Ermənistan hökuməti 2025-ci ilin dövlət büdcəsi layihəsini hökumətə təqdim edib. Ölkənin maliyyə naziri Vahe Ovanissyan bildirib ki, 2025-ci ildə büdcə gəlirləri 2 trilyon 873,1 milyard dram (təxminən 7,4 mlrd. ABŞ dollar) nəzərdə tutulub ki, bu da 2024-cü illə nisbətdə təxminən 150 milyard dram və ya 380 milyon ABŞ dollar çoxdur.
Dövlət büdcəsinin xərcləri isə 3 trilyon 482,4 milyard dram (8,8 mlrd. dollar) məbləğində nəzərdə tutulub. 2025-ci ildə dövlət büdcəsinin kəsiri 609 milyard dram və ya 1 milyard 570 milyon dollar səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2024-cü ildəki 1,1 milyard dollarlıq kəsirdən 470 milyon dollar artıqdır. istinad
Ermənistan büdcəsinin müzakirələri zamanı əsas diqqətçəkən məqam bu ölkənin gələn il üçün nəzərdə tutulan hərbi xərclərinin kəskin artırılmasıdır. Belə ki, Ermənistan hərbi xərclərini 110,7 milyard dram artıraraq 665 milyard (1 milyard 720 milyon dollar) dram edib. (mənbə) Bu, o deməkdir ki, növbəti ildə Ermənistan hərbi xərclərinin təxminən 300 milyon dollar artıracaq.
“APRI” Ermənistan Analitik Mərkəzinin baş elmi işçisi Leonid Nersisyan bildirib ki, hərbi xərclərin bu qədər artırılması Ermənistanın tarixi üçün görünməmiş bir hadisədir: “Bizim ölkədə hərbi xərcləri heç vaxt bu qədər yüksək olmayıb, 2020-ci il müharibəsinə qədər 700 milyon dolları belə ötməyib. Hər il yeni rekord rəqəm olur. 2024-cü ildə bu, tarixdə ən yüksək rəqəm idi, gələn il isə daha böyük hərbləşmə büdcəsi yaranacaq”. mənbə
Beləliklə, Ermənistanın hərbi xərcləri cəmi büdcə xərclərinin 19,6 faizini təşkil edəcək. Bu isə dünya ölkələrində büdcə xərclərinin hərbi xərclərə nisbətinə görə ən yüksək göstəricilərdən biridir. Adətən dünya praktikasında ölkələrin hərbi-müdafiə xərcləri ÜDM-in 5-6 faizi civarında olur. Bu rəqəmin daha çox olması həmin ölkələrin sürətli silahlanma niyyətini bəlli edir.
2025-ci ildə Ermənistanda ÜDM-in həcmi 11 trilyon dram proqnozlaşdırılır. Hərbi xərclərin 660 milyard dram olduğunu nəzərə alsaq, bu rəqəm ÜDM-in 7,3 faizinə bərabərdir. Eləcə də hərbi xərclər 3,46 trilyon dram məbləğində proqnozlaşdırılan büdcə xərclərinin 20 faizi deməkdir. Yəni, Ermənistan hərbi xərclərini həm ÜDM-dəki pay nisbətinə, həm də büdcə nisbətinə görə 2 dəfəyə yaxın artırmağı planlaşdırıb.
Ermənistanda 2020-ci ildə 625 milyon dollar olan hərbi büdcə hazırda 1,5 milyard dollara çatdırılıb. Bu, 2,5 dəfə artım deməkdir.
Bu rəqəmlər Ermənistanın silahlanmaya daha çox üstünlük verdiyini açıq göstərir.
Maraqlı budur ki, Ermənistanda hərbiləşdirmə xəstəliyi hökuməti elə bir vəziyyətə salıb ki, ölkənin əsas xərclərə olan zəruri sahələri kənarda qalıb, sosial sahələrin maliyyələşdirilməsi arxa plana keçib. Təhsil, səhiyyə, sosial müdafiə, investisiya, infrastruktur, kənd təsərrüfatı və digər sahələrin zəruri maliyyə ehtiyacları hərbi büdcənin iştahası sayəsində ödənilə bilmir. Gələn il Ermənistanın cəmi büdcə xərcləri 580-600 milyon dollar artımla proqnozlaşdırılır ki, həmin artımın yarısından çoxu hərbi sahəyə yönəldilir. Qalan vəsaitlər isə məhkəmə və prokurorluq orqanları, dövlət inzibati xərcləri və infrastrukturlar üçün nəzərdə tutulub.
Yəni hökumət üçün cari xərclər və əhalinin sosial müdafiəsi tamam kənarda qalıb. Diqqət edək: 2025-ci ildə sosial təminat, təhsil, səhiyyə, investisiya xərcləri demək olar ki, 2024-cü ildəki kimi eyni qalır. Belə ki, 2025-ci ildə sosial müdafiə xərcləri 795 milyard dram, yəni 2024-cü ildəki həcmdə qalacaq. Pensiya ödənişlərinin təxminən eyni səviyyədə - 298,6 milyard dram (təxminən 797 milyon dollar) və ya 2024-cü illə müqayisədə təxminən 1% çox qalması planlaşdırılır. Səhiyyə xərcləri 3% azaldılaraq 163 milyard dram (420 milyon dollar) təşkil edəcək, Təhsil, elm, mədəniyyət və idman xərcləri təqribən 363 milyard dram nəzərdə tutulub ki, bu da cari ildəki ilə eyni məbləğdir. istinad
Göründüyü kimi bu ölkənin büdcəsində artan xərclərin əsas hissəsi müdafiə, qalanı isə dövlət aparatına və inzibati sahələr üçün nəzərdə tutulub. Bütün bunlar bir daha təsdiq edir ki, hökumət ölkənin digər sahələrin xərclərini kəsərək hərbi büdcəyə yönəltməyi vacib hesab edir.
Bəs, həmin artan xərcləri Ermənistan hökuməti necə, hansı mənbələr hesabına təmin edəcək? Bu ölkənin real fiskal yığım mənbələri artan xərcləri qarşılamağa imkan verirmi?
Məsələ ondadır Ermənistanda büdcə gəlirləri xərclərdən 2 dəfə azdır. Yəni əgər gələn il üçün gəlirlər 380 milyon dollar artacaqsa, xərclər 600 milyon dollar artacaq. Göründüyü kimi arada 2 dəfəyə yaxın kəsir var. Həmin kəsiri və xərcləri isə təmin etmək üçün hökumətin real iqtisadi mənbələri, fiskal gəlir sahələri yoxdur.
Ona görə də hökumət gələn il büdcədə bu “artımları” təmin etmək üçün ilk növbədə, vergi yığımlarının həcmini artırmağı qərara alıb. Belə ki, 2024-cü ilin büdcə gəlirlərində vergi daxilolmaları və rüsumların həcmi 2 trilyon 613 milyard dram və ya 6,7 milyard dollar, qrantlar 22 milyard dram və ya 56 milyon dollar olubsa, 2025-ci ildə vergi və rüsumların həcmi 2,7 milyard dramdan çox olacaq (200 milyon dollar artım). Həmin vergi potensialını təmin etmək üçünsə ölkədəki biznesin gücü və imkanları yoxdur. Ancaq hökumət biznesin və əhalinin imkanlarını nəzərə almadan gələn il vergiləri artıracaq.
Qeyd edək ki, Ermənistan parlamenti bir neçə ay əvvəl vergi qanunvericiliyinə dəyişikliklər edərək vergi yükünü artırıb. 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni vergi qanunvericliyinə əsasən, kiçik və orta biznes üçün dövriyyə vergisi 2 dəfə artırılacaq. Belə ki, ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün dövriyyə vergisinin hazırkı 5 faizdən 10 faizə, ictimai iaşə üçün 6 faizdən 12 faizə, istehsal fəaliyyəti üzrə 3,5 faizdən 7 faizə qaldırılacaq. Digər sahibkarlıq fəaliyyəti növləri üzrə vergilərin dərəcələri isə hazırkı 5 %-dən 10%-ə artırılacaq. Hökumət vergi yükünü artırmaqla təkcə kiçik və orta sahibkarlardan əlavə 18-20 milyard dram (49 milyon dollar) yığmağı planlaşdırır. istinad
Bununla da Ermənistan hakimiyyəti yüksək vergi yükü şəraitində belə gələn il büdcəni doldurmaq üçün ağır borca girəcək.
Gələn il bu ölkənin büdcə kəsiri əlavə olaraq daha 470 milyon dollar, xarici borc üzrə xərcləri isə daha 380 milyon dollar artacaq, birlikdə bu rəqəm 850 milyon dollar təşkil edəcək. Nəticədə Ermənistan 850 milyon dollar mənfi xəzinə saldosu və ya borc yükünün altına girəcək. Yəni, ölkədə büdcə xərcləri 600 milyon dollar artdığı halda borc 850 milyon dollar artacaq.
Maliyyə naziri qeyd edib ki, 2025-ci ildə yenidən əlavə büdcə kəsiri və xarici borc nəticəsində dövlət borcunun həcmi isə ÜDM-ə nisbətdə 53,5 faiz təşkil edəcək. Yəni bu o deməkdir ki, hazırda ÜDM-in 51 %-i nisbətində olan borc gələn il daha 2,5 faiz artacaq. Belə izah edək: Ermənistanın ÜDM-i 2025-ci ildə 11 trilyon dram nəzərdə tutulub ki, bu da 28 milyard dollar deməkdir. Belə çıxır ki, gələn il Ermənistanın borcu ÜDM-in 53,5 faizi nisbətində olduqda xarici borcun məbləği 15 milyard dolları ötəcək. Gələn il borcun 380 milyon dollar yenidən artacağını, eyni zamanda, hökumətin bütün (daxili və xarici) borcları ödəmək və borca xidmət xərcləri üçün birlikdə 2025-ci ildə təxminən 1,2 trilyon dram (3,1 milyard dollar) nəzərdə tutmasını nəzərə alsaq bu rəqəm daha da böyüyəcək. mənbə
Beləliklə, Ermənistan gələn il 8,8 milyard dollar həcmində büdcəsinin təxminən 35 faizi həddində borcları üzərinə götürür, ağır borclanma ilə “silahlanmaya” üstünlük verir. Belə məntiqsiz büdcə siyasəti isə təbii olaraq real maliyyə risklərini artıracaq. İrəvan hökuməti gücü və maliyyəsi olmadığı halda silahlanma ambisiyası ilə ölkənin iqtisadi təhlükəsizliyi risk altına salmaqdadır.
Göründüyü kimi Paşinyan hökuməti 2025-ci ilin büdcə zərfinin gəlir və xərclərini real iqtisadi artım mənbələri, fiskal yığım sütunları üzərində deyil, yenə də ağır yükə çevrilən büdcə kəsiri və xarici borclar üzərində qurub. Bu isə büdcə siyasətində tarazlığın pozulmasına və ağır maliyyə defoltuna gətirib çıxaracaq.
Bu fikri erməni ekspertlər də etiraf edirlər. “ACSES” analitik mərkəzinin rəhbəri Haykaz Fanyan bildirib ki, gələn ilin büdcəsi hədsiz dərəcədə ambisiyalıdır. Onun fikrincə hökumət əlavə 304 milyard dram vergi daxilolmaları yaratmaq üçün “vergi kəmərlərini” daha da sıxmağa əl atacaq, yəni vergi inzibatçılığını sərtləşdirməklə buna nail olacağına inanır, ancaq bu planları real hesab etmək çətindir.
İqtisadçının fikrincə, büdcə hökumətin “vədidir”, ancaq bunu yerinə yetirmək qeyri-müəyyənlikləri artırır.
İqtisadçı Aqasi Tavadyan hesab edir ki, Ermənistan hökumətinin 2025-ci il üçün 5,6% iqtisadi artım proqnozu reallıqdan uzaqdır. Tavadyan qeyd edib ki, son illərdə Ermənistanın iqtisadi artımı zəifləyir. Ekspert hesab edir ki, 2022-ci və 2023-cü illərdə iqtisadi artım əsasən, xarici amillər (Rusiyaya ixrac, İran və region ölkələri ilə ticarət və s.) əsasında təmin edilib, artıq xarici amillər də tükənir. Ona görə də hökumətin qarşısına qoyduğu hədəf və məqsədə çatma ehtimalı azdır.
Tavadyan bildirib ki, 2022-ci ildə 12,6 % iqtisadi artım əsasən sanksiyalar səbəbindən Rusiyadan kapital axını, rusiyalı İT mütəxəssislərinin Ermənistana müvəqqəti köçürülməsi və ölkənin ixrac göstəricilərinin 3 dəfə artması ilə bağlıdır. Həmçinin bu meyllər üzərində inkişaf edən bank sistemi 2023-cü ildən etibarən durğunlaşır.
İqtisadçı 2023-cü ildə kapital daxilolmalarında azalma, kapital axınında isə artım olduğunu vurğulayıb. 2023-cü ilin noyabrından 2024-cü ilin əvvəlinə qədər iqtisadi artım ilk növbədə qızılın təkrar ixracı (Rusiyadan Ermənistan vasitəsilə BƏƏ və Honq Konqa-red.) hesabına təmin edilib və ixracın və iqtisadiyyatın ümumi azalması fonunda Ermənistanın ixrac dərəcəsini 71%-ə çatdırıb. istinad
“Alternativ” araşdırmalar mərkəzinin rəhbəri, Avrasiya Ekspert Klubunun üzvü Tatul Manaseryan Ermənistanın 2024-cü ilin birinci yarısında iqtisadiyyatı ilə bağlı vəziyyəti şərh edərkən bildirib ki, artımların arxasında əsasən Rusiya amili dayanır, bu ölkəyə sənaye və təkrar ixrac rəqəmləri böyüdür.
“Movchan’s Group of Investment Management” şirkətlər qrupunun təsisçisi Andrey Movçan isə bildirib ki, Ermənistanın iqtisadiyyatı ilə bağlı qorxular böyükdür, çünki ölkə tamamilə resurs modeli üzərindədir və Rusiyaya sənaye ixracı hesabına dayaq tapıb. Ölkədə investisiya və maliyyə artımları yoxdur, getdikcə Rusiya faktorunun potensialı azalır, 2025-ci ildə daha çox hiss olunacaq və köpüyə bənzəyən ÜDM-in real mənbələri də tükənəcək.
Yeri gəlmişkən, beynəlxalq iqtisadi institutlar, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ermənistanla bağlı proqnozlarını aşağı salıb və ÜDM-in artımının gələn il 4,8%-ə düşəcəyini bəyan edib.
Beləliklə, ölkədəki çətin iqtisadi-sosial vəziyyət fonunda ya Paşinyan və komandası yeni hərbi avantüraya hazırlaşır, ya da ki, erməni cəmiyyətində güclü ordu görüntüsü yaratmaq imitasiyası ilə məşğul olur, ölkə ictimaiyyətində “hərbi quruculuq, silahlanma büdcəsi” kimi aldadıcı rəy, təsəvvür formalaşdırmağa çalışır.