərdən Baydenin nə üçün müvazinətini itirdiyini dəqiq başa düşmək mümkün olmasa da, o, mitinqdə səhnəyə çıxmazdan əvvəl səhnə aydın görünür.
Co Baydenin həmin çıxışının mətninə Ağ Evin rəsmi saytından daxil olmaq olar. Ağ Ev, Baydenin səhnədə kabelə ilişərək müvazinətini itirdiyini bildirib (isinad).
Bəlli olur ki, mitinqdən bir gün sonra, 7 noyabr 2022-ci ildə İnstaqramda @edwardrussl Baydenin müvazinətini itirdiyi anı montaj edərək ona pişik səsi əlavə edib.
♦ Araşdırma nəticəsində məlum olur ki, Co Baydenin çıxış etdiyi səhnədə pişik olmayıb.
♦ Videoya pişik səsi sonradan montaj edilib.
♦ Ağ Ev Baydenin müvazinətini itirərkən kabeldən tutduğunu bildirib.
Sosial media və xəbər saytlarında yayılan bir görüntüdə isə ABŞ prezidenti Co Baydenin arxasını çevirərək boşluğa danışdığı iddia edilir. Video bir çox xəbər saytlarının da mövzusu olub. Baydenin arxasında “Hollow Bridge” sözlərini xəbərlərin yer aldığı internet saytındakı videolarda görmək olar. Bu ipucundan istifadə edərək “Google”da “Biden Hollow Bridge” sözlərini axtardığımız zaman müvafiq söhbətin təfərrüatlarına vara bilərik.
Pensilvaniya qubernatorunun saytında verilən məlumata görə, Bayden ştatın Pitsburq şəhərindəki “Fern Hollow” körpüsünə baş çəkib. Bu səfərin məqsədi Bayden administrasiyası tərəfindən təsdiqlənən və 2026-cı ilə qədər yollar, körpülər və ictimai nəqliyyat kimi müxtəlif sahələrdə infrastruktura sərmayə qoymağı hədəfləyən qanunun əhəmiyyətini vurğulamaqdır (mənbə). “Fern Hollow” körpüsü 2022-ci ilin yanvarında çöküb və bir neçə nəfər yaralanıb (mənbə).
Baydenin çıxışına fərqli bucaqlardan çəkilmiş videolarla da baxmaq mümkündür. “C-Span”-da yayımlanan videoda Baydenin arxasında mühafizəçilərin və başqa şəxslərin olduğu görünür (mənbə). Beləliklə, Bayden boşluğa deyil, insanlara xitabən danışır.
“ WTAE-TV Pittsburgh” tərəfindən “Facebook”da canlı yayımlanan görüntülərdə də Baydenin baxdığı və danışdığı tərəfdə adamların olduğu görünür (https://perma.cc/4AFW-QY82). Hətta Bayden izdihamı salamlayarkən yaşıl kostyumlu şəxsin cavab verdiyini də aşkar etmək olar.
Beləliklə, şəkillər çatışmayan kontekstlə təqdim olunur və Bayden boşluğa tərəf yox, arxasındakı insanlarla danışır. Müxtəlif rakurslardan çəkilən görüntülər Baydenin arxasında insanların olduğunu təsdiqləyir.
Baydenlə bağlı daha bir iddia onun Böyük Britaniya səfəri zamanı yayılıb. Aprelin 11-də ABŞ prezidenti Co Bayden Şimali İrlandiyada sülhü bərqərar edən “Xeyirli Cümə” Sazişinin 25-ci ildönümü üçün Britaniyaya səfər edib (mənbə).
Böyük Britaniyanın baş naziri Rişi Sunak və Kral III Çarlzın nümayəndəsi lord leytenant Devid Makkorkell Baydeni qarşılamaq üçün hava limanına gediblər. Sosial mediada paylaşılan videoda Baydenin təyyarədən enərkən baş nazir Sunakı tanımadığı və onu kənara itələyərək Kral III Çarlzın nümayəndəsinə müraciət etdiyi iddia edilib.
Videoya əsaslanaraq bir çox istifadəçi 7 aydır baş nazir olan Sunakın Bayden tərəfindən tanınmadığını iddia edib. Amma araşdırma zamanı məlum olur ki, Bayden və Sunakın əl sıxdıqları an videodan çıxarılıb.
İnternetdə tərs şəkil axtarış üsulu ilə şəkilləri axtardığımız zaman beynəlxalq mediada mənbəni əldə etmək mümkündür.
Orijinal videoya baxarkən Baydenin təyyarədən enərkən Sunakla əl sıxaraq bir müddət söhbət etdiyi görünür. Ona görə də sosial şəbəkələrdə yayılan videonun montaj edildiyini və görüntünün kontekstdən çıxarıldığını deyə bilərik.
Digər tərəfdən, video internetdə iki fərqli versiyada yayımlanıb. BBC-nin twitterdə paylaşdığı videoda Baydenin Britaniyaya gəlişi şərh edilərkən, onun Rişi Sunakın çiyninə toxunduğu anda hava limanından video yayımlanır. Buradan da belə təəssürat formalaşır ki, guya Bayden Sunakı tanımayaraq onun yanından keçərək gedib.
Lakin BBC-nin YouTube kanalında videoya baxarkən belə olmadığı, 5.20-ci dəqiqədə Baydenin Sunakın əlini sıxdığını görmək olur.
Beləliklə, bəlli olur ki, videoda Bayden və Sunakın görüşdükləri yer kəsilib. Bayden və Sunak daha əvvəl bir neçə dəfə görüşmüşdülər və ikili sonuncu dəfə bir ay əvvəl, 13 mart 2023-cü ildə Kaliforniyada görüşərək və birgə bəyanatlar vermişdilər. Yəni Baydenin Sunakı tanımaması mümkünsüz.