Dünya İqtisadi Forumu (WEF) tərəfindən hazırlanan “Qlobal Riskləri Qavrama Sorğusu-2024” hesabatı açıqlanıb. Dezinformasiya növbəti 2 il ərzində ən böyük və bir nömrəli qlobal risk olaraq görülür.

Faktyoxla Lab. xarici mediaya istinadən həmin hesabatı təqdim edir.

Qlobal mühit üzrə 1500 ekspertin təhlili əsasında hazırlanan hesabatda qısa və uzunmüddətli perspektivdə 10 ən böyük qlobal risk proqnozlaşdırılır. Hesabatda dezinformasiya (builki risk proqnozunda) bəşəriyyətin üzləşdiyi ən böyük təhlükələrdən biri kimi təsbit edilir. (mənbə)

Qısamüddətli proqnozlarda ikinci yerdə ekstremal hava hadisələri problemi gəlir. Sonrakı sıralarda sosial qütbləşmə, kibertəhlükəsizlik, dövlətlərarası silahlı münaqişə, iqtisadi imkanların olmaması, inflyasiya, məcburi miqrasiya, iqtisadi böhran və çirklənmə problemləri yer alır.

 Uzunmüddətli perspektivdə - yəni növbəti 10 ildə dezinformasiya ilk 5 qlobal riskdən biri kimi qalır. Qlobal istiləşmə, iqlim dəyişikliyi və bunun nəticəsində baş verən ekstremal hava hadisələri növbəti 10 ilin ən böyük təhlükələri kimi siyahının başındadır. İkinci yerdə dünya sistemlərində kritik dəyişikliklərin gözlənilməsi dayanır.

Bunun ardınca ekosistemin dağılması və biomüxtəlifliyin itirilməsi və təbii resursların qıtlığı gəlir. Beşinci risk yanlış məlumat və dezinformasiya problemidir. Sonra süni intellekt texnologiyalarının mənfi nəticələri gəlir. 10 təhlükədən ibarət siyahının sonunda məcburi miqrasiya, kibertəhlükəsizlik, sosial qütbləşmə və çirklənmə yer alıb.

Hesabatda bu il qlobal miqyasda maliyyə böhranına səbəb ola biləcəyi ehtimal edilən 5 risk aşağıdakı kimi sıralanıb:

  1. Ekstremal hava hadisələri: 66 faiz
  2. Süni intellektin yaratdığı yanlış məlumat və dezinformasiya: 53 faiz
  3. Sosial və ya siyasi qütbləşmə: 46 faiz
  4. Yaşayış böhranı: 42 faiz
  5. Kiberhücumlar: 39 faiz.

Hesabatda ictimai maarifləndirmə çərçivəsində qarşıya qoyulan əsas qlobal risklər də öz əksini tapıb. Bu risklərdən hansının və hansı yanaşmanın 10 il ərzində riskin azaldılması, hazırlıq və fəaliyyət üçün ən çox potensiala malik olduğu aşağıdakı kimi sıralanıb:

  1. Yanlış məlumat və dezinformasiya: 86 faiz
  2. Sosial qütbləşmə: 83 faiz
  3. İnsan hüquqlarının aşınması: 70 faiz
  4. Xroniki sağlamlıq vəziyyəti: 61 faiz
  5. Senzura və nəzarət: 60 faiz
  6. Yoluxucu xəstəliklər: 60 faiz
  7. Süni intellekt texnologiyalarının mənfi nəticələri: 58 faiz
  8. Dövlətlərarası münaqişələr: 54 faiz
  9. İşçi qüvvəsi çatışmazlığı: 50 faiz
  10. Çirklənmə: 49 faiz

 Hesabatda süni intellekt texnologiyalarından yaranan yanlış məlumat və dezinformasiya probleminə diqqət çəkilir, həmçinin problemin yaxın 2 ildə seçki proseslərinə və iqtisadiyyata təsir göstərə biləcəyi, sosial iğtişaşlara və münaqişələrə səbəb ola biləcəyi ilə bağlı proqnozlar verilir.