“Azadlıq qəzeti” feysbuk səhifəsi Azərbaycan əmək bazarındakı dinamikanı növbəti dəfə təhrif edərək, muzdlu işçi sayının dəyişməsini "dərinləşən böhran" kimi qələmə verib. İddia olunur ki, 2026-cı il mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışanların sayı 1 milyon 792,3 min nəfər təşkil edib və dövlət sektorunda bir ayda 6,7 min nəfər (apreldəki 869,5 mindən 862,8 minə) işini itirib.
Faktyoxla bu iddiaları araşdırıb.
Qlobal əmək bazarının transformasiyası və rəqəmsallaşma
Əmək bazarında ştat sayının optimallaşdırılması böhran deyil, qlobal texnoloji transformasiyanın nəticəsidir. Süni intellekt və rəqəmsallaşma bütün dünyada məşğulluq strukturunu dəyişir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) proqnozlarına görə, iqtisadi yenidənqurma və texnoloji sıçrayışlar səbəbindən 2026-cı ilə qədər dünyada 186 milyon insan işsizlik riski ilə üz-üzədir. Hazırda ABŞ-nin "Meta", "Google", "Salesforce" və "Intuit" kimi texnoloji nəhəngləri kütləvi ixtisarlar aparır. Mənbə: ILO
Analoji proseslər Avropada da müşahidə olunur:

- Almaniya: 2026-cı ilin I rübündə daxili tələbatın azalması və avtomobil sənayesindəki texnoloji yeniliklər səbəbindən 130 minə yaxın iş yeri ixtisar edilib. CTV.by
- Böyük Britaniya: 2026-cı ilin yanvar-mart aylarında işsizlik səviyyəsi artaraq 5%-ə çatıb, iş yerlərinin sayı isə 28 min azalıb. Oxu.az
- Aİ və Asiya: Qlobal rəqabət fonunda regionun əmək bazarında 1 milyondan çox iş yerinin itirilə biləcəyi proqnozlaşdırılır. Gulf Business
Azərbaycandakı proseslər də bu qlobal tendensiyanın bir hissəsidir. Maliyyə, sığorta, enerji və xidmət sektorlarında rəqəmsallaşma ənənəvi işçi qüvvəsinə tələbi təbii olaraq tənzimləyir.
Dövlət sektorunda struktur islahatları və optimallaşdırma
Azərbaycanın dövlət sektorunda çalışanların sayının azalması böhranla deyil, düşünülmüş struktur islahatları və "Elektron hökumət" infrastrukturunun genişləndirilməsi ilə bağlıdır. Proseslərin avtomatlaşdırılması, təkrarçılığın aradan qaldırılması və idarəetmənin optimallaşdırılması (qurumların birləşdirilməsi) bəzi inzibati ştatların ixtisarını qaçılmaz edir. Bu, dövlət büdcəsinin səmərəliliyini və çevikliyi artıran müsbət islahat göstəricisidir.
Kadrların özəl sektora axını və yüksək əməkhaqqı amili
Digər mühüm amil peşəkar mütəxəssislərin dövlət sektorundan daha rəqabətli və yüksək əməkhaqqı təklif edən özəl sektora (İT, rəqəmsal xidmətlər, maliyyə və sığorta) keçməsidir. Dövlət Statistika Komitəsinin məlumatları da göstərir ki, ən yüksək orta aylıq əməkhaqqı məhz mədənçıxarma sənayesi, informasiya-rabitə və maliyyə sahələrinin özəl bölmələrində cəmləşib. Mənbə: DSK
Özəl sektorda və ümumi məşğulluqda real artım
Əmək bazarının ümumi vəziyyəti təkcə dövlət sektoru ilə ölçülmür. Azərbaycanda dövlət sektorunda cüzi azalma olsa da, qeyri-dövlət sektorunda davamlı artım var:
- Aprel, 2026: Özəl sektorda muzdlu işçi sayı 928,1 min nəfər. Mənbə: DSK
- May, 2026: Özəl sektorda muzdlu işçi sayı 929,5 min nəfər. Mənbə: DSK
Bu, cəmi bir ayda özəl sektorda 1 400 nəfərlik artım deməkdir.
Digər tərəfdən, Dövlət Vergi Xidmətinin əmək bazarının "ağardılması" və şəffaflaşdırılması tədbirləri nəticəsində 2026-cı il iyunun 1-nə ölkədə qeydiyyata alınan əmək müqavilələrinin sayı 1 893 084-ə çatıb. Bunun 1 046 601-i (55,3%) qeyri-neft sektorunun özəl bölməsinin payına düşür. Mənbə: DVX
Rüblük dinamika
Rəsmi statistikaya görə, 2026-cı ilin I rübündə ölkədə 23,5 min yeni iş yeri açılıb ki, bunun da 92,2%-i özəl sektorun payına düşür. Yeni iş yerlərinin regional bölgüsü:
- Bakı şəhəri: 75,8%
- Abşeron-Xızı: 7,6%
- Gəncə-Daşkəsən: 2,7%
- Digər regionlar (Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla): 13,9%
Bu iş yerlərinin %80,8-i mövcud müəssisələrin genişlənməsi, 18,8%-i isə yeni yaradılmış təşkilatlar hesabına formalaşıb. Banker.az

Nəticə
Rəqəmlər göstərir ki, 2026-cı ilin əvvəlindən etibarən Azərbaycanda iş yerlərinin davamlı artımı qeydə alınır. Dövlət sektorundakı 6,7 minlik azalmaya qarşı, təkcə rüblük dinamikada 23 mindən çox yeni iş yeri yaradılıb. Dövlət sektorunda optimallaşmanı “böhran” kimi yozmaq real iqtisadi tendensiyalardan tamamilə xəbərsiz olmaq və ya faktları qəsdən təhrif etmək, saxtakalıqdır.