ADR Hərəkatının sədri Qubad İbadoğlunun işğaldan azad edilmiş rayonların, eləcə də Tərtərin bir sıra kəndlərinin birləşdirilməsi, ayrılması ilə bağlı silsilə yazılarında hökuməti məskunlaşma ilə bağlı qanunları pozmaqda, sakinlərin rəyini nəzərə almamaqda ittiham edib. O iddia edir ki, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Tərtər və Kəlbəcər rayonlarının kəndlərinin inzibati quruluşunda aparılacaq dəyişikliklər əhalinin məskunlaşmasında ciddi problemlər yaradacaq, bu rayonların qədim tarixi irsi, toponimləri tarixdən silinəcək.
Faktyoxla Lab. bu mövzuya bir dəfə toxunub.
İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin sayının 936-dan 316-dək endiriləcəyi barədə
Lakin Q.İbadoğlunun fikrindən dönmədiyini əsas götürərək bu mövzuya bir daha qayıtmağa məcbur olduq.
Əvvəla, bir dəfə yazmışıq, bir daha təkrar edək: Azad edilmiş ərazilərdə neçə kəndin salınacağı, hansıların birləşdiriləcəyi və yaşayış məntəqələrinin sayının 936-dan 316-dək endiriləcəyi barədə hökumətin konkretləşmiş qəti qərarı yoxdur. Çünki bu ərazidəki rayonların Baş planları və inzibati xəritəsi tam başa çatdırılmadan rəqəmlər dilə gətirmək səhv düşüncədir. Həmin ərazilərdə kənd və qəsəbələrin inzibati bölgüsünün xəritələnməsi, layihələndirmə və aparılan inşaat işləri xüsusi Plan və Konsepsiya əsasında həyata keçirilir. Həmin Plana əsasən hər bir rayonun yaşayış məntəqələrinin yeri və layihəsi təsdiq olunur. Bu işləri isə dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərə aid məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı nəzarət edir.
İlk növbədə onu nəzərə almaq lazımdır ki, azad edilmiş rayonların kənd və qəsəbələrinin inzibati ərazilərinin və yerlərinin konkret olaraq müəyyənləşdirilməsi ilə bağlı işlər hələ tam yekunlaşmadığından, birləşdirilməsi nəzərdə tutulan kəndlərin yekun sayı barədə rəqəmlər söyləmək məntiqsizdir. Çünki qəsəbə və kənd yaşayış məntəqələrinin şəhərsalma əsaslandırmalarının hazırlanması ilə bağlı tədbirlər 2022-2026-cı illəri əhatə edir. (“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı. Fəaliyyət istiqaməti 2.1. Yaşayış məntəqələri üzrə ərazi planlaşdırma sənədlərinin hazırlanması)
Elə bu səbəbdəndir ki, partiya sədrinin yaydığı siyahıda “facebook” istifadəçiləri ciddi səhvlər tapır, yarımçıq siyahı təqdim etdiyi üçün Q.İbadoğlunu qınayırlar. Müəllif isə “bu məlumat Azərbaycan dövlətinin rəsmi sənədindən götürülüb” deyərək özünə alibi düzəldir, həmin sənədin əslini istədikdə isə yalnız pdf formatında olduğunu əsas gətirərək mövzunu dəyişir. Misal üçün, “Xocalı rayonu, Şuşa rayonu və Xankəndi şəhəri” ilə bağlı paylaşıma “Zamanpəyəsi və Allahqulular da bizdədir” rəyinə Q.İbadoğlu qeyd etdiyimiz hazır cavabı yazıb. Ramil Rzayev adlı istifadəçinin “Tək Sığnaq və Çanaqçı deyil, Qarabulaq sovetliyi də bizdədir. Ümumi 6 kənd bizdədir” rəyinə qeyd etdiyimiz cavab verilib.
Kəlbəcər rayonu ilə bağlı paylaşımda isə istifadəçilər İstisu qəsəbəsinə yaxın “Bağırsaq binəsi”nin və Tatlar kəndinin adlarına rast gəlinmədiyini qeyd edirlər. Laçın rayonu ilə bağlı paylaşımda istifadəçilərdən biri “Mənim doğulduğum Mişni kəndi birləşdirilmir, ancaq siyahıda qarşısında 2 yazılıb...” iradını bildirib. Arif Vəliyev adlı istifadəçi isə qeyd edir ki, “Zabux və Sus kəndləri ayrılıqda tikilir. Nəsə burada düz deyil”. Elxan Ağakişiyev adlı istifadəçi isə bunları yazıb: “İşğaladək Qubadlının 96 yaşayış məntəqəsi var idi. Ondan biri şəhər, 95-ikənd yaşayış məntəqələri idi. Qubadlı şəhərinə yaxın 3 kəndin - Gödəklər, Xudular və Hacılı yaşayış məntəqələrinin adı siyahıda yoxdur. Yazı düzündə təzə salınmış “Yeni kənd” yaşayış məntəqəsi vardı. 85 və yaxud 91 yaşayış məntəqəsini hansı statistikadan götürmüşünüz? Yazanda diqqətli olun”.
Qubadlı rayonu ilə bağlı səhvlərə gəldikdə Qubadlı şəhərinə yaxın 3 kəndin Gödəklər, Xudular və Hacılı yaşayış məntəqələrinin adının siyahıda olmaması diqqəti çəkib.
Musviq Fətəliyev isə bunları qeyd edib: “Məncə, bu, səhv məlumatdır . Füzuli rayonun təxminən 80 kəndi olub . 27 sentyabra qədər 24 kənd 1 qəsəbə bizdə idi və bu kəndlərdə yaşayış vardı . Təxminən 51 kənd sonradan azad olunub . Əgər köhnədən yaşayış olan kəndlərlə birlikdə 27 kənd nəzərdə tutulursa, bu, mümkün deyil, çünki hal-hazırda 24 kənd, 1 qəsəbə var . Yox, əgər sonradan azad olunmuş kəndləri birləşdirib 27 kənd edəcəklərs,ə yenə də hesablama düzgün aparılmayıb. Çünki azad olunan kənd 76 deyil 51-dir”.
Göründüyü kimi, Qubad İbadoğlu heç bir rəsmi sənədə istinad etmədən, işğaldan azad edilmiş rayonlardakı kəndlərin adlarından ibarət mücərrəd siyahı düzəldib (və ya düzəltdirib) və heç bir iradı qəbul etmədən “tariximiz silinir” nidasını səsləndirməkdədir. Populizm, ya təxribat?
İkincisi, Q.İbadoğlunun qeyd etdiyi həmin rayonların kəndlərinin birləşdirilməsi say nisbətinin azalmasına səbəb olsa da, həmin yaşayış məntəqələrinin, tarixi ünvanlarının ləğv edilməsini nəzərdə tutmur! Yəni kəndlər ləğv olunmur, əvvəlki qaydada öz ərazi inzibati vahidliyində birləşdirilir. Belə ki, hələ işğaldan əvvəl həmin kəndlərin böyük əksəriyyəti 316 ərazi vahidliyində birləşdirilmişdi ki, yeni inzibati bölgü də həmin 316 vahidliyin yaradılması deməkdir. Yəni hər ərazi vahidliyinin tərkibində 3-4 kənd öz əvvəlki ünvanını saxlayacaq.
Üçüncüsü, kəndlərin birləşdirilməsinə gəlincə, Azərbaycan hökumətinin bu inzibati təyinatı yeni kəşf deyil, işğaldan əvvəl də həmin rayonların kəndlərinin böyük əksəriyyəti bir neçə ərazi vahidliyində birləşdirilmişdi. Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Füzuli və digər rayonlarda 6-7 evdən ibarət mini-kəndlərdə o dövrdə rabitə, kommunikasiyalar, istilik-qaz, su təminatlarının olmaması səbəbindən həmin kəndlərin inzibati idarəçiliyi kənd inzibati vahidliyinin tərkibinə verilmişdi. Bu rayonlarda 5-6 kiçik kənd iri kəndlərə birləşdirilməklə ərazi inzibati vahidliyinin tərkibinə tabe idi. Məsələn, Ağdamda mövcud olmuş 113 yaşayış məntəqəsi təxminən 48-50 ərazi kənd vahidliyində birləşdirilmişdi. Bu ki uzaq tarix deyil, məlumatsız olaq.
Diqqət edək:
Ağdamda Mollalar adında bir neçə yaşayış məntəqəsi var: Aşağı və Yuxarı Mollalar, Tərs Mollalar və s. Hər üçü kiçik məntəqədir, vaxtilə biri Boyəhmədliyə, digərləri isə Əlimədətli kəndlərinə tabe olub. Eləcə də, Muğanlı adlı 2 yurd yeri olub, biri Bağbanlara, digəri Şıxbabalı kənd vahidliyinin ərazisində yerləşib. Habelə Baş və Orta Qərvənd məntəqələri Qərvənd ərazi vahidliyinə aid olub. Əliağalı kəndi ötən əsrin 80-ci illərində böyüyərək Yeni Qaralar, Cinli, Yetim Cinli adlı kiçik məntəqələrə bölünüb, ancaq həmin kiçik ev təsərrüfatları ərazi vahidi kimi Əliağalının tərkibində olub. Eləcə də, Füzuli rayonunun kiçik yaşayış məntəqələri işğaldan əvvəlki dövrdə bir neçə vahidliyin tərkibində olub.
Məsələn, Füzulidə təkcə Qayıdış adında 11 məntəqə, sıra sayı ilə 5 Zobucuq var. Bəhmənli ərazi kənd vahidliyinə 8 məntəqə daxildir.
İşğala qədər Füzulinin həmin kiçik kəndlərinin cəmi 100-150 nəfər əhalisi olub, yəni 20-25 evdən ibarət məntəqə. Məsələn, Gecəgözlü kəndi o qədər kiçikdir ki, vaxtilə Aybasanlı inzibati ərazi vahidinə birləşdirilib. Eləcə də, Şıxımlı Üçbulaq kənd inzibati ərazi dairəsinə aid olub. Yaxud, Hüngüttü 30 il əvvəl Horadiz kəndində bağlı inzibati ərazi olub. Eyni zamanda, balaca bir yaşayış yeri olan Qıyıqçı və Qızıl Qışlaq sovetlər dönəmində Dövlətyarlı kənd inzibati ərazi dairəsinə tabe olub.
Həmin xırda kəndlərin böyük əksəriyyətində yol, işıq, su, qaz, rabitə, poçt xidməti, məktəb, xəstəxana, səhiyyə ocaqları, uşaq bağçası, mədəniyyət və idman obyektləri, elektrik yarımstansiyaları, sosial xidmət obyektləri, infrastrukturlar 4-5 km uzaqda yerləşən iri ərazi vahidi olan kəndə qurulurdu, həmin kiçik kəndlərin sakinləri qeyd olunan xidmətlərdən faydalanmaq üçün uzun yol qət edərək bu əraziyə gedirdilər. Məsələn, Qubadlının Hat, Deşdahat, Armudlu və s. kiçik kəndlərində məktəb, tibb məntəqəsi, poçt, uşaq bağçası, klubu və s. obyektlər olmadığından, əhali 4-5 km aralıdakı Başarat kəndində getməli olurmuş. Şagirdlər məktəbə getmək üçün 1 saat piyada yol qət edir, qışda və yağışlı havalarda isə əksər şagirdlər məktəbdən yayınırdı. Çünki bu tipli kiçik yaşayış məntəqələrinin hər birində qeyd etdiyimiz xidmət və infrastrukturların yaradılması inzibati idarəetmə baxımından olduqca çətindir. Başqa bir misal. 8-10 evlik kəndə yaşayan 20 şagird üçün məktəb tikintisi planlaşdırma baxımından mümkün deyil.
Bunu Qubad İbadoğlunun paylaşımlarına rəy bildirən, həmin rayonlardan olan soydaşlarımız da təsdiqləyirlər.
Aydin Kərimov (Laçın rayonu): “Kiçik kəndlər birləşdirilməlidir. Çünki, mağaza, aptek, ən çoxu da məktəb və s. problemlər həll edilməlidir. Ancaq bu, könüllü və məntiqli olmalıdır. İşğaldan əvvəl Qarıqışlaq, Qılışlı, Soyuqbulaq və Zeyvə bir Sovetlikdə (kənd icra nümayəndəliyində) idi”.
Sultan Əzimov: “Bizim rayonda 1 ev olan kənd var. Sizcə, o kəndin qalmağı lazımdı?”
Zamin Təhməzov: “Bozlu və Qalaça kəndlərinin birləşdirilməsi çox düzgün qərardır. O kəndlər, demək olar, bir-birinə bitişikdir, əhalisi də qohumdurlar. Alqışlayıram!”
İlham Tağıyev: “Mirik kəndi heç bir başqa kəndlə birləşməyib. Doğulub 6 yaşına qədər yaşadığım kənddir. Bozlu ilə Qalaca kəndinin birləşməsi isə çox məntiqlidir. İç-içə çox yaxın kəndlər idi”!.
Akif Laçın: “Mən Kamallı kəndindənəm, əvvəl də Çıraqlı kəndi ilə bir sovetlik olmuşuq, indi də. Demək olar ki, xeyrimiz də, şərimiz də birdir. Mən tam razıyam. Amma bəzi kəndlərin birləşməsi uyğun gəlmir”.
Ramil Barcali: “Düzgün qərardır, dağlıq yerlərdir, elə kənd var 3-4 ev olub heç məktəbləri olmayib. 40-dan çox kənd yenidən qurulacaq kənddə yaşayış evləri də çox olacaq”.
Elşən Eyvazov: “Ördəkli, Qaragöz, Qaradərə. Düzgün qərardır. Ən son Zəngilan işğal olduqda 3 kənd birlikdə 150-170 ev var idi. Məktəb problem, tibb məntəqəsi yox idi, uşaq baxçasının adın çəkmə. 3 kənddə 1 bərbər yox idi. Gərək gedərdin rayon mərkəzinə bir saç kəsdirmək üçün. Dövlətin bu qərarı gələcəyə doğru çox yaxşı qərardır”.
Anar Fərəcbəyli: “Zəngilanın Aşağı Yeməzli kəndindənəm. Kəndimiz 12-13 evdən ibarət idi. Kənddə 4 illik məktəb, kitabxana mövcud idi. 4-cü sinifdən sonra uşaqlar Sarıllı Xəştab kəndinə məktəbə gedirdilər. Kəndimizin hər daşı, dağı, dərəsi... bizə çox əzizdir. Ancaq məntiqlə ( İnfrastruktur baxımından ) birləşmənin əleyhinə deyiləm. Bəlli səbəblərdən qayıdan əhali sayı gedən əhali sayından daha az olacaq”.
Ramil Ağayev: “Kəndlərin birləşdirilməsi məncə, doğru qərardır. Elə kəndlər var ki, 20- 30 evdən ibarətdir, onların hərəsi üçün məktəb, tibb məntəqəsi poçt, klub tikmək həm vəsaitdir, həm də torpaq israfçılığıdır. Mən öz rayonumuzdan götürürəm, elə kəndlər var ki 5-10 ev var. Heç çoxunda yaşayış yoxdur. Amma evlər var, infrastruktur yoxdur”.
Şahin Hacıyev: “Düz ediblər. Lazimsız kəndlər çox idi. Elələri var ki, orada son illərdə heç yaşayış yox idi. Kənd dediyinizdə 2-3 ev var idi. Çox düzgün addımdır”.
Bəhram Hüseynov: “O kəndlərin çoxunda 5-10 nəfər qalmışdı. Xırda-xırda təsərrüfatlardansa, elə bir-iki böyük kənd tikilsə, daha sərfəlidir. Hər xırda yerə yol çək, işiq çək, mən nə bilim neylə…. Birləşdirib bir iri yaşayiş məntəqəsi yaratmaq, suyu, qazı, işığı hamısı da nizamlı şəkildə. Bu düzgün qərardir”.
Aydın Kərimov: “Bəy, dağ rayonlarında kiçik kəndlər çox idi. Biz orta məktəbi qonşu kəndlərdə çətinliklə oxuyurduq. Birləşsə yaxşıdır. Ancaq qayıdış çox ləng və qüsurlu gedir”.
Aysel Camal: “Hər kəndə 3-4 ailə qayıdacaqsa, birləşməyi yaxşıdır”
Şamil Hasilov: “Xırda kəndlərin saxlanmağındansa, strateji yerlərdə daha böyük yaşayış məntəqələri salmaq daha uyğundur. Kəndi ermənilərdən tələb etmək lazım idi. Heç kim dağın başında yayda istirahət etməyiniz üçün 5-10 ev tikən deyil”.
(davamı var)