Axtarış

Select theme:

"Sərhədsiz Reportyorlar"ın sərhədli fəaliyyətləri – I hissə

“Reporters sans frontières” (RSF) fransızcadan “Sərhədsiz Reportyorlar” kimi tərcümə olunan bu təşkilat mətbuat azadlığını “müdafiə edən”, lakin qlobal miqyasda ciddi siyasi qalmaqallar, maliyyə şəffaflığı problemləri və müəyyən maraqlara xidmət etməkdə ittiham olunan Paris mərkəzli beynəlxalq qeyri-hökumət təşkilatıdır.

RSF-in:

  • Dünya üzrə 134 müxbiri;
  • 6 beynəlxalq bölməsi (Almaniya, Avstriya, İspaniya, Finlandiya, İsveç, İsveçrə);
  • 1 beynəlxalq mənzil-qərargahı (Paris, Fransa);
  • və 7 ofisi (London, Brüssel, Tunis, Vaşinqton, Rio-de-Janeyro, Dakar, Taypey) var.

Faktyoxla təşkilatın Azərbaycana qarşı qərəzli fəaliyyətini nəzərə alaraq, bir sıra məsələləri araşdırmaq qərarına gəlib.

RSF-in rəsmi veb-səhifəsində 2020-ci ildən bu günə kimi 50-dən çox, o cümlədən 2024–2026-cı illərdə Azərbaycanla bağlı 20 yazı gedib ki, onların da hamısı ölkəmizə qarşı olub.

Maraq üçün, RSF-nin Fransa ilə bağlı yazılarını nəzərdən keçirərkən, görünən mənzərə bizi xeyli “təəccübləndirdi”. Təşkilatın bir-iki xırda çağırışını çıxmaq şərti ilə o, Fransa dövlətini nəyinki tənqid edir, əksinə ondan mükafat alır, hətta Fransanın Audiovizual və Rəqəmsal Kommunikasiya üzrə Tənzimləyici Qurumu olan “Arcom”-un fəaliyyətini yüksək qiymətləndirir.

Bəzi hallarda isə Arcom RSF-nin “araşdırma xidmətləri”ndən istifadə edərək hansısa tv kanala qarşı tədbir görür. Misal üçün, Fransada ultra-sağ baxışları ilə seçilən “CNews” kanalına qarşı atılan addımları qeyd etmək olar.

Və yaxud "X" platforması və onun sahibi Elon Maska qarşı RSF Fransanın hüquq mühafizə orqanları ilə paralel hərəkət edir. Cari ildə Paris Prokurorluğunun Kibercinayətlər bölməsi ABŞ-li maqnatın özünü dindirməyə cəhd edib, təşkilat isə platformaya qarşı şikayət ərizəsini həmin bölməyə təqdim edib.

Beləliklə, RSF 1985-ci ildə Fransanın Monpelye şəhərində Robert Ménard, Rémy Loury, Jacques Molénat və Émilien Jubineau tərəfindən yaradılıb və 1995-ci ildə QHT kimi qeydiyyata alınıb. Uzun illər təşkilata rəhbərlik edən Robert Ménard sonradan fəaliyyətini tamamilə dəyişərək Fransada ifrat sağçı, anti-mühacir və millətçi siyasətçi kimi tanınmış, rəsmi siyasi vəzifələrə seçilmişdir. Bu fakt təşkilatın fundamental dəyərlərinin obyektivliyini hələ yarandığı dövrdən sual altına qoyub.

Robert Menar RSF-nin obyektivliyi haqqında ən çox müzakirə olunan məsələlərdən biridir. O təxminən 23 il (1985–2008) təşkilata rəhbərlik edib. 2008-ci ildə rəhbərliyi Jean-François Julliarda ötürüb və təşkilatdan ayrılıb. Ménar RSF-dən ayrıldıqdan (o dövrdə sol baxışlara malik idi) sonradan tamamilə fərqli siyasi xəttə (sağ radikal) keçib.

2014-cü ildə Béziers şəhərinin meri seçilib (ifrat sağçı "Milli Cəbhə" / Marine Le Pen-in partiyasına yaxın), anti-mühacir, islamofob və millətçi mövqeləri ilə tanınıb.

Bu müddət ərzində Fransada müsəlmanların sayının artmasını "böyük əvəzləşmə" (Grand Remplacement) sui-qəsd nəzəriyyəsi ilə əlaqələndirib, məktəblərdə müsəlman uşaqlarının sayının statistikasını aparmağa cəhd edib, baxmayaraq ki, Fransada etnik/dini məsələlərlə bağlı statistika aparmaq qadağandır. O, "kabab restoranları"na qadağa qoymaq istəyib, mühacirləri "işğalçı" adlandırıb və nəhayət nifrət və ayrı-seçkilik təhriki ittihamı ilə məhkəməyə verilib və cərimələnib. bbc

Təşkilat iddia edirdi ki, onun şəxsi görüşləri RSF-nin siyasətini müəyyənləşdirmir. Əslində isə 23 il ərzində təşkilatın əsas prinsipləri, ekspert şəbəkəsi və indeks metodologiyası onun rəhbərliyi altında formalaşıb. Bir çox tənqidçilər (xüsusilə qeyri-Qərb mənbələr) hesab edir ki, Menarın keçmişi RSF-nin müsəlman ölkələrinə, mühacir mənşəli icmalara və ya müəyyən regionlara (o cümlədən Azərbaycan kimi) qarşı sərtliyi ilə birbaşa əlaqəlidir. RSF-nin bu ölkələrdəki media azadlığı ilə bağlı hesabatları bəzən "islamofob" kontekstdə qiymətləndirilir. institute.aljazeera

Robert Menarın ən məşhur anti-müsəlman və anti-mühacir çıxışlarından bəziləri:

  • 5 sentyabr 2016, LCI televiziya kanalı: “Mənim şəhərimin mərkəzindəki bir sinifdə uşaqların 91%-i müsəlmandır. Təbii ki, bu problemdir. Dözümlülüyün də bir həddi var.”
  • 1 sentyabr 2016 (məktəblərin açılış günü), X-də (keçmiş “Twitter”-də): “#Məktəblərin açılışı: Böyük əvəzləşmənin (Grand Remplacement) davam etdiyinin ən bariz sübutu. Köhnə sinif fotolarına baxmaq kifayətdir.”

     

Təşkilatın maliyyələşmə mənbəyi və formaları

RSF rəsmi olaraq müstəqil olduğunu iddia etsə də, büdcəsinin yarıdan çoxu (təxminən 54%-i) birbaşa Qərb hökumətlərindən gəlir. Bura Avropa Komissiyası, Fransa İnkişaf Agentliyiİsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi daxildir.

ABŞ-nin siyasi məqsədli NED fondu və milyarder Corc Sorosun "Açıq Cəmiyyət İnstitutu" kimi fondlar təşkilatın əsas donorları sırasındadır.

2005-ci ildə Robert Menar təşkilatın ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Demokratiyaya Dəstək Milli Fondundan (NED) pul aldığını özü etiraf edib. NED-in bir çox ölkələrdə dövlət çevrilişlərində adı hallandığı üçün bu fakt RSF-nin müstəqil fəaliyyət göstərmə imicinə ciddi kölgə salıb. Robert Menar məbləğin o vaxt üçün təxminən 40 min ABŞ dollar olduğunu və bunun RSF büdcəsinin kiçik bir hissəsini (təxminən 2%) təşkil etdiyini qeyd edib. monde-diplomatique

Bu etiraf və maliyyə mənbələri müxtəlif vaxtlarda RSF-ə qarşı ciddi tənqidlərə səbəb olub. theguardian

2008-ci ildə UNESCO, RSF-in təşkil etdiyi bir tədbirə sponsorluğu (dəstəyi) geri çəkib. Səbəb RSF-in davranışını "siyasiləşmiş" və "qeyri-obyektiv" hesab etməsi idi. Xüsusilə Çin (Pekin Olimpiadası ərəfəsi) və Kuba kimi ölkələrə qarşı RSF-in kampaniyaları UNESCO-nun bəzi üzvləri tərəfindən qərəzli və UNESCO-nun prinsiplərinə uyğun olmayan kimi qiymətləndirilib. RSF isə, öz növbəsində, UNESCO-nu "avtoritar rejimlərə güzəştə getmək"də ittiham edib.

“Sərhədsiz Reportyorlar” təşkilatının NED-dən başqa maliyyə aldığı fondlar, dövlət qurumları və onun nümayiş etdirdiyi qərəzin pərdəarxası məqsədlərini bəlli edir. Milyarder Corc Sorosun idarə etdiyi Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) RSF-in "müstəqil jurnalistika" layihələrinə irihəcmli qrantlar ayırır. İnsan hüquqları adı altında fəaliyyət göstərən və Londonda yerləşən “Sigrid Rausing Trust” fondu RSF-nin regional proqramlarını maliyyələşdirir.

RSF-ni maliyyələşdirən bəzi Qərb hökumətləri və Dövlət Agentlikləri:

  • Fransa İnkişaf Agentliyi (AFD): Fransa dövlətinə məxsusdur və RSF-in Paris mərkəzli fəaliyyətinə birbaşa dövlət dəstəyi verir.
  • İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (SIDA): Skandinaviya ölkələrinin xarici siyasət prioritetlərinə uyğun qrant proqramları təşkil edir.
  • Avropa İttifaqı (Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti - EIDHR): Avropa Komissiyası vasitəsilə təşkilata hər il yüz minlərlə avro birbaşa maliyyə ayrılır

AFD RSF-ə qrant verən əsas fransız dövlət qurumlarından biridir. Bu, RSF-in maliyyəsinin əhəmiyyətli hissəsini təşkil edir və təşkilatın “Fransa dövləti ilə əlaqəsi” iddialarını gücləndirən əsas nöqtədir. AFD RSF ilə jurnalistlərin müdafiəsi və media azadlığı layihələri üzrə əməkdaşlıq edir. Bəzi ölkələrdə (xüsusilə Afrikada) Fransa neokolonializminin aləti kimi qəbul edilir.

RSF-in maliyyə hesabatlarının təhlilinə (2023–2025 illərə mövcud məlumatlar) görə, əsas büdcə 6–7 milyon avro civarındadır (Fransa bölməsi üçün).

  • Dövlət qrantları və institusional dəstək – 50-55%. Bunlara Avropa Komissiyası, Fransa Hökuməti (AFD vasitəsilə), İsveç, Norveç və digər Avropa ölkələrinin inkişaf agentlikləri daxildir.
  • İctimai ianələr və üzvlük haqları – 20-30%.
  • Şəxsi sponsorlar və korporativ dəstək – 10-15%.
  • “100 Photos for Press Freedom” albom satışları — əhəmiyyətli gəlir mənbəyi (bəzən 20–25%).

Diqqət cəlb edən məqamlar içində, Fransız bankı “Société Générale”-ın "RSF donor" adlı kredit kartı təklif etməsidir ki, onun vasitəsilə edilən hər ödənişdən 0,05 avro RSF-in hesabına gedir. Yaxud Fransanın Xarici İşlər, Müdafiə, Daxili İşlər və Mədəniyyət nazirlikləri müxtəlif məsələlərdə dəstək verərək təşkilatın fəaliyyətini stimullaşdırırlar.

RSF müstəqil təşkilat olduğunu iddia etsə də, büdcəsinin əhəmiyyətli hissəsi Fransa dövlətinin rəsmi qurumlarından gəlir. Təşkilat Fransa İnkişaf Agentliyi (AFD) və Fransa Xarici İşlər Nazirliyi tərəfindən birbaşa layihə qrantları ilə maliyyələşdirilir. Parisin rəsmi Bakı ilə münasibətləri gərginləşdirdiyi bir dövrdə, dövlətdən pul alan bir təşkilatın Fransa dövlətinin xarici siyasət xəttinə zidd mövqe nümayiş etdirməsi inandırıcı görünmür. RSF maliyyəsini itirməmək üçün Yelisey sarayının siyasi ritorikasına uyğun hərəkət edir.

Bunu təsdiqləyən digər bir fakt isə Fransa prezidentinin xanımı ilə bir sıra jurnalistlər arasında olan məhkəmə çəkişmələrini qeyd etmək olar. Belə ki, məhkəmə qərarları ilə cəzalandırılan və ya “qorxudulan” həmin jurnalistlərin adını RSF-in veb-səhifəsində axtarışa verərkən bir dənə də olsun materiala rast gəlinmir. Halbuki dünyanın başqa nöqtəsində jurnalistika ilə əlaqəsi olmayan oxşar hadisəyə təşkilat tərəfindən dərhal reaksiya verilir.

Qeyd edilənlərdən bu nəticəyə gəlinir ki, Fransa Hökumətinin Azərbaycana qarşı açıq şəkildə nümayiş etdirdiyi mənfi və qərəzli münasibət mənzil qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” təşkilatının hesabatlarına və fəaliyyətinə birbaşa və həlledici dərəcədə təsir edir.

Fransa siyasi elitası və erməni lobbisinin təsiri

Fransada fəaliyyət göstərən QHT-lər ölkə daxilindəki güclü erməni icmasının və lobbi qruplarının (məsələn, CCAF) birbaşa təzyiqi altındadır. Fransa Hökumətinin Azərbaycana qarşı apardığı hibrid müharibə fonunda, RSF daxili ictimai rəyin dəstəyini itirməmək və Fransanın daxili siyasətində hədəfə çevrilməmək üçün Azərbaycana qarşı hesabatları daha da sərtləşdirməyə rəvac verir. Fransa dövləti Ermənistanı hərbi və siyasi cəhətdən dəstəklədiyi üçün, RSF də media sahəsində Ermənistandakı bütün qanun pozuntularına göz yumub, Azərbaycanı "qara siyahı"ya salmaqla bu siyasətə xidmət edib. Ermənistanla bağlı təşkilatın saytında 2020-ci ildən bu günədək cəmi 8 yazı gedib, o cümlədən son üç ildə yazılan məqalələrin sayı üç olub.

Yelisey Sarayının "sifarişi"

Fransanın dövlət maraqları tələb etdikdə, RSF gündəmi dərhal dəyişir. Məsələn, Fransa Afrikadakı (Niger, Mali, Burkina-Faso) müstəmləkəçi mövqelərini itirdikdə və ya Yeni Kaledoniyada etirazları qan içində boğduqda, RSF bu hadisələri dərhal "demokratiyanın müdafiəsi" kimi təqdim edir və ya səssiz qalır.

RSF Fransa dövlətinin siyasi, coğrafi və maliyyə çətiri altında fəaliyyət göstərən bir təşkilatdır. Parisin Bakı ilə münasibətləri nə qədər mənfi və aqressiv olarsa, RSF-in də Azərbaycana qarşı hesabatları bir o qədər subyektiv, əsassız və qərəzli olacaqdır. Çünki bu təşkilat müstəqil jurnalistikanı deyil, təsis olunduğu ölkənin dövlət maraqlarını müdafiə edən bir alətdir.

“Sərhədsiz Reportyorlar” təşkilatının rəsmi olaraq müstəqil QHT (qeyri-hökumət təşkilatı) statusu daşımasına baxmayaraq, onun Fransa hökuməti ilə birbaşa ortaq şəkildə həyata keçirdiyi irihəcmli layihələri, proqramları və birbaşa institusional əlaqələri mövcuddur. Bu əlaqələr RSF-in Fransa dövlətinin xarici siyasət ambisiyalarından və "yumşaq güc" layihələrindən ayrı fəaliyyət göstərmədiyini rəsmi sənədlərlə sübut edir.   

Fransa hökuməti ilə RSF-in rəsmi ortaq proqramları və əməkdaşlıq sahələri aşağıdakılardan ibarətdir:

1. AFD və RSF-in çoxillik qlobal tərəfdaşlıq sazişi

Fransa dövlətinə məxsus olan Fransa İnkişaf Agentliyi (AFD) ilə RSF arasında dünyanın 66 ölkəsini (4 qitəni) əhatə edən nəhəng və çoxillik tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu ortaq layihənin ümumi büdcəsi 8 milyon avrodur. Bu vəsaitin mütləq əksəriyyətini – 5.6 milyon avrosunu birbaşa Fransa dövləti (AFD) maliyyələşdirir. 

Layihə çərçivəsində Fransa dövləti RSF vasitəsilə dünyanın müxtəlif ölkələrində yerləşən 18 yerli media təşkilatını maliyyələşdirir, onlara istiqamət verir və təlimlər keçir. Bu proqram birbaşa Fransa xarici siyasətinin hədəf seçdiyi regionlara təsir etmək mexanizmidir.

2. "Sürgündəki Səslər" (Voices in Exile) Proqramı

RSF Fransa hökumətinin rəsmi operatoru olan CFI (Canal France International) və digər qurumlarla (SINGA, MDJ) tərəfdaşlıq edərək Paris şəhərini qaçqın jurnalistlərin qlobal mərkəzinə çevirmək üçün layihə başladıb. Bu proqram birbaşa Fransa Avropa və Xarici İşlər Nazirliyi (Fransa XİN) tərəfindən dəstəklənir və maliyyələşdirilir.

Qərbpərəst və ya öz ölkələrindən (məsələn, post-sovet məkanı, Afrika və s.) qaçmış müxalif jurnalistləri Parisdə yerləşdirmək, onlara hüquqi və maddi sığınacaq vermək. Bunun müqabilində həmin jurnalistlər və media subyektləri Parisdən öz ölkələrinə qarşı Fransa dövlətinin tezisləri ilə informasiya müharibəsi aparırlar.

3. Fransa Müdafiə və Daxili İşlər Nazirlikləri ilə ortaq maddi təminat

RSF münaqişə zonalarına və ya "qaynar nöqtələrə" gedən jurnalistlərə qoruyucu avadanlıqlar (gülləkeçirməz jiletlər, kaskalar) paylayır. RSF-in rəsmi hesabatlarında etiraf edilir ki, bu hərbi təyinatlı avadanlıqları təşkilata birbaşa Fransa Müdafiə NazirliyiFransa Daxili İşlər Nazirliyi təmin edir.

Qeyri-hökumət təşkilatının bir ölkənin birbaşa Müdafiə Nazirliyi (Ordusu) ilə bu dərəcədə sıx loqistik və maddi əlaqədə olması beynəlxalq hüquqda müstəqillik prinsipinin tamamilə pozulması deməkdir.

4. Frankofoniya (OIF) və Fransa diplomatik şəbəkəsi ilə ortaq layihələr

RSF-nin müxtəlif ölkələrdə (xüsusilə seçkilər dövründə) yaydığı "Seçki dövründə jurnalistlər üçün rəhbərlik" (Handbook for Journalists during Elections) kitabçaları və proqramları mövcuddur.

Bu layihələrin qlobal səviyyədə yayılmasını Fransanın əsas beynəlxalq siyasi aləti olan Beynəlxalq Frankofoniya Təşkilatı (OIF) birbaşa maliyyələşdirir və dəstəkləyir. Fransanın xarici ölkələrdəki səfirlikləri bu proqramların yerli icraçısı kimi çıxış edir. 

Bir sözlə, Fransa Hökuməti RSF-ni sıradan bir QHT kimi görmür, ona Xarici İşlər, Müdafiə və Daxili İşlər nazirlikləri, habelə rəsmi dövlət agentlikləri (AFD, CFI) vasitəsilə maliyyə, loqistika və siyasi tapşırıqlar ötürür.

Buna görə də, Fransa Hökumətinin xarici siyasətində hansı ölkə (məsələn, Azərbaycan) hədəf seçilirsə, RSF dərhal Fransa dövlətindən aldığı milyonlarla avroluq qrantların və göstərişlərin müqabilində həmin ölkəyə qarşı "mətbuat azadlığı" adı altında qarayaxma kampaniyasına başlayır. Bu, ortaq dövlət-QHT layihələrinin gətirdiyi siyasi asılılığın birbaşa nəticəsidir.

Fransada dövlətin maraqlarına toxunan, hərbi gizli sövdələşmələri ifşa edən və ya hökumət əleyhinə etirazları işıqlandıran müstəqil/müxalif jurnalistlər birbaşa Fransa daxili kəşfiyyatı (DGSI), məhkəmələr və polis tərəfindən çox sərt şəkildə təqib edilir, həbs olunur və fiziki zorakılığa məruz qalır. bbc  

Fransa Hökumətinin "demokratiya beşiyi" imicinin arxasında gizlənən və Paris mərkəzli RSF-ni çox vaxt görməzdən gəldiyi və ya yumşaq keçişdirdiyi konkret dövlət təqibi faktları aşağıdakılardır:

1. Jurnalist Ariane Lavrilleux-nun Daxili Kəşfiyyat Xidməti (DGSI) tərəfindən həbsi

Disclose” araşdırma mərkəzinin jurnalisti Ariane Lavrilleux 2021-ci ildə Fransa dövlətinin Misir rejimi ilə gizli hərbi əməkdaşlığını (Operation Sirli) ifşa edən sənədlər dərc etdi. Sənədlər sübut edirdi ki, Fransa kəşfiyyatının verdiyi məlumatlar əsasında Misir ordusu Liviya sərhədində qaçaqmalçı adı ilə 19-dan çox bombardman həyata keçirib və yüzlərlə dinc sakini qətlə yetirib. theguardian

Fransa Hökuməti bu cinayəti araşdırmaq əvəzinə, jurnalistin özünü hədəf aldı. Fransa DGSI jurnalisti aylarla gizli izlədi, geolokasiyasını nəzarətdə saxladı, evinə sübh tezdən basqın edərək axtarış apardı və onu 39 saatlıq təcridxanada (polis nəzarətində) saxladı. Fransa məhkəmələri onu “milli müdafiə sirlərini yaymaqda” ittiham edərək cinayət işi açdı və o, ağır həbs cəzası təhlükəsi ilə üz-üzə qaldı.

2. Alex Jordanovun "Kəşfiyyat Sirləri" kitabına görə ağır cinayət məhkəməsi

Tanınmış araşdırmaçı jurnalist Alex Jordanov 2019-cu ildə Fransa kəşfiyyatının daxili iş metodlarını, agentlərin necə işə götürüldüyünü və manipulyasiya əməliyyatlarını ifşa edən “Les Guerres de l'Ombre de la DGSI” (DGSI-nin Kölgə Müharibələri) adlı kitab nəşr etdi. 

Fransa dövləti jurnalistə qarşı dərhal cinayət işi başlatdı. Hökumətin "təqsirini etiraf et, cəzanı yüngülləşdirək" təklifini rədd edən 65 yaşlı jurnalist, 5 il müddətinə azadlıqdan məhrumetmə və 75 min avro pul cəzası tələbi ilə Paris ağır cinayətlər məhkəməsinə göndərildi. Bu addım birbaşa olaraq digər araşdırmaçı jurnalistlərin gözünü qorxutmaq məqsədi daşıyır.

3. Büdcə və sosial etirazları işıqlandıran jurnalistlərin qanunsuz həbsi

Hökumətin qənaət və büdcə planlarına etiraz edən, həmçinin Olimpiya oyunlarının təşkilini tənqid edən aksiyaları çəkmək istəyən jurnalistlər birbaşa polis hədəfinə çevrilir. ifj.org

Müstəqil media mənsubları Patricia Huchot-Boissier və Arnaud Vilette sadəcə etiraz aksiyasını çəkməyi planlaşdırdıqları üçün Saint-Denis polis idarəsi tərəfindən heç bir qanuni ittiham olmadan qanunsuz şəkildə saxlanılaraq həbs ediliblər. Həmçinin prezident Emmanuel Makronun iştirak etdiyi teatr binası yaxınlığındakı etirazı “X”-də (keçmiş “Twitter”) işıqlandıran jurnalist Taha Bouhafs “zorakılıq törədən qrupa daxil olmaq” kimi absurd bəhanə ilə həbs edilmişdi.  

4. Nümayişlərdə jurnalistlərə qarşı sistemli polis zorakılığı

Avropa Mətbuat və Media Azadlığı Mərkəzinin (MapMF) hesabatlarına görə, təkcə son dövrlərdə Fransada dövlətə qarşı keçirilən aksiyalarda onlarla jurnalist polis tərəfindən birbaşa xəsarət alıb. monitor.civicus

 

Lion şəhərində hökumət əleyhinə aksiyanı işıqlandıran “France 2” dövlət kanalının jurnalisti polisin atdığı mərmi ilə kürəyindən ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

  • Monpelye şəhərində müxbir Samuel Clauzier etirazları çəkərkən polis tərəfindən boğulub və kamerası darmadağın edilib.
  • Parisdə keçirilən aksiyalarda jurnalistlər Laurent Bigot və fotoqraf Axel Gras polislər tərəfindən yerə yıxılaraq dəyənəklərlə vəhşicəsinə döyülüb, nəticədə fotoqraf kəllə-beyin travması alıb.
  • İspaniyadan gələn sərbəst jurnalistlərin isə aksiyanı çəkməməsi üçün polislər tərəfindən gözyaşardıcı qaz maskaları zorla əllərindən alınıb və etiraz etdikdə 24 saatlıq həbslə hədələniblər. europeanjournalists

5. Fransanın İctimai Yayımında siyasi senzura və struktur təzyiqlər

Fransa hökuməti müstəqil fikirləri tamamilə boğmaq üçün dövlət mediasının idarəetməsini mərkəzləşdirir. Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilən yeni qanun layihəsi ilə "France Télévisions" və "Radio France" kimi nəhəng ictimai media qurumları tək bir dövlət holdinqinin tabeçiliyinə verilir

Sol müxalifət və jurnalistlər birliyi rəsmi bəyanat yayaraq bildiriblər ki, bu struktur dəyişikliyi birbaşa Yelisey sarayından gələn siyasi sifarişlərin icrası, redaksiya heyətinə senzura tətbiq edilməsi və hökuməti tənqid edən proqramların büdcəsinin kəsilməsi məqsədi daşıyır.

Riyakarlığın sübutu

Fransa dövləti ölkə daxilində hərbi cinayətləri yazan araşdırmaçı jurnalistin evinə kəşfiyyat qüvvələri ilə basqın edir, müxalif kitab yazan müxbiri 5 il həbslə hədələyir, aksiyalarda müxbirləri döyüb xəstəxanalıq edir. Parisdə oturan “Sərhədsiz Reportyorlar” (RSF) isə öz evlərindəki bu kobud qanun pozuntularını yalnız fərdi insidentlər kimi təqdim edir, lakin Azərbaycan öz suverenliyini qorumaq üçün qanuni tədbirlər gördükdə, bunu dərhal qlobal "mətbuat azadlığı fəlakəti" adlandırır. Bu faktlar RSF-in obyektiv reytinq agentliyi deyil, Fransa dövlətinin repressiv xarici siyasətini ört-basdır edən diplomatik pərdə olduğunu bir daha ifşa edir.

Səhv metodologiya

"Sərhədsiz Reportyorlar" təşkilatının hər il dərc etdiyi “Mətbuat Azadlığı İndeksi” (World Press Freedom Index) riyazi, struktur və metodoloji cəhətdən ciddi şəkildə manipulyasiya olunmuş bir sistemə əsaslanır. Beynəlxalq media ekspertləri, müstəqil araşdırmaçılar və hədəf seçilən dövlətlər tərəfindən RSF-nin hesabatlarında saxtalaşdırıldığı və qərəzli şəkildə təhrif edildiyi sübut olunan spesifik kriteriyalar və mexanizmlər aşağıdakılardır:

1. Respondentlərin gizliliyi və anonim "ekspert" seçimi

RSF hesabatı hazırlayarkən hər ölkə üzrə anket suallarını dolduran şəxslərin (jurnalistlər, hüquq müdafiəçiləri, sosioloqlar) adlarını və sayını tamamilə gizli saxlayır.

Təbii ki, bu "ekspertlər" obyektiv kriteriyalarla deyil, RSF-nin özü tərəfindən subyektiv şəkildə seçilir. Məsələn, Azərbaycana münasibətdə sorğu yalnız ölkədən qaçmış, radikal müxalif yönümlü və ya Qərb fondlarından birbaşa maliyyələşən şəxslərə göndərilir. Tərəfsiz jurnalistlərin rəyi tamamilə sistemdən kənarlaşdırılır. Bu da nəticələrin əvvəlcədən planlaşdırılmış şəkildə neqativ çıxmasını təmin edir.

"Gizli ekspert" deyərkən bu sorğularda iştirak edən şəxslərin adlarının, kimliklərinin və fəaliyyət göstərdiyi qurumların "Sərhədsiz Reportyorlar" tərəfindən rəsmi olaraq ictimaiyyətə açıqlanmaması nəzərdə tutulur. Yəni bu, həmin insanların casus olması və ya yeraltı dünyada gizlənməsi demək deyil. Bu, təşkilatın hesabatın şəffaflığını təmin etmək üçün öz şəffaflıq və hesabatlılıq prinsiplərini pozması deməkdir.

2. Riyazi təhrif: Əhalinin loqarifmik bölünməsi

Jurnalistlərə qarşı törədilən pozuntuları və cinayətləri (məsələn, qətl və ya həbs) hesablamaq üçün RSF qəribə bir riyazi düsturdan istifadə edir. Onlar cinayət sayını ölkə əhalisinin real sayına deyil, əhalinin loqarifminə (Logarithm of Population) bölürlər

Riyazi olaraq loqarifmdən istifadə etmək böyük ölkələrlə kiçik ölkələr arasındakı fərqi süni şəkildə itirir. Məsələn, əhalisi yüz milyonlarla olan Qərb ölkəsində və ya Hindistanda hər il onlarla jurnalist öldürülsə belə, loqarifmik hesablama sayəsində həmin ölkənin "Pozuntu balı" (Abuses Score) çox aşağı göstərilir. Əhalisi az olan və heç bir jurnalistin öldürülmədiyi Azərbaycan kimi ölkələr isə adi inzibati qayda pozuntularına görə cədvəldə süni şəkildə ən aşağı yerlərə salınır.

3. "Milli Təhlükəsizlik" və "cinayət" anlayışlarının qəsdən qarışdırılması

RSF qanun pozuntusuna görə həbs edilən hər bir şəxsi, sadəcə cibində jurnalist vəsiqəsi və ya sosial media hesabı olduğuna görə avtomatik olaraq “siyasi məhbus jurnaliststatusuna daxil edir.    

Dövlət çevrilişinə cəhd, xarici kəşfiyyata casusluq, qanunsuz pul dövriyyəsi (qaçaqmalçılıq) və ya terrorçuluğun maliyyələşdirilməsi kimi ağır cinayətlərə görə saxlanılan şəxslər RSF tərəfindən "peşə fəaliyyətinə görə təqib olunan media nümayəndəsi" kimi qeyd edilir. Təşkilat ölkələrin daxili qanunvericiliyini və milli təhlükəsizlik maraqlarını tamamilə inkar edərək, cinayətkarlara toxunulmazlıq qoruyucusu qazandırmağa çalışır

4. Keyfiyyətin deyil, "xaosun" ölçülməsi

RSF rəsmi olaraq etiraf edir ki, onun indeksi jurnalistikanın keyfiyyətini ölçmür.

Əgər bir ölkədə media sahəsində tam xaos varsa, dezinformasiya, şantaj, reket jurnalistikası baş alıb gedirsə və dövlət buna qarşı heç bir hüquqi tənzimləmə aparmırsa, RSF həmin ölkəyə yüksək bal verir. Lakin Azərbaycan Media Agentliyi (MEDİA) vasitəsilə media reyestri yaradıldıqda, jurnalistlərin peşəkarlıq səviyyəsi artırıldıqda və reketçiliyin qarşısı alındıqda, RSF bunu "azadlığın məhdudlaşdırılması" kimi qeyd edir. Yəni təşkilat üçün medianın nizamlı və məsuliyyətli olması deyil, idarəolunmaz və manipulyasiyaya açıq olması əsas "müsbət" kriteriyadır.

5. İkili standartlar və selektiv coğrafi diqqət

İndeksdə ölkələrin hadisələrə verdiyi reaksiya eyni çəkidə qiymətləndirilmir.

Müstəqil olmayan hökumətlərin mediaya tətbiq etdiyi hərbi senzuralar, müxalif kanalların efirdən uzaqlaşdırılması "demokratiyanın qorunması zərurəti" kimi yumşaq qarşılanır. Lakin eyni hüquqi addımlar Azərbaycan tərəfindən atıldıqda dərhal cədvəldə kəskin geriləmə ilə nəticələnir.

Mütəxəssislər və məşhur media mənsubları (“Al Jazeera”, “BBC”, “The Guardian”) RSF-nin Dünya Mətbuat Azadlığı İndeksi metodologiyasını sərt tənqid edirlər.

1. Subyektivlik və şəxsi düşüncəyə əsaslı qiymətləndirmə

İndeksin böyük hissəsi RSF-nin seçdiyi ekspertlərin (jurnalistlər, akademiklər, hüquq müdafiəçiləri) anket cavablarına əsaslanır.

Anket sualları çox subyektivdir: "Hökumətin mediaya təsiri nə qədərdir?", "Media sahibləri redaksiya siyasətinə müdaxilə edirmi?" kimi.

Maraqlıdır, RSF ekspertləri necə və hansı meyarlarla seçir? Təbii ki, bu, şəffaf deyil. Seçilmiş ekspertlər Qərbyönümlü və ya müəyyən ölkələrə qarşı qərəzli ola bilər. "Qavrayış qərəzi" (perception bias) əsasında hazırlanmış bu reytinqlər, hesabatları tənqidlər qarşısında həssas edir. 

2. Şəffaflığın olmaması

Ekspertlərin kimliyi və sayının dəqiq siyahısı açıqlanmır (anonimliyi qorumaq üçün). Anketin necə qiymətləndirildiyi, çəkilərin necə hesablandığı tam şəffaf deyil. Bu, nəticələrin təkrarlanmasını və yoxlanılmasını çətinləşdirir. Bir çox ölkə bunu "qara qutu" adlandırır.

3. Qərbyönümlü yanaşma

Metodologiya Qərb liberal dəyərlərinə (media mülkiyyətinin diversifikasiyası, dövlət müdaxiləsinin minimal olması və s.) əsaslanır. Müxtəlif mədəni və siyasi kontekstləri (məsələn, inkişaf etməkdə olan ölkələrdə milli təhlükəsizlik prioritetləri) kifayət qədər nəzərə almır. Qərb ölkələri (Fransa, İsveç, Norveç) adətən yüksək yerlərdə, qeyri-Qərb ölkələri isə avtomatik aşağı düşür. 

4. Sui-istifadə hallarının hesablanması

Jurnalistlərə qarşı hücumlar, həbslər və s. kəmiyyət göstəricisi var, amma bu da problemli hesab olunur. Bundan başqa əhali sayına görə normallaşdırma formulu tənqid edilir. Bəzi hallarda sayların dəqiqliyi və konteksti (məsələn, müharibə zonaları) mübahisəlidir.

Azərbaycana qarşı qərəzli mövqe və ya “balıq başdan iylənər”

Təşkilatın İdarə Heyətinin sədri, jurnalist və geosiyasi şərhçi kimi tanınan Pierre Haskinin Azərbaycanla bağlı məqalələrinə, işlətdiyi terminlərə nəzər yetirdikdə onun ölkəmizə yönəlik mövqeyi aydın görünür. O, yazılarında nə qədər də obyektiv görünməyə çalışsa da, ermənipərəst mövqeyi və erməni sevgisini dərhal büruzə verir

worldcrunch

O ki qaldı RSF-ə, təşkilat hər il yaydığı hesabatlarda Azərbaycanı mütəmadi olaraq mətbuat azadlığının olmadığı "qara zona" ölkələri siyahısına salır. Lakin bu sıralamada istifadə olunan kriteriyalar qeyd etdiyimiz kimi şəffaf deyil və tamamilə subyektiv rəylərə əsaslanır.

Ölkədə media sahəsində aparılan istənilən qanunvericilik islahatını və ya tənzimləmə addımını (məsələn, 2026-cı ilin iyununda müzakirə edilən yeni Media qanun layihəsini) RSF dərhal "senzura" və ya "super-tənzimləyici vasitəsilə boğma" kimi təqdim edir.

Təşkilat hesabatlarında regionun geosiyasi reallıqlarını, Azərbaycanın qarşılaşdığı təhlükəsizlik risklərini və dezinformasiya ilə mübarizə zərurətini qəsdən görməzdən gəlir.

Ermənistan və ya digər bəzi qərbpərəst ölkələrdə jurnalistlərin hüquqlarının pozulması, media orqanlarının bağlanması hallarına göz yuman təşkilat, Azərbaycana qarşı xüsusi qarayaxma kampaniyası yürütməklə seçilir. Azərbaycanın dövlət rəsmiləri və parlamentariləri bu hesabatları dəfələrlə "siyasi sifariş" və ölkənin beynəlxalq imicinə zərbə vurmaq cəhdi kimi qiymətləndiriblər.

Təşkilatın Azərbaycana qarşı qərəzini açıq göstərən bir faktı xatırladaq. 29 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDIA) "Sərhədsiz Reportyorlar" təşkilatına rəsmi etiraz və tələb məktubu yayılmışdı

Məktubda qeyd olunurdu ki, RSF öz rəsmi saytında Azərbaycanda iki jurnalistin qətlə yetirildiyini qeyd edib. Lakin təşkilat bu jurnalistlərin kim tərəfindən və hansı şəraitdə öldürüldüyünü qəsdən və ya laqeydlikdən gizli saxlayıb. Bu cür yarımçıq təqdimat beynəlxalq ictimaiyyətdə elə bir rəy yaradır ki, sanki jurnalistləri Azərbaycan dövləti öldürüb və ya ölkədə daxili sabitlik yoxdur.

MEDIA Agentliyi xatırladır ki, söhbət hansısa daxili kriminal hadisədən və ya dövlət təqibindən getmir. 4 iyun 2021-ci ildə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov işğaldan azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirirdilər. Onlar erməni hərbçilərinin 30 illik işğal dövründə geri çəkilərkən yolun hərəkət hissəsinə qəsdən basdırdıqları tank əleyhinə minaya düşərək şəhid olublar. Bu, müharibənin bitməsindən 7 ay sonra baş verdiyi üçün Ermənistan tərəfindən törədilmiş açıq bir müharibə cinayətidir.

MEDIA Agentliyi RSF-dən bu faktları öz saytında düzəltməyi və təhrifə yol verməməyi tələb edirdi. Məktubda vurğulanırdı ki, Ermənistanın törətdiyi minaya partlayışının məsuliyyətini dolayı yollarla Azərbaycanın üzərinə qoymaq cəhdi yolverilməzdir. RSF hesabat hazırlayarkən təkcə özünün "gizli ekspertlərinə" və ya birtərəfli qaynaqlara deyil, rəsmi dövlət qurumlarının (məsələn, MEDIA-nın) təqdim etdiyi rəsmi sənədlərə və xronologiyaya da istinad etməlidir.

Söhbətin əsas mahiyyəti beynəlxalq təşkilatın hesabatlarında faktları birtərəfli təqdim etməsi, hadisənin səbəbkarını gizlətməsi və bununla da dolayı yolla Azərbaycanı günahkar vəziyyətinə salmağa çalışmasıdır.

Azərbaycana və müəyyən ölkələrə qarşı ifrat qərəzin səbəbi və məqsədləri

RSF-nin Azərbaycana və digər müstəqil siyasət yürüdən ölkələrə qarşı illərdir davam edən sərt və qeyri-obyektiv mövqeyinin arxasında bir neçə strateji məqsəd dayanır:

  • Xarici siyasət aləti olmaq istəyi və siyasi sifariş: RSF-ni maliyyələşdirən donorlar öz geosiyasi maraqlarına uyğun olaraq müəyyən ölkələrə təzyiq etmək istədikdə bu cür QHT-lərdən "yumşaq güc" aləti kimi istifadə edirlər. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, Qərbin hər bir diqtəsini qəbul etməməsi onu hədəfə çevirir.
  • Beynəlxalq imicə zərbə vurmaq və şantaj: Hesabatlarda Azərbaycanı mütəmadi olaraq mətbuat azadlığının olmadığı "qara zona" kimi təqdim etməkdə məqsəd, ölkənin beynəlxalq investisiya cəlbediciliyini azaltmaq və qlobal arenada imicini ləkələməkdir. Bu statusdan beynəlxalq tribunalarda Azərbaycana qarşı siyasi rıçaq və şantaj vasitəsi kimi istifadə olunur.
  • İkili standartların tətbiqi: RSF-nin reytinq cədvəllərində onu maliyyələşdirən ölkələr (məsələn, Fransa və İsveç) həmişə ən yüksək yerlərdə qərarlaşır. Fransa daxilində jurnalistlərə qarşı zorakılıq və ya Ermənistanda müxalif media orqanlarının boğulması hallarına göz yuman təşkilat, Azərbaycandakı istənilən qanuni tənzimləməni "fəlakət" kimi qələmə verir. Bu, obyektivlik deyil, tərəfkeşlikdir.
  • Qrant dövriyyəsini saxlamaq: RSF kimi böyük şəbəkəyə malik təşkilatların büdcələrinin davamlılığı üçün hər zaman dünyada süni şəkildə yaradılmış "gərginlik ocaqları" və "təzyiq altında olan ölkələr" siyahısı olmalıdır. Azərbaycanı mütəmadi hədəf seçməklə onlar öz donorlarına hesabat verir və növbəti illər üçün maliyyə qrantlarını təmin edirlər.

 

 

Oxşar məqalələr: