“Moody's” beynəlxalq reytinq agentliyi Ermənistanın iqtisadi sabitliyini risk altına alan faktorları açıqlayıb. Qurumun Ermənistann maliyyə və kredit vəziyyəti ilə bağlı proqnoz-hesabatında bildirilir ki, Azərbaycanla sülh sazişinin imzalanmaması və bölgədə yarana biləcək gərginliklər bu ölkənin iqtisadi dayaqlarının sıradan çıxmasına və fiskal göstəricilərinin pisləşməsinə gətirib çıxara bilər. İrəvanın sabit və dayanıqlı iqtisadiyyatı bölgədə sülh və sabitliyin tam bərqərar olması halında mümkündür. Moody`s

“Moody's” agentliyi bildirir ki, Ermənistan iqtisadiyyatını bir neçə geosiaysi faktor təhdid edir. Bura Rusiya-Ukrayna müharibəsi nəticəsində meydana çıxan logistika zəncirindəki qırılmalar, ticarət əməliyyatlarının cari vəziyyətində balansın pozulması, eləcə də son bir ildə Azərbaycanla gərginliyin yaranması nəticəsində Ermənistan üçün geoiqtisadi risklərin artması daxildir. Sitat: “Ermənistan və Azərbaycan arasında mübahisəli bölgələr üzərində hərbi toqquşmaların tezliyinin və intensivliyinin artması ilə üst-üstə düşüb. Bu atışmalar 2022-ci ilin ikinci yarısında iki ölkə arasında ağır toqquşmalarla nəticələnib. Hərbi gərginliyin tezliyi və intensivliyi yüksək olaraq qalır. Geosiyasi gərginlik genişmiqyaslı hərbi əməliyyatlara çevrilərsə, bu, Ermənistanın daxili siyasətinə sıçrayaraq, ölkənin iqtisadi və fiskal perspektivlərini ağırlaşdıra bilər”.

Birinci risk amili kimi irəli sürülən regional siyasi-hərbi sabitlik faktoru həqiqətən də Ermənistanın iqtisadi planlarını relsdən çıxaracaq ən tutarlı arqumentdir. İlk növbədə, regionda formalaşan kövrək sülhün İrəvan tərəfindən pozulması bilavasitə siyasi sabitliyin və dolayısı ilə də iqtisadi stabilliyin məcradan çıxmasına səbəb ola bilər. Belə ki, gərginlik və toqquşmalar fonunda dövlət və özəl sektorun iqtisadi layihələrində həm fiziki, həm də psixoloji olaraq durğunluqların yaranması, biznesin qeyri-müəyyənliklər fonunda kapital və sərmayələrinə ara verməsi, fiskal öhdəliklərdə mühərrikliyin pozulması və s. amillər iqtisadi risklərə yol açmış olur.
Çıxış yolu nədir?
Birincisi,
Ermənistan Azərbaycanın yaratdığı sülh platformasından boyun qaçırmaq əvəzinə, daha tez və vaxt gözləmədən yeni geoiqtisadi düzənə uyğunlaşmalıdır. Bunun üçün ilk növbədə, Bakının masaya yatırdığı dəyişməz və korrektəolunmaz sülh sazişi paketini qeyd-şərtsiz qəbul etməlidir.
İkincisi,
Ermənistan regional iqtisadi siyasətinin gələcəyi üçün zəmanət əldə edir. Azərbaycan bu ölkəni kommunikasiyalara qoşmaqla gələcək rifahına səhifə açmış olur. Cənubi Qafqazın dominant iqtisadi güc mərkəzi və lokomotivi olan Azərbaycanın təşəbüskarlığı altında gerçəkləşən layihələrə qoşulmaqla həm iqtisadi dalandan aydınlığa çıxır, həm də Şərq-Qərb komunikasiyalarına çıxış qazanır. Regionun formalaşmaqda olan iqtisadi güc bloku olan Azərbaycan-Türkiyə birliyinin köməyilə Orta Asiya və eyni zamanda, Balkanlara, Qərbə tranzitlərə yol əldə edir.
Üçüncüsü,
beynəlxalq trans-kommunikasiyaya çevriləcək Zəngəzur dəhlizindən axıcı daşınmalarından tranzit haqqı və digər dividentlər qazanır, Azərbaycan və Türkiyə sayəsində beynəlxalq daşınmalardan ölkənin milli gəlir portfelinə əhəmiyyətli valyuta toplayır.
Dördüncüsü,
Ermənistanın biznes icmasının, kiçik və orta ticarət şəbəkəsinin  Türkiyəyə sərbəst ticari əməliyyatlara qapısı açılır, ölkədə ticarət rəqabəti canlanmış olur.
Bununla “Moody's” əsas risk faktorlarından biri hesab etdiyi regiondakı intensiv gərginliklər birdəfəlik aradan qalxmış olur.
Bütün bunlar Ermənistan üçün əlçatan və qısa zamanda gerçəyə çevrilə biləcək həll yoludur. Ortada gözəl nümunə var, necə ki, qonşu Gürcüstan  məhz Azərbaycan-Türkiyə iqtisadi vektoru üzərində özünə uzunmüddətli sabit və etibarlı dayaq yarada bilib, Gürcüstanın turizm sektoru istisna olmaqla, energi, nəqliyyat, infrastruktur, logistika, yanacaq, sənaye emalı və s. sahələri məhz iki qardaş ölkənin iqtisadi resurs mənbələrindən qaynaqlanır.

 

Gürcüstan artıq Türk dövlətləri ailəsinin trans-kommunikasiya proqramlarına qoşulmaqla vaxt itirmədən dəyişən geosiyasi logistika coğrafiyasında özünə yer tapmaqdadır, ağıllı və praqmatik iqtisadi proqnozlaşdırmadan istifadə edir. Hazırda gündəmdə olan TransXəzər layihəsində də Gürcüstan fəallıq edərək Türk dövlətlərinin ortaq projesində özünə yer edir. Bir neçə gün əvvəl Bakıya səfər zamanı Orta Dəhlizlə bağlı məsləhətləşmələr apardıqdan sonra Tbilisiyə yollanan Qazaxıstanın Baş naziri Alixan Smailovun Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də məhz yeni iqtisadi-kommunikasiya planları müzakirə olunub. Qaribaşvili ölkəsinin Avropa ilə Asiya arasında ən rentabelli nəqliyyat dəhlizlərindən biri kimi önə çıxan TransXəzər marşrutuna qoşulmaq niyyətini bəyan edib. Tbilisi yaxşı başa düşür ki, bu marşrut Yeni İpək Yolunun Orta dəhlizinə çıxışı təmin edəcək ən işlək və perspektivli nəqliyyat arteriyası olacaq və dəstədən geri qalmaq olmaz. istinad
Ona görə də Ermənistan da vəziyyəti praqmatik dəyərləndirməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə Ermənistanın dayanıqlı və sabit inkişafının məhz regionda ədalətli və normal qonşu kimi davranışlarından asılı olduğunu bəyan edib. Cənab Prezident bir neçə ay əvvəl Bakıda keçirilən Dünya İqtisadi Forumunda (Davos Forumu) “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda bildirib ki, hazırda yeni reallıqlar və müasir çağırışlar bizə yeni fürsətləri dəyərləndirmək üçün tarixi şans verib. Bu bölgədə yerləşən bütün ölkələr və xalqlar daha yaxşı gələck və rifah üçün birgə addımlamalıdır. Sitat: “Xəzər regionu, Mərkəzi Asiya və bu regionda Azərbaycan, biz gələcəyimizi sıx münasibətlərdə və əməkdaşlıqda, xalqlarımız üçün daha yaxşı həyatı, ölkələrimiz üçün daha yaxşı gələcəyi təmin etmək məqsədilə səylərimizin inteqrasiyasında və birləşdirilməsində görürük”. mənbə

Məntiq eynididir, Azərbaycan Prezidenti beynəlxalq təşkilatların Ermənistana ünvanladığı mesajların ruhuna uyğun fikirləri çatdırıb.

Dünya İqtisadi Forumunun rəhbəri də bu mövzuda Azərbaycan Prezidenti ilə tamamilə həmrəydir, o da İrəvanı silkələyir ki, yeni başlanmış prosesdən və nadir imkanlardan istifadə et, geri qalma. Dünya İqtisadi Forumunun icraçı direktoru Klaus Şvab hesab edir ki, Cənubi Qafqazın bütün ölkələri gələcək iqtisadi stabillik və rifah üçün yolda birgə addımalamağa qərar verməlidir. Bu bölgənin uzunmüddətli gələcəyi həm Orta Asiyaya inteqrasiyanı dəyərləndirməkdir. Sitat: “Cənubi Qafqaz və Orta Asiya regionları üçün müəyyən ssenarilər təqdim olunur. Regionun uzunmüddətli gələcəyi üçün müxtəlif ssenarilər yaradılır. Məqsəd regionun nadir evolyusiya potensiallarını araşdırmaq və müxtəlif alternativ ssenariləri nəzərdən keçirməkdir. Bu gün biz bu prosesi başlayırıq. Məqsəd regionun nadir imkanlarını aşkar etməkdir”. mənbə

Beləliklə, həm Azərbaycan Prezidentinin, həm Dünya İqtisadi Forumunun rəhbərliyinin, həm də “Moody’s” beynəlxalq agentliyinin, eləcə də digər nüfuzlu qurumların Ermənistan tövsiyyəsi odur ki, sabit və etibarlı həyat, normal iqtisadiyyat qurmaq istəyirsənsə, Cənubi Qafqaz-Orta Asiya xəritəsinə qoşul, vəziyyəti gərginləşdirməklə ölkənin taleyini sual altında qoyma, maliyyə böhranları yaşamaq istəmirsənsə, ağılla-təmkinlə qərar ver. 
“Moody's”un Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar risk faktoru hesab etdiyi fiskal təhlükə də Ermənistanı daim təqib və təzyiq altında saxlayan amillərdəndir. Fiskal təhlükə dedikdə, sözsüz ki, Ermənistanın milli gəlir mənbələrinin az, borclanmanın həcminin yüksək olması nəzərdə tutulur.
Məlumdur ki, Ermənistan əsas etibarilə Rusiyadan daxil olan maliyyə axınlarına, eləcə də İranla ticari-iqtisadi perspektivlərə daha çox arxayın olaraq, digər region ölkələrinin inteqrasiya şəbəsəsinə qoşulmağa tələsmir. Məsələn, 2023-cü ilin birinci rübündə Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 5 dəfə artaraq 1,2 milyard dollar təşkil edib. istinad

Ancaq reallıq budur ki, bu maliyyə köçürmələri həm müvəqqətidir, həm də Rusiyanın valyuta sektorundakı vəziyyət dollar qıtlığı fonunda ölkədən kənara valyuta çıxışını da dayandırmış olacaq. Çünki hazırda Rusiyada iqtisadi durum pisləşməyə doğru gedir. Yanvar ayından bəri ÜDM hər ay azalır. istinad

Maliyyə sektorunda vəziyyət may ayından sonra yenidən təhlükəli fazaya daxil olub. Rus rublu dollar qarşısında kəskin dəyər itirib, bir dollar 90 rubldan da yüksək marjada dəyişdirilir. “Raiffeisenbank”da məzənnə bir dollar üçün 97,55 rubl və bir avro üçün 106,4 rubla, “VTB Bank”da isə müvafiq olaraq 94,5 rubl və 102,5 rubl təşkil edib. “Qazprombank” dollar və avronu müvafiq olaraq 97,3 və 104,3 rubla alıb-satıb. “Alfa-Bank”da məzənnələr 96,77 və 106,21 rubl, “MTS-Bank”da - 95,65 və 104,1 rubl təşkil edib. mənbə

Rusiya ilə yanaşı, İranda da iqtisadi durum pisləşməyə doğru gedir və 2023-cü ildə bu ölkədən xaricə pul köçürmələrinin və sərmayələrin kəskin aşağı düşəcəyi proqnozlaşdırılır. İranda iqtisadi vəziyyət 2023-cü ilin yanvar ayından kəskin pisləşib, milli valyuta bir dollar 447 min riala qədər ucuzlaşıb   ki, bu, İran tarixində milli valyutanın ən aşağı dəyəri hesab edilir. mənbə

Sözsüz ki, Rusiya və İranda iqtisadi böhran Ermənistana maliyyə qoyuluşlarını da azaldacaq ki, 2023-cü ildə pul köçürmələri, investisiyaların azalması şəraitində Ermənistanın yenidən əlavə borc götürməsinə səbəb olacaq. Avrasiya İnkişaf Bankının 2023-cü ilə dair iqtisadi icmalında Ermənistana  Rusiya və İrandan pul transferləri və sərmayələrin azalacağını, ÜDM-in artım tempinin isə 2022-ci ildəki 7%-dən 4,2 %-ə düşəcəyini bəyan edib. mənbə

Bu baxımdan, “Moody's”-in Ermənistanın iqtisadi və fiskal perspektivlərinin ağırlamasına dair gözləntiləri də real analitik baxışı əks etdirir.

“Moody's” reytinq agentliyininvurğuladığı bütün risk faktorlarını komplektləşdirdikdə aşağıdakı yekun qənaət yaranır:
*
Ermənistanın öz iqtisadi nicatını təmin etmək üçün regionun iqtisadi güc bloku olan Azərbaycan-Türkiyə birliyinə qoşulmalıdır.
* İrəvanının nə qədər cığallıq etməsindən asılı olmayaraq, kommunikasiyaların açarları yenə də türk dövlətlərinin əlindədir.
* Ermənistanın davamlı inkişafa nail olacağı dayaqlar Azərbaycan, Türkiyə və hər iki qardaş ölkənin geoiqtisadi landşaftında layiqli yer alan Türk dövlətləri ailəsidir.
* Zəngəzur dəhlizinin açılması Ermənistanın iqtisadiyyatı üçün şans və inkişaf mesajları verə bilər.
* Azərbaycan və Türkiyə ilə regional layihələrə qoşulmaqla Ermənistanın iqtisadi təhlükəsizliyini təminat altına almış olur.

Beləliklə, “Moody's” beynəlxalq reytinq agentliyinin Ermənistanla bağlı proqnoz-tövsiyələri əslində İrəvan hökumətinə öz gələcək iqtisadi müqəddəratını düşünmək və ağıllı qərar vermək üçün işarəverici mesaj hesab oluna bilər.