Axtarış

Select theme:

Avropa Parlamenti, EAFJD və Kaspar Karampetyan

Faktyoxla, həm də araşdırma qrupu olaraq müxtəlif ölkələrdə hibrid təhdid alətləri kimi istifadə olunan beynəlxalq və regional təsisatlar, institutlar, qeyri-hökumət təşkilatları, lobbi strukturları və fərdlərlə bağlı müntəzəm olaraq təhqiqatlar və təhlillər təqdim edir.

Ötən il Avropa Parlamentində baş verən qanunsuzluqlar, deputatların davranış kodeksinə zidd fəaliyyətləri, korrupsiya faktları, qaydaları pozmuş deputatlara qarşı qəbul olunan (və ya olunmayan) sanksiyalarla bağlı iki hissəli geniş araşdırma təqdim etmişdik.

Aİ və səlahiyyətli şəxsləri İttifaqda baş verən qanunsuzluqlara necə göz yumurlar?

Avropanı idarə edən xanımların korrupsiyaya yol açan əməlləri

Həmin araşdırmada Avropa Parlamentinin hazırkı sədri Roberta Metsola, həmçinin onun Yunanıstandan olan həmkarı və sabiq müavini, Sosialist və Demokratlar qrupunu təmsil edən Eva Kaili ilə bağlı da bir sıra faktlar təqdim olunmuşdu.

2022-ci ildə “Qatargate” adlandırılan korrupsiya qalmaqalına görə həbs edilən Eva Kailinin adı ilə yanaşı müəmmalı bir nəfərin də adı çəkilirdi. Fransanın nüfuzlu “Le Point” nəşri 21 dekabr 2022-ci ildə gedən yazısında bu şəxsi belə təqdim edirdi:

“Mövcud mübahisəli baxışları ilə tanınan bir müşavir...

Qrup daxilində (Sosialist və Demokratlar – red.) Eldar Məmmədov, vəzifəsindən uzaqlaşdırılmış vitse-prezident Eva Kaili ilə birlikdə Qətərə yumşaq yanaşmanı müdafiə edənlərdən biri olub. O, həmçinin Rusiyanı terrorizmin "sponsoru" kimi təsvir edən qətnaməyə dair qrupun mövqeyinə qarşı çıxıb. Bəzi sosialist avroparlamentarilər onun İran rejimi ilə bağlı qeyri-müəyyən mövqelərini də qeyd edirlər. Eldar Məmmədov özünü Latviya Universitetinin və İspaniyanın Madrid şəhərindəki Diplomatik Akademiyanın məzunu kimi təqdim edir. O, Latviya Xarici İşlər Nazirliyində, Vaşinqton və Madriddəki diplomatik missiyalarda çalışdığını iddia edir”. [lepoint.fr]

Eva Kailinin adı ilə paralel olaraq çəkilən şəxslərdən biri də yunan-rus milyarderi, Rusiya Federasiyası Dövlət Dumasının “Vahid Rusiya Partiyası”ndan olan sabiq deputatı və “Yunanıstanın “PAOK” futbol klubunun sahibi İvan Savvididir.

Ermənistan və erməni lobbisi ilə sıx əlaqələri olan və prezident “Putinin yaxın adamı” kimi Ukrayna tərəfindən sanksiya tətbiq edilən İvan Savvidinin həm də Şimali Makedoniyada 2018-ci ildə baş verən zorakı anti-NATO iğtişaşlarını maliyyələşdirdiyi qeyd olunur. 

Mənbə: ilovegreece.ru

Eva Kaili bu əlaqələrinə görə Avropa Parlamentinin Polşadan olan üzvü Dominik Tarçinski (Dominik Tarczyński) tərəfindən Rusiyanın xeyrinə casusluqda da günahlandırılmışdı.

Qeyd etməliyik ki, E.Kaili Avropa Parlamentinin 8-ci çağırış üzvü olan zaman Aİ-Rusiya Parlament Əməkdaşlıq Komitəsinin əvəzləyici üzvü də olub.

Yeri gəlmişkən, 2011-ci il aprel 12-də Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Zaruhi Postancyan tərəfindən AŞPA-ya təqdim edilən “Azərbaycanın öhdəliklərinə əməl etməməsi” adlı yazılı bəyanatını imzalayan 25 nəfərdən biri də Rusiyanı təmsil edən məhz İvan Savvidi olmuşdur.

Lakin budəfəki araşdırmamız adıçəkilən şəxslərlə bağlı olmasa da, onların təmsil etdikləri Rusiya və İranın da maraqlarını gizli formada həyata keçirən, Yunanıstan və Ermənistan vətəndaşlığını daşıyan erməni əsilli Kaspar Karampetyan və 2011-ci ildən sədri olduğu “Ədalət və Demokratiya üçün Avropa Erməni Federasiyası (EAFJD) adlı lobbi təşkilatı barədədir.

İlk növbədə qeyd olunmalıdır ki, Eva ilə Kasparı birləşdirən, bizə məlum olan, lakin açıqlamağa lüzum görmədiyimiz gizli əlaqələrin dərin kökləri var. Və bu əlaqələrin qurulmasında İvan Savvidinin və Evanın atası Aleksandros Kailisin rol oynadıqları ehtimal edilir. Türkiyənin İstanbul şəhərində doğulan, lakin 1960-cı illərin ortalarında oranı ailəsi ilə birgə tərk etmək məcburiyyətində qalan Aleksandrosun türklərə nifrəti hədsiz idi. [politico.eu]

Evanın 2019-cu ildə yenidən Avropa Parlamentinin deputatı, habelə vitse-prezidenti seçilməsində (2022-ci ilin yanvarında) isə Karampetyanın rəhbərlik etdiyi lobbi təşkilatının da mühüm rolu olub. O, 2019-cu il mayın 26-da öz “Facebook” səhifəsində dəstək məqsədilə etdiyi paylaşımında buna işarə etmişdi. 

Kaili isə, öz növbəsində, erməni lobbisinin bu dəstəyinə Avropadakı anti-Azərbaycan fəaliyyətlərə qoşulmaqla cavab vermişdir

Beləliklə, hər ikisinin Türkiyə və türklərə olan nifrəti, Rusiya ilə gizli əlaqələri, Yunanıstandan olmaqları və Brüsseldə (habelə Strasburq və Lüksemburqda) müxtəlif maraqlar naminə fəaliyyət göstərməkləri Eva ilə Kasparı yaxın edən amillər içində idi.

Lakin Eva Kaili Kaspar Karampetyanın Avropa İttifaqı institutlarında, o cümlədən Avropa Parlamentində (AP) əməkdaşlıq etdiyi yeganə yüksək vəzifəli şəxs deyil. Bu araşdırmamızda EAFJD-in AP daxilində iş metodları və sıx işlədikləri həm də əla almaq istədikləri AP üzvləri ilə bağlı fakt əsaslı məlumatları təqdim edirik.

Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Karampetyan və dəstəsi tək Ermənistan və “erməni maraqları” üçün işləməyib, onların maraq dairəsində Rusiya və İranla bu və ya digər şəkildə əlaqələri olan AP üzvləri olub. Eyni zamanda, Kaspar Karampetyan və təşkilatını hazırkı Ermənistan hakimiyyətindən daha çox Rusiyaya bağlı əvvəlki iqtidara simpatiya bəslədiyi üzə çıxıb.

Onların Rusiya maraqları ilə digər kəsişmə nöqtəsi isə Samvel Karapetyan və Ruben Vardanyan kimi rusiyalı oliqarxlardır. Adıçəkilən şəxslərin maliyyə dəstəyi ilə Avropa İnstitutlarında fəaliyyət göstərən və yaxın keçmişdə bu əlaqələri ifşa olunan argentinalı Luiz Moreno Okampo (Luis Moreno Ocampo) ilə EAFJD-nin Avropa Parlamentində birgə tədbirlər keçirməsi bunun əyani sübutudur. 

Ümumiyyətlə, EAFJD-nin fəaliyyətlərində müşahidə edilən bu yeni və gizli bir tendensiya arxasında Rusiyanın durduğu Ermənistan müxalifətini Avropada müdafiə etmək və anti-Paşinyan mövqe sərgiləməkdir.

Cari il aprelin 30-da Avropa Parlamenti tərəfindən qəbul edilən “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə ilə bağlı Karampetyanın təşkilatı belə bir başlıqla bəyanat verir: “EAFJD Avropa Parlamentinin Ermənistan hakimiyyətindən müxalifətin hüquqlarına, məhkəmənin müstəqilliyinə və ifadə azadlığına tam hörmət göstərməyi, həmçinin “Artsax” erməniləri və girovlar üçün ədalət tələb edən qətnaməsini alqışlayır.” 

Və yaxud mayın 5-də İrəvanda keçirilən Avropa İttifaqı-Ermənistan Samiti ilə bağlı təşkilatın yaydığı bəyanata nəzər saldıqda yenə eyni mənzərə ilə qarşılaşırıq.

“Sammit "yeni fəsil"i qeyd edərkən, biz Avropa liderlərinə xatırladırıq ki, bu münasibətlərin təməli olan Əhatəli və Təkmilləşdirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) ciddi məhkəmə islahatları, institutların dayanıqlığı və demokratik dəyərlərin gücləndirilməsi şərti ilə qurulub. "Ermənistanın gələcəyinin vətəndaşları tərəfindən azad və demokratik şəkildə müəyyən edilməsi" üçün seçki dürüstlüyü, müxalifətin hüquqları, media müstəqilliyi və seçki prosesi zamanı bütün xarici müdaxilələrdən qorunma təmin etmək məqsədilə hərtərəfli dəyişikliklər tətbiq edilməlidir; təəssüf ki, bu anlayış bəzi Avropa liderləri tərəfindən məhz bu Zirvə görüşündə yerinə yetirilmədi”.

EAFJD-nin Avropa Parlamentində lobbiçilik fəaliyyətinə fərqli baxış

2023–2026-cı illərdə Ədalət və Demokratiya üçün Avropa Erməni Federasiyası (EAFJD) Avropa Parlamentində sistemli və davamlı lobbiçilik fəaliyyətlərini davam etdirmişdir. Təşkilat müxtəlif siyasi qrupları təmsil edən Avropa Parlamenti üzvləri ilə əsasən Ermənistan, Qarabağ, Aİ-Ermənistan münasibətləri, Azərbaycan-Ermənistan sülh prosesi, “insan hüquqları” və regional təhlükəsizlik adları altında müntəzəm görüşlər keçirmişdir.

Təhlillər göstərir ki, görüşlər təsadüfi xarakter daşımamış, əksinə, müəyyən istiqamətlər üzrə formalaşmış lobbiçilik strategiyasını əks etdirmişdir. Xüsusilə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi (AFET), İnsan Hüquqları Alt Komitəsi (DROI), Avronest Parlament Assambleyası (DEPA), eləcə də Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran ilə əlaqələr üzrə nümayəndə heyətlərində fəaliyyət göstərən deputatlar daha çox hədəf seçilmişdir.

Görüşlərin təhlili göstərir ki, EAFJD müxtəlif siyasi baxışlara malik deputatlarla görüşsə də, onların konkret hədəfləri olub.

EAFJD daha çox Fransa, İsveç, Kipr, Portuqaliya, Finlandiya, Yunanıstan, İspaniya, Polşa, Litva və Rumıniya kimi ölkələri təmsil edən deputatlarla işləyib.

Təşkilatın iş prinsipinə nəzər saldıqda, onun yalnız ideoloji yaxınlığa görə deyil, konkret siyasi təsir imkanları olan, AP-də qərarların hazırlanmasına təsir göstərə biləcək şəxslərlə institusional və tematik prioritetlər üzrə planlaşdırılmış görüşlər keçirdiyi məlum olur.

Rəsmi məlumatlara görə, 21 fevral 2023-cü ildən 15 aprel 2026-cı ilə qədər müxtəlif siyasi qrupları təmsil edən 30 fərqli deputatla 41 görüş keçirilmişdir.

Cədvəldən də göründüyü kimi, EAFJD-nin ən çox görüşdüyü AP üzvləri bir vaxtlar Eva Kailinin, habelə Eldar Mamedovun “Qatargate” skandalından sonra qovulduqları Sosialistlər və Demokratlar (S&D) qrupunun təmsilçiləri olublar, 41 rəsmi görüşdən 17-si məhz onlarla baş tutub.

Aİ-də Rusiya maraqlarının təmin edilməsi

Məlum olduğu kimi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, Qərb ölkələri Rusiyanın öz ərazilərində fəaliyyətinin qarşısını almaq məqsədilə bir sıra qadağanedici və preventiv tədbirlər həyata keçiriblər. Bu cür tədbirlərdən biri də, 2022-ci il iyunun 2-də Rusiya ilə birbaşa əlaqəli olan və ya ona lobbiçilik edən təşkilatların (şəxslərin) Avropa Parlamentində fəaliyyətinə rəsmi şəkildə qadağanın qoyulması idi. 

Bu cür vəziyyətdə Rusiyanın müvafiq qurumları EAFJD kimi alternativ təşkilatların xidmətlərindən istifadə edərək öz gündəliklərini həyata keçirməyi davam etdiriblər.

Yuxarıda qeyd edilən 30 AP üzvü ilə bağlı apardığımız araşdırma zamanı bir sıra maraqlı faktlar ortaya çıxmışdır.  

Belə ki, Karampetyanın dəstəsinin ən çox görüşdüyü şəxslərdən olan (üç görüş), Finlandiyanı və S&D-ni təmsil edən Ero Heynaluma (Eero Heinäluoma) Rusiya prezidenti Vladimir Putinin 2017-ci il 9 oktyabr tarixli, 475 nömrəli sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib. Bu şəxs, eyni zamanda Aİ-Türkiyə birgə Parlament Komitəsinin və NATO PA ilə əlaqələr üzrə nümayəndə heyətinin əvəzedici üzvüdür. Onunla keçirilən görüşlər üç mövzunu əhatə edib: Aİ-Ermənistan münasibətləri, regiondakı son hadisələr və Ermənistandakı daxili vəziyyət (24-07-2024 Brüssel); Cari məsələlər (09-10-2024 Strasburq); Xarici işlər (08-05-2025 Strasburq).

Təşkilatın iki dəfə görüşdüyü Almaniyadan olan Lars Patrik Berqin (Lars Patrick Berg) də fəaliyyətlərində şübhəli məqamlar müəyyən edilmişdir. Belə ki, 2022-ci noyabrın 23-də Avropa Parlamentində qəbul olunmuş “Rusiya Federasiyanın terrorçuluğu dəstəkləyən dövlət kimi tanınması” adlı qətnamə ilə bağlı səsvermədə Berq müəmmalı şəkildə iştirak etməmişdir.

2024-cü il fevralın 27-də Avropa İttifaqı ilə Ermənistan arasındakı münasibətlərin dərinləşdirilməsi və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanmasının zəruriliyinə həsr edilən müzakirələrdə Lars Patrik Berq guya Qarabağ ermənilərini qorumaq adı altında rusiyapərəst mövqe sərgiləmişdir:

“Cənab Sədr! Azərbaycandan gələn qaz təchizatı Avropa Komissiyası üçün Dağlıq Qarabağdakı günahsız insanların həyatından daha vacibdirmi? Şübhəsiz ki, beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Ermənistanı tənha buraxıb, çünki Kreml Dağlıq Qarabağdan yüz mindən çox etnik erməninin vəhşicəsinə qovulmasından daha vacib hesab etdiyi Azərbaycanla iqtisadi əlaqələrini üstün tutub”.[europarl.europa.eu]

Qeyd olunmalıdır ki, həmin çıxışından bir həftə sonra o, Brüsseldə EAFJD nümayəndələri ilə rəsmi görüş keçirmişdir. Bundan əvvəl isə, onların 30 noyabr 2023-cü ildə “Dağlıq Qarabağ/Artsax erməniləri və Avropa İttifaqı” adı altında görüşləri baş tutmuşdur.

Araşdırmalarımız zamanı Berqin Avropa Parlamentində bir dəfə də olsun Rusiya ilə bağlı aparılan müzakirələrdə danışmadığı müəyyən edilmişdir. Eyni zamanda, 2019-cu ilin oktyabrında Albaniya və Şimali Makedoniyanın Avropa İttifaqına üzvlük məsələləri müzakirə edilərkən o, müxtəlif bəhanələr altında bunun əleyhinə çıxmışdır.

Artıq qeyd etdiyimiz kimi, rusiyalı milyarder İvan Savvidi də Şimali Makedoniyada 2018-ci ildə baş verən anti-NATO iğtişaşlarını maliyyələşdirməkdə ittiham olunmuşdu.

Rusiya yönümlü fikirləri ilə seçilən digər bir AP üzvü isə S&D Qrupunu təmsil edən, Rumıniyadan olan deputat Vasile Dınku (Vasile DÎNCU) ilə EAFJD “Azərbaycanda erməni girovlarının məhkəmə proseslərində insan haqlarının qorunması” mövzusunda 2025-ci il mayın 7-də Strasburqda görüş keçirilib.

Avropa Parlamentində NATO PA ilə əlaqələr üzrə nümayəndə heyətinin sədr müavini, Aİ-Ukrayna Parlament Assosiasiyası Komitəsində və Avronestdə əvəzləyici üzv olan Dınku bundan əvvəl Rumıniyada bir sıra yüksək vəzifələr, o cümlədən müdafiə naziri, informasiya naziri və Baş nazirin müavini vəzifələrini tutub. Lakin “Ukraynaya sülh üçün yeganə şans Rusiya ilə danışıqlar ola bilər”“Ukrayna liderlərinə öz ərazilərini Rusiyaya güzəştə getməklə” bağlı tövsiyələrinə görə ölkə prezidentinin qəzəbinə tuş gələrək müdafiə naziri vəzifəsindən istefa verməli olmuşdu. [nationalinterest]

EAFJD lobbiçilərinin həm də Aİ-Rusiya Parlament Əməkdaşlıq Komitəsinin üzvləri ilə görüşlərinə diqqət etməyimizin başqa bir səbəbi isə həmin AP üzvlərinin ruslarla yaxınlığıdır. Misal üçün, Rusiya Prezidentinin mətbuat katibinin qızı Elizaveta Peskovanın Avropa Parlamentində yanında təcrübə keçdiyi fransalı deputat Emirik Şopad da (Aymeric Chauprade) Aİ-Rusiya Parlament Əməkdaşlıq Komitəsinin üzvü olub.

Sosialist və Demokratları təmsil edən Karla Tavareslə (Carla Tavares, Portuqaliya) təşkilatın lobbiçiləri cari il fevralın 11-də Strasburqda rəsmi tanışlıq görüşü keçiriblər. Görünür, onun Avronestdə nümayəndə heyəti rəhbərinin müavini və Aİ-Rusiya Parlament Əməkdaşlıq Komitəsinin üzvü, habelə AP daxilində büdcə məsələləri ilə məşğul olması onun erməni lobbiçilərinin və havadarlarının diqqət mərkəzinə düşməsinə səbəb olub.

17 dekabr 2024-cü ildə AP-nin özündə Xarici Əlaqələr Komitəsinin və Aİ-Rusiya Parlament Əməkdaşlıq Komitəsinin üzvü olan Bernard Qetta (Bernard Guetta, Fransa) ilə görüşdə “Qafqaz regionunda cari proseslər” müzakirə edilib.

S&D Qrupunu təmsil edən Fransişku Esişlə (Francisco Assis, Portuqaliya) 2024-cü il sentyabrın 17-də “Cənubi Qafqaz regionunda cari vəziyyəti” müzakirə edilir. Qeyd olunmalıdır ki, Eşiş Aİ-Rusiya Parlament Əməkdaşlıq Komitəsinin və Avronestdə nümayəndə heyətinin üzvü olmaqla yanaşı, Afrika, Karib və Sakit okean Dövlətlərinin Təşkilatı-Aİ Birgə Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəridir.

S&D Qrupunu təmsil edən İlan De Basso (Ilan De Basso, İsveç) ilə 21 mart 2024-cü ildə keçirilən görüşün mövzusu barədə məlumat verilmir. Türkiyədə doğulmuş assur kökənli bu deputat Aİ-Rusiya və Aİ-Türkiyə Parlament komitələrinin üzvü olub.

S&D Qrupunu təmsil edən (vaxtilə vitse-prezidenti də olub) və 7, 8, 9-cu dönəm AP üzvü və qurumun vitse-prezidenti (2014-2019) olan Silvi Qiyomla (Sylvie Guillaume, Fransa) 2023-cü ilin 10 mayında Strasburqda, 6 sentyabrında isə Brüsseldə olmaqla iki rəsmi görüş keçirilib. Birinci görüş “Artsaxda vəziyyət”i müzakirə etmək, digər isə EAFJD-lə görüş adı ilə olub. Vaxtilə Avropa Parlamentində qondarma “Dağlıq Qarabağla dostluq qrupunu həmsədri” olan Silvi Qiyom erməni lobbi təşkilatları ilə ən sıx əməkdaşlıq edən üzvlərdən olub. O, həmçinin 2019-cu ildə bir günlük Aİ-Rusiya Parlament Əməkdaşlıq Komitəsinin üzvü olub.

S&D Qrupunu təmsil edən Atilla Ara Koveç (Attila Ara-Kovács, Macarıstan) 10 may 2023-cü ildə “Ermənistanda hazırkı vəziyyət”i müzakirə etmək məqsədilə Strasburqda EAFJD nümayəndələri ilə görüşüb. O, “Qarabağ erməniləri ilə dostuq qrupu” adlı qondarma birlikdə təmsil olunub.

Təhlillərdən gəldiyimiz qənaət odur ki, EAFJD verilən tapşırıqlar içində AP-də Rusiya əleyhinə fəaliyyət göstərən üzvlərlə də iş aparmaq, onların anti-Rusiya fəaliyyətlərini hansısa formada neytrallaşdırmaqdır.

Məsələn, 1 dekabr 1975-ci ildə Həştərxanda yəhudi ailəsində doğulan Sergey Laqodinskiy (Sergey Lagodınsky, Almaniya). 2024-cü ilin oktyabrında Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri seçilən Sergeylə artıq noyabrın 6-da EAFJD “Fikir mübadiləsi və yeni mandatın başlaması” münasibətilə görüşür. Qeyd olunmalıdır ki, Sergey Laqodinskiy AP daxilində kəskin anti-Rusiya çıxışları ilə seçilir.

EAFJD-nin fəaliyyətində ehtimal edilən İran maraqları

Araşdırmamızın əvvəlində Avropa Parlamentində Sosialist və Demokratlara uzun illər məsləhət verən Eldar Mamedov haqda danışmışıq. Eva Kailiylə bağlı korrupsiya skandalı baş verən kimi S&D-dən qovulan ilk adamlardan biri də məhz E.Mamedov olmuşdu. O, latviyalı olmasına baxmayaraq, gündəliyi və bütün yazıları demək olar ki, İran, Rusiya və Ermənistan pərəst, həmçinin anti-Azərbaycan məsələlərlə bağlıdır. [theamericanconservative]

EAFJD Sosial-demokratlarla sıx iş birliyini nəzərə alsaq, görərik ki, onların 2023–2026-cı illərdə görüşdükləri AP üzvləri içində İranla əlaqələr üzrə şəxslər də olub.

2024-cü il dekabrın 18-də Straburqda Kiprdən olan AP üzvü Mixalis Hacipandela (Michalis Hadjıpantela) ilə tanışlıq görüşünü qeyd etmək olar. Xarici ölkələrdən yalnız İranla əlaqələr üzrə nümayəndə heyətinin üzvü olan Hacipandela ilə görüş müəmmalıdır.

2025-ci il sentyabrın 9-da Strasburqda “Cənubi Qafqazda son vəziyyət”i müzakirə etdikləri Per Klausen (Per Clausen, Danimarka) də İranla əlaqələr üzrə nümayəndə heyətinin əvəzedici üzvüdür.

Rusiya ilə bağlı məsələlərdə olduğu kimi, burada da İrana qarşı qəti mövqe qoyan insanlarla EAFJD görüşlər keçirib. Belə görüşlərdən biri də Çarli Veymerslə (Charlie Weımers, İsveç) baş tutub. Hər iki görüş “Aİ-Ermənistan əlaqələri”nə həsr edilib. Qeyd edilməlidir ki, Veymers İran XİN tərəfindən 2022-ci oktyabrın 26-da sanksiyaya məruz qalan altı AP üzvündən biri olub O, eyni zamanda, qatı ermənipərəst mövqeyi və erməni lobbisi ilə sıx işləyən deputatlardan biri hesab edilir.

Digər müəmmalı deputatlarla iş birliyi

İspaniyadan olan Pernando Barrena Arza  5 may 2025-ci ildə “Ermənistandakı hazırkı siyasi vəziyyət” müzakirə edilib. Bu şəxslə bağlı açıq mənbələrdə qeyd olunan məlumatlarda onun ilk dəfə 1985-ci ildə “Baskların vətəni və azadlıq” (ETA) ilə əlaqələrə görə həbs olunduğu, 4 fevral 2008-ci ildə "qanunsuz siyasi partiyanın fəaliyyətini dəstəkləmək" ittihamı həbs edildiyi və 3 fevral 2010-cu ildə 50.000 avro girov ödəyərək azad edildiyi qeyd edilir.

LQBT üzvü olan Sebastian Tükününlə (Sebastian Tynkkynen, Finlandiya) 5 noyabr 2024-cü ildə “Azərbaycanda keçiriləcək COP29 konfransı”nı müzakirə ediblər. Sebastian 2017-ci ilin yanvarında o,”Facebook”-da "Finlyandiyada müsəlmanlar nə qədər az olsa, bir o qədər yaxşıdır. Müsəlmanları nə qədər az görsək, bir o qədər təhlükəsiz olar. Gec olmadan İslamdan qurtulmalıyıq" yazdığı üçün 300 avro cərimə olunub. 2019-cu ilin oktyabrında isə ikinci dəfə etnik təhrikedici fəaliyyətə görə məhkum edilib və müsəlmanlar haqqında şərhlərinə görə 50 günlük cərimə (gəlirinə əsasən təxminən 4000 avro) edilib. 2021-ci ilin oktyabrında Tükününə üçüncü dəfə etnik qarşıdurmaya təhrik etmədə təqsirli bilinərək 70 günlük cərimə (təxminən 4400 avro) edilib.

Arayış

“Ədalət və Demokratiya üçün Avropa Erməni Federasiyası” (EAFJD – European Armenian Federation for Justice and Democracy)

Avropadakı erməni diasporunun maraqlarını təmsil edən Brüssel mərkəzli lobbi və çətir təşkilatıdır. 2002-ci ildə qurulan (əslində ilk dəfə 2000-ci ildə Fransada yaranıb – red.) bu qrup Avropa İttifaqı, Avropa Şurası və ATƏT kimi beynəlxalq qurumlarda ermənipərəst məsələlərin təbliği ilə məşğul olur. Təşkilatın rəhbəri Kaspar Karampetyandır.

Sənədlərə görə, təşkilat Aİ-də lobbi fəaliyyətinə rəsmi olaraq 2012-ci ilin fevralından başlamışdır. Maraqlıdır ki, həm fransız “Fédération Euro-Arménienne pour la Justice et la Démocratie”, həm də ingilis dilli adı ilə “European Armenian Federation for Justice and Democracy” iki dəfə ayrı-ayrı vaxtlarda lobbi təşkilatı kimi qeydiyyatdan keçmişdi

Sənədlərdən görünür ki, hər iki dildə qeydiyyatdan keçən təşkilat lobbiçiliyə görə 2014-cü ildə 150 min avro, 2015-ci ildə 135 min və 150 min avro, 2016-cı ildə 150 min avro, 2018-ci ildə 150 min avro və 2020-ci ildə 150 min avro vəsait xərcləyib. Yerdə qalan illərlə (2012, 2013, 2017, 2019) bağlı bəyannamədə xərclənən vəsaitlər barədə informasiya verilməməsi bir sıra suallar doğurur.

Eyni zamanda, təşkilatın “Lobby Fact”-dakı profilində belə bir qeyd var: "2021-ci il sentyabrın 20-dən etibarən özünü “qeyri-kommersiya təşkilatları” elan edən qurumlardan lobbiçilik üçün tələb oluna büdcəni təqdim etmələri tələb olunmur”. Bu səbəbdən də, təşkilat sonrakı illərlə bağlı hesabat verməyi lüzum bilməyib.

Belə aydın olur ki, EAFJD özünü "qeyri-kommersiya təşkilatı" kimi qeydiyyatdan keçirib və bu ona Aİ çərçivəsində rəsmi lobbi büdcəsini açıqlamamaq hüququnu verib. Bununla da xərclədiyi maliyyə vəsaitlərinin həqiqi həcmini şəffaflıq reyestrindən gizlətmək və ya yayındırmaq imkanı qazanıb.

Sənədlərdə (birmənalı olaraq hamısında) “Person in charge of EU relations” qrafasının qarşısında “Data not provided by Register Secretariat due to GDPR” yazılır. Yəni "Məlumat Mühafizəsi üzrə Ümumi Reqlamentə (GDPR) əsasən, bu məlumatlar Reyestr Katibliyi tərəfindən təqdim edilməyib."

EAFJD-nin AP-nin rəsmi mənbələrində göstərdiyi məqsəd və səlahiyyət dairəsi belə təqdim edilir:

“EAFJD "erməni soyqırımı"nın tanınması, “soyqırımı” aktının Türkiyə və Avropa ölkələrinin parlamentləri tərəfindən pislənilməsi, eləcə də və öz indiki və gələcək taleyini özlərinin müəyyən etməsi üçün “Artsax (Dağlıq Qarabağ Respublikası) xalqının” təhlükəsizliyi və fundamental hüquqları üçün fəaliyyət göstərir”.

Avropa Erməni Federasiyası Avropada "erməni məsələsinin" müdafiəsi komitələrinin – həmçinin Erməni Milli Komitələri (ANC) kimi tanınan, 14 ölkəni (Avstriya, Belçika, Bolqarıstan, Kipr, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Niderland, Polşa, Rumıniya, İsveç, Birləşmiş Krallıq və İspaniya) əhatə edən strukturların çətir təşkilatıdır”.

Təşkilatın 18 oktyabr 2022-ci ildə təqdim etdiyi bəyannamədə qeyd olunur ki, illik büdcəsi 201029 avro olub ki, bu vəsaitin 90 min avrosu “Armenian Relief Society” təşkilatı tərəfindən, qalan 111029 avro isə bir neçə kiçik ianələr hesabına formalaşıb.  

EAFJD-nin lobbi büdcəsi və maliyyə detalları (EU Transparency Register / LobbyFacts məlumatlarına əsasən, ən son yeniləmələr):

  • 2024-cü il:
    • Ümumi təşkilat büdcəsi: 104167 €
    • Lobbi xərcləri: Qeyd olunmayıb
    • Əsas maliyyə mənbələri:
      • Armenian Relief Society: 60000 €
      • Çoxsaylı kiçik ianəçilər: 44167 €
  • 2021-ci il:
    • Ümumi təşkilat büdcəsi: 201029 €
    • Əsas maliyyə mənbələri:
      • Armenian Relief Society: 90,000 €
      • Çoxsaylı kiçik ianəçilər: 111,029 €

Kaspar Karampetyan 29 yanvar 1948-ci ildə Yunanıstanın Afina şəhərində anadan olub, ibtidai təhsilini Neos Kosmosdakı Milli Məktəbdə alıb. Daha sonra təhsilini Beyrutdakı "Nşan Palandcyan Cemeran" kollecində davam etdirib. Yunanıstan Açıq Universitetinin Avropa tarixi və mədəniyyəti fakültəsini bitirib.

1967–1996-cı illərdə Afinada texnologiya sahəsində ixtisaslaşmış ticarət şirkətində idxal- ixrac və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olub. Həmin dövrdə o, həmçinin Yunanıstan Erməni İnqilabi Federasiyasının (EİF/Daşnaksutyun) Gənclər İttifaqının Mərkəzi Bürosunun sədri vəzifəsində çalışıb (1976–1983).

Daha sonra 2007-ci ilə qədər Yunanıstan Erməni Pravoslav Yeparxiyasının kantsleri, eyni zamanda, 1998–2007-ci illər arasında Yunanıstan Milli Komitəsinin İqtisadiyyat komissiyasının üzvü kimi fəaliyyət göstərib. O, həmçinin 2004–2010-cu illərdə Yunanıstanın "Hellenic AID" təşkilatının Ermənistanda həyata keçirdiyi proqramların İcraedici Nəzarət Komitəsinə rəhbərlik edib.

Karampetyan 1992–1996-cı illərdə, daha sonra isə 2011-ci ildə "erməni məsələsi üzrə müdafiə komitəsi"nin sədri vəzifəsini tutaraq bu istiqamətdə fəaliyyətini davam etdirib. O, 2003–2011-ci illərdə "Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası"nın (EAFJD) İdarə Heyətinin üzvü, 2011-ci ildən isə prezidenti olub.

Kaspar Karampetyan dəfələrlə Yunanıstandakı EİF Mərkəzi Komitəsinin üzvü seçilib. Yunanıstanın "Azad Or" gündəlik qəzetində çoxlu sayda məqaləsi dərc olunub. O, Yunanıstanın "To Vima" və "Armenika" dövri mətbuatında dərc edilən tarixi tədqiqatların müəllifidir.

  • 2005: Noyemberyan şəhərinin fəxri vətəndaşı
  • 2014: Bako Saakyan tərəfindən qondarma "Vaçaqan Barepaşt ordeni” ilə
  • 2014: Serj Sarkisyan tərəfindən "Mxitar Qoş" medalı ilə

     

  • 2014: Ermənistan Respublikası Milli Məclisinin sədri tərəfindən fəxri diplomla
  • 2018: "Mesrop Maştots" ordeni ilə təltif edilib

EAFJD vasitəsilə Avropa Parlamentində və milli parlamentlərdə erməni lobbiçiliyi aparır, deputatları vaxtilə işğal altında olan Qarabağa səfərlərə dəvət edir, konfranslar təşkil edir, qətnamələrə təsir göstərməyə çalışıb.

O, Daşnaksutyun (erməni millətçi partiyası) ilə bağlıdır və erməni lobbisinin Avropadakı əsas fiqurlarından biri kimi tanınır.

 

 

Oxşar məqalələr: