Axtarış

Select theme:

DGSE – Uğursuz əməliyyatları ilə ad çıxarmış Fransa kəşfiyyatı

Fransanın Silahlı Qüvvələr Nazirliyinin tabeliyində fəaliyyət göstərən və ölkənin əsas kəşfiyyat qurumlarından olan Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) rəsmi olaraq 1982-ci ildə SDECE-nin yenidən qurulması ilə yaradılıb. Təşkilatın institusional kökləri isə İkinci Dünya müharibəsi dövrünə – Şarl de Qollun tapşırığı ilə yaradılan BCRA (Mərkəzi Kəşfiyyat və Fəaliyyət Bürosu) kəşfiyyat şəbəkəsinə qədər uzanır. Təxminən 7000 əməkdaşı və 880 milyon avroya yaxın illik büdcəsi ilə Avropanın ən güclü xüsusi xidmət orqanlarından biri hesab olunan bu qurum, həm də geosiyasi və operativ əməliyyat uğursuzluqları ilə də məşhurdur.

Xüsusən də, son illərdə durmadan, sistematik iflaslarla müşayiət edilən kəşfiyyat fəaliyyətləri rəsmi Parisin qlobal geosiyasi təsir rıçaqlarının hansı böhran içində olduğunu bir daha nümayiş etdirir.

Azərbaycanda qeyri-leqal rezidenturanın ifşası

DGSE-nin Cənubi Qafqaz regionunu "dayaq məntəqəsi" hesab etdiyi bir dövrdə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti fransız kəşfiyyatına tarixinin ən böyük rüsvayçılıqlarından birini yaşatdı. 2023-cü ilin sonu – 2024-cü ilin əvvəllərində Azərbaycanın xüsusi xidmət orqanları genişmiqyaslı əks-kəşfiyyat əməliyyatı keçirərək, DGSE-nin qeyri-leqal rezidenti kimi fəaliyyət göstərən Martin Rayan adlı Fransa vətəndaşı və onunla əlaqəli geniş şəbəkəni ifşa etdi.

Müəyyən olundu ki, Rayanın Azərbaycanın dövlət maraqlarına qarşı yönəlmiş casusluq fəaliyyəti birbaşa Fransanın Azərbaycandakı Səfirliyinin diplomatik örtük altında gizlənən əməkdaşları tərəfindən koordinasiya olunub. Azərbaycan XİN isə öz növbəsində Fransa Səfirliyinin iki əməkdaşını "persona non grata" (arzuolunmaz şəxs) elan etdi və onlar ölkədən az müddətdə çıxarıldılar. Martin Rayan barəsində məhkəmə prosesi isə 10 il azadlıqdan məhrumetmə cəzası ilə yekunlaşdı.

Bu rüsvayçı ifşadan sonra Prezident Emmanuel Makron 2024-cü ilin yanvarında DGSE-nin o vaxtkı direktoru Bernar Emyeni (Bernard Émié) rəsmən postundan kənarlaşdırdı və onun yerinə daxili kəşfiyyatın (DGSI) rəhbəri Nikolas Lerner təyin olundu.

Azərbaycanın təhlükəsizlik orqanından aldığı zərbədən özünə gəlməmiş və müvafiq dərs çıxarmayan DGSE-nin növbəti iflası Gürcüstanda baş verdi.

Gürcüstan ssenarisi və casusların təcili təxliyəsi

2026-cı il mayın 5-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (GDTX) ölkənin Maliyyə Nazirliyinin yüksək rütbəli məmuru, keçmiş jurnalist və Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvilinin vaxtilə mətbuat xidmətinin rəhbəri olmuş Georgi Udzilaurini "Avropa dövlətinin xeyrinə" casusluqda ittiham edərək saxladı. Aylarla davam edən fiziki və elektron müşahidə nəticəsində Udzilaurinin şifrəli rabitə kanalları sındırıldı və onun fransız kəşfiyyatı ilə gizli görüşləri sənədləşdirildi. civil.ge

Fransa kəşfiyyatına yaxınlığı ilə tanınan nüfuzlu “Intelligence Online” portalı iyunun 3-də yaydığı məlumatda rəsmən təsdiqlədi ki, söhbət məhz DGSE-nin əməliyyatından gedir. Udzilaurinin həbsindən cəmi dörd gün sonra Gürcüstan Hökuməti Paris qarşısında ultimatum qoyaraq, agentlərin kimliyini açıqlayacağı hədəsi ilə fransız kəşfiyyatçılarının ölkədən çıxarılmasını tələb etdi. Diplomatik qalmaqaldan qorxan DGSE Tbilisidəki səfirlikdə çalışan iki əməkdaşını təcili geri çağırmağa məcbur oldu.

Xronoloji iflas: DGSE-nin rüsvayçı uğursuzluqları

Fransız kəşfiyyatının xaricdə keçirdiyi əməliyyatlardakı boşluqlar yeni deyil. Tarixi xronologiya fəlakətli operativ səhvlərin sistematik xarakter daşıdığını göstərir.

DGSE və onun sələfi olan SDECE-nin tarixinə damğa vuran ən səs-küylü uğursuzluqları xronoloji ardıcıllıqla təqdim edirik:

1. Fransa sirlərini 20 il oğurlayan çinli opera müğənnisi

1960-cı illərdə Fransanın Pekində səfirliyində işləyən gənc fransız diplomat (və kəşfiyyatla əlaqədar vəzifələrdə olmuş) Bernar Boursicot Çinli opera müğənnisi Shi Pei Pu ilə tanış olur. Əslində kişi cinsinə mənsub olan Shi Pei Pu özünü qadın kimi təqdim edir, ailə təzyiqi səbəbindən kişi kimi yaşamaq məcburiyyətində olduğunu deyir və təxminən 20 il bu yalanla yaşayırlar. Qaranlıqda keçən gizli (şəxsi) görüşlər isə Boursicota “çin adət-ənənəsi” kimi təqdim edilirdi.

Shi Pei Pu — Pekin operasının məşhur ifaçısı (qadın rollarını oynayırdı), eyni zamanda Çin kəşfiyyatı ilə əlaqəli şəxs olub. Əlaqə zamanı Shi, Boursicotdan Fransanın məxfi sənədlərini əldə edirmiş (Boursicot “arvadını və oğlunu” qorumaq üçün verdiyini düşünürdü). Hətta “oğulları” Shi Dudu (Bertrand) adında bir uşaq da “olur” (əslində övladlığa götürülmüşdü). 1983-cü ildə Parisdə hər ikisi həbs olunur, 1986-cı ildə casusluq ittihamı ilə məhkum edilirlər (6 il həbs). Məhkəmədə Shi Pei Punun kişi olduğu aşkarlanır.

2. Beynəlxalq qınaq: "Rainbow Warrior" gəmisinin batırılması (1985)

"Greenpeace" ekologiya təşkilatına məxsus "Rainbow Warrior" gəmisi Fransanın Sakit okeandakı nüvə sınaqlarına etiraz etmək üçün Yeni Zelandiyanın Oklend limanına lövbər salmışdı. DGSE rəhbərliyi "İblis əməliyyatı" (Opération Satanique) adlı gizli plan hazırlayır. Fransız agentləri sualtı diversiya yolu ilə gəmiyə iki bomba yerləşdirərək onu partladıb batırırlar. Hadisə zamanı portuqaliyalı fotoqraf Fernando Pereyra həlak olur.

Əməliyyatın uğursuzluğunun səbəbi kimi DGSE agentlərinin qeyri-peşəkarlığı və kəşfiyyatçıya yaraşmayan ciddi səhvlər buraxmaları göstərilir. Yeni Zelandiya polisi saxta İsveçrə pasportu ilə hadisə yerindən qaçmaq istəyən iki fransız agenti (Dominik Prieur və Alen Mafart) dərhal yaxalayır.

3. Fransanın Kolumbiyada girov xilasetmə əməliyyatının uğursuzluğu (2003)

"BBC News"-un 25 iyul 2003-cü il tarixli məqaləsində, DGSE-nin Kolumbiyada uğursuz girov xilasetmə əməliyyatı və bunun doğurduğu beynəlxalq diplomatik qalmaqal təhlil edilir. Hadisənin mərkəzində 2002-ci ilin fevralında solçu gerilla qruplaşması FARC tərəfindən girov götürülən Fransa-Kolumbiya vətəndaşı, prezidentliyə namizəd Ingrid Betancourt dayanır.

2003-cü ilin iyulunda FARC-dan gələn gizli mesaj əsasında Fransa hökuməti rəsmi olaraq "tibbi komanda" adı altında Braziliyanın Manaus şəhərinə hərbi təyyarə (Hercules C-130) göndərib. Lakin sonradan məlum olub ki, təyyarədəki 11 nəfərlik heyət əslində mürəkkəb rabitə avadanlıqları ilə təchiz olunmuş DGSE agentləri və Xarici İşlər naziri Dominique de Villepinin xüsusi köməkçisindən ibarət olub.

Fransa bu gizli əməliyyat barədə nə Braziliya, nə də Kolumbiya hökumətlərini məlumatlandırmadığı üçün ciddi rəsmi etirazla qarşılaşıb. Braziliya rəsmləri təyyarəni yoxlamaq istəyərkən fransızlar diplomatik toxunulmazlıq iddia ediblər.

Nəticədə ölkədən qovulublar və Betancourt azad edilməyib. Fransa hökuməti missiyanın yalnız humanitar xarakter daşıdığını desə də, kəşfiyyatın bu özbaşınalığı Parisdə böyük daxili mübahisələrə yol açıb. Siyasi girovları yalnız öz məhbusları ilə dəyişməyə razı olan FARC-ın əlindəki Betancourt, yalnız 2008-ci ildə Kolumbiya ordusunun keçirdiyi xüsusi əməliyyat ("Jaque" əməliyyatı) sayəsində azadlığa qovuşub. Bu hadisə Fransa kəşfiyyatının Latın Amerikasındakı riskli gizli əməliyyatlarının uğursuzluqla nəticələnən növbəti nümunəsi kimi tarixə düşüb.

İzlər isə birbaşa Parisi göstərirdi. Fransa Hökuməti əvvəlcə faktı inkar etsə də, medianın təzyiqi qarşısında ifşanı etiraf etməli olur. Bundan sonra müdafiə naziri Şarl Ernü və DGSE direktoru Pyer Lakost istefa verirlər. Fransa Yeni Zelandiyaya milyonlarla dollar təzminat ödəməli oldu. 

4. DGSE Prezident Şiraka yanlış hesabat verib

Fransanın regional L'Est Républicain qəzeti 23 sentyabr 2006-cı ildə ölkənin xarici kəşfiyyat xidmətinə (DGSE) məxsus gizli hesabatı sızdıraraq böyük səs-küyə səbəb olub. Səudiyyə Ərəbistanı kəşfiyyatına istinad edilən həmin sənəddə terror təşkilatının lideri Osama bin Ladenin 23 avqust 2006-cı ildə Pakistanda tif xəstəliyindən vəfat etdiyi iddia olunurdu. Qəzet bu məlumatın birbaşa Fransa Prezidenti Jak Şiraka göndərilən rəsmi hesabatın surəti olduğunu qeyd etmişdi.

Məqalənin dərcindən dərhal sonra Fransa Xarici İşlər Naziri Philippe Douste-Blazy xəbəri təsdiqləmədiyini bildirib, Səudiyyə Ərəbistanı və ABŞ kəşfiyyatı rəsmiləri (o cümlədən ekspert Michael Scheuer) isə iddiaları qəti şəkildə rədd ediblər. Fransa Müdafiə Nazirliyi bu məxfi sənədin mediaya sızdırılması ilə bağlı dərhal rəsmi araşdırma başladıb. aljazeera

Zaman keçdikcə DGSE-nin hazırladığı bu hesabatın tamamilə yanlış olduğu sübuta yetib, çünki Osama bin Laden 2 may 2011-ci ildə Pakistanda ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilib. Bu hadisə DGSE kimi böyük bir qurumun yoxlanılmamış yalnız bir mənbəyə əsaslanaraq dövlət rəhbərliyinə yanlış məlumat verməsini və kəşfiyyat sistemindəki ciddi boşluqları nümayiş etdirən növbəti uğursuzluq nümunəsi kimi tarixə düşüb.

5. DGSE-nin daha bir uğursuzluğu bu dəfə otel otağına sızmaq istədilər

2010-cu ilin noyabrında Fransa xarici kəşfiyyatının (DGSE) daxili strukturunda ciddi böhrana səbəb olan növbəti uğursuz əməliyyat qalmaqalı yaşanıb. Qurumun yalnız Fransa ərazisində gizli axtarışlar, izləmələr və diplomatik çantaların açılması ilə məşğul olan "Service Operations" (SO) bölməsinin üç əməkdaşı Tuluz şəhərindəki “Crowne Plaza” otelində gizli əməliyyat keçirməyə cəhd ediblər. Onların məqsədi “China Eastern Airlines” aviaşirkətinin rəhbəri Shaoyong Liunun otel otağına sızaraq gizli axtarış aparmaq olub. Lakin bu həssas əməliyyat tam iflasa uğrayıb və Çin kimi böyük bir dövlətin yüksək vəzifəli şəxsinə qarşı atılan bu uğursuz addım ciddi diplomatik böhran riski yaradıb.

Uğursuzluqdan dərhal sonra DGSE daxilində genişmiqyaslı təhqiqat və struktur dəyişiklikləri başladılıb, "SO" bölməsinin bütün fəaliyyəti dayandırılıb və onun gələcək taleyi sual altına düşüb. Qanunilik və siyasi risklər baxımından tez-tez tənqid olunan bu cür "qara" (gizli və riskli) kəşfiyyat bölmələrinin iş prinsipləri Parisdə yenidən geniş müzakirə mövzusuna çevrilib.

6. Somali fəlakəti: "Denis Allex"in uğursuz xilasetmə əməliyyatı (2013)

"Denis Allex" kod adlı DGSE agenti 2009-cu ildə Somalidə "Əş-Şəbab" terror qruplaşması tərəfindən girov götürülmüşdü. 2013-cü ilin yanvarında DGSE-nin xüsusi təyinatlı qüvvələri (Action Division) onu xilas etmək üçün Somalinin Bulo Marer qəsəbəsinə helikopterlərlə irimiqyaslı hücum əməliyyatı reallaşdırmağa cəhd edir. Terrorçular fransız komandolarını pusquya salır, qarşılıqlı atışma zamanı həm girov saxlanılan agent "Denis Allex"i, həm də DGSE-nin 2 elit xüsusi təyinatlısı öldürülür.

Terrorçular öldürülən fransız əsgərlərinin cəsədlərini internetdə nümayiş etdirdilər. Bu, DGSE-nin hərbi-əməliyyat fəaliyyətinin ən böyük uğursuzluqlarından biri sayılır. Əməliyyatın uğursuzluq səbəbi kimi kəşfiyyat məlumatlarının tamamilə yanlış olması göstərilir.

7. DGSE-nin fərsizliyi üzündən Fransa terror qarşısında aciz qaldı (2015)

"Times of Israel" qəzetinin 17 noyabr 2015-ci il tarixli məqaləsində, İŞİD-in Parisdə törətdiyi və 130 nəfərin ölümü ilə nəticələnən terror hücumları fonunda kəşfiyyatın uğursuzluqları kəskin tənqid olunur. Yazıda böyük resurslara malik Fransa xüsusi xidmət orqanlarının bu dəhşətli hadisənin qarşısını ala bilmədiyi təəssüf hissi ilə qeyd edilir.

Məqalədə bir DGSE ekspertinin kəşfiyyatın acizliyini ifadə edən bu sözlərinə yer verilib: "Ya heç nə görməmişik, ya görmüşük amma anlamamışıq, ya da görüb dayandıra bilməmişik."

Hücumlardan dərhal sonra yazılmış bu məqalənin ardınca Fransada rəsmi parlament araşdırması keçirilib. Bu araşdırma nəticəsində kəşfiyyat sistemində məlumat mübadiləsi, koordinasiya və resursların idarə olunması ilə bağlı sistemli problemlər rəsmən təsdiqlənib.

8. DGSE-nin biznesdə də iflası və şantajı (2016-2023)

Fransanın "Le Monde" qəzetinin araşdırması ölkənin xarici kəşfiyyat xidmətinin gizli fondu ilə bağlı böyük qalmaqalı üzə çıxarıb. Birinci Dünya Müharibəsindən sonra yaradılan və 23 milyon avroya çatan bu büdcədənkənar fond 1990-cı illərdə lüks sektoru təmsil edən "EK Finance" şirkətinə yatırılsa da, iflasla nəticələnib. İtirilmiş vəsaiti xilas etmək üçün DGSE rəsmiləri 2000-ci illərin əvvəllərində fransız-isveçrəli biznesmen Alain Duménil ilə müqavilə bağlayıblar. Lakin Duménil şirkətin aktivlərini gizlicə boşaldaraq kəşfiyyatı 13-15 milyon avro ziyana salıb.

Bunun qarşılığını almaq üçün 2016-cı ildə DGSE rəhbəri Bernar Bajoletnin dövründə Duménil hava limanında saxlanılıb və agentlər tərəfindən hədə-qorxu ilə şantaj edilib. Biznesmenin şikayəti əsasında açılan məhkəmə işində Bernard Bajolet 2022-ci ildə şantaja şərik olmaqda ittiham edilib, növbəti rəhbər Bernar Emye isə şahid qismində dindirilib. Məhkəmə prosesləri 2025–2026-cı illərdə də davam edib və DGSE hələ də pulların bir hissəsini geri almağa ümid edir.

Bu hadisə dövlət sirlərinin məhkəməyə daşınması və kəşfiyyatın qanundan kənar fəaliyyəti baxımından Fransa tarixində nadir qalmaqallardan birinə çevrilib.

9. Ukrayna müharibəsini proqnozlaşdıra bilmədi (2022)

2022-ci ilin əvvəlində ABŞ və Böyük Britaniya kəşfiyyatı Rusiyanın Ukraynaya hücum edəcəyini dəqiq tarixlərlə bəyan edərkən, Fransa kəşfiyyatı Makron administrasiyasına "Rusiyanın belə bir niyyəti yoxdur, bu sadəcə təzyiq taktikasıdır" hesabatını vermişdi. Mütəxəssislər müharibə başlayanda Fransa rəhbərliyinin strateji baxımdan tamamilə hazırlıqsız yaxalandığını bildirirlər. Bu böyük analitik səhvə görə Fransa Hərbi Kəşfiyyatının (DRM) rəhbəri general Erik Vidon dərhal vəzifəsindən uzaqlaşdırıldı və DGSE daxilində ciddi struktur islahatlarına başlanıldı.

10. Afrika şəbəkəsinin tamamilə çökməsi (2022–2023)

Mali, Burkina-Faso və Nigerdə baş verən hərbi çevrilişlər nəticəsində fransayönümlü hökumətlər devrildi. DGSE rəhbərliyi Afrikadakı proseslərə kifayət qədər diqqət yetirmədiyindən, xidmət regionda baş verən hadisələr haqqında yetərli məlumata malik deyildi və gözlənilən çevrilişlər barədə vaxtında xəbərdarlıq edə bilmədi. West support

Burkina-Fasoda 4 DGSE agenti ("texnik" adı altında) yerli hökumət tərəfindən casusluq ittihamı ilə həbs edildi. Fransız kəşfiyyat şəbəkələri panika içində Afrikanı təxliyə etmək məcburiyyətində qaldı. Bu ifşanın qurbanı kimi DGSE-nin direktor müavini general Olivye Bonne de Payeret 2023-cü ilin sentyabrında istefa verdi

11. Türkiyədə DGSE-yə işləyən şəbəkənin ifşası (2024)

2024-cü ilin fevralında Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) DGSE-yə işləyən şəbəkəni ifşa etdi. Suriyalı Əhməd Keytinin (Ahmet Keiti) rəhbərlik etdiyi 3 nəfərlik şəbəkə Türkiyənin miqrasiya siyasətini “işgəncə” iddiaları ilə ləkələmək məqsədi daşıyırmış. Məlumatlar isə Parisdəki QHT-lər vasitəsilə yayılıb.

Türkiyə mediası (Anadolu Agentliyi və digərləri) MİT-in əməliyyatını təsdiqlədi. Fransa və beynəlxalq mətbuatda da (Le Point, Intelligence Online) bu ifşa geniş işıqlandırıldı.

Mediada bildirildi ki, şəbəkə Türkiyədəki suriyalı qaçqınlar haqqında yalan məlumatlar toplayaraq Fransa kəşfiyyatına ötürüb. Məqsəd Türkiyəni beynəlxalq arenada diskreditasiya etmək idi. Həbslər 2024-cü ilin fevralında baş verdi və DGSE üçün növbəti uğursuzluğa çevrildi.

12. Burkina-Fasoda həbs olunan 4 fransız agentin taleyi

"Le Monde" qəzetinin 14 yanvar 2025-ci il tarixli araşdırmasında, DGSE-nin 4 İT və telekommunikasiya mütəxəssisinin Burkina-Fasoda həbsi və azad edilməsi ilə bağlı ciddi böhran təhlil edilir. 29 noyabr 2023-cü ildə qısamüddətli əməliyyat üçün Uaqaduquya gələn bu agentlər, kapitan Ibrahim Traorénin rəhbərlik etdiyi hərbi xunta tərəfindən "rejimi devirmək" və “casusluq” ittihamları ilə həbs olunurlar. Maraqlıdır ki, çevrilişdən sonra rəsmi münasibətlərin pisləşməsinə baxmayaraq, agentlər Burkina-Faso kəşfiyyatı (ANR) ilə DGSE arasındakı gizli əməkdaşlıq çərçivəsində ölkəyə gəlibmişlər.

Agentlər bir ilə yaxın (2024-cü ilin dekabrına qədər) həbsdə qaldıqdan sonra, Mərakeşin həlledici vasitəçiliyi sayəsində azad ediliblər. Mərakeş kəşfiyyatının xüsusi təyyarəsi ilə Kasablankaya, oradan isə Parisə aparılan əməkdaşlara görə Fransa Prezidenti Emmanuel Makron Mərakeş Kralı VI Məhəmmədə şəxsən təşəkkür edib. Kəşfiyyat sirri qorunduğu üçün agentlərin adları və əməliyyatın texniki detalları açıqlanmayıb. Bu hadisə Sahel regionunda (Mali və Niger daxil olmaqla) Fransanın təsirinin zəiflədiyini nümayiş etdirməklə yanaşı, gizli fond qalmaqalı və Paris terroru uğursuzluğundan sonra DGSE daxilindəki növbəti böyük böhrana çevrilib.

13. "Strava" tətbiqi və fitnes qalmaqalı (2026)

Qlobal səviyyədə fəaliyyət göstərən "Strava" fitnes tətbiqi istifadəçilərin qaçış və idman marşrutlarını göstərən vizual xəritəni yayımladıqdan sonra məlum oldu ki, Afrikada, xüsusən Niger, Mali və Burkina-Fasoda gizli əməliyyat aparan onlarla DGSE agenti bu idman proqramından istifadə edirmiş. Agentlərin qaçış marşrutları xəritədə Fransanın görünməyən, tamamilə gizli kəşfiyyat bazalarının, hərbi düşərgələrinin koordinatlarını və agentlərin şəxsiyyətlərini açıq-aşkar ifşa etdi.

Bu xronologiyada sonuncu hadisə 2026-cı ilin mart ayında baş verib. Belə ki, ABŞ/İsrail-İran münaqişəsinin kəskinləşməsindən sonra Fransa Prezidenti Makron "Şarl de Qoll" təyyarədaşıyan gəmi tapşırıq qrupuna 3 martda Baltik dənizindən Aralıq dənizinə keçməsi ilə bağlı əmr verib. Gəmi 9 martda Şərqi Aralıq dənizinə çatıb. 13 mart səhəri gənc zabitlərdən biri göyərtədə qaçaraq "Garmin Forerunner 955" ağıllı saatı ilə qeydə alınan 7 kilometrlik fəaliyyətini "Strava" tətbiqinə yükləyib. wired.it

“Le Monde” qəzeti zabitin ictimaiyyətə açıq profilindəki məlumatlardan istifadə edərək gəminin yerini müəyyən edib və 90 dəqiqə sonra çəkilmiş peyk görüntüləri ilə koordinatları təsdiqləyib. Təyyarə gəmisi və onu müşayiət edən gəmilər aydın görünüb. Gəminin Aralıq dənizindəki mövcudluğu ictimaiyyətə açıqlanmışdı, lakin onun dəqiq yeri məxfi qalmalı idi. Xüsusən də Kiprdəki Fransa hədəflərinə qarşı İranın təhdidləri ilə bağlı müzakirələr kontekstində bu, olduqca vacib idi. Fransa Silahlı Qüvvələri sözügedən tətbiqdən istifadənin "mövcud təlimatlara uyğun olmadığını" bildirib və qeyd edilən zabitə qarşı cinayət işinin başladıldığını açıqlayıb.

Bu, kəşfiyyat tarixinə ən "absurd və rəqəmsal" uğursuzluqlardan biri kimi düşdü.

DGSE-nin davamlı iflasının fundamental səbəbləri

Fransa xarici kəşfiyyatının (DGSE) yaşadığı irimiqyaslı böhran təsadüfi operativ səhvlərdən deyil, dərin institusional və sistemli problemlərdən qaynaqlanır. Təşkilatın son illərdə aldığı ağır zərbələrin kökündə aşağıdakı əsas amillər dayanır:

  • "Françafrique" modelinin sonu və analitik korluq: Fransa 60 il boyu Afrikada xalqdan qopuq, Parisdən idarə olunan marionet elitaları süni şəkildə ayaqda saxladı. Energy Intelligence təhlillərinə görə, xalqlarda yığılan narazılıq Mali, Burkina-Faso və Nigerdə hərbi çevrilişlərlə partlayanda DGSE bu dekolonial oyanışı görmək istəmədi. Çünki bunu görmək öz neomüstəmləkəçi sistemini sorğulamaq demək idi. Eyni analitik korluq 2022-ci ildə Ukrayna müharibəsi ərəfəsində də yaşandı. ABŞ və Böyük Britaniya dəqiq kəşfiyyat məlumatları təqdim edərkən, DGSE reallığı deyil, Parisin siyasi istəklərini əsas götürərək bunu "təzyiq taktikası" hesab etdi və Fransanı strateji baxımdan hazırlıqsız qoydu.
  • Diplomatik örtüyün köhnəlməsi və regional təkəbbür: Fransa kəşfiyyatı onilliklər boyu zəif inkişaf etmiş regionlarda "öz evindəymiş kimi" rahat və sərbəst hərəkət etməyə öyrəşmişdi. Parisin regional dövlətlərin müasir əks-kəşfiyyat imkanlarını düzgün qiymətləndirməməsi, onların peşəkarlıq səviyyəsini küçümsəməsi fransız agentlərini asan hədəfə çevirdi. Məsələn, 2024-cü ildə Türkiyədə (MİT tərəfindən) və Burkina-Fasoda yerli şəbəkələrin asanlıqla ifşası DGSE-nin sahə reallıqlarından nə qədər kənarda qaldığını göstərdi.
  • Regional əks-kəşfiyyatın texnoloji sıçrayışı: Region ölkələri (xüsusən də Azərbaycan və Gürcüstan) mürəkkəb geosiyasi şəraitdə təhlükəsizliyi təmin etmək üçün elektron müşahidə, qapalı rabitələrin deşifrə edilməsi və OSINT (açıq mənbə kəşfiyyatı) alətlərini maksimum gücləndiriblər. Fransızların istifadə etdiyi klassik metodlar qeyd edilən müasir texnoloji sipəri yara bilmədiyi üçün əməliyyatlar ard-arda iflasa uğrayır.
  • Rəqəmsal və kibertəhlükəsizlik intizamsızlığı: Müasir rəqəmsal əsrdə DGSE-nin kiber-gigiyena və daxili operativ intizam qaydaları kəskin şəkildə aşağı düşüb. 2018-ci ildə Afrikadakı gizli bazaların, son olaraq isə 2026-cı ilin martında Fransa donanmasının qüruru olan "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin strateji koordinatlarının sadəcə bir hərbi zabitin "Strava" fitnes tətbiqi və ağıllı saatı vasitəsilə sızdırılması kəşfiyyat tarixində misli görünməmiş rəqəmsal rüsvayçılıqdır. Bu laqeydlik dövlət sirlərini düşmən kəşfiyyatına belə ehtiyac qalmadan, hamı üçün açıq məkana buraxır.
  • Daxili sistem böhranı, intriqalar və effektsiz kadr siyasəti: DGSE daxilində tez-tez baş verən rəhbərlik dəyişiklikləri və daxili kəşfiyyatla (DGSI) rəqabət təşkilatdaxili koordinasiyanı tamamilə pozub. Üstəlik, hər uğursuzluqdan sonra (məsələn, general Erik Vidonun və ya general Olivye Bonnenin işdən çıxarılması nümunəsində) sistemin kökündə dayanan struktur problemlərini həll etmək əvəzinə, sadəcə rəhbər şəxsləri "günah keçisi" edərək vəzifədən uzaqlaşdırmaq institusional yaddaşı zəiflədir və kadrlar arasında qorxu mühiti yaradaraq operativ təşəbbüskarlığı öldürür.

Nəticə

DGSE və onun sələflərinin İkinci Dünya müharibəsindən bu günə qədər keçdiyi yol, eləcə də son illərdə Azərbaycan, Gürcüstan, Türkiyə və Sahel regionunda (Afrika) yaşanan kəskin iflaslar zənciri göstərir ki, kəşfiyyat böhranı sadəcə lokal operativ uğursuzluq deyil, rəsmi Parisin qlobal geosiyasi geriləməsinin birbaşa təzahürüdür.

Bu mənzərədən çıxan əsas yekun nəticələri aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Geosiyasi təsir mexanizmlərinin çökməsi: Kəşfiyyat bir dövlətin xarici siyasətinin "görən gözü" və "gizli qolu"dur. DGSE-nin analitik korluğu, Ukrayna böhranında olduğu kimi müttəfiqləri ilə bərabər addımlaya və Afrikadakı dekolonial dalğanı vaxtında oxuya bilməməsi Fransanın qlobal güc mərkəzi statusunu sürətlə itirdiyini sübut edir. Paris artıq nəinki supergüclərlə rəqabət apara bilmir, hətta regional aktyorların iradəsinə və çevik əks-kəşfiyyat sistemlərinə qarşı aciz qalır.
  • Müasir reallıqlara adaptasiya problemi: Çinli opera müğənnisi ilə yaşanan 20 illik absurd casusluq dramından, 2026-cı ilin martında "Strava" fitnes tətbiqi ilə təyyarədaşıyan gəminin yerinin ifşasına qədər uzanan xronologiya fərqli bir reallığı üzə çıxarır: DGSE daxili intizam, kibertəhlükəsizlik və rəqəmsal kiber-gigiyena baxımından müasir əsrin tələblərindən tamamilə geri qalmışdır. Klassik metodlara kor-koranə bağlılıq və texnoloji laqeydlik, Fransanın dövlət sirlərini düşmən kəşfiyyatına belə ehtiyac qalmadan "açıq mənbəyə" çevirir.
  • İnstitusional strukturun parçalanması: Uğursuzluqların ardınca verilən tələsik kadr qərarları, Bernard Emyenin postundan uzaqlaşdırılması və daxili kəşfiyyatla (DGSI) bitməyən rəqabət DGSE-ni sağaltmır, əksinə, idarəetmədə xaos yaradır. "Günah keçisi" axtarışı kəşfiyyatın institusional yaddaşını məhv edir və yeni operativ addımlar üçün təşəbbüskarlıq cəsarətini qırır.

Yekun olaraq, DGSE hazırda dərin institusional böhran yaşayır. Bir vaxtlar Avropanın ən qorxulu və nüfuzlu xüsusi xidmət orqanlarından sayılan DGSE, bu gün beynəlxalq arenada diplomatik rüsvayçılıqlar, şantaj məhkəmələri və absurd rəqəmsal sızıntılarla assosiasiya olunur. “SciencesOpen” və digər strateji mərkəzlərin qeyd etdiyi kimi, əgər Fransa özünün təkəbbürlü əməliyyat siyasətini dəyişməsə, regional reallıqları düzgün qiymətləndirməsə və kəşfiyyat aparatında köklü, sistemli islahatlar aparmasa, bu xronologiyanın yeni və daha rüsvayçı bəndlərlə zənginləşməsi qaçılmaz olacaqdır.

Oxşar məqalələr: