Sosial media platformalarında azərbaycanlı istifadəçilər tərəfindən paylaşılan bir şəkil geniş müzakirələrə səbəb olub. Sözügedən şəkil Azərbaycan ordusunun mənsubunun Şuşa qalası qarşısında bir qıza evlilik təklif etməsini əks etdirir.

Faktyoxla Lab. müzakirələrə səbəb olan fotonun real olub-olmadığını araşdırıb.

Fraqment 1. Şəkilin arxa fonunda qala divarlarını incələdikdə bəlli olur ki, fotoda görüntülənən ərazi Şuşa qalasının nə girişi, nə də çıxışıdır.

Fotoda görünən qala divarlarının bürcləri Şuşa qalasında yoxdur.

Fraqment 2. Arxa fonda müşahidə etdiyimiz digər bir yanlış isə Azərbaycan bayrağının tərsinə asılmasıdır.  

Fraqment 3. Qala divarlarında 2 çələng görünür. Azərbaycan adətlərində çələng asılması kimi bir adət yoxdur.

Fraqment 4. Şəkildə evlilik təklif edilməsini əks etdirən əsgərin hərbi geyimi Azərbaycan XTQ-nin hərbi geyimidir. Əsgərin formasında və qoruyucu dəbilqəsində cizgilər detallı şəkildə görünsə də silahabənzər bir detalın “blur” halı diqqət çəkir. 

“Blur hadisəsi” adətən hərəkət zamanı çəkilən şəkillərdə olur. Nəzərə alsaq ki, əsgər hərəkətsizdir və digər detalların cizgiləri aydın şəkildə göründüyü üçün həmin silahın da detallı şəkildə görünməsi lazım idi.

Məsələn, qatar gözləyən qızın fotosunda qız hərəkətsiz dayandığı üçün normal, qatar isə sürətli hərəkət etdiyi üçün “blur” görüntülənib.

Fraqment 5. Qızın əlindəki gül buketindəki ən aşağıdakı gülün üzərində qar dənələri olduğu halda, digər birinin zərində heç bir qar dənəciyi görünmür.

Fraqment 6. Azərbaycan Ordusunun xüsusi təyinatlıları hərbi əməliyyatlardan başqa heç bir halda tam təchiz olunmuş ekipirovkada, silahla mülki ərazidə görünə bilməz.

Sözügedən şəkil süni intellektlə düzəldilib. Reallığa yaxın şəkillərin hazırlanması üzrə ixtisaslaşmış ən məhşur süni intellekt saytı “midjourney”dir. Sözügedən saytda orijinaldan fərqlənməyəcək dərəcədə reallığa yaxın şəkillər  sifariş vermək mümkün olsa da, süni intellekt məhsulu olmasını təsdiqləyən səhvlər buraxılır. Məsələn, insanın 5 barmağı deyil, 4 və ya 6 barmağının olması, üz cizgilərində aşıq-aşkar yanlışlıqlar, əzalarda deformasiya Sİ məhsulunu realdan fərqləndirən detallardı.

Bu araşdırmamız zamanı şəkilin digər bir süni intellekt saytında düzəldildiyini müəyyənləşdirdik. Şəkil https://getimg.ai/ adlı süni intellekt saytında düzəldilib.

Nəticə:

- “Azərbaycan əsgəri sevdiyi xanıma Şuşa şəhərində evlilik təklif etdi” adında paylaşılan şəkil real deyil. 

- Şəkil süni intellekt saytı vasitəsilə hazırlanıb.   

 

Bizə yazın: 

Facebookda 

Teleqramda 

Tvitterdə