Axtarış

Select theme:

İnsan hüquqları gündəmi, siyasi kontekst və xarici təsir şəbəkələri: Azərbaycan yenə hədəfdə

Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin intensivləşdiyi bir dövrdə, ölkəmizə qarşı ənənəvi, anti-Azərbaycan dairələr tərəfindən “bəyanatlar” da paralel şəkildə artıb. Son aylarda (hətta günlərdə) “Human Rights Watch”, “Amnesty International”, “Freedom House”, Sərhədsiz Reportyorlar (RSF), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), “Human Rights House” və “Scholars at Risk” kimi ənənəvi anti-Azərbaycan təşkilatlar (və ya hibrid təhdid alətləri) Azərbaycandakı həbslər, jurnalistlərin məhkəmələri, istintaq altında olan şəxslər və siyasi fəalların vəziyyəti ilə bağlı kampaniya halını almış bəyanatlar yayıblar.

“Faktyoxla”-nın qənaətinə görə, bu kampaniyaların mühüm hissəsi müxtəlif cinayət işlərinə siyasi məzmun verərək ölkəmizin beynəlxalq imicini mənfi işıqlandırmaq və keçmiş Qarabağ münaqişəsinin nəticələri ilə barışmaq istəməyən dairələrin mövqeyini gücləndirməkdən ibarətdir.

Faktların araşdırılması zamanı yenə də Soros Fondları, Milli Demokratiya Fondu (NED) və erməni lobbi təşkilatları ilə əlaqəli təşkilat və şəxslərin “insan hüquqları” adı altında dövlətimizə qarşı qarayaxma fəaliyyəti göstərdikləri müəyyən edilib.

Səslənən tənqidlər isə üç mövzu ətrafında olub: bir sıra şəxslərin həbsdə saxlanma şəraiti və onlara guya tibbi yardımın göstərilməməsi; məhkəmə prosesləri; və dırnaqarası alimlərin məhkum olunmaları.

İttihamlara nəzər saldıqda isə, arqumentlərin nə qədər gülünc və bəsit olduğu ortaya çıxır. Misal üçün, Azərbaycan əleyhinə davamlı fəaliyyət göstərən Giorgi Gogia (Human Rights Watch) avqustun 5-i tarixli yazısında iddia edir ki (az qala bunu işgəncə kimi təqdim edir), Əli Kərimli iyunun 10-da “Fransa 24”-ə verdiyi müsahibəsindən sonra onun telefonla danışmaq hüququ icazə verilən 15 dəqiqədən 4 dəqiqəyə endirilib və məhkəmə onun kommunikasiya hüququnun bərpa edilməsi ilə bağlı vəkillərinin verdiyi vəsatətləri rədd edib. Halbuki “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19.7.-ci maddəsinə əsasən bu şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdirlər. Yəni Qanunda açıq-aydın yazılır ki, bu hüquq 0-15 dəqiqə arasında olan istənilən müddət ola bilər: bu, 1, 4 və ya 14 dəqiqə də ola bilər. Və yaxud hər zaman inanclı şəxslərin “müdafiəçisi” kimi təqdim olunan Əli Kərimli, gecə vaxtı kamera yoldaşının ibadət etməsindən (yazıda dini ifadələr kimi verilib – red.) narahat olur və buna görə yuxusuz qalır. Yeri gəlmişkən, sonuncu iddiaya Azərbaycanla bağlı zaman-zaman məkrli yazılar dərc edən “Kyiv Post”-da da rast gəlinir

Digər bir nümunə kimi isə, yenə də Giorgi Gogia tərəfindən “Human Rights Watch”-da avqustun 20-də qələmə alınan yazını göstərmək olar. Orada isə Aytac Əhmədova (Tapdıq) adlı jurnalistin 80 şüşə (qab) burun spreyi istifadə etdiyinə görə nəfəsalma problemi yaşadığını və lazımi tibbi yardım almadığı iddia edilir və müxtəlif konvensiyalar misal gətirərək bu vəziyyət işgəncə kimi təqdim edilir. Amma bu gün sıravi insanlar da bilirlər ki, nəfəs açan burun spreylərini beş gündən artıq istifadə etdikdə, asılılıq yaranır. “Araşdırmaçı jurnalist” xanımın bunu bilməməsi və yaxud doğrudan da bunun işgəncə kimi qələmə verilməsi bir az təəccüblü və gülməlidir.          

Oxşar iddialar Amnesty International”, ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası və həmsədrləri (James McGovern və Christopher Smith), NED-in prezidenti Demon Vilson tərəfindən də təkrarlanıb.

Misal üçün, Tom Lantos İnsan Hüquqları Komissiyası avqustun 13-də “X” səhifəsində qısa bir açıqlama yayır, avqustun 22-də isə NED rəhbəri həmin açıqlamanı paylaşaraq məsələnin gündəmdən çıxmamasına çalışırır. Bundan sonra isə Əli Kərimliyə bağlı trollar və bu funksiyanı həyata keçirən bəzi “AXCP” üzvləri sosial media hesablarında bu paylaşımları beynəlxalq dəstək kimi qələmə verərək məsələni geniş kampaniyaya çevirməyə cəhd göstərirlər.

Beləliklə, iyun ayında başlayan hədəfli kampaniya iyul və avqust aylarında da davam edir. Bir məsələ də xüsusilə vurğulanmalıdır ki, bu təşkilatlar və adları çəkilən şəxslər həm Corc Sorosa bağlı fondlarla, həm də erməni lobbi təşkilatları ilə sıx fəaliyyətdədirlər. Əli Kərimli və digərləri isə Azərbaycana təzyiq göstərmək üçün sadəcə istifadə edilən vasitələrdirlər.

Kampaniyada aktiv iştirak edən Soros Fondları ilə əlaqəli təşkilatlar:

Human Rights Watch (HRW): Açıq Cəmiyyət Fondları (Open Society Foundations (OSF) 2010-cu ildə HRW-yə 10 il ərzində 100 milyon dollar qrant ayıracağını elan edib, bu, HRW-nin tarixində aldığı ən böyük fərdi qrantlardan biri olub.

Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH): öz rəsmi dəstəkçilər siyahısında Açıq Cəmiyyət Fondlarını göstərir. Bəzi mənbələr OSF-in 2016-2022-ci illərdə FIDH-ə milyonlarla dollar qrant ayırdığını qeyd edir.

Jurnalistlərin Qorunması Komitəsi (CPJ): CPJ də dəstəkçiləri arasında OSF-i göstərir: 2016-cı il siyahısında OSF-nin adı var, 2020-ci ildə isə fond CPJ-nin mətbuat azadlığı mərkəzi üçün apardığı kapital kampaniyasının əsas dəstəkçilərindən biri olub.

Risk altında olan Alimlər (Scholars at Risk). “Scholars at Risk”-in rəsmi sponsorları siyahısında həm NED, həm də Açıq Cəmiyyət Fondları var.

Sərhədsiz Reportyorlar (RSF): RSF-nin rəsmi dəstəkçiləri sırasında NED, Ford Foundation, Sigrid Rausing Trust və digər fondlar var. Təşkilatın maliyyə sənədlərində bəzi illər Açıq Cəmiyyət Fondlarının da sponsorlar arasında olduğu görünür. (Ətraflı "Fakyoxla"-nın araşdırmalarında:

"Sərhədsiz Reportyorlar"ın sərhədli fəaliyyətləri – I hissə
"Sərhədsiz Reportyorlar"ın sərhədli fəaliyyətləri – II hissə

Amnesty International: “Amnesty International”-ın bəzi milli bölmələri, Açıq Cəmiyyət Fondlarından qrantlar alıb.

Araşdırdığımız açıq mənbələr göstərir ki, adı çəkilən təşkilatların bir qismi Sorosa məxsus Açıq Cəmiyyət Fondları, NED və digər Qərb fondlarından maliyyə və ya layihə dəstəyi alıb. Tom Lantos Komissiyası isə ANCA və AAA kimi erməni lobbi təşkilatları ilə açıq əməkdaşlıq edir və dəfələrlə Azərbaycanla bağlı dinləmələr keçiriblər.

Sonda, bu şəkildəki bəyanata nəzər yetirmək yerinə düşərdi. Onun redaktə edilmədən dərc edilməsi həm bəyanatın özünə, həm də adı çəkilən şəxslərə olan münasibətin göstəricisidir.

Xarici dairələrin guya onların qeydinə qaldığını düşünən bəzi vətəndaşlarımız anlamalıdırlar ki, 30 il bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün qayğısına qalmayan, bir dəfə də olsun onlarla bağlı hansısa bəyanat verməyən, əksinə təcavüzkar Ermənistanı və müharibə cinayətkarlarını bu gün də müdafiə edən təşkilatların əsl məqsədi qeyd olunan fəallardan öz məqsədləri üçün istifadə etməkdir. Onların bu məkrli məqsədlərində xoş niyyət axtarmaq isə sadəcə sadəlövhlükdür...

 

Oxşar məqalələr: