Amerika siyasətinin tarixində öz həqiqi niyyətlərini “demokratiya” və “insan hüquqları” kimi uca şüarlar arxasında gizlədən, lakin əslində dar maraqların və çirkin sövdələşmələrin girovuna çevrilmiş fiqurlar az olmayıb. Lakin ABŞ Konqresi kürsüsündən onilliklər boyu dövlətin ali maraqlarını bir ovuc lobbinin siyasi sifarişlərinə qurban verən Bred Şerman bu siyahıda xüsusi, daha tünd və qaranlıq bir yer tutur.
C-SPAN arxivlərindəki çıxışlarından tutmuş kampaniya maliyyələşdirməsi zamanı seçki fondlarından şəxsi borclarını ödəməsinə qədər hər bir detal onun bu vəzifəsini necə şəxsi mənfəət alətinə çevirdiyini açıq göstərir. Beynəlxalq hüququ və dövlətlərarası münasibətləri qurban verməkdə ad çıxarmış digər bədnam simaların belə kölgəsində qalan Şerman, erməni lobbisinin – xüsusilə ANCA-nın (Amerikanın Erməni Milli Komitəsi) birbaşa ruporuna çevrilərək əndazəsiz anti-Azərbaycan və anti-Türkiyə isteriyası yaradıb.
Erməni lobbisi tərəfindən maliyyələşdirilən, “Mxitar Qoş” kimi xarici dövlətlərin ordenləriylə mükafatlandırılan və Birləşmiş Ştatların İnkişafa Yardım Agentliyinin (USAID) dəstəyi ilə separatizmi körükləyən bu şəxs, sadəcə lobbiçi deyil, eyni zamanda, dərin mənəvi böhran içində olan siyasi deqradasiyanın canlı təcəssümüdür.
Köməkçilərinin adının qadınlara qarşı etik problemlər və cinsi qısnamada hallanması, eləcə də bəzi qadağan olunmuş məzmunlu saytlara baxması ilə bağlı mediaya sızan biabırçı iddialar onun artıq siyasi etikadan kənarlaşdığını sübut edir. Sabiq senator Robert Menendesin korrupsiya xəttinin Nümayəndələr Palatasındakı sədaqətli davamçısı olan Bred Şerman, qanunvericilik kürsüsünü ticarət obyektinə, siyasəti isə mənəviyyatsızlığın pik nöqtəsinə daşıyan tipik bir siyasi spekulyantdır.

Bred Şerman — 1997-ci ildən bəri ABŞ Nümayəndələr Palatasında təmsil olunan amerikalı siyasətçi, Demokratlar Partiyasının üzvüdür. Hazırda o, Los-Anceles dairəsində yerləşən Kaliforniyanın 32-ci seçki dairəsini təmsil edir. Əvvəllər o, ştatın 30, 27 və 24-cü seçki dairələrini təmsil edib.
Şerman 1954-cü il oktyabrın 24-də Los-Ancelesdə, Lein və Moris Hayman Şermanın ailəsində anadan olmuşdur. Onun hər iki valideyni rus/ukrayn-yəhudi əsillidir.
O, Mark Keppel və Korona-del-Mar orta məktəblərində oxumuşdur. 1974-cü ildə Los-Anceles Kaliforniya Universiteti (UCLA) politologiya üzrə bakalavr, 1979-cu ildə isə Harvard Hüquq Məktəbində JD (hüquq üzrə doktor), yəni magistr dərəcəsi almışdır.
Konqresdə fəaliyyətə başlamazdan əvvəl B.Şerman ölkənin ən böyük audit firmalarından birində çalışmış, Harvard Hüquq Məktəbinin beynəlxalq vergiqoyma proqramında mühazirələr oxumuşdur.
Şerman, 1990–1995-ci illərdө Kaliforniya Ştatının Vergiqoymanın Bərabərləşdirilməsi Komissiyasının üzvü, 1991–1995-ci illərdə isə həmin komissiyanın sədri olmuşdur.
Şerman Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin və Maliyyə Xidmətləri Komitəsinin üzvüdür.
Şerman erməni-amerikan dostluq əlaqələrinin möhkəmləndirilməsinə və inkişafına, habelə qondarma "erməni soyqırımı"nın beynəlxalq müstəvidə tanınmasına verdiyi töhfəyə görə 19 aprel 2012-ci il tarixində “Mxitar Qoş” medalı, Ermənistan ilə Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə 16 dekabr 2021-ci ildə Ermənistanın “Dostluq” ordeni ilə təltif edilmişdir.

2016-cı ildə Amerikanın Erməni Milli Komitəsi (ANCA) tərəfindən “Ədalət Müdafiəçisi” (“Advocate for Justice”) mükafatını alıb.
2022-ci ildə isə Ermənistanın sabiq prezidenti Armen Sarkisyan tərəfindən Ermənistanın “Dövlət” ordeni ilə mükafatlandırılıb.
O, 2024-cü ildə ABŞ Konqresində “Erməni Fraksiyası”nın demokratlardan olan sədr müavini seçilib.
“Təxminən 30 il yaxındır ki, mən özümü ABŞ ilə Ermənistan arasındakı əlaqələri möhkəmlənəndirməyə, ermənilərə qarşı nifrətlə mübarizəyə və Amerikanın erməni icmasının hüquqlarını müdafiə etməyə həsr etmişəm. Fraksiyanın sədr müavini kimi bu irsi davam etdirməyi, həmkarlarımla birlikdə Ermənistan və onun xalqı üçün demokratiya, təhlükəsizlik və rifah dolu gələcək qurmağı səbirsizliklə gözləyirəm”. mənbə
Şerman uzun illər ərzində keçmiş Dağlıq Qarabağdakı terrorçu erməni rejimin nümayəndələri (Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan və s.) ilə sıx əməkdaşlıq edib, onların Kapitolidə tədbirlərini təşkil edib və separatizmə maliyyə dəstəyini fondların xətti ilə əsirgəməyib. 2016-cı ildə Arayik Arutunyanın, 2018-ci ildə isə Bako Saakyanın Vaşinqtona səfərlərində fəal iştirak edib.

Bred Şerman konqresmen olduğu ilk illərdən etibarən ABŞ dövlət büdcəsindən xarici yardımlar xətti ilə vəsaitlərin ayrılmasına rəhbərlik edib. O, USAID büdcəsindən uzun illər ərzində Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərmiş qondarma quruma milyonlarla dollar yardım ayrılmasına nail olub və bunu "dolayı yolla müstəqilliyin tanınması" kimi dəyərləndirib.
2016-cı ildə çıxışlarının birində B. Şerman USAID-in əhbəri Qeyl Smitə müraciət edərək işğal olunmuş ərazilərdə qurulan terrorçu rejimə birbaşa yardımın artırılmasını və Suriyadan olan erməni qaçqınlarının ehtiyaclarını ödəmək üçün səylərin genişləndirilməsini xahiş edib.
USAID-in ayırdığı pulların xeyli hissəsi birbaşa Qarabağdakı silahlı erməni terrorçularına, bölgənin Azərbaycandan qopardılması üçün aparılan hərbi-siyasi kampaniyalara xərclənirdi. Konqresmenin əsas məqsədi terrorçu rejimin tanınması olub. Hətta ABŞ dövləti tərəfindən terrorçuların idarə etdiyi qondarma qurumun dərhal tanınması tələbi irəli sürüb. Seçicilərinin sosial-iqtisadi problemləri, infrastruktur ehtiyacları və təhlükəsizlik məsələləri qaldığı halda, Şerman federal büdcədən 100 milyon dollardan çox fövqəladə yardım paketlərinin məhz Cənubi Qafqazdakı separatçı subyektlərə yönəldilməsi üçün fəal şəkildə çalışıb.
Seçicilərdən birinin onun qızı Molliyə sosial mediada yazdığı statusu xatırlatmaq istərdik:

"Salam Molli! Atanızdan “Sherman Oaks”-dakı bərbad yollarla bağlı nə isə etməsini xahiş edə bilərsinizmi? Təşəkkür edirəm! Nə o, nə də Ofisində heç kim bizi dinləmir. Düşündüm, bəlkə eyni kresloda 30 il oturduqdan sonra ondan, nəhayət, bir iş görməsinə siz nail ola bilərsiniz."
“Artsax” və erməni xalqı üçün milyonlarla dollarlıq təcili yardım paketi tələb edən və Cənubi Qafqazda separatçılığı dəstəkləyən konqresmen qeyd edir: “1997-ci ildə Xarici İşlər Komitəsinin üzvü kimi ilk addımlarımdan biri Artsax xalqına 12 milyon dollar yardım ayırmaq oldu və bu, Artsaxın müstəqilliyini dolayı yolla tanımağımız demək idi. İndi isə biz Artsaxın müstəqilliyini açıq şəkildə tanımalıyıq... Mən dəfələrlə ABŞ-ın Ermənistana, Artsaxa və Gürcüstanın Cavaxeti bölgəsinə birbaşa yardım göstərilməsini dəstəkləmişəm. Əslində, Artsaxa ABŞ yardımını təmin edən ilk vəsaitin ayrılmasına cavabdeh olan mənəm”.
Bu cümlə (“Artsax”ın müstəqilliyini dolayı yolla tanımaq idi ) beynəlxalq hüquq müstəvisində çox ciddi cinayət amilidir. Şerman açıq şəkildə etiraf edir ki, o, ABŞ vergi ödəyicilərinin pullarını (USAID vasitəsilə) humanitar məqsədlərlə deyil, Azərbaycanın (və Gürcüstanın) suverenliyinə qarşı yönəlmiş fəaliyyətlər üçün istifadə edib.
Şerman sadəcə fərdi bir münaqişə ilə maraqlanmır, onun xətti bütövlükdə Cənubi Qafqazın xəritəsini dəyişməyə yönəlmiş etnik separatizmin himayədarlığıdır. Gürcüstanın strateji bölgəsində erməni separatizmini maliyyələşdirmək cəhdi regional sabitliyi tamamilə partlatmağa və bölgə dövlətlərini zəiflətməyə hesablanmışdı.
O, USAID-in Qarabağda ekologiya, içməli su və digər humanitar layihələr adı altında pul ayrılmasına xüsusi təşəbbüskarlıq edib və istəklərinə nail olub.
B.Şerman özünü o qədər arxayın və təkəbbürlü hesab edirdi ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin adından xüsusi təzyiq tonunda sabiq dövlət katibi Mayk Pompeo qarşısında “Artsax”a dəstək göstərilməsi məsələsində təzyiq etməkdən belə çəkinmirdi.
Konqresmen Şerman Ermənistanı daim maliyyə ilə qidalandıran USAID-in pulayırma proqramında təşviqedici şəxs olub. Ona görə də, bu qurumun ləğvinə qarşı qəti şəkildə çıxıb. Şerman 2025-ci ilin fevral ayında ABŞ dövlət katibi Marko Rubioya göndərdiyi məktubda Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində dinləmələr zamanı bağlanmaya qəti şəkildə qarşı çıxıb və bildirib ki, Ermənistana yardım bərpa olunana qədər hər fürsətdə bu fəaliyyətinə davam edəcək.
"Niyə USAID-i qorumağa çalışırdı?
USAID-in hansı cinayətlər törətməsi, korrupsiya və çirkli pulların yuyulmasında iştirakı beynəlxalq ictimaiyyətə məlumdur. Donald Tramp USAID fəaliyyətini genişmiqyaslı korrupsiya, maliyyə saxtakarlığı və vəsaitlərin israfı kimi qiymətləndirdi və yüz milyonlarla vəsaitin mənimsənilməsi faktları üzə çıxdı.

Prezident Donald Trampın 2025-ci ilin fevralında USAID-dəki "dərin israf, mənimsəmə və sui-istifadə halları" barədə rəsmi Ağ Ev bəyanatı və Şermanın bu qurumu bağlamaq istəyən Dövlət katibi Rubioya qarşı qəti müqaviməti onun maraqlarını təsdiqləyir.
Dünyada geniş rezonans doğuran bu hadisələrə rəğmən, Şermanın USAID-i müdafiə etməsinin səbəbi gizli deyil. Vaşinqtonda hamı USAID-in şəffaf olmadığını, korrupsiya yuvasına çevrildiyini bəyan etdiyi halda, Şermanın bu qurumu fasiləsiz müdafiə etməsinin səbəbi tamamilə korporativ və lobbi maraqlarıdır. Çünki USAID dövlət nəzarətindən uzaq, sənədləşməsi dumanlı olan və "humanitar layihə" (ekologiya, su, mina təmizləmə proqramları) adı altında Qarabağdakı qanunsuz silahlı xuntanı maliyyələşdirmək üçün ən əlverişli "çirkli pulların yuyulması" kanalına çevrilmişdi. Şerman bu kanalın bağlanmasını öz maliyyə mərkəzinin məhvi kimi görürdü.
Pul və pornoqrafiya həvəskarı, qadınları qısnama və "siyasi qocalar evi"nin təqaüdçüsü
İndiyə qədər apardığımız araşdırmalarda korrupsiyaya bu qədər bulaşmış, əxlaq və etik baxımdan saysız-hesabsız tənqidlərə məruz qalan, qalmaqallardan “üzüağ çıxmağı” Şerman kimi bacaran ikinci bir araşdırma predmetinə rast gəlməmişdik. İndi həmin qaranlıq məqamlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq.
"Los Anceles Tayms” qəzetinin “Şermanın özünə geri ödəmə qərarı suallar doğurur” adlı məqaləsi onun əsl kimliyini üzə çıxardırdı. Belə ki, 2000-ci il şeçkilərində Bred Şerman əvvəlki seçkilərinə xərclədiyi şəxsi vəsaitini geri qaytarmaq qərarına gəlir və bunun üçün yeni seçkilərdə başqaları tərəfindən ianə edilmiş 245 min dolları “öz verdiyi borcları bağlamaq” üçün istifadə edir. Onun qeyri-qanuni olmasa da, bu qeyri-etik hərəkəti partiyadaşları tərəfindən şiddətlə qınanmışdı.

Daha əvvəl "X" sosial şəbəkəsində Şermanın təyyarədə erotik (pornoqrafik) məzmunlu fotolara baxarkən sərnişinlərdən biri tərəfindən lentə alınıb. Fotolarda onun “Ipad”-də pornoqrafiya izlədiyi digər bir sərnişin tərəfindən gizlicə çəkilmişdi.

Hadisənin özü qədər qəribə bununla bağlı edilə açıqlama idi. Şerman öz əməlinə görə məsuliyyət daşımaq yerinə absurd bəhanələrə əl atması və günahı platformanın sahibi İlon Maskın alqoritmlərində axtarması onun nə qədər sima və əxlaqdan uzaq bir siyasətçi olduğunu açıq şəkildə nümayiş etdirir. Fakt qarşısında qaldıqda belə üzrxahlıq etmək əvəzinə həyasızcasına manipulyasiya üsuluna əl atan konqresmen, əslində bütün karyerası boyu sərgilədiyi riyakar və məsuliyyətsiz davranış tərzinin növbəti əyani sübutunu ortaya qoymuş olur.
Bundan başqa qeyd edilməlidir ki, Şermanın bu hərəkəti sosial mediada böyük rezonans doğurmuş, onun paylaşdığı bütün status və tvitlərin altında konqresmenə çox sərt şəkildə reaksiya verirlər.
“Əgər təyyarədə övladlarınızın yanında oturan "əxlaqsız" “iPad”-ində açıq-saçıq fotoşəkillərə baxsaydı, nə edərdiniz? Mən ona dərhal bunu yığışdırmağını deyərdim. Əgər o, bunu etməsəydi, planşeti əlindən alar və polisə şikayət edərdim. Onun bu davranışı dövlət vəzifəsi tutan biri üçün biabırçılıqdır. Bred Şerman istefa verməlidir”.

"Onlar sənin əxlaqsız olduğunu bilirlərmi? Səni təyyarədə pornoqrafiyaya baxarkən tutdular. Sənə ar olsun! Bu, iyrəncdir!"

“Sən əxlaqsızsan və heç bir şey haqqında danışmağa haqqın yoxdur. Səni təyyarədə pornoqrafiyaya baxarkən tutdular! Sənə ar olsun!”

Bred Şermanın adı müxtəlif qalmaqalarda, o cümlədən köməkçisi Mett Dababne vasitəsilə ofisdə baş verdiyi iddia edilən cinsi qısnama və sui-istifadədə də hallanıb. Erik Qarsiyanın “Roll Call” nəşrindən qələmə aldığı “Şermanın köməkçisinə qarşı yeni cinsi qısnama iddiaları” adlı məqalədə qeyd edilən faktlar təsdiqini tapır.

Bred Şermanın öz ətrafına məhz belə əxlaqsız və qanunsuz əməllərlə tanınan kadrları toplaması, onun rəhbərlik etdiyi ofisdə hökm sürən mənəvi deqradasiyanın əyani sübutudur.
Köməkçisi Mett Dababnehin qadınlara qarşı törətdiyi silsilə cinsi qısnama və zorakılıq iddiaları sadəcə fərdi cinayət deyil, baş verənlərə göz yuman və bu cür mühiti dəstəkləyən rəhbərliyin ümumi simasını açır.
"Siyasi qocalar evi"nin təqaüdçüsü

Şermanla bağlı əsas iddialar onun yaşı və Konqresdəki 30 illik fəaliyyət müddəti olub. Onun qarşısına çıxan gənc demokrat rəqiblər (məsələn, Cayk Levin və Ceyk Rakov) Şermanın artıq "köhnə nəsil" siyasətçi olduğu mövzusunda açıqlamalar verir və onun getməli olduğunu deyirlər. Reklam çarxlarında Şermanın Konqresdə çox uzun müddət oturduğu, müasir texnologiyaları (blokçeyn, süni intellekt) başa düşmədiyi və rəqəmsal dövrün tələblərinə cavab vermədiyi vurğulanır.
Sosial mediada da Şermanın hazırda əlindən heç bir iş gəlməyən, yararsız və vaxtı keçmiş konqresmen olduğu barədə fikirlər yayılır. Həmin şərhlərdən bəzilərini təqdim edirik:
“Bred Şerman 30 ildir ki, xidmət edir, mən buna hörmət edirəm. Lakin partiyamız dönüş nöqtəsindədir. Antisemitizm güclənir. Səssizlik liderlik deyil. Məşəli ötürmək vaxtı gəldi”.

Mən Bred Şermanın gözlərinin içinə baxıb ona həqiqəti dedim: Konqresdə keçən 30 il və işləyən insanlar üçün ortada heç bir nəticə yoxdur. Çünki o, bizim üçün mübarizə aparmır. O, AIPAC, "BlackRock" və xüsusi maraqlar üçün mübarizə aparır. Biz daha yaxşısına layiqik”.

"Sən Konqresi tərk etməlisən. Biz səni uzaqlaşdıracağıq".

"Bred, mən inanmıram ki, bizim hüquqlarımız səni hakimiyyətdə saxlayan korporativ pulların verdiyi şeylərə uyğundur, dostum."

“30 il bəsdir, istefa ver, Bred”

Beynəlxalq münasibətlərdə ikili standartlar və "insan haqları" alverçiliyi
Şermanın "Xarici siyasət" profilinə baxdıqda bəlli olur ki, onun insan haqları anlayışı coğrafi cəhətdən seçici xarakter daşıyır. O, Uyğur türklərinin məcburi əməyini monitorinq etmək qanununu (2020) dəstəkləyərək "humanist" imici yaradır. Lakin məsələ Ermənistan daxilində kilsənin və Rusiya yönümlü oliqarxların dövlət çevrilişinə cəhd etməsinə, yaxud Ruben Vardanyan kimi separatçı maliyyə fırıldaqçılarının mühakiməsinə gəldikdə, o, dərhal demokratiya prinsiplərini unudur və erməni revanşizminin vəkili kimi çıxış edir.
Qeyd edək ki, Paşinyan hökuməti arxiyepiskopları və rus-erməni biznesmen Samvel Karapetyanı “dövlət çevrilişi”, “terror aktları” və konstitusiya quruluşuna qarşı çıxış ittihamı ilə həbs etmişdir. Şerman isə bundan açıq narahatlığını bildirib: “Ermənistan dissidentlərinin, o cümlədən Samvel Karapetyanın və erməni kilsəsinin ruhanilərinin həbslərindən dərin narahatam… Münasibətimiz demokratiyaya əsaslanır.” O, bunu Ermənistan səfiri ilə də müzakirə edib. Ermənistan hakimiyyəti isə cavab verib ki, həbslər terror əsaslı çevriliş cəhdlərinə görədir.
Qəribədir ki, hətta ermənilər, seçiciləri ona bu şəxslərin Rusiyanın adamları olduqlarını xatırlatsalar da, Şerman nə statusunu silir, nə də əks-arqument gətirir. Diqqət edək:
Bu statusu Şerman “X”-də yazıb:

Bunlar isə ona yazılan cavablardır:





Bu, onun qərarlarının prinsiplərə deyil, etnik korrupsiyaya bulaşdığının sübutudur.
Bred Şermanın səsvermə profili göstərir ki, ideoloji olaraq "Amerikanın maraqlarını qoruyan siyasətçi" yox, fərdi siyasi karyerasını təmin etmək üçün hər şeyi satmağa hazır olan fürsətçi fiqurdur. Onun fəaliyyətindəki bütün bu "şübhəli" elementlər vahid bir məqsədə xidmət edir: ABŞ daxilindəki etnik azlıqların (xüsusilə ermənilərin) və miqrantların nəzarətsiz səslərini yığmaq, bunun müqabilində isə Konqres kürsüsünü qorumaq. Bu yolda o, ABŞ-nin xarici tərəfdaşları ilə münasibətlərini də, regional sülhü də rahatlıqla qurban verir.
Erməni lobbisinin ABŞ siyasətçilərinə təsir göstərmək üçün istifadə etdiyi maliyyələşdirmə və "reytinq" sistemi
ABŞ siyasətində, xüsusilə ANCA siyasətçilərə təsir mexanizmləri fərziyyələrə deyil, rəsmi sənədlərə, rəqəmlərə və ABŞ-nin qanuni mexanizmlərinə əsaslanır. ANCA və oxşar lobbi qruplarının konqresmenləri, o cümlədən Bred Şermanı öz xətlərində saxlamaq üçün istifadə etdikləri iki əsas, şəffaf və faktiki alət mövcuddur: "Report Card" (Konqres Hesabat Kartı) sistemi və Federal Seçki Komissiyasının (FEC) qeydiyyatındakı maliyyə axınları.
ANCA-nın Qiymətləndirmə və Reytinq Sistemi
ANCA-nın rəsmi internet saytında hər bir ABŞ konqresmeni üçün xüsusi profil və qiymətləndirmə (reytinq) səhifəsi mövcuddur. Bu, lobbinin siyasətçiləri açıq şəkildə təqdir və ya cəzalandırma mexanizmidir.
ANCA-nın rəsmi hesabat sənədlərinə əsasən, Bred Şerman 117-ci və 118-ci Konqres dövrlərində "A+" dərəcəli reytinq (ən yüksək ermənipərəst qiymət) alıb.

Qiymətləndirmə faktiki addımlara görə hesablanır. Şermanın profilində onun reytinqini yüksəldən konkret bəndlər qeyd olunub:
- Azərbaycana qarşı 907-ci düzəlişin tam bərpası qanunlarına "HƏ" səs verməsi.
- "Artsaxın (Qarabağın) müstəqilliyi" bəyanatlarına imza atması.
- Ruben Vardanyanın və digər məhbusların azad edilməsi üçün təqdim etdiyi qanunvericilik düzəlişləri (Sherman Amendment).
Bu reytinq sadəcə bir kağız parçası deyil. Kaliforniyanın 32-ci dairəsində (San-Fernando vadisi) sıx yaşayan erməni seçicilər seçki məntəqəsinə gedərkən ANCA-nın bu rəsmi "Report Card" siyahısına baxırlar. Əgər bir konqresmenin qiyməti "A" yox, "C" və ya "F" olarsa, erməni icması mütəşəkkil şəkildə onun əleyhinə səs verir və onu kürsüsündən məhrum edir.
2. Maliyyə təsiri və səs toplama coğrafiyası (FEC faktları)
ABŞ-də fərdi şəxslərin və komitələrin namizədlərə etdiyi yardımlar Federal Seçki Komissiyasının (FEC) və müstəqil monitorinq təşkilatı olan OpenSecrets platformasının rəsmi hesabatlarında qeyd olunur.

ABŞ qanunlarına görə, korporasiyaların və ya xarici təşkilatların birbaşa namizədə böyük məbləğdə pul köçürməsi qadağandır. ANCA bu qanunu "bundling" (yığım/paketləmə) üsulu ilə keçir. Təşkilat öz icma üzvlərinə (məsələn, Los-Ancelesdəki imkanlı erməni iş adamlarına və ya Kurken Alyanakian kimi xeyriyyəçilərə) rəsmi çağırış edir. Bu şəxslər qanunun icazə verdiyi maksimal fərdi hədd çərçivəsində (məsələn, seçki dövrü üçün 3500 dollar) Şermanın seçki fonduna fərdi ianələr köçürürlər.

Nəticədə, rəsmi hesabatda pul "ANCA" adından deyil, "Kaliforniya sakinləri" adından daxil olmuş kimi görünür, lakin vahid bir mərkəzdən mütəşəkkil şəkildə idarə olunur. Bu haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.
"PAC" (Siyasi Fəaliyyət Komitələri) və reklam kampaniyaları: ANCA özünün rəsmi qeydiyyatdan keçmiş fondları vasitəsilə birbaşa Şermanın rəqiblərinə qarşı "anti-reklam" kampaniyaları aparır. Məsələn, yaxın keçmişdə digər ştatlarda erməni maraqlarına qarşı çıxan konqresmenlərə qarşı ANCA-nın birbaşa böyük pullarla rəsmi qaralama və ittiham kampaniyaları başlatması faktları mövcuddur. Bu, Bred Şerman kimi siyasətçilərə "əgər bizim dediyimizi etməsəniz, növbəti hədəf siz olacaqsınız" mesajını verən konkret faktdır.
Bütün bu mexanizmlər onu göstərir ki, Şermanın fəaliyyətində heç bir "gizli sui-qəsd" və ya fərziyyə axtarmağa ehtiyac yoxdur. Proses tamamilə rasional qərara əsaslanır:
- ANCA Şermana hazır qanun layihələri və sanksiya mətnləri təqdim edir.
- Şerman bu mətnləri rəsmi olaraq Konqresə çıxarır (misal üçün, “Sherman Amendment”).
- Bunun müqabilində ANCA onun “hesabat kartı”na "100%" və ya "A+" qiyməti yazır.
- Erməni icması bu qiymətə əsasən Şermanın seçki kampaniyasına milyonlarla dollar fərdi ianə axıdır və seçkidə kütləvi şəkildə ona səs verərək onun konqresmen kürsüsünü qoruyur.
Şerman ABŞ maraqlarına qarşı necə çıxır?
Son illərdə (xüsusilə 2025–2026) ABŞ rəsmi siyasəti Cənubi Qafqazda sülhü və ərazi bütövlüyünü dəstəkləyir, regional kommunikasiyaların açılmasını prioritet hesab edir, Azərbaycanla strateji tərəfdaşlığı (enerji, nəqliyyat, təhlükəsizlik) dərinləşdirir, Xəzər qazının Avropaya alternativ tədarükünü gücləndirməyə çalışır, Azadlğa Dəstək Aktına 907-ci düzəlişin tətbiqini dayandırmağa çalışır ki, əməkdaşlıq mümkün olsun.
Bu arada Şerman (və Konqresdəki erməni frakasiyası) isə ardıcıl olaraq “907-ci düzəliş”in sərt tətbiqini və ya gücləndirilməsini tələb edir, Azərbaycana hərbi yardım və silah satışına qarşı çıxır, sanksiya və təzyiq mexanizmləri irəli sürür, müharibə cinayətkarlarının azad edilməsi tələbi ilə çıxış edir.
Bu isə Ağ Evin balanslaşdırılmış diplomatik xətti ilə daban-dabana ziddiyyət təşkil edir.
Paralel olaraq Rusiyanın da mövqeyinə baxmaq yerinə düşər. Rusiya Cənubi Qafqazda klassik “idarəolunan qeyri-sabitlik” strategiyası yürüdür. Belə ki, konfliktin tam həllini və regional inteqrasiyanı əngəlləmək onun marağındadır (tranzit monopoliyası, təsir rıçaqları, hərbi bazalar). Ermənistanın Qərbə yönəlmək cəhdləri Moskvanı narahat edir. Rusiya iqtisadi təzyiq, hibrid müdaxilə, rusiyapərəst qüvvələrə (Qarabağ klanı, bəzi oliqarxlar) dəstək göstərir. Hərtərəfli sülh üstəgəl TRIPP/Orta Dəhliz tipli layihələr Rusiyanın regiondakı mövqeyini zəiflədir.
Erməni lobbisinin sülhə və Azərbaycanla normallaşmaya qarşı mövqeyi Rusiya maraqlarına xidmət edir. Çünki bu cür destruktiv yanaşma gərginliyi uzadır və Qərb layihələrini ləngidir.
Şermanın mövqeyi onilliklərdir eyni xətdədir və əsasən Kaliforniyadakı böyük erməni icmasının gözləntilərinə, ANCA reytinqinə və siyasi karyerasına bağlıdır. Onun Rusiya ilə birbaşa əlaqəsi, koordinasiyası və ya Rusiya maraqlarını şüurlu şəkildə müdafiə etməsi barədə sübut yoxdur.
Lakin Şermanın təşəbbüsləri ABŞ-nin cari strateji prioritetləri ilə ziddiyyət təşkil edir. O, regionda sülh, kommunikasiya və enerji təhlükəsizliyi xəttini çətinləşdirməklə, faktiki olaraq Rusiya üçün əlverişli olan status-kvonun qorunmasına töhfə verir – istər şüurlu, istərsə də şüursuz şəkildə.
Rusiyadan gələn mühacir yəhudi ailəsində böyüməsi fonunda onun hansısa gizli təsirlər və ya maraq dairələri altına düşmə ehtimalı da diqqətdən kənarda qala bilməz.
Bu yanaşma geosiyasi təhlillərdə tez-tez rast gəlinən "maraqların üst-üstə düşməsi" prinsipinə əsaslanır. Birbaşa təlimatlarla deyil, dolayı mexanizmlər və lobbi vasitəsilə Rusiya tezislərinin reallaşmasına xidmət edən bu ssenarini və Şermanın fəaliyyət prinsiplərini hansı müstəvidə qiymətləndirmək olar?
Bred Şermanın Rusiya tezislərini realizə etmə mexanizmini və bu prosesin fəaliyyət müstəvisini üç əsas analitik çərçivədə qiymətləndirmək olar:
1. "Faydalı axmaq" (Useful Idiot)
Kəşfiyyat nəzəriyyəsində bu, bir şəxsin xarici dövlət tərəfindən birbaşa rüşvətlə ələ alınmadığı, lakin öz daxili ideologiyası, seçki şantajı və ya maliyyə asılılığı ucbatından həmin xarici dövlətin maraqlarına tam xidmət edən addımlar atdığı vəziyyətdir.
Fəaliyyətindən belə məlum olur ki, Şerman üçün prioritet ABŞ-nin Cənubi Qafqaz strategiyası deyil, onun daxili seçki dairəsindəki (Kaliforniya) erməni icmasının səsləri və ANCA-nın seçki fonduna təmin etdiyi ianələrdir. Rusiya kəşfiyyatı və lobbi şəbəkələri məhz bu asılılığı bildiyi üçün Şermanı birbaşa hədəf almırlar. Onlar ANCA daxilindəki radikal revanşist tezisləri (məsələn, "Qarabağ separatçılarının azad edilməsi", "Azərbaycana sanksiya") qızışdırırlar. Şerman isə seçki marağı naminə bu tezisləri qanun layihəsinə çevirir. Burada Şerman şüurlu Rusiya casusu deyil, erməni lobbi mexanizminin idarə etdiyi və nəticədə Kremlin regional maraqlarına xidmət edən funksional alətdir.
2. "Taktiki proksi"
Bu müstəvidə ANCA Rusiya ilə Bred Şerman arasında birləşdirici və ötürücü xətt rolunu oynayır.
Rusiyanın Cənubi Qafqazda əsas məqsədi Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasını ləngitmək, Zəngəzur dəhlizinin açılmasına mane olmaq və regionda hərbi-siyasi gərginliyi saxlamaqdır. Çünki gələcəkdə imzalanacaq sülh sazişi rəsmi Moskvaya regionda ehtiyacı azaldır. ANCA-nın bəyanatları və qaldırdığı məsələlər (revanşizm, Bakıya təzyiq) Rusiyanın bu hədəfləri ilə 100% üst-üstə düşür. Şerman Konqresdə xarici yardımların kəsilməsini və ya Bakıya sanksiya tətbiqini tələb edəndə, o, əslində ABŞ-nin bölgədəki diplomatik manevr imkanlarını məhdudlaşdırır və Vaşinqtonu oyundan kənarlaşdırır. Vaşinqton zəiflədikdə isə yaranan geosiyasi boşluğu dərhal Moskva doldurur.
Bu, "maraqların kəsişməsi" geosiyasi müstəvisidir. Şerman daxili auditoriyaya özünü "insan hüquqları müdafiəçisi" kimi satsa da, onun fəaliyyət mexanizmi Rusiyanın regiondakı proksi (vəkil) siyasətinin ABŞ qanunverici orqanındakı əks-sədasıdır.
Rusiya və erməni lobbi şəbəkələri Şermanın mənşəyini, siyasi ambisiyalarını və zəifliklərini analiz edərək, onu ABŞ daxili siyasətində öz geosiyasi tezislərinin ruporuna çevirməyi bacarıblar.
XXI əsrdə xarici təsir agenti olmaq üçün xüsusi təlim keçmək və ya Kremldən birbaşa gizli şifrəli mesajlar almağa ehtiyac yoxdur. Müasir lobbiçilik, zəngin fərdi donor şəbəkələri və ANCA kimi institutlar elə bir şərait yaradır ki, Bred Şerman kimi konqresmenlər ABŞ xalqının maraqlarını müdafiə etdiklərini zənn edərək, faktiki olaraq rəsmi Moskvaya Cənubi Qafqazda öz imperiya ambisiyalarını reallaşdırmaq üçün ən böyük qanunvericilik dəstəyini verirlər.
Aşağıdakı iki konkret tarixi və sənədləşdirilmiş fakt, ABŞ-nin sülh diplomatiyası yürütmək istədiyi həssas anlarda Şermanın daxildən necə maneələr yaratdığını faktlarla sübut edir:
1. 2026-cı il iyul qalmaqalı: Rəsmi sülh çərçivəsinin təzyiq altına salınması
ABŞ Dövlət Departamenti və Ağ Ev Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında tam sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional inteqrasiya üçün intensiv diplomatik vasitəçilik xətti yürüdür. ABŞ-nin bu rəsmi sülh çərçivəsində tərəflərin bir-birinin daxili mühakimə sisteminə müdaxilə etməməsi prioritet təşkil edir.
Məhz sülh danışıqlarının kritik mərhələsində Bred Şerman ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində H.R. 9087 (Xarici Xidmət Aktı) qanun layihəsinə xüsusi düzəliş daxil edir.
Şerman tərəfindən irəli sürülən və ANCA tərəfindən dəstəklənən bu düzəliş, rəsmi Bakının terrorizm və müharibə cinayətləri ilə mühakimə etdiyi erməni separatçı liderlərinin (o cümlədən Ruben Vardanyan kimilərinin) "dərhal və qeyd-şərtsiz" azad olunmasını tələb edirdi.
Rəsmi Bakıya qarşı elan edilən bu sərt tələb Azərbaycanla ABŞ arasındakı diplomatik etimadı sarsıtmağa, Ermənistanla sülh sazişini pozmağa və regionda gərginliyin qalmasını istəyən Moskvanın strateji hədəfləri ilə tam eyni anlama gəlir.
2. Azadlığa Dəstək Aktına 907-ci düzəliş üzərindən təzyiqlər
Vaşinqton Azərbaycanla təhlükəsizlik və anti-terror sahəsində regional əməkdaşlığı qorumaq üçün hər il "Azadlığa Dəstək Aktı"nın rəsmi Bakıya birbaşa yardımları məhdudlaşdıran “907-ci düzəliş”in icrasını müvəqqəti dondurur. Bu, ABŞ-nin regionda balanslı vasitəçi olması üçün vacib rıçaqdır.
Bred Şerman və “erməni fraksiyası” Konqresdə mütəmadi olaraq bu "dondurma" hüququnun ləğv edilməsi və Azərbaycana qarşı Qlobal Maqnitski Aktı çərçivəsində sərt sanksiyaların tətbiq olunmasını tələb edən qanunvericilik təşəbbüsləri irəli sürür. ABŞ-nin regiondakı ən böyük enerji və təhlükəsizlik tərəfdaşı olan Azərbaycanla əlaqələri tamamilə kəsmək cəhdi, Vaşinqtonu regiondakı proseslərdən təcrid edir. ABŞ-nin vasitəçilik rolunu itirməsi isə birbaşa olaraq Kremlin Cənubi Qafqazda yeganə hərbi və siyasi hakim qüvvə kimi qalmasını təmin edir.
Amerikanın Erməni Milli Komitəsi – ANCA
ANCA (Armenian National Committee of America) ABŞ-dəki ən böyük və nüfuzlu erməni-amerikan lobbi təşkilatıdır. O, qanuni şəkildə fəaliyyət göstərir, diasporun səsini Konqresdə təmsil edir və əsasən soyqırımın tanınması, Ermənistana yardım, Azərbaycan və Türkiyəyə qarşı təzyiq və Qarabağdakı keçmiş separatçı rejimlə bağlı mövzularda işləyir. Rusiya ilə birbaşa, sübut olunmuş təşkilati və ya maliyyə əlaqəsi barədə açıq mənbələrdə etibarlı sənəd yoxdur. Lakin bir sıra tarixi, ideoloji və cari faktlar maraqların üst-üstə düşməsini göstərir.
ANCA “Daşnaksutyun”-un (Armenian Revolutionary Federation, ARF) ABŞ-dəki əsas lobbi qoludur. ABŞ-nin İrəvandakı Səfirliyinin 2004-cü il tarixli (sonralar açıqlanan) sənədində birbaşa yazılıb: “Erməni İnqilabi Federasiyasının (Daşnaksutyun) ABŞ-də fəaliyyət göstərən siyasi təşviqat qolu Amerikanın Erməni Milli Komitəsidir (ANCA). ANCA ABŞ-də Daşnaksutyun siyasətinin əsas siyasi sözçüsüdür”.
Digər mənbələr də ANCA-nın Daşnaksutyun ilə əlaqədar olduğunu qeyd edir. Bir çox akademik və analitik mənbələrdə ANCA “onun ABŞ-dakı “lobbi qolu” və ya “siyasi sözçüsü” kimi təsvir olunur.
“Daşnaksutyun”-un tarixi mürəkkəbdir: əvvəllər anti-bolşevik olmuş, sonralar isə Sovet dövründə KQB-nin diaspor şəbəkələrinə nüfuz etməsi barədə iddialar var (“Mitroxin arxivi”, Oleq Kaluqinin xatirələri). Bəzi mənbələr onun müəyyən dövrlərdə sovet kəşfiyyatı tərəfindən “neytrallaşdırıldığını” iddia edir.
Keçmiş KQB general-mayoru, xarici əks-kəşfiyyat rəhbəri Oleq Kaluqin (sonralar ABŞ tərəfinə keçib) öz kitabında (“Spymaster” və digər materiallarda) açıq yazır:
“Biz ən dərindən nüfuz etdiyimiz mühacir təşkilatı ermənilərin “Daşnaktsutyun” partiyası idi. Vaxtilə bu, müstəqil erməni dövləti uğrunda mübarizə aparan sərt millətçi qrup idi. Zamanla biz ora o qədər agent yerləşdirdik ki, bəziləri hətta rəhbər vəzifələrə qədər yüksəldi. Biz qrupu effektiv şəkildə neytrallaşdırdıq və 1980-ci illərdə “Daşnaktsutyun “artıq Ermənistanda sovet hakimiyyətinə qarşı mübarizə aparmırdı. Təşkilat və onun bəzi üzvləri KQB tərəfindən cəlb olunmuşdu.”
ANCA sülh gündəliyinə və TRIPP/Zəngəzur dəhlizinə qarşı çıxır, bunu “saxta sülh”, “güzəşt” və “suverenliyin itirilməsi” kimi qiymətləndirir. Eyni dövrdə Rusiya da Paşinyanın Qərbə yönəlməsini, KTMT-dən uzaqlaşmasını və Azərbaycanla normallaşmanı öz maraqlarına zidd hesab edir.
Moskva iqtisadi təzyiq, hibrid müdaxilə və rusiyapərəst müxalifəti (Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası, Koçaryan və s.) dəstəkləyir. ANCA rəhbəri Aram Hamparian bəzi hallarda Rusiya mənşəli oliqarx, ABŞ Xəzinədarlığının “Kremlin siyahısı”ında olan şəxs – Karapetyanı və kilsənin (bəzi qanadlarının Rusiya ilə əlaqələri olduğu bildirilir) müdafiəsinə qalxıb və ABŞ rəsmilərinin məsələn, vitse-prezident Vens və ya dövlət katibi Rubionun səfərlərini “müdaxilə” adlandırıb.
“Daşnaktsutyun” rəhbərliyi sovet Ermənistanı rəsmiləri ilə gizli görüşlər keçirib (milli məsələlər, diaspor-vətən əlaqələri, Türkiyəyə qarşı mövqe və s. haqqında). ARF bunu “milli maraqların müzakirəsi” kimi izah edir və agentura kimi qiymətləndirmir. “Mitroxin arxivi” və digər deşifrə olunmuş materiallara görə, KQB-nin erməni diasporunda (o cümlədən daşnaklara qarşı və ya onlar haqqında) agentura işi apardığını göstərir.
Aydın məsələdir ki, ANCA birbaşa Rusiya təşkilatı deyil. O, ABŞ-də qeydiyyatdan keçmiş, diaspor əsaslı, lobbi qrupudur. Lakin son illərin (xüsusən 2023-cü ildən sonra və 2025-2026 sülh prosesi zamanı) müşahidəsi göstərir ki, ANCA-nın mövqeyi rusiyayönümlü qüvvələrin mövqeyi ilə üst-üstə düşür.
Tənqidçilər bunu “maraqların konvergensiyası” adlandırır: ANCA-nın lobbi siyasəti ilə Moskvanın “idarə olunan qeyri-sabitlik” strategiyası eyni nəticəni istəyir – sülhün və Qərb inteqrasiyasının pozulması.
Burada tarixi kontekst də var ki, bundan Sovet dövründə KQB diaspor şəbəkələrindən istifadə edib. Yəni indiki halda bu faktlar ANCA-nın “Rusiyanın aləti” olduğunu sübut etmir, amma Moskvanın bu şəbəkələri “təsir vasitəsi” kimi gördüyünü göstərir.
Qondarma rejimin “rəhbərləri”nin bir çoxu (xüsusən Ruben Vardanyan kimi) Rusiya ilə dərin biznes və siyasi əlaqələrə malik olub. Rusiya onilliklər boyu Qarabağ münaqişəsini öz təsir rıçaqı kimi istifadə edib.
ANCA-nın ideoloji anası olan “Daşnaksutyun” partiyası tarix boyu və hazırda da Ermənistanda ən qatı rusiyapərəst, sülh əleyhdarı və revanşist qüvvədir. Onlar hazırda Ermənistan daxilində Qərbə inteqrasiya tərəfdarı olan qüvvələrin əleyhinə Rusiyanın maraqlarına uyğun olaraq mitinqlər təşkil edirlər.
Şerman ANCA-dan ianə və siyasi dəstək alır, ANCA isə öz növbəsində Rusiyaya bağlı separatçıları və onların müdafiə etdiyi status-kvonu qorumağa çalışır. Şerman Konqresdə separatçıların azad olunması üçün qanun layihəsi hazırlayır. Nəticədə, Şerman ANCA vasitəsilə dolayısı ilə Rusiyanın marionetlərinə qalxan rolunu oynamış olur.
Bred Şerman ABŞ dövlətindən maaş alsa da, onun qanunvericilik təşəbbüslərinin coğrafi vektoruna baxdıqda, Vaşinqtonun deyil, Moskvanın strateji maraqlarının təmin olunduğunu görmək olar. Şermanın əsas siyasi və maliyyə himayədarı olan ANCA, Cənubi Qafqazda Kremlin rəsmi tezislərini (separatizmin saxlanılması, sülhün gecikdirilməsi) icra edən bir proksi təşkilat funksiyasını yerinə yetirir. Bu mənada, Harvard məzunu olan Şerman, erməni lobbisinin şirin vədləri və maliyyə yardımları qarşılığında, əslində regional sülhü pozmaq istəyən Rusiya geosiyasətinin ABŞ Konqresindəki ən faydalı alətlərindən birinə çevrilmişdir.
Şermanın Ruben Vardanyan (pul) sevgisi
Ruben Vardanyan sadəcə bir iş adamı deyil, Rusiyanın ən böyük investisiya banklarından biri olan "Troika Dialog"un keçmiş rəhbəridir. Beynəlxalq jurnalist araşdırmaları (məsələn, OCCRP hesabatları) onun milyardlarla dollarlıq Rusiya vəsaitlərinin ofşorlar vasitəsilə yuyulmasında ("Troika Laundromat" qalmaqalı) əsas fiqur olduğunu sübut edib. O, Kremlin oliqarx elitasının ən etibarlı şəxslərindən biri olub.
2022-ci ilin sentyabrında Vardanyan qəfildən Rusiya vətəndaşlığından imtina edir və Rusiyanın birbaşa razılığı və himayəsi ilə Qarabağa gələrək separatçı rejimin "dövlət naziri" təyin olunur. Bu addım ABŞ və Qərb analitik mərkəzləri tərəfindən Kremlin regionda sülh müqaviləsinin imzalanmasını əngəlləmək və öz hərbi varlığını qorumaq üçün atdığı geosiyasi gediş kimi qiymətləndirilirdi.
Vardanyan separatçı rejimdə “çalışdığı” və Azərbaycanın müvafiq orqanları tərəfindən saxlanıldığı dövrdən ABŞ-dəki erməni lobbisi onun “müdafiəsi” üçün genişmiqyaslı kampaniyaya başladı. ANCA-nın əsas hədəfi Vardanyanın Rusiya oliqarxı və Kremlin layihəsi olduğu faktını gizlədərək, onu Qərbə "humanitar xadim" və "siyasi məhbus" kimi sırımaq idi. Çünki Vardanyanın həbsi, Rusiyanın regiondakı ən böyük rıçaqlarından birinin qırılması anlamına gəlirdi.
Növbəti tədqiqat materialımızda Bred Şermanın fəaliyyətinin daha qaranlıq tərəfləri – lobbi təşkilatlarının hesabatları və rəsmi dövlət qurumlarının arxiv sənədlərinə istinadən maliyyə maxinasiyaları, şübhəli ianə mənbələri, eləcə də Rusiya və erməni dairələri ilə əlaqəli şəxslərin və şirkətlərin maliyyə dəstəyi ilə bağlı təkzibolunmaz faktlar təqdim olunacaq.