ADR Hərəkatının sədri Qubad İbadoğlunun işğaldan azad edilmiş rayonların, eləcə də Tərtərin bir sıra kəndlərinin birləşdirilməsi, ayrılması ilə bağlı silsilə yazılarında hökuməti məskunlaşma ilə bağlı qanunları pozmaqda, sakinlərin rəyini nəzərə almamaqda ittiham edib. O iddia edir ki, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Tərtər və Kəlbəcər rayonlarının kəndlərinin inzibati quruluşunda aparılacaq dəyişikliklər əhalinin məskunlaşmasında ciddi problemlər yaradacaq, bu rayonların qədim tarixi irsi, toponimləri tarixdən silinəcək.

(Əvvəli burada )

Məsələnin inzibati idarəetmə tərəfinə baxaq, hər bir kəndin inzibati baxımdan icra nümayəndəliyi, bələdiyyəsi və s. qurumları olmalıdır. Bu qurumların saxlanması üçün büdcədən vəsaitlər yönəlməlidir. 30 kəndin icra nümayəndəsi, bələdiyyəsi, sağlamlıq mərkəzinin baş həkimi, digər strukturların rəhbərinin təyin edilməsi hansı məntiqlə izah olunur?

Bu gün bütün dünyada kənd və qəsəbələrin təmərküzləşməsi, birləşməsi, müasir texnokrat amillərə söykənən vahid idarəetmə sistemlərinin qurulması və ağıllı texnologiyalar əsasında “Smart Village” (“ağllı kənd”) modellərinin tətbiqi geniş yayılmaqdadır. Avropa və Asiyada 40-dan artıq ölkə bu modelə keçidi sürətləndirir. Şotlandiyada “Smart Village Scotland” modeli demək olar ki, bütün regionları əhatə edir.  Platformanın əsas məqsədi kənd ərazilərindəki kiçik yaşayış sahələrini bir məkanda cəmləməklə innovativ texnologiyaların tətbiqi sayəsində sürətli inkişafa, aqrar dinamikaya təkan verməkdir (mənbə 1, mənbə 2). 

Eləcə də, Finlandiya və İsveçdə 140-150 evdən ibarət kəndlər bu model əsasında bir məkanda təmərküzləşərək həm iqtisadi imkanlar, həm də bərpa olunan enerjiyə tələbatın tam ödənilməsi baxımından inkişaf etdirilir. (istinad). 

Almaniyada “Ağıllı kənd” layihəsi artıq ən böyük şəhərsalma modeli kimi şöhrət qazanmaqdadır.

Danimarkada da bu model son illərdə ən geniş yayılmış şəhərsalma planlarından biridir.

Türkiyədə “Vodafon”un dəstəyi ilə “Ağıllı köy” layihəsinin miqyası hər il artırılır.

Azərbaycan da modern şəhərsalma planlarına üstünlük verməkdədir və hazırda bütün şəraitlərin sıfırdan qurulduğu azad edilmiş ərazilər bu baxımdan daha geniş ərazi modeli kimi əsas götürülür. Plana əsasən, yeni qurulan bir neçə kiçik kənd bir vahiddə birləşdirilərək 200-250 evdən ibarət olmaqla inşa edilir. İndiki kəndsalma və qəsəbələrin inşasında bütün xidmətlərin vahid bir mərkəzdə cəmləşdirilməsi ilə kənd sakinlərinin ən müasir xidmətlərlə və yaşayış standartları ilə təmin olunması nəzərdə tutulur. Bunu Zəngilanda salınmış ilk kənd - “Ağıllı kənd” modelindən görə bilərik. Bu tipli innovasiya məkanlarında təxminən 200-250 ev yerləşir. Ağalı kəndində ilk mərhələdə salınmış evlərin sayı 200-dür, daha 150 evin inşası nəzərdə tutulur (istinad).

Halbuki 250 ev vaxtilə Zəngilanda 10-12 kəndin cəmi evlərinin sayına bərabər olub. Məsələn, 1993-cü ilə qədər bu rayonun Ağbıs kəndində 14, Ördəkli, Qaragöz, Qaradərə kəndlərində isə birlikdə 150 ev olub. Başqa kəndlərdə isə təxminən 90-100 ev. Demək, hazırda salınan bir kəndin evlərinin sayı o dövrkü 6-7 kəndin evlərinin sayına bərabərdir.

Başqa bir məqam, azad edilmiş ərazilərdə şəhər mərkəzləri indi daha böyük olacaq, vaxtilə rayon mərkəzlərində 15-20 min nəfər yaşayırdısa, hazırkı şəhərsalma xəritəsinə əsasən, 40-50, hətta 70 min nəfərin yaşaması planlaşdırılır. Məsələn, Ağdamın 70 faizi şəhər mərkəzində yaşayacaq, cəmi 30 faiz əhali kəndlərdə yaşayacaq. Bunun səbəbi şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə böyük sənaye komplekslərin yaradılması, sənaye parklarının salınması (artıq Ağdam Sənaye Parkının təməli 1 il əvvəl qoyulub) və insanların bu müəssisələrdə işlə təmin edilməsidir

Ümumiyyətlə, hökumətin azad edilmiş ərazilərdə kəndlərin birləşdirilməsində ən başlıca məqsədlərindən biri kənd-müasir sənaye-istehsal təyinatlı infrastrukturların bir yerdə yerləşdirilməsidir. Bunun da əsas fəlsəfəsi hər bir müasir kəndin ərazisində istehsal və xidmət obyektlərin yaradılması və insanların burada birbaşa iş yerləri ilə təmin edilməsindən ibarətdir.

Bu haqda həmin silsilə yazılara şərh yazan soydaşlarımız da fikir bildiriblər. 

SumMedia Gahramanov: “Əslində kəndlərin birləşdirilməsi gələcəkdə bir sıra icra nümayəndələrinin ixtisara düşməsunə və bununla da böyük büdcə vəsaitlərinə qənaətə səbəb olacaq, bunu da müsbət hal kimi qeyd edin”.

Feyaz Rüstəmov: “Məncə, də ağıllı fikirdir. Çox müsbət səbəb saymaq olar. Müdafiə, kiçik dağ kəndlərinə çəkiləcək yollar, kommunikasiyalar, məktəblər, ictimai nəqliyyat və s. Hər kəndə bir təcili yardım, yanğınsöndürən qoya bilməzsən ki.  Qaldı mənəvi tərəfinə, 21-ci əsrdir, insanlar artıq başa düşərlər. Zatən yaxın kəndlərin camaatı doğma kimidir”.

Emil Məmmədov: “50-60 sakini olan kəndlərin birləşdirilməsi doğru deyilmi? Mən kənd tanıyıram ki, məktəbində cəmi 10 şagird var. Müəllim də göndərmək olmur ki, getsin orada dərs desin. Büdcəyə yükdən başqa bir şey deyil. Qışda isə rayon mərkəzi ilə əlaqəsi kəsilir”.

Üçüncüsü, İbadoğlunun kəndlərin birləşdirilməsi nəticəsində qədim tariximizin silinəcəyi barədə iddiası isə təhlükəli və hətta deyərdik ki, düşüncəsiz hərəkətdir. Əvvəla ona görə ki, İbadoğlu bu fikirləri ilə 30 ildə Qarabağı işğal altında saxlayan ermənilər üçün əlavə arqument verir. Yəni partiya sədri sanki məqsədli şəkildə elan edir ki, indiyə qədər ermənilər işğalda olan torpaqları olduğu kimi saxlamış, tarixi-mədəniyyət abidələrinə, qəbiristanlıqlara toxunmamışlar, əvəzində Azərbaycan igidlərinin qəhrəmanlığı ilə geri alınan bu torpaqlarda nəzərdə tutulan böyük layihələr tarixi siləcək, erməni vandalizmi, erməni işğalçı siyasəti yox, məhz yeni yaradılan infrastruktur layihələri. Bir partiya sədrinin bu cür düşüncəsini başqa cür şərh edən varsa arqumentlərini dinləməyə hazırıq.

 

Digər tərəfdən, vurğuladıq ki, bu kəndlərin əksəriyyəti sovet dövründə yaradılıb. Ötən əsrin 70-80-ci illərində minlərlə gənc ailə evləndikdən bir müddət sonra ata evindən ayrılaraq dövlətin həmin kəndlərdən aralıda ayırdığı həyətyanı torpaq sahələrində özlərinin ayrıca ailə təsərrüfatlarını quraraq, yurd salaraq köçdükləri bu ərazini camaatın özünün qoyduğu ada uyğun adlandırıblar. Azərbaycanın əksər rayonlarında, eləcə də Qarabağda yüzlərlə yeni yaşayış massivi məhz bu cür salınmaqla sonradan kənd adını alıb, ancaq müstəqil ərazi inzibati vahid kimi dövlət reyestrinə daxil edilməyib, kənd icraiyyə nümayəndəsi və s. strukturları olmayıb. Yəni bu cür kəndlər sovet dövründə ad və tarixilik qazanıb, 50-60 yaşı olan bu kəndlərin minillik qədim tarixlə, toponimlərlə nə bağlılığı var?

Dördüncüsü, İbadoğlu iddia edir ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.1 və 13-2.2 maddələrinə əsasən, ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə, hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq keçirilir və yığıncaqda iştirak etmiş vətəndaşların yarısından çoxu “lehinə” səs verdikdə müvafiq qərar qəbul edilir.

Qubad İbadoğlu burada savadsızlığından çox, yalançı olduğunu nümayiş etdirir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunun 7, 8, 9, 10-cu və digər maddələrinə əsasən, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının  vəsatəti əsasında Milli Məclisi tərəfindən həyata keçirilir. Eyni zamanda, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri əsasında müəyyən edilir (mənbə).

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında işğaldan azad edilmiş ərazilərin ümumi planının və qəsəbə və kənd yaşayış məntəqələrinin əsaslandırmalarının hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (DŞAK) və digər qurumlara səlahiyyətlər verilib. Bu o deməkdir ki, ölkənin və əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi məqsədilə şəhər, qəsəbə və kənddən ibarət olan  ərazi vahidlərinə  müəyyən dəyişikliklərin edilməsi qanunamüvafiq qaydada müəyyənləşə bilər (mənbə).

Beşincisi, Q.İbadoğlu paylaşdığı hər statusda alternativ fikirdə olanlara qarşı aqressiya nümayiş etdirməsi və adidən-adi məlumatlardan xəbərsiz olması ilə diqqət çəkib. Misal üçün,  Q.İbadoğlu şərhlərdə davamlı olaraq “hər şey iqtisadiyyatla ölçülmür, hər kənd uğrunda şəhid vermişik, onlar bizim müharibə tariximizdir, bununla tarixi yaddaş, milli-mənəvi dəyərlər və etnoqrafiya məhv edilir, toponimlər silinir” dediyi halda normal, sivil qaydada iqtisadi əsaslandırma edən izləyicilərini “nağıl danışmayın” nidası ilə təhqir edir və həmin şəxslərdən “Füzuli və Zəngilan Hava limanlarının niyə tikildiyini soruşur, xərclərinin hesabatını tələb edir.

 

Və yaxud, bir istifadəçinin “Hər kəndə 3-4 ailə qayıdacaqsa, birləşməyi yaxşıdır” fikrinə haqsızcasına “haradan bilirsiniz ki, hər kəndə 3-4 ailə qayıdacaq?” sərt reaksiyasını verir. İnanmaq mümkün deyil ki, partiya sədri məcburi köçkünlər arasında rəy sorğusu keçirildiyini, əhalinin münasibətini, qayıdıb-qayıtmayacağı haqda rəyin öyrənildiyini bilmir. Hətta Q.İbadoğluna istifadəçilərdən biri belə ətraflı izah verib: “Burda təəccüblü nə var ki? Hazırda oranın sakinlərindən sağ qalanlarla əlaqə saxlanılır, qayıtmaq istəyənlərin siyahısına uyğun olaraq da ilkin qayıdış planında bu qədər kənd nəzərdə tutulub. Bunu başa düşmək üçün iqtisadçı olmağa gərək yoxdur, bəy. Əslimiz Laçındandır, yaşlılarımızdan qalanlar da ya xəstədir, ya da yaşlı təqaüdçü, heç kim də qayıtmır. Biz orta nəsilin isə ümumiyyətlə fikri yoxdur. Ətrafımzda bizim durumda olanlar da nə qədər desəniz var? O halda hökumət əlavə xərc qoyub boş kəndlər, qəsəbələr, evlər niyə tiksin ki? Sonra da bəzi ağzıgöyçəklər yazsınlar ki, köçən yox idisə, bu pulları niyə tökdülər daşa, divara, çöllərə?”

Saida Sharifova adlı “facebook” istifadəçisi isə bu fikirləri təsdiqləyib. “Qubad İbadoğlu, bildiyim qədərilə, bizim və yaxın kəndlərin böyüklərinin qeyd edilən məsələ ilə bağlı görüşü, müzakirələri də olmuşdu və rəylər bildirilmişdi. Doğru olan cəhətlərə doğrudur demək lazımdır ki, yanlışa da yanlışdır  dediyinizdə kimdəsə şübhə yaranmasın”

Nəticə:

-       Azad edilmiş ərazilərdə neçə kəndin salınacağı, hansıların birləşdiriləcəyi və yaşayış məntəqələrinin sayının 936-dan 316-dək endiriləcəyi barədə hökumətin konkretləşmiş qəti qərarı yoxdur. Q.İbadoğlu mücərrəd siyahı tərtib edib (və ya etdirib) yalan informasiya yayır.

- Q. İbadoğlunun iddia etdiyi kimi işğaldan azad edilmiş ərazilərdəki kəndlər ləğv edilmir, birləşdirilərək ərazi-inzibati vahid kimi daha müasir yaşayış standartlarına uyğunlaşdırılır. Həmin qəsəbə və kənd yaşayış məntəqələrinin ərazi vahidlərinə dəyişikliklərin edilməsi qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.

- Qubad İbadoğlunun hazırladığı mücərrəd siyahını heç bir əsaslandırma və arqument olmadan təqdim etməsi işğaldan azad olunmuş rayonlardan olan soydaşlarımızda ilk növbədə “kəndlər niyə birləşdirilir, say niyə bu qədər kəskin azaldılır” sualları yaradır. Əksər istifadəçilər (o regionun coğrafiyasını, tarixini bilməyənlər) 3-5 evdən ibarət kəndlərin olduğunu belə bilmirlər, bu barədə məlumatsızdırlar. Q.İbadoğlu bu paylaşımları ilə məlumat vermək, birləşmənin və ya bölünmənin izah etməkdənsə təxribatla məşğuldur, gələcəkdə atılacaq addımları az-çox bilənləri isə linç etməklə danışmamağa, həqiqi məlumatı yaymamağa məcbur edir.

- Q.İbadoğlu bu paylaşımları ilə özünü “demokrat” kimi göstərməyə çalışsa da əslində əks fikrə, arqumentlərə dözümlü olmayan, izləyicilərini haqsız yerə aşağılayaraq kobud şəkildə reaksiya verən despot olduğunu nümayiş etdirmiş oldu.