Axtarış

Select theme:

Natiq Cəfərlinin turist sayını quru sərhədləri ilə əlaqələndirmək cəhdini araşdırdıq

REAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib ki, 2026-cı ilin birinci rübündə Azərbaycana gələn turistlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 5% azalaraq 484 min nəfər təşkil edib. O, eyni dövrdə Gürcüstana 998 min (təxminən 1 milyon) turist səfər etdiyini və bunun ötən ilin müvafiq dövrünə nisbətən 4% çox olduğunu bildirib. Ermənistana isə ilk rübdə 454 min turist gəlib ki, bu da keçən illə müqayisədə 18,2%-lik artım deməkdir. Ümumiyyətlə, 1991-ci ildən bəri Ermənistanda I rüb üzrə bu cür rekord göstərici qeydə alınmayıb.

Cəfərli bu rəqəmlərə əsaslanaraq iddia edir ki, quru sərhədlərinin bağlı qalması Azərbaycanın turizm sektoruna və ümumi iqtisadi durumuna ciddi mənfi təsir göstərir, sərhədlərin açılması isə investisiya imicini müsbətə doğru dəyişə bilər. Mənbə: BakuPost

Faktyoxla bu iddialara aydınlıq gətirib.

Region ölkələrində real vəziyyət: Gürcüstan və Ermənistan nümunəsi

Gürcüstan Milli Turizm Administrasiyasının rəsmi məlumatları göstərir ki, ümumi statistikada artım olsa da, ölkəyə bir sıra strateji istiqamətlərdən gələn turistlərin sayında kəskin azalmalar var. Məsələn, İsraildən gələnlərin sayı 17,5%, BƏƏ-dən 19,8%, Küveytdən 18,7%, Qətərdən 7,4%, İrandan 49%, Hindistandan isə 29,5% aşağı düşüb. Mənbə: Marneuli FM

Əsas səbəb: Bu azalmaların arxasında quru sərhədlərinin bağlı ya açıq olması deyil, İran və Yaxın Şərqdəki gərgin geosiyasi vəziyyət dayanır. Yəni turizm dinamikası birbaşa quru sərhədlərinin statusundan asılı deyil.

Ermənistandakı "rekord" göstəriciyə gəldikdə isə, bura gələn 453 min turistin (ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% artım) böyük əksəriyyəti, yəni 39,4%-i (178 321 nəfər) Rusiya vətəndaşlarıdır. Mənbə: Sputnik Armenia

Ermənistan Baş naziri Nikol Paşinyanın da etiraf etdiyi kimi, rusiyalı turistlərin kütləvi axını daha çox siyasi və təşviqat xarakterli amillərlə, həmçinin Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalar fonunda birbaşa uçuş imkanlarının məhdudluğu ilə bağlıdır. Mənbə: Mir24

"OneTwoTrip" və Rusiya Səyahət Sənayesi Birliyinin məlumatlarına görə, yaz mövsümündə rusiyalıların Ermənistana tur sifarişləri 45% artıb ki, buna da Yaxın Şərqdəki böhran fonunda təhlükəsiz alternativ axtarışı səbəb olub. Mənbə: Arka.am 

Azərbaycanda turizm axınının strukturu və nəqliyyat amili

Statistika göstərir ki, quru sərhədlərinin açıq olduğu 2019-cu ilin ilk rübündə Azərbaycana 610 min turist gəlmişdisə, (Dövlət Statistika Komitəsi - 2019) 2024-cü ilin eyni dövründə quru sərhədləri bağlı olduğu halda bu rəqəm 513,5 min nəfər təşkil edib. (Dövlət Statistika Komitəsi - 2024)

2026-cı ilin ilk rübündə isə Azərbaycana 172 ölkədən 484,4 min əcnəbi gəlib (4,7% azalma). Bu azalma quru sərhədləri ilə deyil, Hörmüz boğazındakı gərginlikdən sonra avia-uçuş xərclərinin artması və Yaxın Şərq böhranı səbəbindən Körfəz ölkələrindən gələnlərin sayının 16,7% azalması ilə bağlıdır. Mənbə: Dövlət Statistika Komitəsi - 2026

Bunun əksinə olaraq, Avropa İttifaqı ölkələrindən Azərbaycana gələnlərin sayı 27,4%, MDB ölkələrindən gələnlərin sayı isə 3,8% artıb. Ölkəmizə gələn turistlərin nəqliyyat növləri üzrə bölgüsü də diqqət çəkir:

  • Hava nəqliyyatı: 68,6%
  • Dəmir yolu və avtomobil (quru sərhədi): 29,8% (Naxçıvan vasitəsilə İran və Türkiyə ilə gediş-gəliş daxil olmaqla)
  • Dəniz nəqliyyatı: 1,6%

Bu rəqəmlər göstərir ki, faktiki olaraq hər 3 turistdən biri ölkəyə quru yolları ilə daxil olur və quru sərhədlərinin tamamilə effektiv olmadığı iddiası əsassızdır.

Coğrafi və mədəni faktorlar

Turizm brendinin seçilməsində din, mentalitet, regional infrastruktur və təklif olunan xidmət növləri (məsələn: kazino, şərab turizmi, ekoturizm və xristian abidələrinin ziyarəti) böyük rol oynayır. Gürcüstan və Ermənistan bu istiqamətdə fərqli xidmət çeşidləri ilə seçilsələr də, Azərbaycan daha geniş və rəsmi sertifikatlaşdırılmış hotel şəbəkəsinə malikdir. Dövlət Turizm Agentliyinin məlumatına görə, hazırda ölkədə 275 hotel rəsmi ulduz sertifikatına malikdir. Mənbələr: Hotelstars 

Həmçinin, Azərbaycanda viza rejiminin sadəliyi ("ASAN Viza" sistemi, Aİ və Çin vətəndaşları üçün tətbiq edilən güzəştlər) xaricilərin ölkəyə gəlişini əhəmiyyətli dərəcədə asanlaşdırır. Mənbə: XİN - ASAN Viza

İqtisadi durum və investisiya cəlbediciliyi

Cəfərlinin quru sərhədlərinin iqtisadiyyata və investisiya mühitinə mənfi təsir göstərməsi barədə fikirləri də rəsmi iqtisadi göstəricilərlə ziddiyyət təşkil edir:

1. Turizm ÜDM-i: Post-pandemiya dövründə (2021-2025-ci illər) turizm və ictimai iaşə sahəsində ÜDM istehsalı hər il orta hesabla 24,5% artaraq 3,6 milyard manata çatıb. 2025-ci ildə sahə üzrə yaradılan əlavə dəyər 6,9 milyard manat olub və turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,3%-ə yüksəlib. Mənbə: Azərtac

2. Beynəlxalq reytinqlər: Dünya Səyahət İndeksində ("World Travel Index-2025") Azərbaycan təhlükəsizliyə görə dünyada 41-ci yerdə qərarlaşıb. Mənbə: WTM ReportQafqazinfo

3. Kredit reytinqləri: Dünyanın aparıcı agentlikləri Azərbaycanın investisiya mühitini yüksək qiymətləndirir:

  • Fitch Ratings: Ölkənin reytinqini "BBB-" (stabil) səviyyəsində təsdiqləyib. Mənbə: Fitch

         

  • Moody’s: Suveren kredit reytinqini "Baa3" pilləsinə qaldırıb. Mənbə: Moody's

       

  • S&P Global: Reytinq əmsalını "BB+/B" səviyyəsində saxlamaqla yanaşı, proqnozunu "sabit"dən "müsbət"ə dəyişib. Mənbə: S&P

       

Nəticə

İqtisadi və statistik təhlillər göstərir ki, REAL sədrinin yanaşması qeyri-obyektivdir və real mənzərəni əks etdirmir. Belə ki, müəllif regiondakı geosiyasi fərqlilikləri və turist axınının strukturunu nəzərə almadan bütün prosesi yalnız quru sərhədləri amili ilə əlaqələndirməyə çalışır.

Göründüyü kimi, turizmin və iqtisadiyyatın inkişafı yalnız sərhədlərin fiziki statusu ilə deyil, ölkədəki təhlükəsizlik, infrastruktur, beynəlxalq reytinqlər və geosiyasi proseslərlə tənzimlənir. Quru sərhədlərinin bağlı olmasının ölkənin investisiya cəlbediciliyini və turizm potensialını kəskin zəiflətməsi iddiası rəsmi statistik faktlar qarşısında əsassız görünür.

Qeyd: Mətndə istifadə olunan Dünya İqtisadi Forumunun Səyahət və Turizm İnkişaf İndeksi metodologiyasına bu linkdən baxa bilərsiniz.

Oxşar məqalələr: